Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Unudulmaz bəstəkarın anım günüdür

Poetik obraz onun mahnılarında hər zaman vacib cəhət olub. Onun mahnı sahəsindəki yaradıcılıq nəaliyyətləri, sonrakı nəsl bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf edib. Bu gün Azərbaycan musiqi mədəniyyətinə bənzərsiz töhvələr verən xalq artisti Tofiq Quliyevin anım günüdür.

Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Ələkbər oğlu Quiliyev 1917-ci ildə musiqisevər bir ailədə dünyaya göz açıb. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə gec, 12 yaşında başlayır. Azərbaycan konservatoriyası nəzdində məktəbin fortepiano sinfinə daxil olan Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olub.

Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük tə’siri olub. Müəllimləri Aysberq və Ştrasser idi. Onun Kanservatoriya illəri çox səmərəli idi. Çox keçmədən o Rudolfdan bəstəkarlığın sirrlərini öyrənməyə başlayır. 1930-cu illərdə bir çox gənc, istedadlı bəstəkarlar kimi Tofiq Quliyev də folklor musiqisinin nümunələrini toplamaq və nota almaq işində böyük səy göstərdi. “15 xalq rəqs” işləmələri, Azərbaycan mahnılarından ibarət 2 cild toplamalarda o, Bülbül ilə çiyin-çiyinə işləyib. Müəllimin məsləhətilə T.Quliyev 1931-ci ildə ilk əsərini – Azərbaycan poeziyasının fəxri M.Ə.Sabirin «Dərsə gedən bir uşaq» şe’rinə mahnı yazır.1934-cü ildə T.Quliyev Bakı konservatoriyasının fortepiano və dirijorluq fakültələrinə daxil olur, 1935-ci ildən isə onun Azərbaycan Dövlət dram teatrında dirijorluq fəaliyyəti başlanır. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.

1938-ci ildən T.Quliyev Azərbaycan xalq musiqi nümunələrinin toplanması və yazılması işində fəallıq göstərir. Onun yazıya aldığı xalq mahnıları, rəqslər, muğamlar Azərbaycan folklorşünaslığını xeyli zənginləşdirib. Həmin ildə, Ü.Hacıbəyovun təşəbbüsü ilə T.Quliyev bir neçə digər musiqiçi ilə Moskva Dövlət konservatoriyasına oxumağa göndərilir.

Moskvada klassik musiqi ilə yanaşı T.Quliyev həmçinin estrada musiqisi və, xüsusən, caz ilə məşğul olur.

O, Aleksandr Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində pianoçu idi. Bakıya qayıtdıqdan sonra Tofiq Quliyev təzəcə yaratdığı orkestrin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Böyük Vətən Müharibəsi başlandı və bəstəkar könüllü surətdə 402-ci diviziyada vətənə xidmət etməyə getdi.1939-cu ildə Bakıya qayıdıb. 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın “Qırmızı flot” hissəsinə rəhbərliyə başlayıb. Müharibədən sonra M.Əzizbəyov (dram), S.Vurğun (rus dram), M.Qorki (gənc tamaşaçılar) teatrlarıyla əməkdaşlıq edib. 1940-cı illərdə həm də kinoda işləməyə başlayıb. Müharibədən sonrakı illərdə bəstəkarın yaratdığı estrada orkesri tez bir zamanda bərpa olundu. Onun mahnıları ildırım surətdə şöhrət qazandı. Nəinki respublikada, o zaman mərkəz olan Moskva və Moskva ətrafında gözəl müğənnimiz Rəşid Behbudovun sayəsində Tofiq Quliyevin adı məşhurlaşdı.

1948-ci ildə T.Quliyev 2-ci dünya müharibəsi ilə bağlı Moskva konservatoriyasında dayandırılan təhsilini dirijorluq və bəstəkarlıq fakültələrində davam etdirir və 1954-cü ildə konservatoriyanın aspiranturasını dirijorluq sinfi üzrə uğurla bitirir.

Həmin illər T.Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsada, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanmışdır. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ən’ənələri ilə üzvi şəkildə uyuşur.

Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütviyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “QAYA” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. Tofiq Quliyevin mahnıların təravəti bəstəkərların xalq musiqisini dərin hiss etməyindən doğur.Tofiq Quliyev musiqisindəki, üsbubundakı bənzərlik bəstəkarın yaratdığı çoxsaylı melodik inkişaf xəttindən doğur. Həm də, Tofiq Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti ondan ibarətdir ki, o insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır. O, vokal cəhətdən düşünə bilir, bir-birindən zəngin ifadəli və obrazlı kantilena melodiyaları yaradır. Forma cəhətdən tamamlıq, lakonizm və bitkinlik onun mahnılarının əsrarəngizliyini daha da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal musiqi uslubunu təşkil edən xüsusiyyətlətdir. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrini davam etdirərək Tofiq Quliyevin musiqi dilindəki, diatonik major-minor Azərbaycan xalq lad sistemi ilə üzvi birləşir. Özünü göstərən ifadəli, həm də gözlənilməz parlaq modulyasiyasiyalar, yönəlmələr, lad dəyişkənliyi Tofiq Quliyevin harminik dilinə xüsusi boya verir. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyur.

Tofiq Quliyev sənətkarlığın ən yüksək səviyyəsində duran, xalqın ən sevimli bəstəkarı olmağıyla bərabər, bir insan kimi də xalq tərəfindən sevilib, qəbul olunub. Hər bir insanla münasibətdə, təmasda onun üstünlüyü həmişə hiss olunurdu, çünki o, çox yüksək biliyə malik, müasir düşüncəli bir şəxsiyyət idi. Bu baxımdan Tofiq Quliyev digər sənətkarlarımızdan hər zaman seçilirdi. Tofiq Quliyev bəstəkarların içində ən gözəl pianoçu idi. Yaşının çox olmasına və uzun zaman məşq etməməyinə baxmayaraq Tofiq Quliyev piano arxasında əyləşəndə daim məşq edən ifaçını xatırladırdı. Yə’ni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, barmaqlarında olan «şirinlik» musiqisinə də sirayət etmişdi. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yoxdur ki,o mahnı xalqın ürəyincə olmasın, o melodiya xalq tərəfindən sevilməsin.

Ssenariyə görə T.Quliyev «Bəxtiyar» filminin bir hissəsində çox primitiv, şablon bir mahnı yazmalı idi. Lakin, hətta qəsdən «primitiv» yazılmış mahnı yenə də çox gözəl alınmışdı. O mahnı sonradan ən sevimli mahnıya çevrilmişdi və xalq tərəfindən indi də sevilə-sevilə oxunur (söhbət R.Behbudovun ifasında Ə.Əlibəylinin söz. «Sevgilim» mahnısından gedir. – L.F.)Tofiq Quliyevdə aşağı səviyyəli musiqi yox idi. Ola da bilməzdi. Çünki onun təbii iste’dadı və eyni zamanda da böyük mədəniyyəti buna yol verməzdi. O, həm pianoçu, həm dirijor, həm də çox yüksək səviyyəli, böyük iste’dada malik, öz janrında dahi bir bəstəkar olmuşdur.Tofiq Quliyevden soruşanda niye o dirijorluq etmir deyərdi ki,” mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm, amma Niyazinin qarşısında dirijorluq etmək günahdır “. Tofiq elə insan idi ki, insana münasibətindən asılı olmayaraq, iste’dadlı adamlara həmişə baş əyib, onları sevirdi, yüksək tuturdu. Ona görə də Niyazi, Qara Qarayev, Fikrət Əmirov kimi böyük sənətkarlar Tofiqin yaxın dostları idi.

Yaradıcı və şəxsi keyfiyyətləri ilə dünyada iz qoyub gedən Tofiq Quliyev 1990- cı ilin oktyabrın 4-də uzun sürən xəstəlikdən sonra ömrünün 84-cü payızında əbədiyyətə qovuşub.

Simsar.az






4 Oktyabr, 2014  07:10 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner