Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mənsum İbrahimov: “Haqsızlığa dözə bilmirəm"... MÜSAHİBƏ

Budəfəki qonağımız dəyərli xanəndə, Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovdur. Həyatda hər şeyin “Məcnun”u olduğunu, hadisələri yüz ölçüb bir biçdiyini, ona qarşı çıxanlara susmaqla ən yaxşı cavab verdiyini deyən müsahibimizlə haqqında bilmədiklırinizi öyrənməyə çalışdıq.

-Mənsum müəllim tələbələrlə, işləməyinizi izlədik. Müəllimlik çətin deyil ki?

-Hər sənət çətindir. Müəllimlik xüsusi bir xarakter tələb edir, səbrli olmaq lazımdır. Bunlar yaradıcı uşaqlardır, xüsusi yanaşma tərzi tələb edirlər. Hər uşağın fərdi xasiyyəti var, müəllim çalışmalıdır ki, bunların imkanını göstərsin. Uşaq var təzə gəldikdə oxumağa utanır, 3-4 dərs keçdikdən sonra adabtasiya olur. İsti mühit yaradırıq, alışır və yavaş-yavaş da öz imkanlarını göstərir. Müəllimlik möhtəşəm peşədir, lap tələbə vaxtından həvəsim olub. O vaxt Şövkət xanım evində dərs keçirdi. Birinci kursda oxuyarkən 3-cü, 4-cü kursun proqramını bilirdim. Bəzən səhhəti ilə bağlı dərslər yarımçıq qalırdı. Onda uşaqlara dərs keçməyi mənə tapşırırdı. Əvvəl bundan uşaqların xoşu gəlmirdi, sonra gördülər ki, bütün proqramı doğrudan yaxşı bilirəm. Yavaş-yavaş müəllimlik etməyə başladım.

-Problemlər həyatınıza necə təsir edir? Həmişə pozitiv qalmaq mümkünsüzdür...

-Desəm ki, təsir etmir, yalan olar. Lakin insanın xarakteri, iradəsi güclüdürsə, onlara qalib gəlir. Tamaşada 20 il Məcnun rolunun ifaçısı olmuşam. Elə vaxtlar olub ki, 39 dərəcə hərarətlə səhnəyə çıxmışam, ancaq heç kimə hiss etdirməmişəm. Özümü işə elə kökləmişdim ki, tamaşa bitdikdə hərarətim enib. Adam özünü kökləməyi bacarmalıdır. Həmişə söz-söhbətdən kənar olmuşam. Kimsə yanımda kimdənsə danışanda, deyirəm, xahiş edirəm, sözünü özünə deyəsiz. Axı danışdıqca əsəblər, ruh, əhval korlanır.

-Demək, neqativ enerjiyə, aura korlanmasına inanırsız.

- Əlbəttə, bu dalğadır. Buradan necə ki, Amerikanın televiziyasını tutmaq olursa, insanın da öz dalğası var. Ona görə çalışıram auramı qoruyum. İşləməyən işləyənə mane olur. Necə həyat tərzinə adət edirsənsə, ömrünün axırına qədər də elə gedir. Özündə pozitiv enerjini artırmaq üçün insan yuxudan tez qalxmalıdır. Bu zaman əhval yüksək, iş qabliyyəti çox olur. Allah sənə müsbət enerji veribsə, onu qorumalı, ətrafındakılara da yaymağı bacarmalısan.

-Amma, həyatda çətinlik olmasa mənasız olar...

-Ən böyük çətinliyim muğam sahəsində olub. İndi sənətə gəlmək daha asandı, bölgələrdən belə kömək edib gətirirlər. O vaxt efirə çıxmaq çox çətin idi, senzura vardı. Gənc nəsli qısqanırdılar, ancaq belə şeylər heç vaxt istedadın qarşısını kəsə bilməz.

-Mənsum İbrahimovun əsl obrazı müəllim, xanəndə yoxsa aktyordur?

-Əslində burada hamısı bir azərbaycanlı obrazıdır. Bunları tamaşaçı müəyyən edir. Biri səni xanəndə kimi, biri Məcnun kimi, biri müəllim kimi görür. Mən özümü azərbaycanlı bir sənətkar kimi görürəm. Bunları etməliyəm, mənim borcumdur. Allah bu missiyanı, səsi verib ki, sən bu işə xidmət et... Allahın yaratdığı hər şeyin Məcnunuyam. Nəriman Həsənzadə bir şerində yazmışdı ki, “mən torpağımın Məcnunuyam”. Çünki Qarabağımız şəfa aldığımız torpaqdı. Mən torpağımın hər zərrəsindəyəm. Bu gün hamı qarabağlıdır, bu haqda hamı düşünməlidir. Uşaqlığım orada keçib. Yuxularımda Şuşada, Ağdamda, Bərdədə gəzirəm. Həmin gün çox pis oluram, təzyiqim qalxır, istilik keçir içimdən. Bu hissləri danışmaq mümkün deyil. Vətənin haqsız yerə işğal olunmasına dözmək olmur. Hesab edirəm ki, biz torpaqlarımızı müharibə ilə almalıyıq. Torpağıma qalib kimi getmək istəyirəm. Doğma atamın, babamın evini boş qoyub gəlmişəm. Güclü xalqımız, ordumuz var. Bu gün müharibə başlasa, qocalı, cavanlı hər kəs gedəcək.

-İlahi istedadı çıxsaq, sənətə gəlməkdə başqa kimlərin, nələrin köməyi olub?

-Sənət müəllimim Vahid Abdullayev olub. Çox tez dünyasını dəyişib, həmişə onun ruhu qarşısında özümü borclu hesab edirəm. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı, V Respublika müsabiqəsi keçirildi. Muğam üzrə 1-ci yerə çıxdım. Şövkət Ələkbərova, Gülağa Məmmədov, Nəriman Əliyev kimi şəxsiyyətlər münsiflər heyətinin üzvü idi. Mənə diplomu Şövkət xanım təqdim etdi və sinfinə dəvət etdi. Çox gözəl münasibətimiz vardı, bir gün mənə dedi ki, sən yaxşı “Məcnun” ola bilərsən. Opera teatrı ilə danışdı, bədii şura yığıldı, qulaq asdılar və qəbul olundum. Operada işə götürdülər, 90 manat məvacibim idi. Sənət taleyimi Şövkət xanım həll edib. Həmişə mənimlə maraqlanıb, qeydimə qalıb, ancaq “Məcnun”u oxumağımı görmək ona qismət olmayıb. 1993-cü ildə ilk dəfə Məcnun rolunda səhnəyə çıxdım, ilk Leylim də Gülyaz Məmmədova olub. Səhnədə ən çox “Leyli”si olan “Məcnun” mənəm. 20 ildə 124 dəfə Məcnun kimi səhnəyə çıxmışam. Hər dəfə özümü Üzeyir Hacıbəyovun qarşısında imtahan verən kimi hiss edirəm. Səhnəyə hazırlaşanda gərgin oluram, hər dəfə o məsuliyyəti hiss edirəm...

-Ümumiyyətlə Məcnun əsərdə  18-20 yaşlarında gəncdir. Yaşlıların bu obrazı canlandırması nə dərəcədə düzgündür?

-Operadan xəbəri olmayanlar üçün bu absurddur. Baxın, opera solistlərinə. Bütün Avropa solistlərinin yaşları neçədir?! 18 yaşındakı cavan hələ onu tam hiss etmir, zamanla yetişir. Birinci dəfə səhnədə Məcnunu oxuyanda, hər şey yerində idi, amma hissiyat yox idi. Əzbər deyirdim, amma ildən-ilə ifaçı artıq nə oxuduğunu dərk edir. Xarakterin Məcnuna uyğun olmasa, sən onu oxuya bilməzsən. Sovet dövründə tələbələri, əsgərləri gətirib zalda oturdurdular, qapını da bağlayırdılar. Bu gün belə deyil, tamaşaçı gəlir, bilet alır, xoşuna gəlməsə yarımçıq durub gedir. Tamaşaçını aldatmaq olmur.

-Mənsum İbrahimov öz Leylisini tapa bilib?

-Bu gün artıq 4 övladım var. Qarabağda doğulmuşam, orada böyümüşəm. Bizdə adət-ənənə var, öz aramızda sevgi var. Ancaq bu ətrafa qabardılmış şəkildə təqdim olunmayıb. Bu hisslər iki nəfərin arasında yaşanıb. Hisslərini ya bildirirsən, ya da əməlində göstərirsən. Biz həmişə sevgimizi əməllərimizdə göstərməyə çalışmışıq. Ailəmdən həmişə razı olmuşam, özümü xoşbəxt hiss edirəm. Təbii ki, hər bir insanın çətin günləri olur, belə hallarda ailəm mənə həmişə dəstəkdir.

-Həyatda Şövkət xanım kimi insanlar az olur. Sizin sənətdə isə quyu qazmaq istəyənlər lap çoxdur, düzdür?

-Düz deyirsiz, bizim sahədə belələri daha çoxdur (gülür) Hamı birinci olmaq istəyir. Asəf Zeynallıda gözəl səsləri olan tələbə yoldaşlarım vardı, ancaq indi heç biri sənətdə deyil. Çünki bunun əziyyətini bilirdilər. O vaxtdan gənclərə qarşı qısqanclıq lap çoxdur. Bu, mənim sənətimə mane olmayıb. Bu gün həmin adamlara hörmətlə yanaşıram, çünki dözmüşəm. Tanınmırdım, amma onlar tanınırdı. Nə desəydim inandırıcı çıxmazdı, ona görə dözürdüm. Rəqib olmasa, inkişaf etmək də mümkün deyil.

-Bu qədər pozitiv, səbrli görünən Mənsum müəllimi də özündən çıxaran nələrsə olmalıdır...

-Hə, haqsızlığa dözə bilmirəm. Mən heç vaxt haqsız söz deməyə razı olmamışam. Kim olur olsun, lap gözümün işığı, əgər səhv danışırsa, qəbul etmirəm. Heç nə edə bilmədikdə, həmişə Allaha danışıram. Xoşuma gəlməyən adam haqqında belə haqsız danışılmasına qoymuram. Bu yol Peyğəmbərimizin (s) yoludu, biz kimik ki, onu dəyişək?! Ən çox övladın valideynə görə, çəkdiyi xəcalətdən qorxuram. Allah heç kəsə göstərməsin.

-Peşman olduğunuz hadisələr varmı ki, deyəsiz gərək bunu etməzdim?

-Belə bir şey yoxdur. Tərəzi bürcündənəm, tərəzilər bir şeyi yüz ölçüb, bir biçirlər. Adam var hərəkət edir, sonrasını düşünmür. Mən heç vaxtı nəticəsini görmədiyim şeyi etmirəm. İçimdə bir balans var, hamı danışır, təklif edir, amma mən düşünürəm. Hamının dediyinə qulaq asıb, sonda öz bildiyimi edirəm. İşimdə sakit və inadkaram. Həmişə “Məcnun” olacam deyirdim, gecə-gündüz çalışdım və oldum. Bu hər şeyə aiddir, müəllim olacamsa, çalışıb ən yaxşısı olacam. Adam nə olursa, onun ən yaxşısı olmalıdır. Hərə bir cürdür, dostumla bir saat oturanda belə, bundan sonra nə edəcəyim haqqında plan qururam. İşimi həmişə planlı etmişəm. Bu səviyyəyə gəlib çatmağımda bunun mənə çox köməyi olub.

-Dediniz ki, hər şeyin Məcnunu olmağa çalışmışam. Bəs, Yaradanın “Məcnun”u necə?

- Qəliz sualdır. İnsan həmişə çətinə düşdükdə Allah yadına düşür. Rahatlıqda, narazılığı olanda heç şükür etmək də ağlına gəlmir. Hər kəsi aldada bilərsən, bir özünü, bir də Allahı aldada bilməzsən. Mən işim alınanda da, alınmayanda da həmişə Allaha şükür etmişəm. İnsan həyatından razı olmalıdır, narazı olan heç vaxt şükür etməyi bacarmır. İşim alınmayanda səbr edirəm, düşünürəm ki, Allah belə məsləhət bilib. Sonda görürsən ki, doğrudan da ən yaxşısı bu imiş. Məkkədə ziyarətə getmişik. Birdən-birə qarşımıza Kəbə çıxdı. Təsəvvür belə edə bilmirsən, ağlamaq tutdu məni. Həmişə televiziyalarda gördüyümüz, hamının axtardığı qiblə gözümün qarşısında idi...

Turanə İbrahimi

Aqşin İbrahimi("Simsar" jurnal)

 






24 Noyabr, 2017  09:58 Baxılıb: 2311 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner