Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu video Aşura günü çəkilməyib - QALMAQAL

Aşura günü İran rəsmilərinin portretlərinin qaldırılması iddiası təsdiqini tapmayıb, Bakıda verilən bəyanatlar isə iranlıları narazı salıb

Bəzi media orqanlarında Aşura günü Nardaranda bəzi məclislərdə İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretlərinin asılması iddiaları xeyli dərəcədə böyüyüb. Məsələ burasındadır ki, ilk olaraq saytlardan biri bu iddianı ortaya atıb və Nardaranda məhz Aşura günü keçirilən məclisdə İranın bayrağı və dini-siyasi liderlərinin fotolarının asılması ilə bağlı xəbər verilib. Daha sonra bu xəbər daha da böyüdülüb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bu hadisəni pisləyib.

Komitə sədri qeyd edib ki, Azərbaycanın İranla münasibətləri çox normaldır: “O portretlərdəki insanlar İranın ali dövlət adamları kimi tanınırlar və onların şəkillərinin nümayiş etdirilməsi dini mərasimlərə aid olmayan haldır. Ona görə də bu hal bizim tərəfdən qətiyyətlə pislənilir”.

M.Qurbanlı bu şəkillərin İmam Hüseynə (ə) və digər müqəddəslərə, nə də o məclislərin keçirildiyi ərazilərdəki ziyarət yerlərinə uyğun olmadığını deyib: “Oradakı sakinlər də bilməlidirlər ki, ümmət olmamışdan əvvəl millətdirlər. Azərbaycan xalqına, dövlətinə və bayrağına sədaqətini nümayiş etdirməlidirlər. Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir. Bunun Kərbəla hadisələri ilə də əlaqəsi yoxdur”.

M. Qurbanlı deyib ki, Dövlət Komitəsinin nümayəndələri məsələni araşdırıb, ərazidə fəaliyyət göstərən dini icmalara müvafiq qaydada ciddi xəbərdarlıq olunub. Komitə sədri onu da deyib ki, Azərbaycanda istənilən dinə aid mərasimlərin keçirilməsi üçün yüksək səviyyədə şərait var və dövlət buna heç vaxt qadağa qoymur: “Ötən gün Aşura mərasimləri də çox yaxşı keçdi, ötən illərlə müqayisədə nöqsanlı hallar çox az baş verdi, əksər yerdə isə demək olar ki, baş vermədi”.

Qalmaqala bundan sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən APA-ya baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmadığı bildirilib. QMİ-dən bildiriblər ki, idarə Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: “Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımıza bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMİ bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir. Azərbaycanda bütün dini mərasimlər öz milli mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz”.

Öz növbəsində Nardaran sakinləri əksini iddia edərək məlumatı təkzib ediblər. Kənddə belə bir hadisənin olmadığını bildiriblər. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Nardaranda heç bir zaman İran bayrağı və siyasi liderlərinin fotolarının asılmadığını deyib: “Mən Nardaranda baş verən hadisələrdən xəbərdar olan bir adam kimi deyirəm ki, Nardaranda belə bir şey olmayıb. Eşitdiyimə görə, Mübariz Qurbanlı da deyib ki, guya hansısa məclisdə İran bayrağı, şüarlar asılıb. Bildirirəm ki, elə bir şey yoxdur, şüarlar da yerindədir. Bizim öz dövlətimiz və onun öz bayrağı da var. Bayrağımızda da islam əksini tapıb. Biz öz bayrağımızı Nardaranın hər yerində asmışıq. Nardaranda heç bir zaman İran bayrağı asılmayıb”.

Ancaq məlum olub ki, bu hadisə əslində daha da böyüyüb. Bakıda olan və İran prezidentinin səfəri ilə bağlı son hazırlıqları müzakirə edən İran nümayəndə heyəti Nardaranda baş verdiyi iddia olunan olayda İranın adının hallandırılmasından və bu hadisənin bu şəkildə İran əleyhinə təbliğata çevrilməsindən narazı qaldıqlarını açıq şəkildə Azərbaycan rəsmilərinə bildiriblər. Hətta üstüörtülü şəkildə bu hadisənin İran dövlət rəhbərliyini narazı saldığını və əməkdaşlığa təsir edəcəyini bildiriblər. Əsas narazılıq isə bu əks-təbliğatın Aşura mərasimləri üzərində qurulması olub.

Maraqlıdır ki, ötən gün bu məsələ ilə bağlı araşdırmalar aparılıb və məlum olub ki, sözügedən, qalmaqala səbəb olan video Aşura günü çəkilməyib. Hətta o da məlum olub ki, həmin məclisdə iştirak edən dini mahnılar oxuyan Taleh adlı şəxs son 2 həftədə Bakıda olmayıb, Azərbaycana da dünən qayıdıb. O da məlum olub ki, video yayda keçirilən dini-mövlud tədbirlərindən birində, məsciddə deyil, həyətlərdən birində keçirilən məclisdə lentə alınıb. Qeyd edək ki, youtube-də yayılan videoda da çəkilişin yay aylarında olduğu açıq şəkildə hiss olunur. Eyni zamanda divarda İranın hazırkı və keçmiş dini liderlərinin şəkilləri olan xalça görünür. Yəni qısa araşdırmadan aydın olub ki, bu məlumatın məhz Aşura günü, Aşura mərasimləri zamanı baş verməsi ilə bağlı xəbər məqsədli olub.

Ancaq bu hadisələrin ən pis tərəfi isə saytlardan birinin ortaya atdığı bu “yemi” iki mühüm rəsmi qurum tərəfindən udulması olub. Belə ki nə DQİDK, nə də QMİ videonu araşdırmağa çalışmayıblar. Nəticədə bir neçə ay əvvəl baş vermiş hadisənin videolenti Aşura günü baş vermiş hadisə kimi təqdim olunub. Hər iki mühüm qurumun müvafiq əməkdaşları videonu incələməyiblər. Tələm-tələsik verilən açıqlamalar isə ictimai rəydə geniş ajiotaj doğurub və siyasi qalmaqala çevrilmək həddinə çatıb.

Kənan Rövşənoğlu, musavat.com






7 Noyabr, 2014  09:23 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner