Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Təsəvvür edirsən, dünyada 3 milyard adam var ” - MÜSAHİBƏ

Uşaqlarla söhbət çox maraqlı olur. Ancaq həmsöhbət olduğun uşaq özünü yaşından böyük hiss edirsə məsələ bir az qəlizləşir. Gərək seçdiyin hər bir sözdə diqqətli olasan. Ən azından ona görə ki, balaca müsahibinin hələ yenicə formalaşan şəxsiyyət duyğusunu zədələməyəsən. Müsahibim Hüseyn də belə uşaqlardandır. Verdiyim hər sualdan sonra mənə nəsihət verməyi də unutmayan Hüseynlə söhbətimiz onun sirrləri ilə başlayıb, elə onlarla da yekunlaşdı:

- Neçə yaşın var, Hüseyn?

- 11 yaşım var, 4-cü sinifdə oxuyuram. Əslində mən indi 6-cı sinifdə oxumalı idim. Bilirsiz niyə? Məktəbə 7 yaşımda getmişəm ona görə.

- Dərslər necədir. Çətinlik çəkmirsən ki?

-Yox “super”dir. Yaxşı oxuyuram. Əla olmağa az qalıb. Məktəbi sevirəm. Adam ordan “obrozovaniya” götürür. Coğrafiya, kimya, fizika kitablarını oxuyuram.

-Bu fənləri 4-cü sinifdə keçirlər?

- Müəllim tapşırmır, amma özüm kimya, fizika oxuyuram.  Ona görə də o fənnləri yaxşı bilirəm. Məktəbə təzə başlayanda rus dilini, riyaziyyatı yaxşı öyrəndim. İndi onlar mənim üçün “semiçkadır”.

- Məktəbdə xoşuna gələn qız var?

-Əşi o başqa məsələdir. O məni sevir, mən də onu. Rus bölməsində oxuyur, namaz qılır.

-Hardan bildin ki, səni sevir?

-Özü dedi.

-Cəsarətli qız imiş. Necə dedi?

-Özü dedi deyəndə ki... Necə deyim ey nə dediyini?! Qoy fikirləşim... Yox, onu deyə bilmərəm axı, “sekretni” şeydir.

-Bəs məktəbdə dostluq etdiyin uşaqlar var?

-Məktəbdə ümumiyyətlə dostum yoxdur. Çünki onlar xuliqandılar, söyüş söyürlər. Mən də onlarla dostluq eləmirəm. Məktəbdən kənarda dostlarım var, onlar məndən böyükdürlər, 17-18 yaşları var. Yaxşı uşaqlardı, dindardılar. 1-ci sinifdə oxuyanda yanıma gəldilər. Dedilər ki, mənimlə dost olmaq istəyirlər. Mən də razılaşdım. Artıq 3 ildir ki, dostuq.

-Dindar nə deməkdir?

-Namaz qılan, oruc tutan, Quran oxuyan adamlar dindardılar. Mən özüm də namaz qılıram, Quran oxuyuram. Amma oruc tuta bilmirəm, tez acıram. Hədisləri bilirəm. Məsələn, indi Məhərrəm ayıdır. Biz məscidə gedirik, sinə vururuq.

-Məhərrəmlik deyəndə nə başa düşürsən?

-Məhərrəmlikdə sinə döyürük. Bu İmam Hüseynə hörmətdir. İmam Hüseynə lazımdır. Bu ayda  müharibə olub. Zeyidlər( red.-Yezid) onu, bacısı Zeynəbi öldürmək istəyiblər. İmam Hüseyn də müharibəyə gedir şəhid olub. O müharibə olmasaydı biz indi narkotikadan istifadə edərdik, araq içərdik.

-Axı indiki dövrdə də araq içənlər var...

-Onlar heç nə başa düşmürlər. Deyirlər ki, cəhənnəmə olsun içirəm də. Onlara elə cəzalar verəcəklər ki, dəşhətə gələcəklər. Kabab bişirən bıçaqları qızdırıb onların gözlərinə soxacaqlar. Daha sonra onu çıxarıb ağızlarına soxacaqlar. Çünki onlar dinə əməl etmirlər. Təsəvvür edin ki, bu dünyada 3 milyard adam var, amma onlardan heç 361 nəfəri əsl müsəlman deyil. Gülməlidir ey, mən inanmıram. Belə şey olar?!

-Bunları sənə kim danışıb?

-Hacı Şahin- o, hacıdır. Hər il həccə gedir. 1000-dən çox kitab oxuyub. Hər şeyi bilir. Hacı Şahin mənim dayımdır, bilirsiz? 32 ildir atamın dostudur. Nə deyir tam başa düşmürəm, amma nə isə başa düşürəm. Rus dilində desə yaxşı başa düşərdim, hamısını sizə deyərdim. Siz də başa düşərdiz.

-Atan içki içir?

-Yox, o, “Red Bull” içir. Bir dəfə mənə də vermişdi. Onu içəndə adama enerji gəlir, yaxşı işləyir. Mən içəndə isə ürəyim tez-tez döyünməyə başladı. Verdim atama ki, mən içmirəm, sən özün bil, istəyirsənsə iç. İçirsən səni kefləndirir. İçində isə səni məhv edir.

-Hansı mahnılara qulaq asırsan?

-Azərbaycanlılar “tupoy” mahnılar oxuyurlar. Ona görə onlara qulaq asmıram. Yaxşı mahnılar İspaniyada, Braziliyada olur.

-Onda sən Azərbaycan kinolarına da baxmazsan.

-Ümumiyyətlə baxmıram. Bir-iki dəfə baxmışam. Amma atam baxır. Ataya deyirəm, sən onun nəyinə baxırsan. Sonra mənə deyir ki, düz deyirsən. O, da hirslənib futbol olan kanala çevirir.

-Bəs, boş vaxtlarında nə ilə məşğul olursan?

-1 ildir kapoeyraya gedirəm. Yaşıl kəmərim var. Kapoeyra qədim idman növüdür, 16-cı əsrə aiddir. Bu idman haqqında çox şey bilirəm. Əvvəlcə yaşıl kəmər alırsan, sonra sarı, göy, rəngbərəng kəmər, yaşıl-sarı, yaşıl-göy, ağ-yaşıl, ağ-sarı, ağ-ağ, vəssalam. Ağ-ağı götürmək üçün “master” olmalısan. Mənim ağ-ağ kəməri olan brazilyalı dostum var-Şanq Şonq. Həmin kəmərdən Brazilyada heç kimdə yoxdur. Futbolu da yaxşı oynayıram.

-Dəcəllik edib ananı incidirsən?

-Yox günahdır. Onu incitsən Allah sənə elə cəza verər ki, çığırtın hər yerə yayılar. Mən bir günah edəndə tövbə edirəm. Sonra bir də heç vaxt günah eləmirəm.

-Anan işləyir?

-Anam işləmir, başı örtülüdür deyə işə götürmürlər. Amma atam Dubayda işləyir. Bu yaxınlarda bir sayt yaratdı. Məşhur saytdır-internet mağaza. Belə danışa bilmirəm, amma istiyirsənsə gedək göstərim. Elə-belə mallar satmırlar. Hamısı original mallardır. Atam yaxşı adamdır. Balaca olanda bir dəfə içib, indi içmir. Özü də hacıdır.

Söhbətimizin bu anında Hüseynlə yerimizi dəyişməli olduq. Və bu dəfə o mənə sual vermək istədi: Sizə bir şey  deyim? Deyirlər, Sovet dövründə hamını alkoqollu içkilər içməyə məcbur ediblər. Axı mən inanmıram ki, mənim anam nə vaxtsa içki içsin. O axı belə edə bilməz.

Razı qalacağı cavabı aldıqdan sonra müsahibəmizə davam etdik.

-Bacınla dalaşırsan?

-Bəzən bacımla aramızda dava düşür. Amma mən onu döymürəm. O, qızdır, döymək olmaz. Allah bacımı mənə göndərəndə deyib ki, bu sənə ən dəyərli şeydir. Məktəbdə də qızların tərəfində oluram.

-Atanla anan arasında mübahisə olur?

-Atam bəzən zarafatla anamı əsəbləşdirir. Amma zarafatla, ciddi yox. Anam da gülüb ötürür.

-Səncə evdə atanın sözü keçməlidir, yoxsa ananın?

-Babanın. Baba nə dedi, o olmalıdır. Mənim babamın 77 yaşı var. Amma qarnı yoxdur. “Super”di ey.

-Ən sevdiyin yemək hansıdır?

-“Fast-food”. Pizza, Maks-boks, Ay-tvays...

-Bilirsən ki onlar zərərlidir?

-Hə, bilirəm zərərlidir (qəfil fikrini dəyişir).Yox, zərərli deyil. Evdə hazırlananda ziyan olmur axı.

Hüseyn: Bəs siz “Mc Donalds”da yemək yeyirsiz? Bilmirsizsə mən sizə deyim: Orda yemək yemək olmaz. Çünki ora xərclədiyimiz pulları yəhudilər yığıb amerkalılara verirlər. Onlar da silah hazırlayırlar.

-Saçlarının forması nə qəşəngdir?

-Bunu hamı deyir. Saçlarım anadangəlmə belədir. 6 yaşım olanda lap uzun idi.

-Paltarlarını kim seçir?

-Anam alır. Mənim alış-verişdən xoşum gəlmir.

-Bəs sənin nələrdən xoşun gəlir?

-Ən çox xoşuma gələn şey divanda oturub xəyala dalmaqdır. Oturub saatlarla fikirləşmək istəyirəm. Çoxlu xəyallar qururam.

- Ən çox nəyin xəyalını qurursan?

-Yox, onu demək olmaz. O sirrdir.

-Nə soruşuram deyirsən sirrdir.

-Diktafonu söndür, sənə bir sirr də deyəcəm. Amma heç kəsə deməyəcəyinə söz ver...

P. S.: Söz verdiyim üçün Hüseynin mənə verdiyi sirri sizinlə bölüşə bilməyəcəm. Amma onu deyə bilərəm ki, uşaqların sirrləri də özləri kimi məsum olur.

Ülviyyə Cövdətqızı






4 Noyabr, 2014  11:50 Baxılıb: 1915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner