Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sevgililər günü qo(r)xusu

Bu gün yenə sevgililər günüdür. Yenə, bəli, yenə. Bir ilin içində ikinci sevgililər günü. Amma baxır kimin üçün. Tarixi qədim olmayan bu günün, nə ilə əlaqəli olması əksəriyyətinə məlumdur: 20 yanvar hadisələri zamanı şəhid olmuş İlham və buna dözməyib intihar edən Fərizənin toy günüdür. Qeyd edib etməmək isə hər kəsin şəxsi sevinci və ya problemidir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsini əsas götürüb, kimsəni əqidə və fikirlərindən dönməyə məcbur edə bilmərik.

Əvvəlcə onu deyim ki, sevgililər günü elə bir gündür ki, lap beynəlxalq gün belə olsa, onu hamı qeyd edə bilmir. Sevgilisi olan var, olmayan var. Onlar bu günün “qalibləri”dilər: mütləq sevgilisizliklə bağlı gileyli statuslar yazanlar, boynubükük olmamaq üçün məhz bu gün bulvara və ümumiyyətlə şəhərə çıxmayaraq  “matəm” elan edənlər. İnsanların bu günlə bağlı narahatlıqlarını nəzərə alıb, ilin bir gününü də sevgilisizlər günü elan etsələr, hədiyyə qəbul edənlərin sayı artardı.

Bu məsələnin bir tərəfi. Digər tərəfi sevgilisi olanlardır. Burada məsələ qəlizləşir. Onlar özləri də bir neçə qrupa bölünürlər. Birinci qrup özünü iman sahibi adlandıranlardır. Onlar hər 14 fevral günü tarixi vərəqləməklə qalmır, bu tarixin xristianların qeyri-qanuni nikah təbliğatı olduğunu sosial şəbəkələrdə paylaşır, cəmiyyətdə “səs-küy” yaratmağa, çalışırlar. Gərək danışanda elə danışasan ki, əvvəlcə özün inanasan, prinsipini əsas götürüb, hətta tək qalanda da özlərinə haqq qazandırırlar. Şanslıdılarsa, qarşı tərəfi, yəni sevgililərini “yola gətirə” bilirlər.

Milli sevgililər günü adlandırılan 30 iyun da iman sahiblərinin diqqətindən kənar qalmır. Fərizənin intiharı əldə bayrağa çevrilir. İntihar dinimizə görə, yolverilməz hesab edilir. Onlar 30 iyundan da bu cür xilas olur. Qarşı tərəf dürüstdürsə,  rəfiqələrin “sənə nə hədiyyə aldı?” sualına “o dinimizə uyğun olmayan bayramları qeyd etmir”,- deyir.  Dürüstlük etməkdə çətinlik çəkirsə, internetdən tapdığı, bəlkə də yuxuda belə görməyəcəyi bahalı ətrin adını çəkir və ya şəklini göstərir.

Bir qrup isə “sevgilimə hədiyyə almaq üçün niyə məhz hansısa günü gözləməliyəm”,-deyənlər-dir. Bəziləri həqiqətən də bu fikrin arxasındadırlar. Amma bəziləri. Əksəriyyət isə nəinki sevgililər günü, hətta qadınlar bayramının da əleyhinə olub, ilin 365, bəzən də 366 gününü hədiyyəsiz ötüşdürənlərdir. Bəs, qarşı tərəf? Onlar taleləri ilə barışmışlardır. Soruşanlara da yalan deməyə gərək duymurlar. Səmimi şəkildə “Belə günlər onun heç yadına düşmür. 14 fevralda almayan bu gün almayacaq ki”, deyə bilirlər. Bu artıq onlar üçün qlobal problem deyil.

Haqqlarına girmədən dərhal daha bir qrupdan danışsaq yerinə düşər: gül və hədiyyə mağazalarının satış reytinqini yerindən oynadanlar. Özləri ilə qəbul imtahanında 700 bal toplayan abituriyentdən daha çox qürur duyur, ətrafdakılardan bolluca afərin alırlar. Onların hədiyyələri “whatsapp” və ya sosial şəbəkələrdə profillərin, ən pis halda “yeni bir şəkil yüklədi” hissəsinin bəzəyinə çevrilir. Hədiyyələrini bəyənməyənlər isə bətərin bətərini nəzərə alsalar rahatlıq taparlar.

Toyu sevgililər gününə təsadüf edənlər isə heç cür xilas yolu olmayanlardır. Onların bəhanə gətirmə şansları yoxdur. Bir əli cibində bir əli ürəyinin üstündə hədiyyə arxasınca gedirlər.

İstər 14 fevral, istərsə də 30 iyunda sevgililər gününü hərə bir cür qeyd edir ya da qeyd etmir, etməyə də imkan vermir. Bəlkə bu günlə bağlı daha fərqli, tragikomik hadisələr mövcuddur. Bu “müqəddəs” günün bir də mövcud olub gözə görünməyən tərəfləri var. Qəribədir ki, Azərbaycanda 14 fevral və ya 30 iyun, 8 martdan bir o qədər də fərqlənmir. Yəni, bu gün hədiyyə almağı  fikirləşən və ya almamaq üçün bəhanə axtaranlar məhz kişilərdir. Bu yazılmamış qanundur. Hədiyyəni unudan xanımdırsa, sadəcə utanmaqla vəzifəlidir. Əksinə, kişidirsə, bu üçüncü dünya müharibəsi üçün əla əsas ola bilər. İstisnalar qaydaları pozmur.

Daha bir yazılmamış qanun, bu günün “mütləq”i qızıl güllərdir. Hər qızın qızılgül sevdiyini düşünənlərin güllərə “hücumu” baş verir. Sevməsə belə buna da şükür deyib, guya sevinən qızlar, onu sevənlərdən qat-qat çoxdur.

Bir də var maraq dairələri zirvəyə qalxan insanlar. “Sənə də hədiyyə verdilər? Nə hədiyyə? Niyə hədiyyən yoxdur? sualları,  “İnanmıram ki sənin hədiyyən və hədiyyə verənin olmasın” ironiyaları ilə az qalsın insanı boğanlar. O insanlar ki, “sənə nə?” deyə bilməzsən. Axirət sualı kimi mütləq bir cavab verməlisən.

Bütün bunlara nəzər saldıqda xeyli sual meydana çıxır. Belə bir günün elan olunmasına ehtiyac varmı? Sevgini yalnız maddi şeylərlə sübut etməlisən? İnsan hər dəfə sevdiyi birinə və ya sevdiklərinə bir şeylər bağışlamaq istəyi hiss edirmi? Hədiyyə yoxdursa, deməli sevgi də yoxdur? Doğrudanmı, hədiyyəyə ehtiyac yoxdur?  Hər sualın müxtəlif cavabı var. Belə günlərə və ya hədiyyələrə ehtiyac var, ya yox, bilmirəm. Ancaq onu bilirəm ki insanın hər gün xatırlanmağa ən əsası unudulmamağa ehtiyacı var. Bu xatırlanma sadəcə “sabahın xeyir”, “bu gün səsin niyə qəribədir?” kimi sözlərlə, bəzən də məntiqsiz bəhanələrlə göstərilə bilər.

Qeyd: Azərbaycan Respublikası Konstitusiyası, Maddə 47 Fikir və söz azadlığı

I. Hər kəsin fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

Ülviyyə Cövdətqızı

 

 






30 İyun, 2014  09:04 Baxılıb: 2141 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner