Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qüsurlar, monitorinq, tənqidə cavab və ÇİNSAYAĞI “İLHAMLANAN”LAR

Gün ərzində bir azərbaycanlı yerli televiziya kanallarına neçə dəqiqə baxır? Bu sualın cavabı hovuz məsələsindən də çətindir. Çünki əksəriyyət peyk antenaları və ya kabel televiziyalarının verdiyi imkanlardan yararlanır. Heç kimə xarici tele-kanallara baxma, deyə bilməzsən. Ancaq nə üçün yerli kanallara baxılmır?-sualı ətrafında düşünməyə bilmirsən. Sualın cavabı aydındır: yerli tv-lər istər verilişlərin mövzu seçimi, istər studiya dizaynı, istər texniki imkanlar və s. baxımından tələblərə cavab vermir. “Tamaşaçı bunu istəyir” adlı verilişlər yenə əcnəbi telekanallardan “ilhamlanan” və onun çinsayağı nüsxəsindən başqa heç nə deyil. Kütlə isə buna baxaraq tələbatını ödəyə bilmir. Və üz tutur eyni verilişin Amerika, Rusiya variantına.

Azlıqlar, daha dəqiq desək kütlədən özünü ayıran və intellektual fikirlər yürüdən həmyerlilərimiz isə dil qüsurları, sünilik, gərəksiz pafos və dilin qrammatik normalarını qəddar şəkildə pozulması, mövzu qıtlığı diaqnozundan əziyyət çəkərək reabilitasiya məqsədi ilə az qala xarici ölkə televiziyalarının hazırladıqları bütün verilişləri izləyirlər. AZTV isə dil qanunlarının qorunması ilə yanaşı bir qrup şəxsin istək və arzularına uyğun olduğundan öz reytiqini qorumaqda davam edir. Nəticədə böyük bir hissə yerli telekanalları izləmir.

Verilişlərin hansı səviyyədə olması ciddi müzakirə mövzusudur. Hətta müzakirələr istər həmin verilişləri hazırlayan tele-kanallarda, istər sosial mediada vaxtaşırı olaraq müzakirə edilir. Bəlkə müzakirə aidiyyatı qurumlarda da davam edir. Amma bu yerdə “Meyvələrin söhbəti” şeirində şam ağacının fikirlərini xatırlamaya bilmirsən: Boş danışıqdan nə çıxar ay balam, qış günü siz çılpaq olarsız tamam”.

Mövzudan çox uzaqlaşmadan onu qeyd edək ki söhbət nə efirdə soyunanlardan, nə güləşənlərdən gedir. Tənqid məqamıdırsa efirlərdə hər gün eşitməkdən qulaqlarımızın adətkara çevrildiyi dil qüsurlarından da bəhs etmək yerinə düşər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu həmin problemin həlli üçün qollarını çırmayıb monitorinqlərə start verib. Sözügedən monitorinqin birinci hissəsi: televiziya və radio verilişlərində xəbər proqramlarının monitorinqi başa çatdı.

İnstitutun şöbə müdiri Qulu Məhərrəmli Simsar.az-a açıqlamasında bildirdi ki, Milli Tele-Radio Şurası ilə birgə televiziyalarda başladıqları monitorinqin birinci mərhələsi başa çatıb: “Əsasən xəbər və xəbərdən törəmə verilişlər üzərində monitorinqlər aparılır. İkinci mərhələ, xəbər portallarının monitorinqi isə yanvarın sonlarında yekunlaşacaq. Bunun yekun nəticəsi yanvar ayının sonları, fevralın əvvəllərində açıqlanacaq”.

Birinci hissə yekunlaşıb ikinci hissə başlamamış söz-söhbətlər də başladı: tənqid olunanlar tənqid edənləri tənqid etdilər. Space tv-də çalışan jurnalist Zəmin Əliyeva bu monitoriqləri elə şəxsi “facebook” ünvanında tənqid etdi. “Əslində bu məsələnin üstündən keçməyə çalışsam da , yanlışın tirajlanması məni aydınlıq gətirməyə , bu monitorinqin özünün necə qüsurlu aparıldığını deməyə məcbur edir”. Z. Əliyeva sonda tənqid edilən sözlərinin də istifadə edildiyi video-linki fikirlərinə əlavə edərək monitorinq qrupu üzvlərinin fəaliyyətini qeyri-peşəkar adlandıraraq tənqidlərlə razı olmadığını, “hərif yox, jurnalist” olduğunu qeyd edib.

Qulu Məhərrəmli isə nəticələr barədə danışanda bildirdi ki, tənqid olunan həmkarlar bu tənqidləri qəbul etmək istəmirlər: “Hesab edirəm ki, bu keçici olacaq. Çünki bizim məqsədimiz heç bir televiziyanı aşağılamaq deyil. Dil bizim ümumi sərvətimizdir. Bu sahədə nöqsanların olmağını istəmirik”.

Şöbə müdirinin sözlərinə görə, tənqidlərdən nəticə çıxaranlar da az deyil: “Belə ki, Bakının 3 rayonunda konkret obyektlər, reklam və elanlar Azərbaycan dilinin qaydalarına əməl olunma baxımından nəzərdən keçirilir. Bu tip monitorinqə qarşı heç bir narazılıq yoxdur. Çünki monitorinqlər müvafiq İcra Hakimiyyətlərinin icazəsi ilə aparılır. Bəzi obyekt sahibləri monitorinqin məqsədini başa düşmədikləri üçün narahatlıq keçirsələr də vəziyyəti izah etdikdən sonra normal qəbul edirlər. Məlum olur ki, bir çox səhvlər sadəcə bilməzlikdən irəli gəlir. Ən xarakterik nöqsan Azərbaycan dilində yazıların olmamasıdır. Prosesi yekunlaşdırdıqdan sonra yerli İcra Hakimiyyətlərinə, Bakı şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə bununla bağlı məlumat verəcəyik”.

Hər halda eqo adlandırılan şey tənqidi sevmir. Fakt isə faktlığında qalır. Yerli televiziya və radiolarda bəzi hallarda “oktyabr”ın “aktyabr”, “botanika”nın “batanika” kimi tələffüz edildiyini, ciddi qrammatik səhvlərə yol verildiyini danmaq olmaz. Monitorinqlərin tənqid olunanlar üçün qıcıq yaratmaqdan başqa hansısa pozuntunu yoluna qoya biləcəyi barədə sualımıza isə Q. Məhərrəmli belə cavab verdi:

“Bizim işimiz yalnızca bunları aşkara çıxarıb televiziya rəhbərlərinə, MTRŞ-ya, AMEA-ya təqdim etməkdir. Mənə elə gəlir ki, dilə biganə olmayan insanlar bu məsələ ilə bağlı ölçü götürməlidirlər”.

 

Ülviyyə Cövdətqızı







9 Dekabr, 2014  11:00 Baxılıb: 1495 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner