Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aşura həqiqətləri

Aşura mərasimləri başa çatsa da, Aşura müzakirələri hələ də davam edir. İradlar, tənqidlər və təəssüf ki, təhqirləri də müşahidə edirik. Əlbəttə, haqlı tənqidlər, iradlar da oldu, amma hər dəfə olduğu kimi bu dəfə də haqsız, yerində olmayan, gözdən salma cəhdlərinə də şahidlik etdik. Yenə də kimlərsə illər öncə İraqda, Hindistanda çəkilmiş fotoları üzə çıxararaq Aşura mərasiminin qan çıxarma olayı, özünü döymə mərasimi kimi təqdim etməyə çalışdılar.

***

Aşura hadisəsi çoxlarına məlumdur. Həzrət Məhəmmədin (s.ə.s) nəvəsi, İmam Əli (ə) və həzrət Fatimənin (ə.s) oğlu 3-cü İmam Hüseyn hicrətin 61-ci (miladi təqvimlə 680-ci il) ilində xəlifə Yezid ibn Müaviyəyə beyət etmədiyi (hakimiyyətini tanımadığı) üçün İraqın Kərbəla çölündə 72 tərəfdarı (o cümlədən iki oğlu və qardaşı) ilə birlikdə işgəncə ilə qətlə yetirilib, ailə üzvləri – həyat yoldaşı, bacısı, qızları girov götürülərək şəhidlərin nizəyə taxılmış kəsik başları ilə birlikdə Kufəyə, daha sonra Dəməşqə xəlifə Yezidə aparılıb. Bu hadisə həmin gündən bu yana İslam dünyasında böyük bir matəm, hüzn, faciə kimi qeyd olunmağa başlayıb. İlk olaraq həmin vaxt sağ olan səhabələr Peyğəmbər nəvəsinin ölümünü kədərli hadisə kimi qeyd ediblər. Sonrakı əsrlərdə bu hadisə qanlı, faciəvi olay kimi qeyd olunmağa başlayıb.

Ancaq İmam Hüseynin (ə) şəhid olduğu Kərbəla olayları həm də bir mənəvi məktəb kimi qəbul olunub. Haqsızlığa qarşı etiraz, dik dayanmaq, öldürüləcəyini bildiyin halda haqqı demək ənənəsinin bariz nümunəsini Aşurada Həzrət Hüseyn göstərdi. Çünki İmam Hüseyn (ə) “Hər kim Allahın haram buyurduğunu halal edən, onun əhdini sındıran, insanlar arasında zülm və haqsızlıqla hökm edən zalım bir hakim görüb söz və ya əməllə ona qarşı çıxmasa, Allah onu da zalım hakimi düçar etdiyi əzaba düçar edər” - deyirdi. Bu şüarla da şəhid oldu.

Aşura günü İmam Hüseyn (ə) özü canı da daxil olmaqla həyatda ona əziz olan hər şeyini Allah yolunda qurban verdi. Və bacısı, Kərbəla qəhrəmanı həzrət Zeynəb Hüseynin (ə) cəsədinə işarə edərək “İlahi qurbanlarımızı qəbul elə” dedi. Aşura bu mənada eşq və fədakarlıq hadisəsi idi.

***

Təbii ki, zamanla bütün digər hadisələrlə bağlı olduğu kimi Aşura ilə bağlı təhriflər, mövzudan yayınmalar oldu. Amma bir fakt var ki, bütün bu cür hadisələr zamanla ifratçılıq meyllərinə məruz qalıb. Aşura mərasimlərində baş yarma, özünə xəsarət yetirmə kimi hallar müşahidə olunub. Amma bu gün nə qədər müsəlman Aşura günü başını yarır? Bir-iki məsciddə zəncir vuran bir dəstə adamı çıxmaq şərti ilə Aşura mərasimləri qeyd olunan bütün yerlərdə insanlar yüz illərdir yaşadılan adətə uyğun olaraq əza məclislərini keçirdilər.

Aşura müsəlmanların Məhəmməd Peyğəmbərə və onun qızı Fatiməyə, imamlara olan ehtiramının ifadəsi mərasimdir. Kimsə şəriətdə, Quran ayələrində bunu axtarmağa qalxmasın. Məhərrəm və Səfər aylarında toy etməyən, Aşura günü paltar yumayan insanlar bunu dini hökm və ya şəriət göstərişi deyil, zalım insanlar tərəfindən əzabla öldürülən Peyğəmbər (s.ə.s) övladına saxladıqları matəm, yəni həm də Peyğəmbərə, Fatimə Zəhraya, İmam Əliyə ehtiram kimi qeyd ediblər. Dünən bir facebook istifadəçisi mənə yazdı ki, nənəsi Aşura günü onun filmə baxmasına etiraz edib. İlk baxışdan geriçilik və ya xurafat kimi görünür, heç İslam dinində də bu barədə bir göstəriş yoxdur. Amma bu bir adətdir, inanan, dəyər verən insanların müqəddəslərə olan sayğısının ifadə formasıdır. Və çox gözəl adətdir. Min illik Azərbaycan dəyərləri bu ənənələr üzərində formalaşıb.

Aşura bir dəyərlər toplusudur. Azərbaycan mədəniyyəti, poeziyası, el adətlərində Aşura elementləri minlərlədir. Aşura İslam hökmləri sırasında olmasa da, dinin yaşadılmasına xidmət edən bir dəyərdir. Sovet illərində Azərbaycanda İslam dini məhz Aşura və məhərrəmlik adətləri adı ilə qorunub saxlandı. Əlbəttə, tənqid olunası, əsl məqsəddən kənara çıxma halları var, bunu zatən kimsə inkar etmir. Amma bu heç də bütövlükdə böyük bir dəyərlər toplusunu, İslamın ayaqda qalmasını təmin edən və tariximiz, mədəniyyətimizlə iç-içə olan bir dəyərdən imtina etməyə əsas vermir. Əksinə, onsuz da ildən-ilə içdən bölünən, yadlaşan xalqı bir arada tuta biləcək bir hadisədir.

Və nəhayət, noyabrın 4-də milyonlarla insan – hansı ki onların böyük qismi bildiyimiz dindar, namaz qılan deyildi – məscidlərə, ziyarətgahlara getdi, imkanı olan ehsan verdi, imkansızlara əl tutdu, şirniyyat, şərbət (Kərbəla çölündə susuz öldürülən Fatimə (ə) övladının ruhuna ehtiram olaraq – K.R) payladılar. İnsanlar heç bir təşviq, zorakılıq olmadan bir araya gəldi, xeyir əməllərə kökləndi, min il əvvəl əzabla öldürülən insanlara kədərləndilər. Hər il olduğu kimi...

Kənan Rövşənoğlu - Müsavat







6 Noyabr, 2014  13:50 Baxılıb: 784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner