23 Avqust, 2011
Təşkilat sədri həbsdə qaldı

Ruslan Bəşirlinin müraciəti təmin edilmədi

Penitensiar Xidmətin Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılıb. Avqustun 22-də keçirilən prosesdə hakim Azər İsmayılov müraciəti təmin etməyib.

RATİ-nin məlumatına görə, Ruslan Bəşirlinin vəkili Tahir Xanəliyev prosesdən sonra media nümayəndələrinə deyib ki, məhkəmənin qərarı heç bir hüquqi əsasa söykənilmədən çıxarılıb: “Qərarda 2007-ci ildə Ruslan Bəşirli barəsində tətbiq edilən tənbeh tədbirləri öz əksini tapmışdı. Ancaq bu tənbeh tədbirləri bir il müddətində tətbiq edilmirsə, qüvvəsini itirmiş sayılır. 2007-ci ildən 2011-ci ilə qədər Ruslan Bəşirli barəsində heç bir tənbeh tədbiri olmayıb”. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini vurğulayıb.

AXCP üzvü olan Ruslan Bəşirli 2005-ci il avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!