Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mirzə İbrahimovun doğum günüdür

Bu gün müasir Azərbaycan ədəbiyyatının təşəkkülündə və inkişafında danılmaz xidmətləri olan nasir, dramaturq Mirzə İbrahimovun doğum günüdür.

Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Amma atalı analı böyümək balaca Mirzəyə qismət olmur. Anası 3 yaşında Təbrizin Evə kəndində vəfat edir. Anasız qalan 3 körpə, nalac ata və baş alıb gedən aclıq dövrü… Aclıq ailəyə ikinci faciəni yaşadır. Mirzənin kiçik bacısı da aclığın qurbanı olur.

Mirzə İbrahimovun “Gələcək gün” romanında həmin aclıq epizodlarını görmək olur. Uşaqlarının anasını dəfn edəndən sonra Əjdər kişi bomboş qalan daxmanın qapısını kilidləyib 1918-ci ildə iki oğlu ilə Bakıya iş axtarmağa gəlir. Çox keçmir ki, 1919-cu ildə Əjdər kişi vəfat edir. 7-8 yaşlarında ata-anasız qalan balaca Mirzə Balaxanı və Zabrat kəndlərində muzdurluq edir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Mirzə 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində təhsil almaqla yanaşı işləməyə də ara vermir. Bədii yaradıcılığa da elə Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayır.

Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunur. Bundan sonra dövri mətbuatda şeirlərlə nəşr edilməyə başlayır. O, 30-cu illərdə ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini yazır.

1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya- Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olub. "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərir (1933). "Həyat" (1935) pyesi bu dövrün bəhrəsidir.[3]

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olur və daim elmi fəaliyyətlə məşğul olmağa başlayır. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunur və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına  Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərir.

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs","Sənət aşiqləri","Zəhra","Yol ayrıcında", "Mələk", "Qaçaq" 'Cənub hekayələri' silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün - (1948), "Böyük dayaq" (1957), "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə almışdır: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961)(əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülüb), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə edir.

O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görüb. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Həmçinin, onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilib.

Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olub. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləyib, Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilib. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olub. O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilib. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olub. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirib. BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış edib.

Mirzə İbrahimov 1993- cü ildə Bakıda vəfat edib.

“Gələcək gün”, “Həyat”, “Böyük dayaq”, “Pərvanə” və ədəbiyyatımızın qızıl fonduna daxil olan başqa bu kimi misilsiz əsərlərin müəllifi olan Mirzə İbrahimovun idrakı, maraq dairəsi geniş və həm də çox zəngindir. Bəlkə elə buna görə də onun əsərlərində xalq həyatının canlı lövhələri, mənəvi-əxlaqi dəyərlər və cəmiyyətdə baş verən mühüm hadisələr yüksək intellekt və daxili bir narahatlıqla oxucuya təqdim olunur.

Simsar.az







15 Oktyabr, 2014  08:51 Baxılıb: 1015 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner