Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlı xəstələr üçün “qorxulu Tehran”...

Orqan transplantasiyası (köçürülməsi) üçün İrana üz tutan azərbaycanlı xəstələr geri qaytarılır.

İran Səhiyyə Nazirliyi xarici ölkə vətəndaşlarına orqan köçürülməsinə qadağalar qoyulduğunu təsdiqləyib. Amma nazirlik xarici ölkələr üçün transplantasiya proqramının dayandırılmasının səbəblərini açıqlamaqdan imtina edib.

Doğrudur, Tehran xəstəxanalarının rəhbərləri yerli mətbuata açıqlamalarında orqan köçürülməsi üçün əməliyyata ehtiyacı olan vətəndaşların say çoxluğunu səbəb kimi göstərirlər. Amma açıq ürək əməliyyatlarına da məhdudiyyətlər qoyulması qadağaların məhz bununla bağlı olmadığını təsdiqləyir.

Əslində isə İran Səhiyyə Nazirliyinin narahatçılığı səbəbsiz deyil. Orqan köçürülmə və açıq ürək əməliyyatlarında ölüm faizinin yüksək olması, üstəlik bunun beynəlxalq səhiyyə təşkilatlarının hesabatında tənqid hədəfinə çevrilməsi İran Səhiyyə Nazirliyini təcili tədbirlər görməyə məcbur edib.

Təkcə onu demək kifayətdir ki, Azərbaycanda açıq ürək əməliyyatlarında ölüm səviyyəsi 1,7 faiz olduğu halda İranda 4 faizi ötüb.

Digər məqama da diqqət yetirək. Azərbaycanda aparılan qaraciyər əməliyyatlarının nəticələri Avropa Qaraciyər Transplantasiyası Reyestrində qeydiyyata alınır. Mütəxəssislər əməliyyatların beynəlxalq normalara tam uyğun olduğunu təsdiqləyirlər. Lakin qurum Tehranın bir neçə xəstəxanası istisna olmaqla əksər xəstəxanalarda aparılan əməliyyatların nəticələri haqqında müsbət rəy verməkdən imtina edir.

Amma maraqlıdır ki, İran mətbuatının xaricdən xəstə axınına hesablanmış reklam kanpaniyası davam edir. Təəssüf ki, Azərbaycan telekanalları da bu reklamdan gələn gəlir naminə İran səhiyyəsinin qüdrətini vəsf etməkdən yorulmur. Nəticədə isə minbir əziyyətlə İrana üz tutan xəstə vətəndaşlarımız zərər çəkir...

Virtualaz.org saytı məsələnin aktuallığını nəzərə alaraq İranda cərrahiyyə əməliyyatı keçirən və müalicə alan Azərbaycan vətəndaşlarının sonrakı vəziyyətini araşdırıb.

“15 il zəmanət verib 36 min manat aldı, sonra da dedi Allah ömür verməyibmiş...”

Azərbaycandan olan jurnalist Zahidə Vulkan İranın səhiyyə naziri xanım Mərziyyə Vəhid Dəstgerdinin çıxışından sonra qardaşının məhz bu ölkədə müalicə olunacağına inandığını deyir: “İranın səhiyyə naziri Mərziyyə Vəhid Dəstgerdinin çıxışına qulaq asdım. İranlı nazir deyirdi ki, İranda bütün xəstəliklərin, hətta xərçəngin də müalicəsi mümkündür. Mən də reklama aldanıb qardaşımı İrana apardım”.

Zahidə Vulkan deyir ki, qardaşının müalicəsinə 36 min manat xərcləyib: “Qardaşım Tehranın məşhur “Erfan” xəstəxanasında müalicə olunurdu. Onu müalicə edən həkim dedi ki, infarkt, qəza olmasa, onun bu xəstəliklə düz 15 il yaşayacağına zəmanət verirəm. İki il yarım İrana gedib-gəldik. Mən hələ yol, otel xərclərini nəzərə almıram. Hər ay bir iynəyə 120 dollar xərcləyirdim. Amma nəticəsi olmadı”.

Qardaşının ölümündən sonra iranlı həkimlərə müraciət edən Zahidə Vulkan eşitdiyi cavabdan şoka düşüb: “Həkim dedi ki, Allahdan belə yazılıb, mən neyləyim. Dedim qardaşım bu xəstəlikdən öldü, siz 15 il zəmanət verəndə Allahın yazdığı qisməti niyə nəzərə almırdınız, bizi inandırdınız ki, xəstəliyi tam nəzarətdədir. Həkim bundan heç narahat da olmadı, üstəlik qayıdıb dedi ki, daha öldü, vəssalam, məni bir də narahat etməyin”.

Müsahibimiz onu da vurğulayır ki, Azərbaycandan gedən xəstələrə İran xəstəxanalarında insan kimi yox, pul mənbəyi kimi yanaşırlar: “İnsan amili ikinci plandadır, öz vətəndaşlarının sığortası var, amma bizim xəstələrə dərmanlar 5-10 dəfə baha satılır. Müayinələrin qiyməti də çox fərqlidir. Tanıdığım azərbaycanlı xəstələrdən biri əməliyyatdan sonra dünyasını dəyişmişdi. Ailəsi meyiti almaq üçün borca girdi. Buna görə də reklamlara aldanmamaq lazımdır”.

Bakı sakini Telman Nəzərov isə deyir ki, İrandakı xəstəxana qardaşının meyitini geri qaytarmaq üçün ondan 4 min dollar istəyib: “Qardaşım ürəyindən əməliyyat olundu. Bundan əvvəl isə bütün müayinələrdən keçirmişdik, həkim əməliyyat üçün ciddi narahatlığın olmadığını söyləmişdi. Əməliyyatdan sonrakı ilk 4 gündə vəziyyəti nisbətən yaxşılaşmışdı. Amma beşinci gün səhhəti birdən-birə pisləşdi. Həkim ağciyərində problemlər yarandığını söylədi. Qardaşım dünyasını dəyişəndən sonra 4 min dollar borcumuzun yarandığını dedilər. Amma biz əvvəlcədən 11 min dollara yaxın pul xərcləmişdik. Meyiti vermək istəmədilər. Tehran Klinik Xəstəxanasının rəhbəri ilə görüşmək istədik, bizi heç yaxına da buraxmadılar. Dedilər ki, polis çağıracağıq, sizi şallaqladıb Azərbaycana göndərəcəyik. Halbuki əməliyyatın uğurlu olacağını vəd eləmişdilər”.

Meyitin alınması üçün Bakıya dönən Nəzərovlar ailəsi tələb olunan pulu düz 12 gündən sonra toplaya bilib: “Tehrana qayıtdıq, xəstəxanaya 4 min dolları ödədik, meyiti almaq üçün ceki aparanda eşitdiklərimizdən şoka düşdük. Bu dəfə də dedilər ki, meyit 10 gündən çox soyuducuda saxlanılıb. Buna görə də əlavə borc yığılıb. Beləliklə, bizdən soyuducunun pulunu da aldılar. Əməliyyatdan əvvəl bizə vəd verən həkim dedi ki, sizin xəstəxanalar yaxşı olsaydı, boğazınız ağrıyanda niyə durub bura gəlirdiniz. Bir tərəfdən də düz deyir. Azərbaycanda əməliyyatı mümkün olduğu halda, yaxşı klinikalar olduğu halda xəstəmizi İrana aparmağımız səhv addım idi. Onlar azərbaycanlı xəstələrə aşağılayıcı nəzərlə baxır. Halbuki Azərbaycanda kənd poliklinikaları belə İranın məşhur xəstəxanalarından qat-qat yaxşı vəziyyətdədir. Sadəcə olaraq İran səhiyyəsi ucuz səhiyyə xidmətləri ilə bağlı təbliğatı yaxşı qurub”.

Nəzərovlar meyiti geri almaq üçün bankdan götürdükləri krediti ödəmək üçün gecə-gündüz çalışmaq məcburiyyətindədir.

“Serroz olduğumu biləndən sonra birbaşa İrana getdim. Həkim dedi ki, təcili qaraciyər köçürülməlidir. Donor tapdıq, həkimlə danışdıq. Əməliyyatdan sonrakı bir həftə ərzində xəstəxanada yatdım. Amma sonradan xəstəxananın pulunu ödəməyə imkanım çatmadı” - bunu isə Şakir Həsənov adlı Bakı sakini deyir.

Ağır əməliyyatdan sonra Bakıya qayıdan Ş.Həsənov deyir ki, səhhəti qəflətən pisləşib: “Əməliyyatdan sonra fəsad yaranmışdı. Buna görə məni əməliyyat edən həkimlə əlaqə yaratmaq istədik. Amma məlum oldu ki, həkim tətildədir. Həkim telefonda qısa və konkret dedi ki, tətildə olduğu müddətdə istirahət edəcək,  xəstənin vəziyyəti onun üçün maraqlı deyil, yalnız tətildən sonra müraciət edə bilərəm”.

Əlacsız qalan xəstə yaxınları Şakir Həsənovu Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına aparıb: “Doğrusu, Azərbaycanda belə səviyyəli mütəxəssislərin olduğunu bilmirdim. Məni ağırlaşmış vəziyyətdən yenə də elə öz həkimlərimiz çıxarıb həyatımı xilas etdi. Üstəlik əməliyyatın qiymətləri arasında ciddi fərqin olmadığını biləndən sonra İrana getməyimə çox təəssüflənirəm”.

Əməliyyat İranda, əziyyəti Azərbaycanda...

Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin həkim-cərrahı, tibb elmlər namizədi Seymur Musayevin sözlərinə görə, İranda əməliyyat olunub ağırlaşmış vəziyyətdə geri qayıdan xəstələrə yardım göstərməkdə çətinlik çəkirlər: “Xəstə əlində fars dilində yazılmış müayinə kağızları ilə geri dönür. Bu müayinələrdə nə yazılıb, vəziyyəti necədir - bilmirik. Məcbur olub xəstəni təkrar müayinələrdən keçiririk. Bu isə xəstə üçün ikiqat xərcdir, həm də vaxt itkisidir. Xəstə əməliyyatdan sonra ya pulu çatmadığından, ya da həkimin məsuliyyətsizliyindən İrandan geri qayıdır. Nəticədə səhhəti ağırlaşmış xəstələri biz müalicə edirik. Elə xəstə var ki, əməliyyatdan sonrakı fəsadın aradan qaldırılması üçün onu 3 həftə intensiv müalicə etmişik”.

S.Musayev onu da deyir ki, hazırda Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı hər cür cərrahiyyə əməliyyatları həyata keçirilir: “Elə bir əməliyyat yoxdur ki, o, Azərbaycanda mümkün olmasın, ona görə də xəstə İrana aparılsın. Hətta Türkiyədən, Amerikadan belə xəstələrimiz olub. Açıq ürək əməliyyatı zamanı ölüm riski var. Amma bizdəki ölüm göstəriciləri İranın nəticələrindən dəfələrlə azdır. İranda xəstələrimizə təbii olaraq xarici ölkə vətəndaşı kimi baxırlar, xəstənin hüquqları qorunmur. Xəstələr, xüsusilə də ürəyindən əməliyyat olunanlar əməliyyatdan əvvəl və sonra ciddi və davamlı həkim nəzarətində qalmalıdır. Bizim mütəxəssislər hər ay onlarla açıq ürək əməliyyatı həyata keçirirlər. Biz bütün xəstələrimizi bu cür ciddi və davamlı nəzarətdə saxlayırıq. Orada isə...”

S.Musayevin fikrincə, Azərbaycanda cərrahiyyə əməliyyatları üçün şərait olduğu halda xəstələrin İrana üz tutmasının bir səbəbi reklamdırsa, digər səbəbi də xəstələrin xarici ölkələrə olan marağıdır: “SSRİ vaxtı təbabətin səviyyəsi Amerika, Avropa dövlətləri ilə müqayisə edilməyəcək dərəcədə aşağı idi. Avropada qəbul edilən yeniliklər SSRİ-də tətbiq edilmirdi. Buna görə də müstəqillikdən sonra sərhədlər açılan kimi əhali xarici ölkələrə axın etməyə başladı. İran Azərbaycana yaxın olduğu, həm də dil problemi olmadığı üçün xəstələr daha çox bu ölkəyə üstünlük verdilər. Onu da nəzərə alaq ki, 2000-ci illərədək İran səhiyyəsinin səviyyəsi Azərbaycandan nisbətən yüksək olub. Amma 2003-2005-ci illərdən Azərbaycan səhiyyəsinin inkişafına yönələn tədbirlər effekt verdi”.

S.Musayevin sözlərinə görə, Azərbaycan səhiyyəsinin inkişafından sonra xaricə xəstə axını azalmağa başlayıb: “Hazırda bizim apara bilmədiyimiz əməliyyatlar yoxdur. Əksinə, Azərbaycan xəstəxanaları istər kadr, istərsə də tibbi avadanlıq baxımından İran xəstəxanalarından öndədir. Buna görə də İran azərbaycanlı xəstələrin cəlb edilməsi üçün reklamlara başlayıb. İran tərəfi bizim xəstələri öz ölkəsinə cəlb etmək üçün bütün vasitələrdən istifadə edir. Səbəb puldur”.

Qeyd edək ki, 2005-ci ildən indiyədək Mərkəzi Neftçilər Xəstəxanasında 1285 xəstə üzərində açıq ürək əməliyyatı həyata keçirilib. Bu müddət ərzində müraciət edən 21 min 443 xəstənin 60 fazinin damarında cərrahiyyə əməliyyatı aparılıb. Ürək qüsuru ilə doğulan 1282 uşaq da ürəyindən əməliyyat edilib.

Orqan köçürülübsə...

“Azərbaycanda qaraciyər, böyrək köçürülməsi ilə bağlı əməliyyatların sayı 200-ü ötüb”.

Bunu isə Mərkəzi Neftçilər Xəstəxanasının endoskopik cərrahiyyə və diaqnostika şöbəsinin müdiri, cərrah-transplantoloq Eldar Əhmədov deyir.

Eldar Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda qaraciyər və böyrək köçürmə əməliyyatlarını yerinə yetirən peşəkar komanda formalaşıb: “Digər əməliyyatlardan fərqli olaraq orqan köçürülməsi mürəkkəb prosesdir. Yəni bu, bir komanda işidir, burada həm ixtisaslaşmış laboratoriya, həm də əməliyyatxana, reanimasiya otağı, müasir avadanlıqlar olmalıdır. Bizim xəstəxanada orqan köçürmə əməliyyatını həyata keçirən mütəxəssislər Yaponiya, Türkiyə və İngiltərənin nüfuzlu ali məktəblərində təhsil alıblar”.

Həkim deyir ki, indiyədək 160-dan çox xəstəyə böyrək, 65-dən çox xəstəyə isə qaraciyər köçürülüb: “Orqan köçürülməsinin digər əməliyyatlardan bir fərqi də ondadır ki, xəstə daim nəzarətdə olmalıdır. Orqan köçürülmüş xəstə bunu birdəfəlik bilməlidir ki, o, hətta öz həyat yoldaşından da ayrıla bilər, amma həkimindən heç vaxt ayrılmamalıdır. Təəssüf ki, reklamlara aldanaraq xarici ölkələrə, xüsusilə də İrana üz tutan xəstələr vəziyyəti pisləşmiş halda geri dönürlər. Bundan sonra onları vəziyyətdən çıxarmaq üçün çalışırıq”.

E.Əhmədov Azərbaycanda orqan köçürülməsi üçün Gürcüstan, Rusiya, Qazaxıstan və İrandan müraciətlər edildiyini söylədi: “8 Gürcüstan vətəndaşına orqan köçürmüşük. Biz həmişə deyirik ki, orqan köçürülməsində fəsadlar qaçılmazdır, amma bu fəsadların olmaması üçün həkim nəzarəti vacibdir. İranda əməliyyat olunub geri qayıdan xəstələr təkrar müayinələrə gedə bilmirlər. Biz orqan köçürməyə ehtiyacı olan xəstələrə yalnız Azərbaycanda əməliyyat olunmalarını məsləhət bilirik. Ona görə ki, əcnəbilərdən fərqli olaraq azərbaycanlılar həkim müayinəsinə vaxtlı-vaxtında getməyi sevmirlər. Buna görə də yaranmış hansısa problemə dərhal müdaxilə etmək üçün onların burada - öz vətənlərində əməliyyat olunmaları yaxşıdır”.

...İranın Səhiyyə Nazirliyi bu ölkədə əməliyyat zamanı dünyasını dəyişən xarici ölkə vətəndaşlarının statistikasını açıqlamır. Yəqin baş səhiyyə qurumu da həkimləri kimi ölümlərə “Allah elədi, öldü” kimi yanaşırlar. Elə biz də alın yazısına, ölümün Allah əmri olduğuna inanırıq. Amma...

Amma yəqin azərbaycanlı xəstənin alnına da “məsuliyyətsiz həkim, səhv əməliyyat” yazılıbmış...






18 Noyabr, 2014  20:55 Baxılıb: 1241 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner