Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hərbi ekspert general-mayor Hikmət Mirzəyevə səsləndi...

"Cavan oğlan, bəlkə bir az qərarlarınızı ölçüb-biçəsiniz...?"

Simsar.az hərbi ekspert Üzeyir Cəfərovun ordu komandanlığına və bütövlükdə cəmiyyətə ünvanlanan növbəti müraciətini oxuculara təqdim edir:

"Dəyərli dostlarım, hörmətli həmkarlarım!

Açığı, Qarabağ müharibəsində birbaşa iştrak etmiş şəxs kimi etiraf edirəm ki, son 3 gündə yaşananlar o dövrlə müqayisədə, qısa desəm DƏHŞƏTDİR. Bir çox səbəblərdən. İndi çalışacağam ki, onlar haqqında bəzi düşüncələrimi sizlərlə bölüşüm.

Bu dəqiqələrdə də daha çox virtual məkanda "virtual müharibənin" qızğın müzakirəsi gedir. Əsl vur-çatlasındır. Əsəblər o qədər gərilib ki, ən sakit insanlar belə əsəblərinə hakim ola bilmir, öz hirsini ətrafdakılara tökür, bundan da ürəyi soyumayanda, virtual aləmdə əlinin altına kim keçdi, onu "quru yuyub, yaş sərir"

Əslində vəziyyət başa düşüləndir. Silahlü Qüvvələrimiz cəbhənin ayrı-ayrı istiqamətlərində böyük itkilərə məruz qalıb. Son 20 ildə bir gün ərzində bu qədər itki verməmişdik. İndi Müdafiə Nazirliyinin başbilənləri özlərini cəmiyyətin nifrətindən və qəzəbindən sığortalamaq üçün verdiyimiz itkiləri 3 günə bölüb, guya bu əvəzsiz Şəhidlərimizi bir gündə deyil, bir neçə günə itirdiyimizi bildirdi. Bütün bunların fonunda isə xeyli ziddiyətli məqamlara rast gəlirik. Bir qədər çaşqınlıq, rəsmi qurumların ilk günlərdə göstərdikləri bağışlanılmaz passivlik, imkan yaratdı ki, indi Azərbaycan vətəndaşları arasında bir müharibə xofu yaşansın. Tam ciddi deyirəm ki, son saatlarda təkcə ölkəmizin daxilində deyil, onun hüdudlarından çox-çox kənarda da insanlarda böyük narahatçılıq hissləri yaşanır. Erməni təbliğat maşınının ilk gündən sürətlə yaydığı dezinformasiyalar, həmçinin təxribat xarakterli məlumatlar öz işini görmüş oldu. Yalnız hadisələrin üstündən 3 gün keçəndən sonra, Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı rəsmi Bakının mövqeyini ifadə edən bəyanat səsləndirdi.

Son 3 gün ərzində cəbhənin Tovuz, Qazax, Ağdam, Tərtər və digər hissələrində baş verən hadisələr, yəqin ki, bir qədər sonra bütün detallarına kimi müzakirə olunacaq. Düşmən bizə çox ağır zərbə vurdu. Nər kimi oğullarımız xain gülləsinə tuş gəldilər. Allah onlara çox böyük bir imkan yaratdı ki, onlar Şəhidlik kimi uca zirvəyə ucaldılar. Ruhları şad olsun. Amma bu müddət ərzində cəbhə ilə bağlı yaşananlar xeyli suallar da doğurur. Şəxsən müdafiə nazirinin başçılıq etdiyi cavab zərbələri zamanı dəhşətli dərəcədə anlaşılmazlıqlar yaşandı. Bir tərəfdən havaya qaldırılan qırıcı təyyarə və döyüş vertolyotları, digər tərəfdən cəbhəyə yollanan ağır texnika ilə dolu eşalonlar və sairələr, görəsən nə üçün idilər? Və ümumiyyətlə hərbdən anlayışı olan generalitet bu qədər yanacağı, silah -sursatı və digər xərcləri nədən ötəri boş yerə göyə sovurdu? Məgər bizim döyüş bölgələrimizdə olan birləşmə və hərbi hissələrimizdə yetərincə adları yuxarıda göstərilən imkanlar yox idimi ki, bu qədər dövlət vəsaiti hansısa bir neçə nəfər erməni dığasını məhv etmək üçün irəliyə çəkildi? Müdafiə Nazirliyinin rəhbər şəxsləri qəbul etdikləri qərarla bağlı görəsən nə vaxt ağıllı və başa düşülən səviyyədə xalqa məlumat verəcəklər ki, onların 5-10 nəfər erməni dığasını məhv etmək üçün sərf etdikləri vəsaitin həcmi nə qədər oldu? Müqayisə üçün deyim ki, Ukrayna ordusunun separatçılarla mübarizədə bir günə sərf etdiyi maliyyə vəsaitinin miqdarı düz 6 milyon dollardır. İndi bizim "kabinet generalları", hansılar ki, müharibəyə uşaq oyunu kimi yanaşırlar, bir yaxşı-yaxşı götür-qoy etsinlər ki, əgər sabah real döyüş başlansa, onların belə avantürası bizə hansı ağır sərfiyyatlara başa gələcək...

Mən bir çox vacib məqamları burda yaza bilmirəm. Çünki, bizim yazdıqlarımızı yaramaz və əclaf erməni qaniçənləri də daim oxuyurlar.

Sonda, buradan Müdafiə Nazirliyinin vaxtından çox tez sərkərdə adını almış cavan general-mayoru Hikmət Mirzəyevə səslənirəm. Cavan oğlan, bəlkə bir az qərarlarınızı ölçüb-biçəsiniz? Axı bu sizin neçənci özfəaliyyətinizdir ki, Azərbaycan xalqına sonsuz kədər və göz yaşları gətirir... İnanmaq istərdim ki, ölkə başçısı SQ Ali Baş Komandanı kimi müdafiə naziri və digər generallardan baş vermiş faciə ilə əlaqədar ciddi hesab soranda, adını qeyd etdiyim generalı da "mükafatlandıracaq".

Ən sonda. Azərbaycan mətbuatında davamlı dezinformasiyalar baş alıb getməkdədir. Bu məlumatlar cəmiyyətdə çox ciddi fəsadlar yaradır. İnsanlar dərin narahatçılıq və təşviş hissləri keçirir. Bu cür hallarla mübarizə aparmağa borclu olan dövlət, hökumət və digər əlaqədar strukturların yetkililəri nədənsə hadisələrin ardınca sürünürlər. İş-işdən keçəndən hansısa xəbərdarlıq, hansısa narahatçılıq ifadə olunur. Onu da qeyd etməyi vacib sayıram ki, bu dəfə əgər müharibə başlayarsa, bu 1-ci Qarabağ savaşından daha çətin və ağır olacaq. Ona görə də hər kəs, xüsusən də Azərbaycanın cavabdeh yetkililəri hazır olmalıdırlar. Şəxsi qənaətimə görə, bu sahədə çox ciddi boşluqlar mövcuddur. Gəlin özümüz özümüzü aldatmayaq. Bu son 3 günün hadisələri bir daha bizə sübut etdi ki, vəziyyətimiz təsəvvür etdiyimiz qədər də ürəkaçan deyil. Mən bunu bütün sahələrə aid edirəm.Və çox xahiş edirəm ki, qaragüruhçular, özlərini guya bizdən də vətənpərvər göstərməyə cəhd edənlər, "növbətçi mirzələr", politoloqfasonlar, ictimai xadimfasonlar, düzü əyri yapanlar, yazdıqlarımı rişxənd ilə deyil, soyuq başla təhlil etsinlər..."






4 Avqust, 2014  12:08 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner