Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Gülüş Kralı” Lütfəli Abdullayev

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri olan aktyor Lütfəli Abdullayevin bu gün xatirə günüdür. Yaratdığı obrazlar vasitəsi ilə böyük səhnədə hər zaman görünən aktyoru, görkəmli bəstəkar Səid Rüstəmov “Gülüş Kralı” adlandırmışdı. O Azərbaycanın gülüş səhnəsinə yeni bir rəng, ab-hava gətirmişdi.

1914-cü ildə Nuxa şəhərində (indiki Şəki) doğulan aktyor  yeddillik məktəbi bitirib, Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb.

14 yaşında 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət Konservatoriyasının valtorna sinifinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə, paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra, yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizodik rollarda, qısa vaxtdan sonra, Arşın mal alan operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda, Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio (Rəqs müəllimi, Lope de Veqa), Rəşid (Kimdir müqəssir?, Georgi Mdivani), Tağı (Köhnə dudman, Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı (Od gəlini, Cəfər Cabbarlı), Nadir (Çiçəklənən arzular, Məmmədhüseyn Təhmasib) rollarında çıxış edib. İki ildən sonra, o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzun ömürlü tamaşalarında çıxış edib. Teatrşünaslar Lütfəli Abdullayevin yaradıcılığını şaxəsinə görə, üç bölümə ayırırlar: klassik operettalarda oynadığı rollar; tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri; çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.

Klassik operettalardakı rollar siyahısına Vəli və Soltan bəy (Arşın mal alan), Hambal, Cəfər və Məşədi İbad (Məşədi İbad), Kəblə Heydər (Evliykən subay), Vəli və Sandro (Aşıq Qərib), Qulu (Əlli yaşında cavan) obrazları daxildir.

Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim “Lənkəran xanının vəziri”, Qulaməli “Dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev, Hacı Qara “Hacı Qara” və başqa obrazları buraya daxil etmək olar.

Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajlara isə Hamlet, Avo, Çako, Vladimir Dolidze və başqalarını aid etmək olar.

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı Arşın mal alan filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına layiq görülüb. Lütfəli Abdullayev, həmçinin, “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.

Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adları ilə təltif olunub.

Xalqın sevimli aktyoru Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib.

 

 






9 Dekabr, 2014  08:45 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner