Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Güzgüdəki Adam - Adil Mirseyid

“Adam öz adını unudur bəzən

bir səhər güzgüyə baxıb görür ki

gözləri qan çəkib güzgüdəki adamın

güzgüdəki adam çıx güzgüdən”

Dünyasının dəyişən insanların arxasınca nekroloq yazmaq üçün heç vaxt tələsmədim. Mənim üçün əhəmiyyətli bir yol, iz, nə bilim özlərindən sonra xatırlanacaq nə isə qoyub gedən insanlar haqqında ölüm yazısı yazmaq başqaları kimi asan deyil. Düşünürəm ki, bir insanın sağlığında yazılmalı olan sətirlərə, o insan dünyasını dəyişəndən sonra can vermək o şəxsə edilən böyük haqsızlıqdır.

İllər öncə Tofiq Abdinin sağlığında bir yazı yazmışdım. Doğum günü yazısı idi. O dünyasını dəyişəndə nekroloq yazmadım. Və qəribə də olsa sevindim. Sevindim ki, nə yaxşı mən o sətirləri lazım olan vaxtda yazmışam.  Baxmayaraq ki, onun haqqında yazdığım yazını yazanda Tofiq Abdini hələ vur –tut 1 il idi tanıyırdım. Orda belə bir fikirim var idi ki, yaradıcı bir insanı tanımaq üçün mütləq oturub söhbət etməyə, uzun-uzadı dərdləşməyə gərək yoxdur. Əgər o şəxsin yaradıcılığı sizə çox söz deyirsə deməli o artıq sizin çox yaxın tanışınızdır.

Bu gün də eyni fikirdəyəm. Adil Mirseyidlə yaxından tanışlığım yox idi. Amma ölümünə təssüfləndiyim, kövrəldiyim, heyfsləndiyim yaradıcı insanlardan idi. Təssüflənirəm ki, bu sətirləri onun sağlığında qələmə almağa tələsmədim. Amma bu yazını nekroloq da hesab etmirəm. Bu gün şairin doğum günüdür. Mən bu sətirləri, Adil Mirseyidə doğum günü hədiyyəsi edirəm.

Şeirləri onun haqında hər şeyi deyirdi. Gözlərindəki kədər, canındakı ağrı-acı hopmuşdu şeirlərinə. Adil Mirseyid imzası olan şeirləri oxuyanda onu ağrılarını duymaq olur. Şeirləri söhbət edir, dərdləşir insanla. Sətirləri dil açır Adil Mirseyidi xarakterizə edir.

 

quşları yemləyirdim

daş oldu ovcumda dən

mən bir kor şairinəm

ilahi tut əlimdən

 

dua oxuyacaqdım

söz çıxmadı dilimdən

mən bir lal şairinəm

ilahi tut əlimdən

 

qərib könlüm neyləsin

ayrı düşüb elindən

qürbətdə boğuluram

ilahi tut əlimdən

 

O həm də sözlərdən tablo yaradan şair qəlbli rəssam idi. Özünün də dediyi kimi bu şeylər onu çox xoşbəxt edirdi:  “Mən elə adamlardanam ki, məni xoşbəxt etmək üçün dünyada çox az şey lazımdı. Bir gözəl ağac, bir gözəl bulud, ya bir dost təbəssümü, ya bir sərgidə gördüyüm rəsm, ya da oxuduğum bir gözəl misra mənim ağrılarımı unutdura bilir və xoşbəxt oluram”.

Onu sevənlər onu xoşbəxt etməyin sirrini yaxşı bilirdi. Elə ona görə də şairin sağlığında və sağlığına uzaq Almaniyadan  Orxan Aras yazırdı: “Güzgüdəki adam olmaq, bənövşələri solğun çəkmək sənə yaraşır. Hələ Qafqaz dağlarının yüksəkliyində qanad çalan bir qartal kimi Azərbaycan isimli başıbəlalı ölkədə şair kimi şair, rəssam kimi rəssam Adil Mirseyid olmaq sənə yaraşır, dostum”.

 

“525-ci qəzet”də çalışanda Elçin İskəndərzadənin Adil Mirseyid haqqında yazdığı “Adil Mirseyidin göyərçinləri, şeriləri, rəsmləri və özü” başlıqlı məqaləni hövsələ ilə oxumuşdum. Onda şair hələ sağ idi və mən onun yaradıcılığı ilə tanış deyildim. Xatirələrlə zəgin olan bu yazı uzun olsa da maraqlı idi. Yalnız son sətirləri çox yadda qalan və şairə yaraşan idi: “Adil Mirseyid poeziyası əzəli və əbədi həqiqətlərə tapınır, şair zaman dışında ölümlə oyun oynayır. Adil Mirseyid poeziyası zamanüstü poeziyadır.

“Ay süvarisi” yola çıxıb – uğurlar olsun!

“Ay süvarisi” nin arxasınca su atın...

Bizlər dünyanı dəyişə bilməsək də hökmən bir-bir dünyamızı dəyişəcəyik. Həyatda iz qoyub gedənlərin xoş halına. Doğum günün qutlu olsun iz bu dünyada qalan şair.

Günel Musa

 

 






21 Dekabr, 2014  10:51 Baxılıb: 1616 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner