Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İşlə təmin edən büroların fəaliyyəti leqaldırmı?

Dünyada işsiz insanların sayı 2013-cü ildə 5 milyon nəfər artaraq təxminən 200 milyon nəfərə çatıb. Bu barədə Beynəlxalq Əmək Təşkilatının hazırladığı "Məşğulluğun qlobal tendensiyaları - 2014" məruzəsində deyilir. Ekspertlərin fikrincə, bu vəziyyətin səbəbi qlobal əmək bazarında yaxşılaşdırmanı təmin etməyi bacarmamış zəif iqtisadi artımdır. Dünyada işsizliyin orta səviyyəsi 2013-cü ildə 6,1 faiz təşkil edib.

Dövlət məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı isə 36,5 min nəfər olub. İşsiz statusu alanların 13 345 nəfəri, işsizliyə görə müavinət alanların isə 252 nəfəri Bakı şəhərinin payına düşüb. Onların 41,4 faizini qadınlar təşkil edib.

Bu müddətdə işsiz statusu alanlardan 726 nəfəri müavinət alıb. Onu qeyd etmək yerinə düşər ki, işsizliyə görə müavinətin orta məbləği 258,0 manat olub.

Məsələ isə bununla bitmir. İşsizliyə görə, vətəndaşlara müavinət ödənilsə də bu  məbləğ onların aylıq tələbatlarının heç də hamısını həll etməyə kifayət etmir. Hər gün küçələrdə işə tələsən insanlarla rastlaşırıq. Lakin, iş danışığı üçün şirkətlərə yollanan insanların 2-i xoş xəbərlə qayıdırsa digər 8 nəfəri yalançı işə düzəltmə firmaları tərəfindən aldadılmış olurlar.

Bu gün ölkəmizdə şirnikləndirici təkliflərlə çıxış edən belə firmaların sayı günbəgün artmaqdadır. “Moon”, “Xəzərservis”, “Tiens” kimi  belə ofislərə müraciət edənlərsə, kor-peşman geri qayıdırlar.

Bu elanlara uymağın peşmanlığını çəkən Arzu Məmmədova kimi. Onun sözlərinə görə, “Tiens” adlanan həmin şirkətə yollanıb:

“Ofis “28 May” metro stansiyasının yaxınlığında yerləşirdi. Ofisdə çox gözəl qarşılandım. Mənə burada işləyərək aylıq 1000 manata qədər maaş ala biləcəyimi söylədilər. Lakin işə düzəlmək üçün öncə müqavilə imzalamalı idim. Müqaviləni imzalamaq üçün isə 10 manat pul tələb olunurdu. Normal olaraq düşündüm ki, mən bu qədər maaş alacamsa, 10 manat onun yanında nədir ki?! Pulu ödədim və 1 həftə bizə təlim keçməyə başladılar. Daha sonra məndən 300 manatlıq dərman alıb satmağımı istədilər və özümdən başqa da buraya işçilər gətirməyimi tələb etdilər. Guya ondan sonra mənə yüksək maaş verəcəkdilər. 300 manat ödədim və kökəlməyə, sivilcələrə qarşı kapsulalar aldım. Daha sonra isə onların tələb etdikləri kimi 3 nəfər tələbəni də cəlb etdim. Onlar da mənim kimi 300 manat pul ödədilər. Lakin ay sonunda nə mənə, nə də gətirdiyim şəxslərə maaş ödəmədilər. Olan bizim ödədiyimiz pullara oldu. Mən rayondan təzə gəlmişdim və pula çox ehtiyacım var idi, fırıldaqçı olmaları ağlıma belə gəlməzdi”.

Məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun fikirlərini öyrənməyə çalışdıq. Deputat isə Azərbaycanda işlə təminetmə şirkətlərinə ehtiyac olmadığını bildirdi.

Demokratiyadan istifadə edərək yaradılan belə firmalar ancaq insanları aldatmaqla pul qazanırlar. Belə firmaları qeydiyyata götürən təşkilatlar onların şəraiti, iş imkanları, əlaqələrinin olması barədə araşdırmalar apardıqdan sonra qeydiyyat işlərinə başlamalıdırlar.

Millət vəkili insanlara  boş vədlər verən işə düzəltmə firmaları ilə bağlı hüquq-mühafizə orqanlarının mübarizə apardığını desə də bunun məsələnin köklü həlli olmadığını da bildirdi.  “Dövlət  Məşğulluq idarəsi bu cür yalançı firmalara qarşı gücləndirilmiş fəaliyyətdə mübarizə aparmalı onlara qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Bu müəssisələrin fəaliyyətini məhdudlaşdırmaq üçün  istənilən qanun qəbul oluna bilər. Lakin qanun işləyəcəkmi, onun işləməsi üçün şərait olacaqmı, bu sual altındadır”.

İqtisadçı, ekspert Vüqar Bayramov isə məsələyə münasibət bildirərkən aparılan tədqiqatlara əsasən, ölkədə işlə təminetmənin iki qrupa ayrıldığını dilə gətirdi. “Məsələn, BP daxil olmaqla bəzi neft şirkətləri işçiləri belə şirkətlər vasitəsilə işlə təmin edirlər. Çünki, bəzi işə düzəltmə şirkətləri praktik olaraq inam qazanan böyük beynəlxalq şirkətlərlə əməkdaşlıq edirlər. Belə şirkətlər vətandaşları işlə, aylıq məvaciblə təmin edirlər. Lakin, ikinci qrup şirkətlər şirnikləndirici elanlar verərək iş axtaranların diqqətini cəlb edirlər. İşçi müraciət etdikdə isə anket doldurmalarını tələb edir və bunun müqabilində 5-10 manat pul alırlar. Sonra işçini yola salır və onlarla əlaqə saxlayacaqlarını bildirirlər. Müraciət edən şəxs aldadıldığını başa düşəndə isə 10 manata görə məhkəməyə müraciət etmək istəmir. Çünki məhkəməyə iddia verəcəksə, bu, daha böyük xərc tələb edir”.

Ekspert bildirdi ki, Əmək qanunvericiliyinə və Azərbaycanın tərəfdaş çıxdığı Beynəlxalq Əməkdaşlıq Konvensiyasına görə, işədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən pul almamalıdır:  “Çox təəssüf ki, bu gün fəaliyyət göstərən özəl işədüzəltmə xidmətlərində bu prinsip pozulur. Halbuki əmək qanunvericiliyinin tələbinə görə, işədüzəltmə agentlikləri gəlirlərini işçidən yox, işəgötürəndən almalıdır. Yəni, işəgötürən işə düzəltmə xidmətinə sifariş verməlidir ki, bu keyfiyyətdə, bu sayda, bu peşələr üzrə mənə bu qədər işçi tap. Və işəgötürən həmin işçilərə görə, müqavilə əsasında işədüzəltmə bürosuna pul ödəməlidir”.

Sonda onu da qeyd edək ki, 2014-cü il üzrə isə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı  36,9 min nəfər olub. Bu da əvvəlki ilin göstəricisinə görə bir qədər çoxdur. İşsizliyə görə, müavinətin orta məbləği isə 246,3 manat olub.

Aysel Kərimova







25 İyul, 2014  13:52 Baxılıb: 1036 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner