Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərti – FOTOLAR

Etibarlı ərzaq təminatı dövlətimizin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Bu o deməkdir ki, illər keçdikcə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbat yüksələcək. İqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə isə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri daha da artacaq, hətta bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevriləcək. Bu kimi səbəblərdən müasir dövrümüzdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtinə çevrilib. Azərbaycan da dünyanın bir parçası olduğundan, ölkəmizdə də əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Bu yöndə dövlət səviyyəsində ilk addım hələ keçən əsrin 90-cı illərinin ortalarında atılıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb.

Ərzaq qıtlığı təhlükəsi

2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başlayıb. Bununla yanaşı, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. Lakin, ölkədə əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam təminatı o dövrdə tam mümkün olmayıb. Digər tərəfdən, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətinə öz təsirini göstərməyə başlayıb. Yaranmış mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edib.

Daxili bazarın idxaldan asılılığının azaldılması

Bu zərurətdən irəli gələrək, 1 may 2008-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, elm, qeyri-hökumət təşkilatları tərəfindən 2008-2015-cit illəri əhatə edən Dövlət Proqramı layihəsi hazırlanıb. 25 avqust 2008-ci ildə ölkə başçısının növbəti Sərəncamı ilə təsdiqlənən bu Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar sektorun inkişafında diqqətəlayiq nəticələr əldə edilib. Proqramda qarşıya qoyulan vəzifələrin reallaşdırılması ilk növbədə ölkənin əkin strukturun təsir edərək, onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan verib. Bu gün Azərbaycan fermerləri tərəfindən əhalinin kartof, tərəvəz, bostan məhsullarına və meyvəyə olan illik tələbatı artıqlaması ilə ödənilir və onların ixrac imkanları genişlənir.

Ümumi tutum həcmi 350 min ton olan anbar

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən respublikamızın regionlarında taxıl məhsullarının saxlanılması üçün taxıl anbarı komplekslərinin inşasına güzəştli kreditlər də ayrılıb. Dövlətin sahibkarlara dəstəyi, onlara güzəştli kreditlər ayırması hesabına Bakı, Gəncə, Naxçıvan şəhərlərində, Beyləqan, Bərdə, Ağcabədi, Cəlilabad, Şəki, Oğuz, Tovuz, Qobustan, İsmayıllı, İmişli, Salyan, Siyəzən rayonlarında ümumilikdə 350 min tonluq taxıl anbarları tikilib istifadəyə verilib. Ən müasir tələblərə cavab verən həmin taxıl anbarlarında 600 nəfərə yaxın şəxs daimi iş yerləri ilə təmin olunub.

Taxıl istehsalı ilə məşğul olan sahibkarların marağının artırılması

Misal üçün, 13 sentyabr 2011-ci ildə Prezident İ.Əliyevin Qobustana səfəri çərçivəsində açılışını etdiyi müasir taxıl anbarı kompleksi “İlk Aqrokom” MMC-nin sifarişi əsasında inşa etdirilib. Ümumi dəyəri 2,1 milyon manat olan taxıl anbarı kompleksinin tutumu 10 min tondur. SKMF tərəfindən bu layihənin maliyyələşdirilməsinə 700 min manat güzəştli kredit verilib. Layihə üzrə hər birinin tutumu 2,5 min ton olan 4 taxıl anbarından, laboratoriya və digər köməkçi binalardan ibarət kompleks Türkiyənin “Altuntaş” və yerli “Asena Ko” MMC-nin doldurma, boşaltma, qurutma avadanlıqları və elektron idarəetmə panelləri ilə təchiz edilib. Anbar kompleksinə gətirilən taxıl əvvəlcə girişdəki tərəzidə çəkilir, sonra konveyerlərlə anbara ötürülür. Burada taxıl təmizlənir, dərmanlanır, yenə də elevatorlarla növbəti anbara nəql edilir. Keyfiyyətin saxlanması məqsədi ilə anbarlardakı taxılın yerləri tez-tez dəyişdirilir. 12 nəfərin daimi işlə təmin olunduğu bu layihənin icrası nəticəsində əsasən kənd təsərrüfatı rayonu olan Qobustanda fermerlərə istehsal etdikləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanmasına, əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradılıb. Müasir anbar kompleksinin yaradılması rayonda taxıl istehsalı ilə məşğul olan sahibkarların bu sahəyə marağını daha da artırıb.

Taxılçılığın inkişafına təkan

2012-ci ilin oktyabrında istismara verilən “Kraun KO” taxıl anbarı kompleksi də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunub. Anbar ən müasir avadanlıqla təchiz edilib. Kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. SKMF tərəfindən kompleksin inşasına 4 milyon manat güzəştli kredit verilib. Müəssisə Türkiyənin “OBİ” şirkətinin texnologiyası əsasında qurulub. 50 min tonluq taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir. Kompleks təmizləmə, qurutma və havalandırma sistemləri ilə təchiz edilib. Buraya gətirilən taxıl əvvəlcə tərəzidə çəkilir, sonra açıq-qapalı kompressora, daha sonra isə şneklər vasitəsilə birinci anbara ötürülür. Taxıl təmizləndikdən sonra dərmanlanır və ikinci anbara nəql olunur. Taxılın təmizlənməsi və yuyulması üçün ərazidə su çəni quraşdırılıb. Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq da mümkündür. Müəssisə tərəfindən kompleksin xammal bazasının təmin edilməsi məqsədi ilə 43,5 min hektar ərazidə əkin işləri aparılır. Əkin işlərinin aparılması üçün müasir texnika və avadanlıq da alınıb. Bu layihənin həyata keçirilməsi respublikada taxılçılığın inkişafına təkan verməklə il boyu əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına imkan verir. Bundan başqa, kompleksin inşası kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına təkan verməklə bərabər, yeni iş yerlərinin açılmasına da səbəb olub. Hazırda müəssisədə 50 nəfər çalışır.

Müasir texnologiyaya əsaslanan taxıl anbarı

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ən iri taxılçılıq rayonlarından olan Şəkinin Göybulaq kəndində də üç hektar ərazidə taxıl məhsullarının tədarükü, saxlanması və emalı kompleksi inşa edilib. 2012-ci ildə Prezident İ.Əliyevin Şəkiyə səfəri çərçivəsində açılışı olan bu kompleksə taxıl anbarı və un dəyirmanı daxildir. Kompleksin ümumi layihə dəyəri 4,5 milyon manatdır. Bu layihənin icrasına SKMF tərəfindən 700 min manat güzəştli kredit verilib. Taxıl anbarı xarici texnologiya əsasında qurulub. On dörd min tonluq taxıl anbarı hər birinin tutumu 3,5 min ton olmaqla 4 silodan ibarətdir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxıl məhsullarının uzun müddətə itkisiz saxlanmasına imkan verir. Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Kompleksin tərkibindəki un dəyirmanı da xaricdə istehsal olunan avadanlıqla təchiz edilib. Dəyirmanın gündəlik istehsal gücü 220 tondur. Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılır. Ümumiyyətlə isə “Karat Holdinq”in nəzdində fəaliyyət göstərən bu müəssisələrdə əsasən düyü, un, makaron, qarabaşaq və digər məhsullar istehsal olunur. Bu layihələrin icrası nəticəsində 170 nəfər yeni iş yeri ilə təmin olunub.

Dövlətin güzəştli krediti və sahibkarın vəsaiti

Cəlilabad rayonunda 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən “Avanqard” MMC-nin un fabriki də 2012-ci ildə istifadəyə verilib. Ən müasir avadanlıqla təchiz olunan müəssisənin beşmərtəbəli binadan ibarət dəyirman kompleksi ekoloji baxımdan bütün gigiyenik normalara cavab verir. Taxıl məhsullarının qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Müəssisənin ərazisində inşa olunan taxıl məhsullarının tədarükü və emalı kompleksi Prezident İ.Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına tikilib. Fabrikin ərazisində taxılın keyfiyyətini müəyyən edən laboratoriya və məhsulun qəbulu zamanı dəqiq çəkisini müəyyən edən tərəzi qurulub. Müəssisədəki taxıl anbarı kompleksi isə Türkiyənin “OBİAL” şirkətinin texnologiyası əsasında qurulub. On min tonluq taxıl anbarı hər biri iki min ton olmaqla beş silodan ibarətdir. Fabrikə daxil olan taxıl xüsusiyyətinə və növünə görə elevatorlar vasitəsilə bu silolara ötürülür. Silolarda taxılın uzun müddətə saxlanılması üçün bütün lazımi şərait vardır. Silolarda saxlanılan taxıl sonra fabrikin dəyirman kompleksinə ötürülür. Burada taxıl yenidən yoxlanılır və dəyirmanda üyüdülməsi üçün müvafiq normalara uyğunluğu müəyyənləşdirilir, yuyulur və təmizlənir. Dəyirman kompleksi tam avtomatlaşdırıldığından burada taxılın üyüdülməsindən qablaşdırılmasınadək bütün prosesə idarəetmə mərkəzindən kompyuterlərlə nəzarət olunur. Burada taxıl altı iri avadanlıq vasitəsilə üyüdülür. Sonra un qablaşdırmaya yönəldilir, 500 qram torbalardan 50 kiloqramadək kisələrə doldurulur. Tam avtomatlaşdırılmış qablaşdırma prosesi də bütün ekoloji normalara cavab verir. Dəyirman kompleksi Türkiyənin “Öz Başak” şirkətinin müasir avadanlığı ilə təchiz edilib. Gündəlik istehsal gücü 100 ton olan müəssisədə yüz nəfər yeni iş yeri ilə təmin olunub. Bu taxıl anbarı və dəyirman kompleksində də Cəlilabadda və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri taxıl məhsulları uzun müddət itkisiz saxlanılır və istehsal olunur.

Muxtar respublikada nəhəng sənaye kompleksi

“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2013-cü il avqustun 22-də istifadəyə verdiyi yeni taxıl anbarları isə 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verir. Burada yeni anbarların tikilməsi və toxumçuluq təsərrüfatının yaradılması müəssisəni tam sənaye kompleksinə çevirib. Hazırda kompleksdə taxıl ehtiyatı anbarları, illik istehsal gücü 73 min ton olan un dəyirmanı, laboratoriya, quşçuluq və heyvandarlıq təsərrüfatlarının inkişafında mühüm rol oynayan qüvvəli yem istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmçinin ərazidə istehsal olunmuş məhsulları saxlamaq üçün də anbarlar vardır. Yeni anbarların qurulması və toxumçuluq təsərrüfatının yaradılması sənaye müəssisəsinin fəaliyyətini daha da genişləndirib.

Ekoloji və gigiyenik normalara tam cavab verən müəssisə

Qeyd edək ki, bu kompleksin nəzdində yeni toxumçuluq təsərrüfatının yaradılması muxtar respublikada keyfiyyətli taxıl toxumuna olan tələbatın ödənilməsində mühüm əhəmiyyətə malikdir. Təsərrüfatda məhsuldar toxumların seçilməsi, dərmanlanması üçün lazımi şərait yaradılıb. Bu da taxılçılıqla məşğul olan sahibkarların və torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin olunmasına imkan verir. Kompleksdə lazımi is şəraiti də yaradılıb. İşçilər daim ixtisaslarını təkmilləşdirir, qurulanlardan səmərəli istifadə edirlər. Taxılın qəbulu, saxlanılması və istehsalı daim onlar tərəfindən nəzarətdə saxlanılır, keyfiyyət amilinə ciddi diqqət yetirilir. Kompleksdə yaradılan şərait anbarlarda 1 saatda 150 ton taxıl qəbul etməyə, 1125 ton taxılı isə buraxmağa imkan verir. Daxil olan taxıl xüsusiyyətinə və növünə görə ayrılır və elevatorlar vasitəsilə bunkerlərə ötürülür. Burada taxılın saxlanılması üçün bütün lazımi şərait var. Ekoloji və gigiyenik normalara tam cavab verən müəssisədə taxılın qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Yüksək keyfiyyətli taxıl məhsulları və un məmulatları

Yuxarıda da qeyd edildiyi kimi İSN SKMF-nun ayırdığı güzəştli kreditlər hesabına ərsəyə gətirilən bu müəssisələr ölkəmizdə istehsal olunan taxılın uzun müddət saxlanmasına, eləcə də il boyu əhalinin keyfiyyətli un məhsulları ilə təmin olunmasına imkan verir. Bununla yanaşı, belə müasir un fabriklərinin, taxıl anbarlarının inşası ölkədə ərzaq təhlükəsizliyinin təminatına, yüksək keyfiyyətli taxıl məhsullarının və un məmulatının daha uzun müddətə saxlanılmasına şərait yaradır.

Elmar HÜSEYNOV

“Simsar.az” Xəbər Agentliyinin redaktoru

Yazı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə jurnalistlər arasında elan etdiyi “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” adlı yaradıcılıq müsabiqəsinə təqdim edilir

{img13}







8 Oktyabr, 2014  12:38 Baxılıb: 1617 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner