Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Maşa siyasəti – İŞİD

Tanrı dünyanı yoxdan var elədi. Bunu bilirik. Amma bundan sonra heç bir şey yoxdan var olmadı. Xüsusilə qloballaşan və təbəqələşən dünyada super güclərin istənilən ölkənin qazanına çömçə salıb qarışdıra bildiyi bir dövrdə, bir dəstə saqqallının əlinə silah alıb, “cihad” adı altında dünyanı bir-birinə qatması inandırıcı görünmür.

İraqda, Suriyada Amerikaya, İraqa, Suriyaya, Kürd peşmərgələrinə qarşı tək başına mübarizə aparan İŞİD-in arxasında, böyük qüvvələrin durduğunun isbata ehtiyacı yoxdur. Dünyanın gəlişindən-gedişindən bir az anlayışı olan adam, bu terroristlərin elə onlarla vuruşan güclər tərəfindən yaradıldığını bilir.

İŞİD dünyanın super güclərinə qarşı vuruşmağa, öz qəddarlığı ilə dünyaya vahimə saçmağa davam edir.  Amerika havadan, İraq ordusu, Kürd peşmərgələri, Suriya ordusu qurudan vurur, İŞİD-in isə geri çəkilmək, silahı yerə qoymaq fikri yoxdur. Hətta irəliləməyə davam edir. Artıq İŞİD Türkiyə sərhədlərinə çatır.

Kimdir axı bu İŞİD?

1. İŞİD Əl-Qaidədən doğuldu: Əl Qaidənin İraq qolu olaraq qurulan İŞİD-lə, Əl-Qaidənin əlaqəsi 2014-ün fevral ayında qopdu. İŞİD-in, Əl-Nusra Cəbhəsini kontrol etdiyini və Əl-Qaidə lideri Ayman Əz-Zavirinin əmrlərinə tabe olmayacağını açıqlamasıyla, Əl-Qaidənin bir lideri bir fraksiya tərəfindən ilk dəfə açıq şəkildə yox sayılmış oldu. İŞİD Suriyada daha az vətəndaş öldürülməsi əmrlərinə də tabe olmadı. Və bütün bunlardan sonra Əl-Qaidə, İŞİD-lə əlaqələrini kəsdiyini elan etdi. Mütəxəssislər, iki təşiklat arasında olan əlaqələrin ideoloji yox, ortaq mənfəət üzərində qurulduğunu deyirlər. Son günlər isə Əl-Qaidə zəifləməkdə, İŞİD isə güclənməkdədir.

Maraqlıdır, vaxtı ilə ABŞ Əl-Qaidəni vurmaq üçün Əfqanstana girdi. Əfqanstan işğal edildi. Daha sonra ABŞ, Səddam Hüseyni devirmək adıyla İraqa girdi. İraq işğal olundu və bir daha da özünə gələ bilmədi. Bundan sonra ABŞ İraqda hər hansı bir hərbi əməliyyat keçirməyəcəyini bildirdi. Və birdən İŞİD adlı bir təşkilat Əl-Qaidədən ayrılıb şərqi bir-birinə qatdı. ABŞ təcili olaraq İŞİD-i vurmaq üçün İraqda hava əməliyyatı həyata keçirdi. İŞİD-in meydana çıxmasıyla kürdlər də İraqda gücləndilər. İraqı terrordan qoruyacaqlarını bildirib, bir çox ərazini ələ keçirdilər, müstəqillik məsələlərini gündəmə gətirdilər.

Niyə balaca bir terror təşkilatını məhv etmək üçün yalnız ABŞ havadan hücum etməlidir? Məsələn, qonşu Türkiyə dura-dura, niyə okeanın o tərəfindən müdaxilə gəlməlidir? Və ya elə İraqın öz qoşunları, üstəgəl bir tərəfdən kürd peşmərgələri, digər tərəfdən də Suriya bir terror təşkilatını məhv edə bilmirmi? Bax bu sualları nə verən var, nə də cavablayan.

2. İŞİD xəlifəlik qurmaq istəyir: 2004-cü ildə qurulmalarının ardından hədəflərini tez-tez təkrarlayan İŞİD sünni bir dövlət və xəlifəlik qurmaq istəyir. Əl-Qaidədən ayrıldıqdan sonra da, bu hədəflərinə davam edən təşkilat, Əbu Bəkr Əl-Bağdadini xəlifə elan etdi. Hazırda Suriya və İraqda, Belçika ərazisi qədər torpaq ələ keçirən İŞİD, şərqə yaylmaqla yanaşı, Şimali Afrikada da torpaq ələ keçirmək istəyir.

Təsəvvür edirsiz, bir terror təşkilatı açıq şəkildə müharibəyə başlayır, iki dövlətin ərazisində bir Avropa dövlətinin ərazisi qədər torpaq işğal edir. Başqa qitələrdə də torpaq iddiası aparır, hakimiyyəti ələ keçirmək istəyir və bir neçə dövlətə qarşı tək başına mübarizə aparır. Hansı ki, bu təşkilat Əl-Qaidənin bir qolu olub. ABŞ isə çox asanlıqla Əl-Qaidənin məhv edərək Əfqanstana girmişdi. Bəs Əl-Qaidədən balaca olan İŞİD-lə niyə kimsə bacara bilmir?

3. İraqdakı sünni-şiə problemi İŞİD-ə sıralarını möhkəmlətməyə kömək edir: İŞİD-in İraqda sürətlə irəliləməsinin səbəblərindən biri kimi ölkədəki sünni-şiə problemi göstərilir. Sünni bir təşkilat olan İŞİD bu qarşıdurmadan faydalanıb sıralarına yeni insanlar cəlb edir. Şiələrin hakimiyyətdə olduqları dövrdə, İŞİD-in radikal sünnilərə dəstək verəcəyi bildirilir. Təşkilatın ölkənin şimal-qərbində daha sürətlə irəliləməsi də bununla izah edilir.

İslamda sünni-şiə probleminin də hər zaman dini zəiflətmək üçün qərb dövlətləri tərəfindən süni olaraq yaradıldığını, İŞİD-in də məhz bu problemdən istifadə edərək ortalığı bir-birinə qatdığını düşünsək, anlamaq çətin deyil ki, bu təşkilatı da elə məhz hər zaman sünni-şiə problemini alovlandıran qərb dövlətləri yaradıb və dəstəkləyir. Belə olmasaydı, İŞİD bu qədər silah-sursatı, gücü necə və hardan əldə edə bilərdi?.

4. İraq baş naziri Nuri əl-Malikiylə problem daha da boyüdü: Maliki hökumətinin sünnilərə qarşı həyata keçirdiyi itələyici siyasətin İŞİD-ə “kömək etdiyi” bildirilir. Sünnilərin kütləvi həbsinə qərar verən Malikinin şiə silahlıları ilə əlbir olduğu ifadə edilir. İŞİD isə bu məzhəb qarşıdurmasından ən çox yararlanan təşkilat olaraq irəli çıxdı. İraqda Hyedər əl-Abadinin baş nazir vəzifəsinə gəlməsnin bu problemi həll edib-etməyəcəyi də sual altındadı.

Bəli, İraqda hakimiyyət özü sünni-şiə problemini yaradır, sünnilər sıxışdırılır, daha sonra bir terror təşkilatı əzilən sünniləri özündə birləşdirərək ortalığa atılıb, “cihad” adıyla aləmi qatır bir-birinə. Qeyd etdiyim kimi, sonra da kürdlər və ABŞ çıxır ortaya.

5. İŞİD Suriya ilə nəfəs alır: Suriyadakı daxili müharibə, İŞİD-in İraqa hücum edə biməsinə kömək edən ən vacib faktor hesab edilir. Suriyadakı xaosu fürsət bilərək ələ keçirdiyi torpaqları əlində saxlayan İŞİD, silahı və pulu da bu şəkildə rahat ələ keçirir. Suriyanın bir digər önəmi isə, İŞİD üçün təhlükəsizlik bölgəsi rolunu oynamasıdır. İŞİD Suriyada vuruşarkən rahatca İraqa, İraqdan isə rahat Suriyaya keçərək tez-tez yer dəyişə bilir.

Burdan onu görmək olur ki, bölgədəki bütün mövcud durum İŞİD-in xeyrinədir, təşkilat üçün münbit şərait yaradır. Sanki, hər şey əvvəlcədən planlaşdırılıb. Suriya uğrunda bir neçə dövlətin, bir-biri ilə dolayı yolla mübarizə apardığını və Suriyada Amerikanın yox, Rusiyanın dəstəklədiyi şəxsin hakimiyyətdə qaldığını nəzərə alsaq, İŞİD-in Suriyada irəliləməsinin kimlərə sərf etdiyini anlaya bilərik.

6. İŞİD-in maliyyə qaynağı neft və şantajdır: Bildirilir ki, Suriyadakı bir çox islamçı təşkilatlardan fərqli olaraq, İŞİD həyatda qalmaq üçün, xaricdən gələcək yardımlara göz dikmir. Suriyada dövlətə bənzəyən bu təşkilat, vergiyə oxşar pullar yığır, elektrik  enerjisi satır və neft ixrac edir. Təşkilatın yaxın günlərdə İraq neftinə nəzarət etməyi planlaşdırdıdığı da bildirilir.

Hamıya məlumdur ki, orta-şərqdə gedən mübarizənin mərkəzində neft ehtiyatları durur. Məsələn, ABŞ-ın İraqa hücumunun da əsas səbəbi kimi, ölkənin neft yataqlarının nəzarətə almaq istəyi göstərilirdi. Elədirsə, enerji uğrunda böyük dövlətlərin böyük oyunlar oynadıqları bir regionda, necə olur ki, bir terror təşkilatı neft ixrac edir, elektrik enerjisi satır, minlərlə günahsız insanın ölümünə səbəb olan İraq neftini ələ keçirmək istəyir? Hətta ABŞ yaxın müttəfiqi olan kürdlərə belə neft ixrac etməyə imkan verməmişdi. İŞİD-in xaricdən dəstək almaması fikri, çox gülməli səslənir.

P.S. : İŞİD-i kim səhnəyə çıxarıbsa, o da səhnədən salacaq.

Vüsal Qarayev







13 Avqust, 2014  13:03 Baxılıb: 1550 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner