Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bakıda Güney Azərbaycan Milli Hökümətinin himni səsləndirildi

Dünya Azərbaycanlıları Konqresi ilə  Vətəndaş Həmrəylik Partiyasının  birgə təşkilatçılığı ilə  Güney Azərbaycan Milli Hökumətinin 70-ci ildönümünə həsr olunmuş  "Güney Azərbaycanın  dünəni və bu günü" adlı  elmi  konfrans keçirilib.

DAK- ın  Mətbuat Xidmətindən Simsar.az-a daxil olan xəbərə  görə, "21 Azər hərakatı" nın , " Güney Azərbaycan Milli Hökümətinin  70  illik  yubileyinə hazırlıq  kimi  keçirilən konfransın  digər bir qayəsi də     “İran” qəzetinin Azərbaycan türklərini təhqir etməsinə etiraz olaraq Təbriz və Güney Azərbaycanın digər şəhərlərində 2006-cı il mayın 22-də başlanan “Xordad” hərəkatının 9-cu ildönümünün yad edilməsi  olub.
Tanınmış siyasilərin, müxtəlif qeyri- hökümət təşkilatlarının, elmi müəssisə rəhbərlərinin, elm adamlarının, milli aydınların və gənclərin  qatıldığı  konfransı giriş sözü ilə DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı açıb.

Güney Azərbaycan Milli Hökümətinin himni ilə başlanan  tədbirdə  həm  bu hadisələrdə,     həm də bütün azadlıq mücadilələri boyu   on  minlərlə   qurban vermiş millətimizin bütün  şəhidliyinin, eləcə də son günlərdə   Bakının Binəqədi rayonunda baş verən yanğında həlak olanların xatirəsı bir dəqiqəlik sükutla yad edilib.

Binəqədidə baş verən faciəli olayla  bağlı acısını bildirən Sabir Rüstəmxanlı   vaxtı öncədən təyin olunmuş  bu  tədbirin belə bir zamanda keçirilməsinə aydınlıq gətirib. Son 200 illik dövründə  faciələrin "zənginlik"  təşkil etdiyi tariximizdə bu hadisələrin bir növ zəncirvarı olduğunu vurğulayan DAK həmsədri  itkilərin, mərhumiyyətlərin bir-birilə əlaqəsindən  danışıb. Onların bir-birindən ayrılmaz olduğunu  söyləyən  millət vəkili konfransın  əsas məqsədlərindən birinin    bu sıralamada mühüm  çəkisi olan, ciddi iz  buraxmış  "21 Azər hərəkatı" nın  bu il dekabrda qeyd ediləcək 70 illik  yubileyinə hazırlıq olduğunu  bildirib.

"Toplaşmaqda məqsədimiz odur ki, Güney Azərbaycan Demokratik Firqəsinin birillik hakimiyəti dövründə   əldə etdiyi uğurlu nəticələri yada salaq, hamımız birlikdə müzakirə edək, dostlar təklif versin  ki, biz bu il nə edək, necə edək  ki, həmin tarix yenidən canlansın, xüsusilə bizim ordakı  xalqımız hiss eləsin ki, hər şey onların öz  iradəsindən asılıdır. Çünki, o vaxt Tudə partiyası başda olmaqla  digər partiyalar, xüsusilə ermənilərin başçılıq etdiyi separatçılar İranda   Azərbaycan milli hərakatını boğmağa çalışırdılar. Lakin, buna baxmayaraq millət o zaman iradəsini ortaya qoydu və  öz hökümətini yaratdı. Bəlli aşkar səbəblərdən  cəmi bir il yaşasa da, bu milli hökümət bütün dünyaya sübut elədi ki, Azərbaycan xalqı öz  vəziyyəti etibari ilə demokratiyaya  hazır olan,  nəinki, özünü , həm də ərazisində yaşayan digər xalqları da idarə etməyi, onlara da demokratik şərait yaratmağı bacaran bir millətdir".

Millət vəkili qeyd edib ki, dünya dövlətlərinin xəyanəti nəticəsində məğlub olan Milli Hökumət Güneydə azadlıq mübarizəsində önəmli rol oynayıb.  “Son dövrlər bəzi qüvvələr ümidsizlik toxumu səpməyə çalışır,  elə bir fikir formalaşdırılır ki, Azərbaycan böyük dövlətlərin yardımı olmadan, yaxud hardansa icazə almadan nə müharibəni qazana bilər, nə Qarabağ məsələsini həll edə bilər, nə öz içində normal seçkilər keçirə bilər, nə  normal bir  hakimiyyət qura bilər və  nə də hakimiyyətləri vaxtı- vaxtında dəyişə bilər. Bunlar hamısı bizi ümiddən salmağa hesablanmış  əks təbliğatlardır. Bunun bir ucu Avropadan, bir ucu bəlkə, başqa qitələrdən, bir ucu da qonşumuz İrandan gəlir. Çünki, İran  bu illər ərzində  tarixi saxtalaşdırmaq, Azərbaycan türklərini aşağılamaq istiqamətində   o qədər rəzalətli işlərlə  məşğul olub ki, istər -istəməz bu millətin inamına mənfi təsir göstərib. Biz bunun qarşısına millətimizin  gücünü qoymalıyıq.  Biz bunun qarşısına  illər uzunu davam edən öz hərakatımızı, öz mübarizəmizi qoymalıyıq. 

Biz quzeydəki  Azərbaycan ziyalılığı, Azərbaycan intelegensiyası, Azərbaycanın aydın düşünən insanları, siyasi partiyaları, QHT-ləri bu məsələnin gündəmdən çıxarılmasına yol verməməliyik. Bəzən bizə   Don -Kixot kimi də  baxırlar. Xüsusən də,  Dünya Azərbaycanlıları Konqresi olaraq Güney Azərbaycanla bağlı tədbirlər keçirəndə, söyləyirlər ki, "heç bunun yeridi; burda Qarabağ savaşı var, burda müharibə  məsələsi var". Bunların qətiyyən bir-birinə maneçiliyi  yoxdur. Əslində bu məsələlər dolayı yolla bir-birinə bağlıdırlar və bir-birinə güc verirlər. Əgər  mübarizə gedirsə bunlar bir-birinə qanad verir, bir- birinin həyata keçməsinə yardımçı olur. Bəzi qüvvələr ümidsizlik toxumu səpməyə çalışsalar da  biz Güney məsələsinə  artıq uduzulmuş məsələ kimi baxa bilmərik".

Konfrans  DAK  Məşvərət  Məclisinin üzvü , AMEA- nın  Ziya Bünyadov  adına Şərqşünaslıq  institutunun elmi əməkdaşı, Güney  Azərbaycan Elmi Araşdırmalar  Şöbəsinin sabiq  rəhbəri  professor Əkrəm  Rəhimlinin  "21 Azər hərəkatı" nın tarixi, səciyyəvi xüsusiyyətləri, nəticələri barədə məruzəsi ilə davam edib. Əkrəm Rəhimli  Milli Hökumətin həyata keçirdiyi islahatlardan danışıb; "İri banklar milliləşdirildi, torpaq islahatları həyata keçirildi, kəndlərdə xəstəxanalar yaradıldı, sosial proqramlar həyata keçirildi, milli ordu yaradıldı, ana dilinə dövlət dili statusu verildi" deyən natiq qeyd edib ki;

" XX əsrin birinci yarısında Güney Azərbaycanda  üç böyük hərakat olub. 1905-11- ci illər  Səttərxanın başçılıgı ilə "Məşrutə hərakatı", ikinci 1918- 20 -ci illərdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında "Xiyabani hərakatı" və üçüncüsü də  1945-46 -cı illərdəki   "21 Azər hərakatı".
Səttarxan hərakatı məlum olduğu  kimi  tam milli hərakat deyildi. Yəni, o mənada ki, Azərbaycan xalqının azadlığını, Azərbaycanın müstəqilliyini, sərbəstliyini ifadə etmirdi. O, sadəcə İran üçün azadlıq tələb edirdi ki, bunu  özü də açıq qeyd edirdi.

Xiyabani isə Səttarxandan fərqli olaraq Azərbaycana məhdud dairədə müstəqillik istəyirdi. Sizə yaxşı məlum olduğu kimi Səttarxanı da məhv elədilər, Xiyabanini  də məhv eləyib milləti qorxutmaq üçün onun cənazəsini Təbriz şüşələrinin üstündə nərdivana qoydular. "21 Azər"ə qədər bütün  bunlar olubdu. Ancaq,  həm Səttarxanın Məşrutə hərakatı, həm də Xiyabani hərakatı Güney Azərbaycana o toxumu səpdi. Həmin toxum cücərməyə imkan axtarırdı. Rza şah 1927-ci ildə  hakimiyyətə gəldi, elə bir diktatura yaratdı ki,  heç vəhclə milli qüvvələrin baş qaldırması mümkün deyildi. Hansı qüvvə baş qaldırırdısa da onu zindan, ölüm, sürgün gözləyirdi. O cümlədən Seyid Cəfər Pişəvəri  də o dövrdə   baş qaldıranlardan biri kimi 10 il həbsdə , 6 il  sürgündə  olmuşdu. Yəni, biz düzgün qiymət versək 21 Azər Hərakatı   XX əsrin birinci yarısında Güney Azərbaycanda olan xalq hərakatlarının zirvəsidir. Nəyə görə?

Öz mahiyyətinə görə, həyata keçirdiyi tədbirlərə və istəklərinə görə. Birincisi bu hökümət Güney Azərbaycanın Həmədan və Qəzvindən başqa bütün ərazisini ələ aldı, Azərbaycan Milli Hökümətini yaratdı. İkinci bu hökümətin tərkibində çox böyük güclü islahatlar həyata keçirildi. Bu islahatları belə bölə bilərik;

1. İqtisadi islahatlar
2.Siyasi islahatlar
3.Demokratik islahatlar
Demokratk islahatlar  nə idi? Azərbaycanda demokratik islahatlar tam bərqərar olmasıyla Azərbaycan xalqı ilə bərabər Azərbaycanda yaşayan qeyri- millətlərə də həm siyasi, həm də  mədəni  fəaliyyət göstərmək üçün imkan verildi. Bir şərtlə ki, onların fəaliyyəti Azərbaycan Milli Hökümətinin əleyhinə olmamalıydı. Hətta, onların dini sitayişləri üçün, dini məbədlərinin işə salınması üçün, məktəblərinin açılması üçün bütün imkanlar tanınmışdı. Bu millətlərə ermənilər, kürdlər, ərəblər və s. aid idi.  O zaman Azərbaycan ərazisində yaşayan  müsəlman olan  qeyri millətlərə də heç bir dini- məzhəb ayrılığı, fərqi qoymadan fəaliyyət etməyə imkan verilmişdi ki, bunların hamısı siyasi azadlıqları təşkil edirdi. Bu mühüm azadlıqlardan biri də o idi  ki, İran tarixində birinci dəfə olaraq, qadınlara seçib- seçilmək hüququ bu dövrdə verilib".

Hərakatın milli zəmində olması ilə bağlı şübhəli yanaşmaların həqiqəti əks etdirmədiyini  deyən məruzəçi,  "21 Azər hərəkatını zəruri edən əsas amillərdən birinin də milli şüurun oyanışının  olduğunu vurğulayıb.
"Bir çoxları deyir ki, bunu sovetlər elədi, silah verdi, filan etdi və s. Mən "Güney Azərbaycanda Milli  Demokratik Hərakat" adlanan   kitabımda bunu bir   cümlə ilə belə ifadə etmişəm; "Silah vermək şərt deyildi, silahı əldə tutan adam lazımdı". Əgər o insan ona hazır deyilsə, onun qəlbindən o keçmirsə də, sən silah verməklə nə olacaqdı? Güney Azərbaycanda  silahı əldə saxlayan insanlar vardı. Milli qüvvəni inkar edib hər şeyi Sovetlərə bağlamaq olmaz. Biz inkar eləmirik, sovetlərin yardımı olub, ancaq, bu həlledici deyil, təsiredici amil olub. Demək mümkündür ki, silah verilib, maddi yardım edilib, təlimat verilib, və s. Lakin, sən deyəsən ki, hərakatı sovetlər elədi, bu haqsızlıqdır".

Məruzəçi  sonda  qeyd edib ki,   "ABŞ , Böyük Britaniya və  Fransanın  İran şahına dəstəyi və Sovetlərin xəyanəti nəticəsində   Milli Hökumət 12 dekabr 1946-cı il tarixində  məhv edildi. Minlərlə soydaşımız öldürüldü, Seyid Cəfər Pişəvəri isə 1947-ci il iyulun 11-də Gəncədən qayıdarkən müəmmalı şəkildə maşın qəzasında dünyasını dəyişdi. Lakin,  21 Azər hərakatı məğlub olsa da  həm o tayda , həm bu tayda Azərbaycan xalqınıın  milli azadlıq hərakatı tarixində  qızıl hərflərlə yazılmış sətirləri oldu. Çünki, bu hərakat xalqa istiqlaliyyətin, azadlığın, milli kimliyin şirinliyini daddırdı. İndi İrandakı püskürmələr, milli oyanışlar da   o təsirin nəticədir.Sözümün yekunu olaraq demək  istəyirəm ki,  həmin hərakatın səpdiyi toxumlar Güney Azərbaycan ərazisində yenə də var.  O,  zaman, məkan , tarixi şərait gözləyir. O şərait yetişən kimi o, cücərəcək və  gec- tez öz azadlığına nail olacaq" .

Sonra  tarixçi professor Nəsib Nəsibli, SAM-nin sədri  İsa Qəmbər, AMEA-nın  Güney Azərbaycan Elmi Araşdırmalar Şöbəsinin rəhbəri  Səməd Bayramzadə, AXP sədri Rənah Hüseynli, DAKSAM-ın sədri, araşdırmaçı alim Yasəmən Qaraqoyunlu, alim Xaləddin Xəlilli,  Güney Azərbaycan Azadlıq hərakatının çağdaş  fəallarından olan Pərviz Əsədli də  məsələ ətrafında öz  fikirlərini bölüşərək, maraqlı cəhətləri və arqumentləri  dilə gətiriblər.

Hüseyn İbadlı






23 May, 2015  09:41 Baxılıb: 1238 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner