Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SİYASƏT

Mehriban Əliyeva: “Bu gün vizit kartımız zəngin mədəni irsimizdir” -FOTO

Moskvada "Azərbaycan gecəsi” adlı təntənəli mərasim keçirilib

Mayın 17-də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak etmişlər. 
Mərasimdən əvvəl Azərbaycanın və Rusiyanın birinci xanımları “Karl Faberje və daşoyma ustaları. Rusiyanın əlvan dəfinəsi” adlı sərgiyə baxdılar.
Sonra Dövlət Kreml Sarayında “Azərbaycan gecəsi” çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən olan “Azərbaycan” nəşrinin rus dilindəki versiyasının təqdimatı oldu.

Mərasim iştirakçıları Azərbaycan xalçalarının sərgisi ilə də maraqla tanış oldular. Sərgidə Azərbaycanda xalçaçılıq məktəbinin bütün istiqamətləri üzrə 80-dən çox xalça nümunələri nümayiş etdirilmişdir.

Daha sonra Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı təntənəli mərasim başladı.
Mərasimi Rusiyanın tanınmış teleaparıcısı Vladimir Molçanov açaraq dedi:

- Axşamınız xeyir, xanımlar və cənablar!

Axşamınız xeyir, möhtərəm xanımlar Svetlana Medvedeva və Mehriban Əliyeva!
Dövlət Kreml Sarayına Rusiya Federasiyasında Azərbaycan gecəsinə təşrif buyuran bütün hörmətli qonaqlar!

Rusiya ilə yüzilliklər ərzində səmimi dostluğun qovuşdurduğu ölkənin və onun xalqının gecəsinə xoş gəlmisiniz.

Mənə Kremldə bu mərasimin aparıcısı şərəfi nəsib olub və buna görə də icazə verin, dərhal bu fərqli hüquqdan istifadə edərək bizim azərbaycanlı dostlarımızı – Nigar Camal və Eldar Qasımov duetini böyük müvəffəqiyyət münasibətilə ürəkdən təbrik edim.

Onlar iki gün əvvəl Düsseldorfda keçirilən “Eurovision-2011” müsabiqəsində çox parlaq qələbə qazanıblar. Qələbənizi təbrik edirik və bu layiqli qələbədə Azərbaycan təmsilçilərinə ən yüksək - 12 bal verən Rusiya tamaşaçılarının və bəndənizin - yəni mənim də payım olubdur.

Xanımlar və cənablar!

Kremldəki bugünkü gecə beynəlxalq humanitar təşkilat olan, milli mədəni dəyərlərin, elm və təhsilin inkişafını, səhiyyənin və idmanın qorunmasını qarşısına məqsəd qoyan Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunubdur. Bu gün Kremlin bu salonunda çoxlu istedadlı, gözəl və yaraşıqlı insanlar toplaşıblar.
Bilirsiniz, bununla əlaqədar nə fikirləşdim? Yaşlı nəsil məni başa düşər. Bir vaxtlar, ölkəmizin və əslində dünyanın digər ölkələrinin milyonlarla qadınlarının vurulduğu Jerar Filip adlı görkəmli fransız kinoaktyoru vardı. Bir dəfə jurnalistlər Jerar Filipdən soruşdular: “O, qadınlarda daha çox hansı keyfiyyətləri qiymətləndirir?” Jerar Filip dərhal cavab verdi: “Fikir aydınlığı, zəriflik və xeyirxahlıq”.

Bunlara gözəlliyini və təşkilatçılıq istedadını əlavə etsək siz bu salonda əyləşən iki gözəl qadını – Rusiyanın və Azərbaycanın birinci xanımlarını dərhal tanıyacaqsınız.
Mən onlardan birini bu səhnəyə dəvət etmək şərəfinə nail oluram. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, buyurun.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə nitq söylədi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nitqi

- Hörmətli Svetlana Vladimirovna!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, icazə verin, sizi Azərbaycan gecəsində salamlayım və bu gün bizimlə olduğunuz üçün sizə minnətdarlığımı bildirim. Mən bu gecədə iştirak etdiyi üçün Rusiya Federasiyasının birinci xanımı Svetlana Medvedevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu yüksək kürsüdən istifadə edərək, ”Eurovision” musiqi müsabiqəsində Azərbaycan duetinin xeyrinə səs verən hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu günlər Azərbaycanda biz hamımız sözlə ifadə edilməsi mümkün olmayan hisslər yaşayırıq. Bu qələbəyə görə, gənclərimizə görə, ölkəmizə görə qürur hissi keçiririk. Əminəm ki, bir neçə il əvvəl Rusiya da həmin müsabiqədə parlaq qələbə qazananda bütün Rusiya xalqı eyni hissləri yaşamışdır. İlk 12 xala görə Rusiyaya “Çox sağ ol” deyirik.
Əziz dostlar, Azərbaycan dövlətçiliyi tarixinin çox qədim kökləri vardır.

Xəzərin qərb sahilində ilk dövlətlər hələ eramızdan əvvəl I və II minilliklərin qovuşuğunda yaranmışdır. Azərbaycan özünün bütün tarixi boyu Qərb və Şərq, Şimal və Cənub arasında əlaqələndirici vəsilə rolunu oynamışdır.

Müasir Azərbaycanın ərazisində yerləşən dövlətlərdə qədim zamanlardan bəri müxtəlif dillərdə danışan, müxtəlif dinlərə etiqad edən insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Mədəniyyətlərin və sivilizasiyaların tarixi vəhdəti Azərbaycanda möhkəm tolerantlıq, dözümlülük və mehribanlıq ənənələrinin formalaşmasına gətirib çıxarmışdır. 1918-ci il mayın 28-də müsəlman Şərqində Azərbaycanda elan olunmuş ilk demokratik parlament respublikası tarixdə öz izini qoymuşdur. Həmin dövr və həmin hadisələr, habelə hələ XIX əsrin sonunda başlamış birinci neft bumu Azərbaycan cəmiyyətində o dövr üçün çox mütərəqqi olan keyfiyyətli dəyişikliklərin baş verməsinə gətirib çıxarmışdır.

Məsələn, Azərbaycan qadınları seçki hüququ qazandılar, Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı, siyasi partiyalar yarandı, azad seçkilərə söykənən ilk çoxpartiyalı və çoxmillətli parlament formalaşdı. Yenə də müsəlman Şərqində ilk opera və balet teatrı yaradıldı.

Ümumi tariximizi əhatə edən illərdə Azərbaycanda savadsızlıq tamamilə ləğv edirdi, təhsil və mədəniyyət müəssisələri şəbəkəsi yaradıldı, ali məktəb tamamilə formalaşdı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Biz sovet hakimiyyəti illərində ölkəmizin həm iqtisadiyyat, həm də təhsil və mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edirik. Neft sənayesindəki uğurlar xüsusilə nəzərəçarpan olmuşdur. Keçmiş İttifaqda “ikinci Bakı”, “üçüncü Bakı” terminlərinin mövcudluğu ölkəmizdə nüfuzlu məktəbin yaradıldığını təsdiq edir.

Bütün bunlardan əlavə, təhsil sistemi sahəsində geniş şəbəkə yaradıldı. Ali təhsil müəssisələri meydana gəlməyə başladı.

İkinci Dünya müharibəsi illərində bütün zəruri yanacağın 90 faizini təmin edən Azərbaycan faşizm üzərində Qələbəyə öz misilsiz töhfəsini verdi.

O illərdə ölkəmizdə rusdilli mədəni təhsil məkanı formalaşdı. Biz rus mədəniyyəti ilə ünsiyyət fenomenini yüksək qiymətləndiririk. Bu gün ölkəmizdə həm orta, həm də ali məktəblərdə əvvəlkitək rus dilində təhsil verilir. Ölkədə Rus Dram Teatrı, Rus Mədəniyyəti Mərkəzi, Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ötən ilin yanvarında Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu təşkil edilmişdi. Bu ilin oktyabrında Rusiya ilə birlikdə artıq Bakı Beynəlxalq Humanitar Forumu keçirmək planlaşdırılır. Əminəm ki, bu hadisə mehriban qonşuluq və dostluq münasibətlərimizin daha bir təsdiqi olacaqdır.

Mədəni müxtəliflik, dünyanın müxtəlif mədəniyyətlərinə hörmətlə yanaşmaq Azərbaycan xalqı üçün ənənəvi haldır. Bu gün biz böyük rus mədəniyyətini öyrənməklə və qorumaqla mənən daha da zənginləşirik.

Əziz dostlar!

Qədim mədəniyyətə və tarixə malik olan Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsində yalnız 20 ildir ki, mövcuddur. İnsan ömrü üçün 20 il kifayət qədər uzun müddətdir, lakin tarix üçün bir andır. Bu qısa müddət ərzində biz nəzərəçarpacaq nəticələr əldə etmişdik. Azərbaycan iqtisadiyyatının inkişaf sürəti rəsmən rekord sayılmışdır. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Ölkədə neft, qaz, nəqliyyat, logistika sahələrində irimiqyaslı layihələr uğurla həyata keçirilir. Bu gün Azərbaycanda aparılan siyasət son dərəcə qabarıq sosial xarakter daşıyır. 2003-cü ildən etibarən Azərbaycanda iki mindən çox yeni məktəb binası inşa edilmiş, 900 min yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enmişdir. Yeni tibb mərkəzləri və xəstəxanalar tikilir, teatr, muzey və parklar bərpa olunur, idman və olimpiya kompleksləri yaradılır. Turizm sektoru uğurla inkişaf edir. Təkcə onu demək kifayətdir ki, bu il paytaxt Bakıda beşulduzlu altı hotelin açılışı gözlənilir.

Əlbəttə, nailiyyətlərimizlə yanaşı problemlər də vardır. Azərbaycanın ən böyük problemi indiyədək öz həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Hərbi təcavüz nəticəsində ərazimizin 20 faizi işğal altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün vardır.

Biz Azərbaycanda çox ümid edirik ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.

Vaxt var idi ki, Azərbaycanı yalnız birinci neft fontanının vurduğu ölkə kimi tanıyırdılar. Bu gün isə vizit kartımız zəngin mədəni irsimizdir. Bu, həm nadir qədim xalçaçılıq məktəbi, həm də miniatür sənətidir. Bu, zəngin poeziya və ədəbiyyat, Azərbaycan musiqisi və rəqsləri, Azərbaycan muğamı, təsviri sənət, tarix və memarlıq abidələri və bir çox başqa sənət inciləridir. Bu gün burada, Rusiya Federasiyasının paytaxtı Moskvada biz həmin ab-havanın kiçik parçasını yaratmağa çalışdıq. Ümidvarıq ki, bugünkü gecədən zövq alacaqsınız və sizdə qədim Odlar Yurduna, Azərbaycana gəlmək istəyi yaranacaqdır. Biz azərbaycanlılar sizi görməyə həmişə şadıq. Odur ki, bəri başdan “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.

Sonda Rusiya Federasiyasına, bütün Rusiya xalqına sülh və firavanlıq arzulayıram. Sizin hamınıza, yaxınlarınıza və doğmalarınıza cansağlığı, xoşbəxtlik və bol sevgi arzulamaq istəyirəm. Qoy Tanrı Rusiyanı və Azərbaycanı hifz etsin. Sağ olun!

AzərTAc





Aliexpress INT
21 May, 2011  13:21 Baxılıb: 473 Çap

Bu bölmədə


XƏBƏR LENTİ












17 Aprel, 2018  10:49






13 Aprel, 2018  09:44

11 Aprel, 2018  21:41




10 Aprel, 2018  18:19


9 Aprel, 2018  11:21




6 Aprel, 2018  09:50








31 Mart, 2018  10:54









28 Mart, 2018  10:07

27 Mart, 2018  16:05