Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Davud Əhmədov: “Halbuki Sabir orda deməliydi ki...” – MÜSAHİBƏ

Televiziyaya aktyorluqdan gəlib. Bir sıra tamaşalarda rol alıb. İnstitutda oxuduğu vaxt televiziyanın rəhbəri Teymur Elçin səsini bəyənib və radioda diktor kimi işə götürüb. Arada şeirlər də yazır.  Yazdığı şeirləri öz dilindən dinləmək daha xoşdur. Vaxtilə səsinə görə onu “Azərbaycanın Levitanı” da adlandırıblar. Deyir ki, televiziyanın fondunda 300-dən çox şeir və əsər səsləndirilməsində onun səsindən istifadə olunub. Azərbaycanın məşhur diktoru Davud Əhmədov “Tele-sima”da.

-1941-ci ildə Lənkəranda anadan olmuşam. Atam  Lənkəranda “Böyük aptek”in müdiri olub. “Medinstitut”un ilk Əczaçılıq fakültəsini qurtaranlardan biri, həm də gözəl aktyor olub. “Fərhad və Şirin”də Fərhad, “Qatır Məmməd”də Qatır Məmməd kimi obrazları oynayıb. 1959-cu ildə  18 yaşım var idi, “Vaqif” dramında atam Vaqif, mənsə oğlu Əli bəyi səhnədə oynadıq. Hətta mərkəzi qəzetlər yazdı ki, “səhnədə də ata oğul, həyatda da ata oğul”.

-Belə başa düşdüm ki, aktyorluğa maraq sizə ailədən gəlir.

-Ümumiyyətlə, aktyorluğa böyük həvəsim vardı. 1960-cı ildə Bakıya gəldim Teatr İnstitutunun kino və dram aktyorluğu şöbəsinə qəbul olundum. İkinci kursda oxuyarkən, məni radioya dəvət etdilər. Səsimə qulaq asıb, işə götürdülər. Hər bazar günü saat birdən-ikiyə qədər efirə gedən “Ulduz” verilişi vardı, o verilişin aparıcısı oldum. Bunun da səbəbi o vaxt televiziyanın sədri mərhum Teymur Elçinin mənim səsimi eşitməsi olmuşdu. O, baş redaktora tapşırır ki, Davud Əhmədovla məşğul olun, səsini yazıb gətirin mənə. Mənim bundan xəbərim yox idi. O vaxt qəzetlərdən bir sıra materiallar verdilər, oxudum.  Səs yazıma  Teymur müəllim qulaq asan kimi deyib ki, bunu təcili diktor götürün. Əmrim 1962-ci ildə Azərbaycan televiziyasına diktor verildi. 1974-cü ildə ali dərəcəli diktor oldum. O vaxtı 3 kişi diktor vardı: Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabutay Quliyev. Mən dördüncü kişi səsi oldum. Televiziyada o vaxt Nizami var idi, o, da rəhmətə getdi. Mən radioda işləsəm də, televiziyada verilişlərə çağırırdılar. Şeirlər, hekayələr oxuyurdum, rollar oynayırdım.

-Hansı rolları oynamısız?

-1963-cü ildə çex yazıçısının bir əsəri vardı. “Romeo-Cülyetta və zülmət” əsərində ən böyük rolu mənimlə Əminə Yusifqızı oynadı. Mən çex oğlan Paveli, o da  “cuhud” qızı Eteri oynayırdı. Bu əsərin axırı ölümlə qurtarırdı. O vaxt video yox, heç nə yox. 12 obyekt qurulmuşdu studiyada.  Ordan çıxıb bura qaçırdım. Əsər böyük anşlaqla keçdi. Televiziyada da canlı yayımlanırdı. Sonra da 1980-ci illərin əvvəllərində Süleyman Sani Axundovun “Laçın yuvası”nı Rauf Kazımovski tamaşaya qoydu, orda da Ədil bəyi oynadım.

-O zaman ali dərəcəni Moskva verirdi. Dərəcə almaq üçün Moskvaya getdiniz?

-Yox, mən heç bir yerə getmədim. Məni özləri Moskvaya təqdim etmişdilər. Moskvadan da mənə ali dərəcə verilməsinə razılıq verilmişdi.

-Sizdən sonra kimlər televiziyaya gəldi?

-Öncə Sabir Ələsgərov gəldi. Mən televiziyaya çıxanda Rafiq Hüseynov işıqçı işləyirdi. O mənim üzümə işıq verirdi. Sonra Hicran Hüseynov, Qara Tağızadə, Amaliya Pənahovanın həyat yoldaşı Yusif Muxtarov gəldi. Bunların hamısı, başda Sabir Ələsgərov olmaqla məndən sonra televiziyaya gəldilər. 1965-ci ildə əsgər getdim. 1966-cı ilin dekabrında əsgərlikdən qayıtdım. 1967-ci ilin yanvarında televiziyaya işə qayıtdım, gördüm Sabir Ələsgərov və Qara Tağızadəni işə götürüblər.

-Əsgərliyi harada etdiniz?

-Ermənistanın Leninakan şəhərində hərbi xidmət etdim. Ora “Armyanskiy Sibir” deyirlər, 40 dərəcə şaxta olurdu. Qulluq elədiyim yer ermənicə Aykavandır, ancaq əvvəllər türk kəndi olduğundan türkcə adı Bacoğlu idi. O yerlər vaxtilə türk yurdu idi. Sovetlər dövründə ermənilərə verilmişdi.

-Davud müəllim, o dövrdə öz sahənizdə kimlərlə sıx münasibətləriniz var idi?

-Valid Sənani, Aydın Qaradağlı ilə. Aydın Qaradağlı ümumiyyətlə, bir məktəb idi. Məsələn, mərhum Hicran Hüseynovu televiziyaya diktor götürmüşdülər, sonra göndərdilər radioya ki, məktəb keçsin. “Aydın məktəbi” deyirdilər. Mən, Hicran Hüseynov, Yusif Muxtarov, Sabir Ələsgərov Aydın Qaradağlının yetirmələriyik. Züleyxa Hacıyeva, Fatma Cabbarova ilə çox yaxşı münasibətlərimiz var idi. Fatma Cabbarova Aydın Qaradağlıdan da qabaq televiziyada işləyirdi. Müharibə illərində radionun diktoru idi.

-Aydın Qaradağlının övladları ilə də münasibətləriniz yaxşı idi?

-Çox yaxşı idi. Ana-ata ikisi də diktor işləyirdi. Üç balaca uşaq – Aygül, Xanım və Vüqara kimsə baxmalıydı. İşləri olanda Aydın deyirdi ay Davud, sən Allah, bunları apar gəzdir. Aparırdım bulvara gəzməyə, “marojna” alırdım, karuselə mindirirdim. O vaxt Vüqarın 7-8 yaşı vardı.

-Bəs Vüqar Qaradağlı sizinlə maraqlanır?

-Yox, mən heç özüm də maraqlanmamışam. Doğrusu, bu yaşımda gedib ona nə deyəcəm ki? Deyəcəm mənə iş ver? Heç buna səhhətim də imkan verməz. Amma səsim dəyişməyib. Həmin səsdir. Bir az daha gurlaşıb. Yaxşı şairlik yönüm var.

-Şeir də yazırsız?

-Mənim şeirlərim çoxdur. Hətta Heydər Əliyevə də şeir yazmışam. Yoldaşım Süleyman Dəmirəlin mənəvi qızı olduğundan Süleyman Dəmirələ bir şeir yazmışdım. Sonra məhəbbətə, dostluğa aid şeirlərim var. Xanımıma da həsr etdiyim şeirlərim var.

- Xalidə xanıma şeir həsr etdiyinizdən demək olar ki, onu çox sevmisiz...

-1970-ci illərin əvvəllərində Xalidə xanım  “Lalə” qızlar  ansamblında çıxış edirdi. Müğənni kimi gözəl oxuyurdu. Bunlar bizə konsert verməyə gəldi. 23 fevral, əvvəlki “Kişilər bayramı” günü idi. O vaxt böyük studiya qurulmuşdu, skamyalar qoyulmuşdu. Mən də gəldim studiyaya. Bu, da bir türk mahnısı oxuyurdu: “Sevdim səni, oldum sərsəri”. Mən əlimlə özümü işarə elədim, bu da başı ilə hə işarəsini verdi. Ancaq nə o məni tanıyırdı, nə də mən onu. Gözlədim studiyadan çıxanda telefon nömrəsi verdim ki, mənə zəng vursun. Hardasa noyabra qədər zəng vurmadı. Noyabrda mənə zəng vurdu, görüşdük. Bu görüşdən sonra dekabr ayının 23-də toyumuzu elədik.

-Onda 28 yaşınız vardı və zənnimizcə bu sizin ilk sevginiz deyildi...

-Nə qədər sevsəm də, Xalidədən çox sevdiyim qız olmamışdı. İlk görüşdən ona bağlanmışdım. Bütün televiziyada onu nə qədər çox sevdiyimi bilirdilər. Vaxtilə Rafiqlə Roza, onlardan sonra isə biz  ər-arvad olaraq televiziyada diktor işlədik. Bizim ər-arvad kimi televiziyada çıxışımız çoxlarının paxıllığına səbəb oldu. Hətta paxıllıqdan bizim eyni xəbəri birlikdə aparmağımıza razı olmurdular.

-Konkret kimlər paxıllıq edirdi?

-Mənim burada ad çəkməyim kişiliyə sığmaz. Buna ehtiyac görmürəm. Ad çəkməkdən də qorxmuram. Sadəcə kimlərinsə adını hallandırmağı özümə sığışdırmıram.

-Davud müəllim neçə uşağınız var?

-3 uşağım var, 3 nəvəm var. Uşaqlarımın ikisi qız, biri oğlandır. Sənətimi heç biri davam etdirmədi. Hərəsi bir sahəyə üz tutdu. Önəmli odur ki, öz sevib-seçdikləri sahədə uğur qazansınlar.

-Boş vaxtlarınızda televiziyanı izləyirsiz?

-İzləyirəm. Ən çox da ANS-i.

-Niyə məhz ANS-i?

-Ona görə ki, o kanalda həqiqətlər daha çoxdur. Vüqar gələndən sonra ATV də güclənib. Kanallarımız gerçəyi işıqlandırmır. Adam nigaran qalır. Adamı sakitləşdirmək üçün heç olmasa bir az həqiqəti vermək lazımdır. Götürək Hicran Hüseynovun ölümünü. ATV verdi, ANS də verdi, amma AzTV vermədi. Halbuki, Hicran Hüseynov ölənə qədər AzTV-nin işçisi olmuşdu.

-Ümumilikdə hansı verilişləri daha çox izləyirsiz?

-Əsasən xəbərləri izləyirəm. Ayrılma, boşanma, axtarma kimi verilişləri izləmirəm. Bu ürəyimə pis təsir edir. Mədəniyyət kanalından muğam axşamlarına daha çox baxıram.

-İndi keçmiş diktorlarda olan diksiya niyə yoxdur?

-Çünki indiki diktorlar məktəb keçmir. Efirdə ləhcələrlə danışırlar. Sözlərin vurğusunu düzgün demirlər. Bu bütün danışıq tərzini pozur. Xəzər Televiziyasında “Ay Zaur” verilişi var. Sabir Ələsgərov da bir dəfə o verilişdə idi. Skripka çalan verilişdə dedi ki, Sabir mənə Levitanı xatırladır. Sabir heç nə demədi. Halbuki Sabir orda deməliydi ki, Levitan bizdə Davud Əhmədova deyirdilər. 1941-1945-ci illərdə qələbə qazanılmasında Levitanın səsinin böyük rolu olmuşdu. Hətta Hitler demişdi ki, Levitanı tutsam dilindən asacağam. Mənə Levitan deyirdilər. Onunla görüşüm də olub. Səsini yaxşı çıxarmaq üçün 10 texnikadan istifadə edirdi. Hətta danışanda ağzı bir az əyilirdi. Levitan mənim səsimə qulaq asıb bəyəndi.

-Davud müəllim, səhv etmirəmsə Türkiyədə də diktorluq fəaliyyəti ilə məşğul olmusuz.

-Yoldaşım Xalidə xanım Süleyman Dəmirəlin mənəvi qızı idi. Onun dəvəti ilə 1992-ci ildə ailəliklə Türkiyəyə köçdük. Orada yaşadıq və mən də orada dövlət radiosunun Azərbaycan masasında diktor oldum. Orda işləyərkən bir sıra yeniliklər etdim.

-Azərbaycana qayıtmağınızın səbəbi nə oldu?

-Sonralar vəziyyət dəyişdi. Artıq Türkiyədə baş verən infilyasiya yaşam şəraitimizə çox pis təsir etdi. Türkiyədə olanda Heydər Əliyevlə iki dəfə görüşdük. Sonuncu görüşdə o bizə dedi ki, qayıdın vətənə. Bu sözlər bizə stimul verdi. Azərbaycana qayıtdıq.

-Azərbaycana qayıtdıqdan sonra yenidən televiziyada işləməyə başladınız?

-Harda (gülür)? Məni heç televiziyanın həyətinə buraxmadılar. Dedilər ki, sədr Nizami Xudiyev tapşırıb ki, Davud Əhmədovu içəri buraxmayın. Az qaldı orada məni infarkt vursun. Bundan sonra hətta prezident təqaüdü almağa məni təqdim etmədi ki, bizim dövrümüzdə televiziyada işləməyib. Bəs mənim 40 illik əməyim hara getdi? Nizami Xudiyevdən sonra Arif Alışanov televiziyanın sədri oldu. Onunla bir vaxtda işləmişdik. O, qonorar şöbəsində qonorar yazırdı. Arif Alışanova dedim ki, səndən heç nə istəmirəm. Mənim adımı Prezident təqaüdünə təqdim elə, indi yaşamaq çox çətindir. Çünki Heydər Əliyevlə Türkiyədə görüşəndə mənə demişdi ki, gəl, sənə prezident təqaüdü verəcəm. Arif dedi hökmən səni təqdim edəcəm. Amma prezident təqaüdü alanların adı televiziyada açıqlandı. Gördüm mənim adım çıxmadı. Getdim yanına dedim bəs niyə mənim adım çıxmadı? Gördüm ağız-burnunu sürüyür. Mən də qəzetlərin birinə müsahibə verdim. Dedim artıq televiziyanı bazara döndəriblər. Mənim kimi diktoru işə götürən yoxdu. Bundan sonra Ariflə də münasibətim korlandı. Məni televiziyaya buraxmadı.

-Ondan sonra heç yerdə işləmədiniz?

-Yox, ondan sonra heç yerdə işləməmişəm. Hazırda pensiyaçıyam.145 manat mən, 120 manat da yoldaşım alır. Halbuki məndən istifadə etməli idilər. Həyatım boyu yaltaqlığı sevmədiyim üçün belə oldu. Əgər mən də yaltaqlansaydım, indi adım da vardı, prezident təqaüdü də alırdım.

-Sonda sizdən televiziyada işlədiyiniz vaxt baş verən maraqlı bir hadisəni danışmağınızı istərdik...

-Bir dəfə “Məhsul bayramı” ərəfəsində İmişlidən tarla qəhrəmanlarını, yaxşı işləyənləri yığıb gətiriblər. Verilişi də mən aparıram, gələnlərə söz verməli idim. Qonaqlardan birinin titulunu saydım: Manqa rəhbəri, qabaqcıl filankəs filankəsov. Veriliş də efirə canlı gedir. Bu da çıxış elədi. Gəldi, dedi, sağ ol, Davud müəllim. Mən də dedim, siz də sağ olun. Buyurun oturun. Dedi, yox, haçan yolunuz biz tərəfə düşsə qulluğunuzda hazırıq. Dostlarını da yığ, gəl İmişliyə, qulluğunuzda hazırıq. Sənin üçün qoyun kəsək, yeyək-içək, nə istəsən sənin üçün hazır edək (gülürük). Mən deyirəm, oldu, sağ olun. Nə demişdi hamısı getdi efirə. Ondan sonra kim məni görürdü, deyirdi sənin üçün qoyun kəsək?

Elmar Hüseynov

“Simsar” jurnalı







13 Dekabr, 2014  12:47 Baxılıb: 6148 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner