Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hökmdar şair Şah İsmayıl Xətai

I İsmayıl Səfəvi, Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi – Səfəvi təriqətinin rəhbəri, Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi olub. Onun Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi istifadə edilməsindəki rolu əvəzsizdir.

İsmayıl 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində anadan olub. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.

1488-ci il 9 iyulda atası Şeyx Heydər Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları-Sultanəli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında 5 il həbs edilir. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı.

Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.

İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan(Qaradağ vilayəti), Ərdəbildən yanına çoxlu tərəfdar gəlir, onunla həmrəy olduqlarını bildirirlər. Ağqoyunlularla döyüşdən qabaq Şah İsmayılın dilə gətirdiyi belə bir söz var idi ki, "Ölümə gedən yolda qalibiyyət yoxdursa, ölüm vardır!"

1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır. Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürülür. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil olur. Daha sonra Bakıya doğru üz tutan İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını alır.

Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah edir, Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tutur.

İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir.

1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur.

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır.

Yaradıcılıq vəzifə tanımır

Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq".

Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlayıb. İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaradıb. O, həməruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri iləAzərbaycan ədəbiyyatını zənginləşdirib. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşdirib. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olub. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və İmadəddin Nəsimi kimi "ənəlhəq" ("mənəm allah") şüarına, ideyasına tərəfdar çıxıb özünü "vəhdət gülzarının bülbülü" adlandırır:

Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü

Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.

Simsar.az







17 İyul, 2014  08:00 Baxılıb: 18183 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner