Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azəristiliktəchizat”da “başıpapaqlı” axtarışı, yaxud da Bakı niyə isinmir...

““Azəristiliktəchizat”ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq”. Bu sözlərin müəllifi dövlət başçısı İlham Əliyevdir.

Yəqin söhbətin nədən getdiyini artıq başa düşdünüz. Soyuq hava və onun özü ilə birgə gətirdiyi istilik problemi. Dekabrın birinci ongünlüyünü artıq geridə qoymağımıza, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin sərt soyuqlar barədə proqnozlarına baxmayaraq, paytaxt Bakıda istilik sistemləri ilə bağlı problem hələ də həll olunmamış qalır. Başına gələn başmaqçı olar prinsipindən yola çıxaraq məsələnin həllinə nəyin mane olduğunu öyrənməyə çalışdıq. Sən demə, istilik problemi yalnız bir bina və ya mənzilin yox, az qala bütün Bakının problemidir. Məsələni ətraflı şəkildə öyrənmək üçün əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi ilə əlaqə saxlasaq da şöbədən bildirildi ki, istilik sistemləri və mənzillərdə istiliyin təmin olunması məsələsi ilə İcra Hakimiyyəti məşğul olmur: “Mənzillərdə istiliyin təmin edilməsi məsələsi ilə “Azəristiliktəchizat” ASC məşğul olur. Onlar bizə aid deyil. Ayrıca bir qurumdur. “Azəristiliktəchizat”a zəng edin, onlar sizə məlumat verəcəklər”.

Məlumat ala biləcəyimizi eşidib, dərhal “Azəristiliktəchizat”-la əlaqə saxlamağa tələsdik. Necə deyərlər sən saydığını say gör “Azəristiliktəchizat” nə sayır. Qurumun internet səhifəsində yerləşdirilən, istər abunəçilərə, istərsə də mətbuata xidmət edən telefon nömrələrinin heç birindən zəngimizə cavab verən olmadı. “Qaynar xətt” xidmətinə müraciət əksər qurumlarda olduğu kimi ya davamlı olaraq məşğul, ya da heç bir cavab verməməklə nəticələndi. Ayrı-ayrı ərazilərdə xidmət göstərən istilik sistemlərinin istismar sahələri ilə əlaqə saxlasaq da dəqiq məlumatı onlardan ala bilməyəcəyimizi dedilər. Səhifədə göy rəngli haşiyədə təqdim edilən operativ əlaqə nömrəsi ilə isə nə operativ, nə də qeyri-operativ əlaqə qurmağı bacardığımız üçün redaktorumuzun təbirincə desək,  “Azəristiliktəchizat” ASC-də “başıpapaqlı” axtarışına çıxdıq. Nəhayət bu dəfə telefon zəngimizə cavab verildi. Telefona cavab verən abonent və müştəri şöbəsinin rəhbəri Rafiq Əliyev qışa tam şəkildə hazır olduqlarını və 3500 binanın tam şəkildə istiliklə təmin olunduğunu bildirdi. “Bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, qazanlarda istismarın etibarlılığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

Sakinlərin şikayətini Əliyevin nəzərinə çatdırdıqda isə “dəqiq ünvan deyin mən məlumat verim”,- deyə cavab verdi. Ünvanı aldıqdan sonra şöbənin rəhbəri bildirdi ki, bu problemlər “Azəristiliktəchizat” ASC-nin səhlənkarlığından irəli gəlmir: “Biz binaları istiliklə təmin etmişik. Ola bilər ki, hansısa binanın hansısa mənzilində istilik olmasın. Bu da ki, qonşu mənzillərlə əlaqəlidir”.

Sakinin evində istilik yoxdursa bu işlə məşğul ola qurum olduğu təqdirdə qapı-qapı gəzərək problemin hansı evdən qaynaqlandığını araşdırmalıdır? - sualına R. Əliyev bunun da öz cavabı var deyə bildirdi:  “Bilirsiz, sakinlər bizə müraciət etmədən “JEK”-lərə müraciət etsələr daha yaxşı olar. Düzdür, müraciət edildikdə biz həmin ərazilərə sahə rəisini göndəririk. Ancaq bina sakinləri bizim əməkdaşlarımızı tanımadıqları üçün qapını açmırlar. “JEK” işçilərini isə bütün bina sakinləri tanıyır”.

Rəisin yönləndirmələrini nəzərə alsaq sadəcə bir az cəhd edən vətəndaş cibinin imkanları yox, dövlətin ona yaratdığı şanslar daha dəqiq desək qazanxanalardan paylanan istilik hesabına ucuz və keyfiyyətli şəkildə qızına bilərlər. Lakin...

Hər şeyin bir “əmma”sı olduğu kimi burada da ammalar var. Bayaq da qeyd etdiyim kimi, istilik sistemləri ilə bağlı məlumat almaq üçün ayrı-ayrı ərazilərdə fəaliyyət göstərən istilik sistemlərinin istismar sahələri ilə əlaqə saxlamışdıq. Sualımızı dinləyib, bir qədər sonra sizə məlumat veriləcək deyən operator deyəsən telefonun dəstəyini yerinə yaxşı yerləşdirə bilməmişdi. 10 dəqiqə sonra bunun fərqinə vararaq səhvini düzəltdi. Başınızı çox ağrıtmadan, deyim ki, həmin 10 dəqiqəlik müddət ərzində bir qadın əsəbi halda içəri girərək evlərində istiliyin olmamasından şikayət edirdi. “Nə qədər müraciət etmək olar. Kimə deyək ki, buna nəzarət etsinlər. Evdə uşaq var. Belə də olmaz axı?”. Müəssisənin işçiləri şikayətçini sakitləşdirməyə çalışdıqca qadın bir az da qəzəblənirdi. “Ötən dəfə də dediniz ki, sahə rəisi gəlib baxacaq. Amma biz hələ də evdə soyuqdan ölürük”.

Telefon dəstəyini yerinə yaxşı qoymadığının fərqinə varan operator 10 dəqiqə sonra səhvini düzəltdiyi üçün qadının şikayətinin nə ilə nəticələndiyini deyə bilməyəcəm. Coğrafi hesablamalara görə isə nə az, nə çox 10 gün sonra qış fəsli Azərbaycana qədəm basacaq. Ancaq görünən odur ki, Bakı və ətrafı heç də deyildiyi kimi istiliklə tam təmin olunmayıb. Və şikayətçilər 1, 2, 3 nəfər deyil, daha çoxdur.

Ülviyyə Cövdətqızı

 






11 Dekabr, 2014  14:35 Baxılıb: 1653 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner