Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Heç kim fotoqrafa aparatı gətir, görüm nə çəkmisən, demirdi” – Qocaman fotoqrafla səmimi söhbət

Rauf Umudov:  “Bu gün Azərbaycanda foto məktəbi yoxdur və ya foto-müxbirə 200 manat artıq versən...”

Hər birimizin evində albomlarımızı bəzəyən ağ-qara, rəngli fotolarımız var. Yadımdadır, bir zamanlar fotolenti tez doldurub, şəkillərimizi çap etdirmək üçün tələsərdik. Bunun üçün nə qədər vaxt lazımdırsa gözləyərdik də... Hətta deyəndə ki, gedin, sabah gələrsiniz, heç kefimizi pozmaz, səbrsizliklə sabahı, çap olunacaq şəkillərimizi gözləyərdik...Amma indi vəziyyət tamam başqadır. Bilmirəm, dəbdir yoxsa qazanc əldə etmək niyyətindəndirmi, fotodan anlayışı olanda-olmayanda kreditlə də olsa fotoaparat alır. Bu gün Bakı küçələrində gəzəndə hər kəsin əlində fotoaparat, “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrə yükləmək üçün şəkil çəkdirən görürük. Məhz bütün bu nüansları foto sənətinin problemləri kimi də xarakterizə etmək olar. Daha əvvəlki kimi səbrsizliklə foto çap olunan studiyalarda şəklimizin çıxmağını gözləmirik. Heç yadımda da deyil axrıncı dəfə nə vaxt foto çap etdirmişəm. Bəs sizin yadınızdadırmı? Yəqin ki, yox...Demək olar ki, fotoqrafiya  toy və sosial şəbəkələrə şəkil yükləmək sənəti kimi qəbul edilir. Yaranan bu problemləri, foto sənətinin ölkəmizdə hansı səviyyədə olduğu, fotojurnalistikanın vəziyyəti, ümumilikdə bu sənətin dünəni və bu günü barədə 40 ildən çoxdur sənətin hər çətinliyini görən fotoqraf Rauf Umudovla söhbətləşdik.

1956-cı ildə Bakıda anadan olan Rauf  Umudov Azərbaycan Dövlət İncəsənət Universitetində ali təhsil alıb. İlk işi foto ilə əlaqədar olmayan Rauf müəllim bu sənətə marağının uşaqlıq illərindən başladığını deyir: “Birinci sinifdə fotoya marağım yaranmışdı. Məktəbdə oxuyanda valideynlərim mənə xərclik verirdilər. Fotoya olan marağımdan qiyməti 7 manat 50 qəpik olan ilk “şkolnik” fotoaparatımı məktəbə verilən xərcliklər hesabına aldım. Əlimdə aparatım olsun deyə onu almışdım. Amma bir az da səbrli olsaydım daha yaxşısını ala bilərdim. Filmi enli “plyonka” olduğundan lent tapa bilmirdim. Buna görə də, onu evə qoydum.  Bir-iki ay keçəndən sonra valideynlərim “Kiyev-4” aparatını aldılar. O zaman üçün çox qiymətli aparat idi. Amma indiki dövrdə hər kəs kreditlə də olsa aparat almaq həvəsindədir. Fikirləşirlər ki, çəkib pulunu çıxardacağıq. Təsəvvür edin ki, royala bir-iki not vurandan sonra səs eşidir və düşünürsünüz ki, siz burda Motsart ola bilərsiniz. Bu yanaşma düzgün deyil. Eləcə də, o adamlar fotoqraf ola bilməzlər”.

Fotoqrafiyanı “dərisinin içindən keçə-keçə” öyrənən...

Müsahibim deyir ki, 6-cı sinifdə oxuduğu zaman fotoaparatın texniki tərəfləri ilə maraqlanıb. Bu məsələdə valideynləri də ona yardımçı olub: “Ağ vərəqlərin üzərinə məhlul tökürdüm. Guya fotonu aşkarlayırdım. O dövrlərdə, xüsusilə də yay vaxtlarında fotomateriallar az tapılırdı. Ən kiçik bir kağızı tapıb, onu aşkarlayandan sonra yavaş-yavaş məndə fotoqrafiya barədə  anlayış yarandı. Həmin dövrlərdən foto ilə məhrəm olmağa başladıq. Bütün çətinliklərə qatlandım. Aparatları sökə-sökə öyrənməklə mənim foto sənətinə gəlmə macəram başladı”.

Rauf Umudov deyir ki, bu sənətin çətinliyini onların nəsli  görüb: “Ağ-qara fotoqrafiyadan rəqəmsal fotoya qədər inkişaf yolu keçdik. Hazırda bir sıra çətinliklər aradan qalxıb. Qiyməti də əvvəlkindən daha ucuzdur. Artıq fotonun rəngini nizamlamaq üçün böyük əmək sərf edilmir. Biz isə bütün prosesi qaranlıqda həyata keçirirdik. Bu gün o xüsusiyyət məndə hələ də qalıb. Tam qaranlıqda işləyə bilirəm”.

Azərbaycan Dövlət Televiziyasında 40 gün işlədiyini deyən Rauf müəllim, sonradan kinostudiyanın əməkdaşı kimi fəaliyyətini davam etdirdiyini söyləyib.

O, fotoqraf sənətini ruhunun qidası hesab etdiyini də söyləyib. İlk çəkdiyi fotonu da xatırlamayan fotoqraf, ilk qazancının 80 manat olduğunu söyləyir: “Bu sənətdə həm mənəvi, həm də maddi cəhətdən yaxşı qazancım olub. Saatlarla qaranlıq laboratoriyalarda, çətin şərtlər altında işlədiyimizi nəzərə alsaq, bunu alnımın təri ilə əldə etdiyimi deyə bilərəm. İlk qazancımı evə qoydum ki, tez xərcləməyəm. İndi də qazancımdan razıyam. Ən əsası sənətimin vurğunuyam”.

R. Umudov bildirir ki, toy fotoqrafiyasına dözümüm olmasa da, “Love story” çəkməkdən xoşu gəlir.

O, fotojurnalistika sahəsindəki problemlərə də toxunub: “Bu gün redaksiyalarda foto-redaktorlar yoxdur.

Bir zamanlar “Bakı- Baku” axşam, ”Azərbaycan gəncləri“ və “Səhər“ qəzetlərində, ”Gənclik” və “Molodost“ jurnallarında, hazırda isə “Azərbaycan xalçaları” jurnalında foto-müxbir işləyən Rauf Umudov fotojurnalistlərə və mediada ümumilikdə foto sənətinə olan münasibətə də toxunub.

Onun sözlərinə görə, bu vəziyyət şəkillərin keyfiyyətini aşağı salıb: “Hamı qənaət etmək barədə düşünür. Nəticədə isə redaksiyaya daha çox ziyan dəyir. Bir sözlə bu sahədə vəziyyət acınacaqlıdır. Nə qədər mükəmməl yazılar olsa belə, hər kəs köşkə yaxınlaşıb bir juranlı, qəzeti almaq istəyəndə üz qabığına, səhifələrinə baxır. Görüntü cəlb edəndə istər-istəməz əlini atırsan cibinə, almaq istəmədiyin qəzeti belə alırsan. Amma bu gün belə deyil...”.

Bir müxbirə 200 manat artıq versən...

Qocaman fotoqraf deyir ki, bu sahənin nümayəndələrinə diqqət artırılmalıdır. Onun fikrincə, 200 manat çox əməkhaqqı alan  fotomüxbir işə daha mükəmməl yanaşar: “İşi təqdir etmək insana stimul verir. Çox heyif ki, redaktorlar daha çox yazılara fikir verirlər. Fotolar isə arxa planda qalır və kadrı sənin düşündüyün kimi görə bilmirlər. O dövrdə isə məsul katiblər sözün əsl mənasında foto-redaktor idilər”.

Azəbaycan fotoqrafiyasının çatışmazlıqlarından danışarkən, Rauf müəllim fotoqrafiya məktəbinin olmadığından şikayətləndi: “Bu gün Azərbaycanda foto məktəbi yoxdu. Hesab edirəm ki, peşəkar foto texnikanı, terminləri, fotokompozisiyanı, foto tarixini və təcrübəni öyrədən ayrı-ayrı müəllimlər də olmalıdır. Bunlar hamsı kollektiv şəkildə formalaşdırılmalıdır”.

Rauf Umudov o dövr insanının fotoya münasibətinə də toxundu: “Fotonun mənim üçün mənəvi yükü çox ağırdı. Obyektivimə düşən hər bir kəsin və obyektivin cavabdehliyi mənim üzərimdədir. Sən o kameranın arxasında ciddi məsuliyyət daşıyırsan. Bu baxımdan fotoqrafiya çox ciddi sənətdir. O dövrdə heç kim şəkli çəkəndən sonra, aparatı gətir baxım görüm nə çəkmisən demirdi. Bu gün isə vəziyyət tam başqadır. Belə yanaşma fotoqrafa təhqirdir. Bu sözün arxasında sanki sənə inamsızlıq dayanır. Lentli foto dövründə insanlar həftələrlə, aylarla fotolarını gözləyirdilər. İnsanların fotoya münasibəti də başqa idi. Amma bu gün biz sənətimizə qiymət vermirik”.

Rauf Umudov deyir ki, insan doğulandan hər şeyi görüntü kimi saxlamaq istəyir. Bu, bütün dövrlərdə belə olub. Həmin istək fotoqrafiyanın yaranmasına təkan verdi. Bununla da insan çox irəli getdi. Bir sözlə təsvirin yaddaşlarda qalmağı ən böyük amildir.

İstifadə olunmuş fotolar Rauf Umudova məxsusdur

Nuranə Novruz

 






29 Dekabr, 2014  14:06 Baxılıb: 2147 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner