Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlillər işləmək istəyirlər, amma…

SAHİB MƏMMƏDOV: «BİR ÇOX ƏLİLLƏR ÇALIŞDIQLARI YERLƏRDƏ ÖZ ƏLİLLİKLƏRİNİ GİZLƏDİRLƏR»

Ötən ilin sonlarında 3 dekabr-Beynəlxalq Əlillər Günü ilə bağlı bir Qarabağ əlilindən-Firidun Məmmədovdan müsahibə aldım. Müsahibə zamanı o, bu gün Azərbaycanda yaşayan əlillərin qarşılaşdığı bir çox problemləri desə də, ən çox əlillərin işlə təmin olunması məsələsini önə çəkdi. Əlillər iş üçün müraciət etdikdə müəssisə və təşkilatlardan, eləcə də biznes qurumlarından bir mənalı olaraq «Sizin üçün münasib iş yoxdur» cavab aldıqlarını və ya qurum rəhbəri tərəfindən «zəkat» verilərək yola salınırlar. Fiziki qüsurlu insanlar bu münasibətin yolverilməz olduğunu və cəmiyyətin bir parçası olaraq işləmək niyyətində olduqlarını bəyan edirlər.  

Bir müddət sonra bu məsələ ilə bağlı yeni bir yazı hazırlamaq istəyərkən ilk müraciət etdiyim qanunvericilik sahəsi oldu. İnternetdə axtarşı apararkən əlillərin iş məsələsinin açıq və aydın şəkildə yer aldığı hüquqi sənədlər, sərəncamlar, dövlət proqramlar rastıma çıxdı. Bu sənədlərdə əlillərin işləməsi üçün heç bir maneənin olmadığının şahidi olursan. Bəs görəsən bu sahədə problem nədədir?

Əlillərin işləmək haqqı

1999-cu ildə qəbul edilən Əmək Məcəlləsində bu hüquqi sənədin şamil edilmədiyi şəxslər konkret olaraq göstərilib. Bunlar hərbi qulluqçular, məhkəmə hakimləri, deputatlar və bələdiyyə üzvləri, xaricdə müqavilə bağlayıb Azərbaycanda çalışan əcnəbilər və podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərdir (Maddə 6). Buradan da aydın görünür ki, əlillər üçün heç də başqa hüquqi sənəd yoxdur və digər ölkə vətəndaşları kimi onlarda işləmək haqqına malikdirlər.

Əlilləri hansı dövlət qurumları işə götürməlidir?

2001-ci ildə qüvvəyə minmiş «Məşğulluq haqqında» Qanunda da əlillərin işlə təmin olunması ilə bağlı maddələr yer alıb. Bu qanunun 9-cu maddəsində əlillərin işlə təmin edilməsində dövlət qarşısında əlavə təminatların yaradılmasını qarşıya qoyur. Eyni zamanda bu kateqoriyadan olan insanların işlə təminatında mövcud kvotaya uğun yerləşdirilməsi qeyd edilir (maddə17.7). Bu qanunda yer alan kvotanın müəyyənləşdirilməsi 4 il sonra Nazirlər Kabineti tərəfindən öz təsdiqini tapır. «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»nda kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır. Bir çox hallarda əlillərdə bu sənədə bələd olmadıqları üçün hansı müəssisə və təşkilatlara müraciət edəcəklərini bilmirlər. Amma bu sənəddə kvotanın şamil edilmədiyi müəssisələrin siyahısı da yer alıb. Beləki həmin qurumlara dövlət orqanları, mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla), elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla), işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr, hərbi qurumların, hüquq-mühafizə, milli təhlukəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları aiddir.

Bu məsələ də diqqət çəkən digər bir məqam 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Məşğulluq Strategiyasıdır. 2006-2015-ci illəri əhatə edən bu sənəddə «Əlillərə kömək» bölməsində dövlətin bu istiqamətdə apardığı siyasətin əsas məqsədinin əlillərin potensial imkanlarından tam istifadəsinə lazımi şəraitin yaradılmasının vacibliyi qeyd edilib. Və burada bu kateqoriyadan olan insanların işlə təmin edilməsi üçün mövcud kvotanın yerinə yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi, buna əməl etməyinlərin isə inzibati məsuliyyətə cəlb edilməsi öz əksini tapıb.


Mina qurbanlarına yaradılan biznes şəraiti

Qeyd edək ki, əlillərin işlə təmin olunması sahəsində vətəndaş cəmiyyəti institutlarının da rolu var. Beləki Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin bu sahədə gördüyü işlər dövrü mətbuatda dəfələrlə yer alıb. Birliyin rəhbəri Hafiz Səfixanovla söhbətimiz zamanı bildirdi ki, onların təşəbbüsü ilə mina qurbanlarına öz kicik biznes fəaliyyətini təşkil etməklə həyat şəraitlərini yaxşılaşdırmaq üçün faizsiz maliyyə vəsaitləri verilir: «Bu layihə 2005-2006 və 2007-2008-ci illərdə İsveçrə Mina Qurabanlarına Yardım Fondu, 2009-cu ildəki sonuncu layihəni isə Kanadanın ölkəmizdəki səfirliyi tərəfindən maliyyələşdirilb. Bu layihədən Füzuli, Tərtər və Tovuz, Gəncə rayonlarında yaşayan 17 mina qurbanı yararlanıb. Ayrı-ayrı vaxtlarda həyata keçirilən bu layihənin ilkin mərhələsində bu rayonların ərazisində yaşayan mina qurbanları ücün kicik biznesin hüquqi əsasları və iqtisadi aspektləri mövzularında seminarlar təşkil olunub. Sonra layihədə iştirak etmək istəyən mina qurbanları bizə öz biznes planlarını təqdim edib və onların icərisindən hər regiondan biri seçilib. Maliyyələşdirilən layihələr kənd təsərrüfatı sferasını, mobil telefonların və onların aksesuarlarının satışını nəzərdə tutur. Eləcə də, bir nəfərə çorəkpişirmə sexi açması üçün yardım göstərilib. Qeyd edim ki, minadan zərəçəkənlərə nəğd pullar verilməyib, onlara ayrılan pulun dəyərində təqdim etdiyi biznes planında göstərilən işlər həyata keçirilib».

H.Səfixanov bu layihələrin mina qurbanlarının yenidən cəmiyyətə inteqrasiyasında böyük rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu praktikanın dövlət tərəfindən öyrənilməsi və həyata keçirilməsi əlillərin həm işlə təmin olunmasında, həm də kiçik sahibkarlığın inkişafına təkan verə bilər.

Əlilləri işə götürmək şzəl qurumların niyə marağında deyil


Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov bildirib ki, xarici ölkələrdə əlillərin işə götürülməsi yükü sahibkarların üzərinə qoyulmur. Onun sözlərinə görə, Azərbaycanda bu kateqoriyadan olan insanların işlə təmin olunması üçün kvota müəyyən olunub: «Misal üçün, bir neçə əlili işə götürən müəssisə mənfəət vergisindən azad olunur. Ölkəmizdə bir çox yerlərdə ikili mühasibat var və özəl sektor elə edir ki, heç mənfəət vergisi vermir. Əlilləri işlə təmin etmək kifayət deyil, onlar üçün bu müəssisələrdə şərait yaradılmalıdır. Bunun özü də əlavə xərclər və sahə tələb edən işdir. Bunun üçün, Vətəndaşların Əmək Hüquqları Liqası Azərbaycan hökumətinə təklif edib ki, yeni yaradılan müəssisələrə dövlət əlavə vəsait ödəsin və həmin maliyyə hesabına infrasturuktur qurulsun. Və bundan sonra işəgötürən qarşısında tələb qoysun. Bundan əlavə Əmək Məcəlləsində əlillər üçün bir sıra imtiyazlar nəzərdə tutulub və bu onlara qarşı diskriminasiya yaradır. Eləcə də digər imtiyazlar var ki, bu işəgötürən üçün və kollektiv tərəfindən birmənalı qarşılanmır. Hazırda bir çox əlillər tanıyıram ki, müəyyən iş yerlərində çalışırlar və əlilliklərini gizlədirlər. Əgər o işəgötürənə desə ki, mən əliləm və muvafiq imtiyazlarım var, onu bir bəhanə ilə işdən çıxaracaqlar».

Bəxtiyar MƏMMƏDLİ






15 Mart, 2011  17:30 Baxılıb: 2146 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner