Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Neftin bareli 70-75 dollara qədər enə bilər” - Natiq Cəfərli – MÜSAHİBƏ

Dünya bazarında neftin qiyməti enməkdə davam edir. Təbii ki, burada siyasi və iqtisadi səbəblərin mövcudluğu danılmazdır. Lakin dünyaya neft və qaz ixrac edən ölkə kimi Azərbaycanın bu vəziyyətdən necə təsirlənəcəyi xüsusi əhəmiyyət kəsb edir. Neftin qiymətinin enməsi, səbəbləri, gələn il və ondan sonrakı illərdə ölkə büdcəsinə təsiri barədə iqtisadçı-ekspert Natiq Cəfərli məlumat verib. Simsar.az-a danışan ekspert bu enmənin cari il üçün o qədər də təhlükəli olmadığını dilə gətirib.

-Dünya bazarında neftin qiymətinin aşağı enməsində siyasi yoxsa iqtisadi amillər daha çox rol oynayır?

- Neftin qiymətində ciddi enmənin olması və son iki ayda 27% ucuzlaşmasında siyasi amillərin rolu olsa da məsələ eyni zamanda fundamental səbəblərlə bağlıdır. Bir neçə il əvvələ qədər ABŞ dünyada neft istehlak edən ən böyük ölkə idi. Dünya bazarına çıxarılan neftin az qala 1/3-ni ABŞ istehlak edirdi. Ancaq 2009-cu ildən slans inqilabı (qeyri ənənəvi yollarla istehsal) prosesinin tətbiqindən sonra ABŞ xaricdən neft almanı tamamilə dayandırdı. Bununla yanaşı gələn ildən Konqresin razılığına əsasən qanunda dəyişikliklər edərək gündəlik neft ixracını planlaşdırır.

- Belə çıxır ki, Amerikanın istehlak neftə olan tələbatının azalması neft istehsalı ilə məşğul olan ölkələrə mənfi təsir göstərəcək...

- Amerika və Kanada özünü neftlə tam təmin etdiyindən dünya bazarında neftin bolluğu müşahidə olunmaqdadır. Bundan əlavə Avropa İttifaqı ölkələri və Çində iqtisadi proqnozların yanılması və iqtisadiyyatın bərpasının xeyli aşağı səviyyədə olmasının şahidi oluruq. Bu isə neftin istehlakını azaltdı. Digər tərəfdən Amerika Federal Rezerv sisteminin dünyada 2008-ci ildə, böhran başlayanda “Təhvil alım proqramı” adlı proqrama start vermişdi. Hər ay ABŞ tərəfindən bazarda 85 milyard dollarlıq təşviq proqramı həyata keçirilirdi. Bu da qiymətlərin yuxarı çəkilməsinə və iqtisadiyyatın canlanmasına səbəb oldu. Noyabr ayından etibarən həmin proqram ləğv edildi. Bütün bu fundamental səbəblər neftin qiymətinin düşməsinə səbəb oldu. Prosesin yaxın aylarda da davam edəcəyi gözlənilir. Dünyanın ən böyük neft oyunçuları olan OPEK ölkələri bu enmənin qarşısını ala bilmirlər. Ərəb yarımadası ölkələri neftin bu həddəki qiymətlərinin onlara sərf etdiyini, bazardan çəkilməyəcəklərini bəyan edirlər. Və hətta bütün  bunlarla yanaşı Asiya və digər Amerika ölkələrinə daha aşağı qiymətə neftin satışını təklif edirlər. Bu da yaxın gələcəkdə neftin qiymətinin daha da aşağı düşəcəyini real edir.

- Mövcud vəziyyət nəzərə alındıqda neftin qiyməti daha nə qədər enə bilər?

Hələlik bazarda neftin qiyməti 27 % aşağı düşüb. Proses sona qədər davam edərsə bu rəqəm daha da aşağı enə və neftin 1 barelinin qiyməti 70-75 dollar arasında dəyişə bilər.

-Azərbaycan büdcəsinin neftdən asılılığının ilbəil azalması ilə bağlı rəsmi rəqəmlər açıqlanır. Bu, qiymət enməsinin büdcəyə ciddi təsiri olmayacağı kimi qiymətləndirilə bilər?

-Hökümətin apardığı bəzi hesablarda yanlışlıqlar var. Rəsmi rəqəmlərə görə, Azərbaycan hökumətinin neftdən birbaşa asılılığı 66%dir. Ancaq hesablamalar zamanı 15%-lik neftdən dolayı asılılıq nəzərə alınmır. Neftdən gələn gəlirlər əsasən aparılan yenidəqurma işlərində sərf olunur. Və həmin işlər zamanı əldə olunan gəlirin bir qismi vergi şəklində büdcəyə qayıdır. Bu isə dolayı yolla neftdən əldə olunan gəlirdir. Beləliklə Azərbaycan büdcəsinin 80%-dən çoxu neft gəlirlərindən asılıdır.

- Bunun sosial yaşayışa nə kimi təsiri olacaq?

-Bu il üçün neftin qiymətinin düşməsi sosial yaşayışa heç bir mənfi təsir göstərməyəcək. Çünki ilin böyük bir dövründə neftin qiyməti 100 dollar civarında idi. İndi qiymət aşağı düşsə də bu ilin büdcə parametrlərində ciddi bir dəyişiklik gözlənilmir. Ancaq gələn ilin büdcəsində hökumət tərəfindən neftin qiymətinin baza hissəsinin 90 dollar götürülməsi ciddi riskdir. Proqnozlara görə 1 barelin qiyməti 70-75 dollar olarsa bu Azərbaycan büdcəsinin formalaşmasında ciddi problemlər yaradacaq. Hələlik Azərbaycan neft fondunda 50 milyardlıq böyük vəsait var. Bu vəsaitlə problemlərin qarşısını qismən almaq mümkündür. Ancaq enmə prosesi bir neçə il davam etsə onda Azərbaycan büdcəsi təhlükə altındadır. Digər tərəfdən nəzərə alsaq ki, neft fondu yaradılarkən gələcək nəsillərin iqtisadi təhlükəsizlik tədbiri kimi düşünülmüşdü.  Son illər görülən odur ki, hökumət neft fondundan illik gəlirindən də artıq hissəsini çıxarıb. Bu problemin həlli yolları iqtisadiyyatın çoxşaxəli inkişafından keçir.

-Yaxın gələcəkdə Neft Fondunun tükənmə ehtimalı var?

Deyərdim ki, enmə prosesi 3-4 il davam etsə neft fondunda vəsait qalmayacaq. Çünki Azərbaycanın digər problemi ondan ibarətdir ki, ölkədə neftin hasilatı da azalıb. 2009-2010-cu illərdir neftin hasilatı pik həddə çataraq gündə 1 milyon barel idi. Bu gün həmin rəqəmm 600 000 barelə qədər enib. Yaxın gələcəkdə 540-530 min, 2018-ci ildə isə 450 000 barelə enəcəyi proqnozlaşdırılır. Gələcəkdə neftdən əldə olunan gəlirlər həm qiymətə, həm də hasilata görə azala bilər. Bununla da hər hansı islahatların aparılması üçün vəsait çatışmayacaq.

-Azərbaycan neftinə tələbatın azalması onun dünya siyasi və ya iqtisadi arenasında mövqeyini zəiflədə bilərmi?

-Hökumət isə davamlı olaraq Azərbaycanın dünya enerji təhlükəsizliyində mühüm rol oynamasından bəhs edir. Əslində isə Azərbaycan Avropanın enerji istehlakının cəmi 0.8%-ni təmin edir. Bu ölkəmizin iddiaları üçün çox kiçik rəqəmdir. Gələcəkdə bu daha da azalacaq. Təqribən 5 il öncə Beynəlxalq Energetika Agentliyi dünyaya xəbərdarlıq şəklində hesabat yaydı ki, 2015-ci ildə dünyada neft və qazın bolluğu müşahidə olunacaq. Və onların siyasətə təsir imkanları xeyli azalacaq. Bu xəbərdarlıq özünü doğrultdu. Dünyanın enerji təhlükəsizliyi alternativ enerji mənbələri, slans inqilabı, nano texnologiyaların tətbiqi ilə enerji məsələsinə fərqli baxış gəldi. Bunu nəzərə alaraq Azərbaycanın inkişafı üçün alternativ planlar hazırlanmalı idi. Avropa İttifaqında yeni texnologiyaların tətbiqi ilə bağlı yeni planı təsdiq olunub Həm də Avstraliya, Kanada, Meksika kimi dünya enerji xəritəsində kiçik yerə malik ölkəlrədə yeni texnolgiyaların tətbiqi ilə enerji inqilabı baş verdi. Artıq Avstraliya 2016- ci ildə  Asiyada ən böyük slans qaz ixracatçısına çevrilərək hər il dünyaya slans qaz vasitəsilə 80-90 mlrd. m³ qaz istehsal edəcək. Azərbaycan isə hələ də köhnə qaydalarla boru çəkilişinə böyük vəsait qoymaqla neftin azalmasının büdcəyə təsirini azaltmağa çalışır. 2019-cu ildə Azərbaycan “TANAP” və “TAP” layihəsi ilə Avropaya 10 mlrd m³ qaz satmağa hazırlaşır. Proqnozlar özünü doğruldarsa qazın satışından əldə olunan gəlir neftdən itirilən gəlirləri əvəz edə bilməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, “Şahdəniz 2” ilə birlikdə bu layihələrin həyata keçirilməsin 40-44 milyard dollar investisiya tələb olunacaq. Ən böyük investoru Azərbaycan olan layihələrin gəlirə çevrilməsi üçün uzunmüddətli vaxt tələb olunacaq. 10 ilə yaxın bir dövr ərzində qoyulan vəsaitin çıxarılmasına nəzarət ediləcək. Ancaq slans qazın tətbiqini nəzərə almadan bu proektin hazırlanması ölkəmizin qaz bazarında da kiçik  rola malik olmasına gətirib çıxaracaq. Əslində Azərbaycanın rezervləri də dünya enerji bazarında rol oynamağa imkan verməyəcək.

-Boru üsulu ilə qazın tranziti köhnə və əlverişsiz üsuldursa Türkiyə bu məsələdə Azərbaycanla ortaqlığa nə üçün razılıq verib?

- Türkiyə üçün bunun əhəmiyyəti çox böyükdür. Çünki kəmərin böyük bir hissəsi onun ərazisindən keçəcək. Kəmərin çəkilişində 10 minlərlə insan iştirak edəcək, yerli şirkətlər və eləcə də büdcə tək elə boru kəmərinin çəkilişindən böyük miqdarda götürəcək. Qazın nəqlinə qədərki mərhələdə iqtisadi dividentlər əldə edəcək. Həm çəkiliş, həm də tranzit sayəsində gələcək gəlirə görə, Türkiyə bu layihədə çox maraqlıdır. Digər tərəfdən Türkiyə ilə İran arasında neçə illər əvvəl 24 mlrd m³ qaz nəql edə bilən boru kəməri çəkilib. İranın Avropa bazarlarına çıxışı təmin olunduğu təqdirdə Türkiyə İrandan Avropaya çıxarılan qaz vasitəsilə də gəlirlər əldə edəcək. Gələcəkdə İran və İraq qazının TANAP və TAP xəttinə qoşulması onu qazpaylayıcı mərkəzə çevirəcək. Bu da Türkiyənin gələcəkdə siyasi çəkisinin artması ilə nəticələnəcək.

-Son dövrlərdə İranın Avropaya yaxınlaşma cəhdləri də müşahidə olunmaqdadır. Bunun iqtisadi təsirləri necə olacaq?

-İran kimi ciddi neft-qaz resurslarına malik ölkə bu ilin sonuna qədər sanksiyalardan azad olaraq dünya bazarına girməyə nail olacaq. İranın qaz ehtiyyatları dünyada 2-ci yerdədir. Və Avropaya ildə 60 mlrd. m³qaz satmağa qadirdir. Azərbaycan höküməti İran amilini nəzərə almalıdır. Çünki İranın bazarda möhkəmlənməsi Azərbaycana mənfi mənada önəmli təsir göstərəcək. Təbii ki bu məqamlar Azərbaycanın siyasi arenada da mövqelərinin zəifləməsinə gətirib çıxaracaq.

Ülviyyə Cövdətqızı







7 Noyabr, 2014  16:54 Baxılıb: 1492 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner