Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Azərbaycan şəffaflıq sahəsində əhəmiyyətini itirməyib”

Qubad İbadoğlu: “Paris Konfransında ölkəmizdə bu təşəbbüsün tətbiqində yaranmış durğunluq barədə narahatlılığımızı ifadə etdik”

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Parisdə keçirilmiş növbəti Konfrans da öz işini başa vurdu. MSŞT-nin bu ali tədbirində Azərbaycanı həm hökumət nümayəndələri, həm də vətəndaş cəmiyyətinin fəalları təmsil ediblər. Paris Konfransında iştirak etmiş MSŞT Koalisiyası Şurasının əlaqələndiricisi Qubad İbadoğlu ilə söhbətimizdə tədbirdə hansı məsələlərin müzakirə olunduğuna aydınlıq gətirməyə çalışdıq. 
- Paris Konfransı həm iştirakçılıq səviyyəsinə, həm iştirakçıların statusuna, həm də mövzu rəngarəngliyinə görə əvvəlkilərdən fəqrqləndi. Konfransda 4 ölkənin prezidentinin, baş nazirlər, nazirlərin, dünyanın aparıcı şirkətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin fəallarının qatıldığı tədbirdə ümumilikdə 1500 nəfər nümayəndə qatılmışdı. Müzakirələr göstərdi ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi ilə bağlı yeni dövr başlayıb. Artıq əvvəlki illərdəki kimi əsas diqqət kəmiyyət göstəricilərinə yönəlməyib. Əgər əvəllər üzv ölkələrin sayının və statusunun artması kimi məsələləri gündəmdə idisə, indi təşəbbüsün keyfiyyətcə xarakteristikasını yüksəltmək və bu təşəbbüsün təsir imkanlarını irtırmaq istiqamətində ciddi müzakirələr aparılır. Paris konfransında da məhz bu istiqamətlərə daha çox diqqət yönəldildi. Yeni dövr həm də təşəbbüsün rəhbərliyinin dəyişməsilə bağlıdır. Bu vaxta qədər təşəbbüsə Piter Aygen rəhbərlik edirdisə artıq onu xanım Kleer Şort əvəzləyib. Uzun müddət Britaniyanın xarici siyasət idarəsinə rəhbərlik etmiş xanım Şort Parisdə keçirilmiş İdarə Heyətinin iclasında bu qurumun sədri seçilib. Yeri gəlmişkən, qeyd edim ki, yeni formalaşmış İdarə Heyətində Azərbaycandan yenə də iki nəfər təmsil olunur – Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və bizim Koalisiyanın Şura üzvü Sabit Bağırov. Bu da onu göstərir ki, Azərbaycan bu təşəbbüsdə öz əhəmiyyətini hələ də itirməyib.
- Azərbaycanın hələ də əhəmiyyətli ölkə olması faktı Konfransda da özünü göstərdimi?
- Konfransda Azərbaycanla bağlı müxtəlif istinadlar, müzakirələr oldu. Eyni zamanda, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi istiqamıtində əldə etdiyi nıticələr bir çox ölkələr üçün örnək kimi təqdim olundu. Amma bütövlükdə belə bir narahatlıq da vurğulandı ki, Azərbaycan özünün əvvəlki mövqeyini qoruyub saxlamaq üçün mütləq keyfiyyət dəyişikliyi ortaya qoymalıdır. Bilirsiniz ki, Azərbaycan bu təşəbbüsdə öndə gedən ölkələrdən olub. Hazırda isə Azərbaycanla eyni statusda olan ölkələrin sayı artıb. Hətta bəzi göstəricilərinə görə Azərbaycanı qabaqlayan ölkələr də var. Azərbaycanla bağlı narahatlıq hesabatların ümumiləşdirilmiş şəkildə təqdim olunması ilə bağlıdır. Artıq dünyanın 10-dan çox ölkəsində şirkətlər fərfi şəkildə hesabat verirlər. Azərbaycandan da bu istiqamətdə yeni ideyalar, yeni təşəbbüslər gözlənilir. Azərbaycandan gözlənilən ikinci istiqamət Şəffaflıq Təşəbbüsünün hüquqi bazasının formalaşdırılması ilə bağlıdır. Dünyanın bir çox ölkəsində, o cümlədən Norbeçdə Şəffaflıq Təşəbbüsünə dair qanunvericilik aktı var bu onlar şalışırlar ki, təşəbbüsün təsirlərini daha da genişləndirsinlər.
- Bizim nümayəndələrdən kimlər təqdimatla çıxış etdi?
- Konfransa bizin nümayəndə heyəti də çox fəal oldu. Biz həm plenar iclaslarda, həm də panel müzakirələrdə fəallıq nümayiş etdirdik. Bizim heyətdən həm İnqilab Əhmədov, həm də mənim təqdimatım oldu. İnqilab Əhmədovun təqdimatı Amerika Birləşmiş Ştatları Senatının qəbul etdiyi, neft hasilatı ilə məşğul olan şirkətlərdə şəffaflığın artırılması və korrupsiya ilə mübarizənin genişləndirilməsi məsələlərini nəzərdə tutan Wal Streit aktı, mənimsə təqdimatım hesabatların keyfiyyətinin artırılması və təkmilləşdirilməsilə bağlı təkliflərim üzərində qurulmuşdu.
- Digər ölkələrin nümayəndələri ilə, görüşləriniz, müzakirələriniz oldumu?
- Bəli, bizim regional əsasda müzakirələrimiz oldu. Albaniyadan başlayıb Manqolustanda qurtaran, özündə Qazaxıstanı, Qırığızıstanı, Gürcüstanı, Ukraynanı və Azərbaycanı birləşdirən Avrasiya regionunun təmsilçilərilə birgə müzakirlərimiz oldu, fəaliyyətimizi daha da təsirli etmək üçün işçi komitələr yaradıldı. Bu komitələrdən ikisinin rəhbəri Azrbaycandan seçildi. Komitələrdən biri müstəqil fondlar, onların qanunvericilik əsasları, hüquqi bazasının formalaşdırılması istiqamətilə bağldıdır. Bu komitənin məsul şəxsi kimi Əliməmməd Nuriyev seçildi. Şəffaflıq təşəbbüsü üzrə hesabatların təkmilləşdirilməsi məsələsilə məşğul olacaq komitəyə isə məsul şəxs kimi mən seçildim. Müzakirələrimiz nəticəsində belə qərara gəldik ki, növbəti regional konfransı bu ilin oktyabr ayında Albaniyada keçirək. Növbəti konfransa qədər də bu İşçi Komitələr öz işlərini həyata keçirməli və müəyyən hesabatlar, tədqiqatlar hazırlamalıdırlar.
Regionda Beynəlxalq “Ödədiyini Açıqla” Koalisiyasının xəttilə xüsusi bir şəbəkənin formalaşdırılması məsələsi ətrafında da müzakirələr apardıq. Bu müzakirələr hələ ki, bir nəticə verməsə də gələcəkdə belə bir şəbəkənin formalaşdırılması nəzərdə tutulub.
- Paris konfransı növbəti dövr üçün əsasən hansı vəzifələri müəyyənləşdirdi?
- Əvvəla onu deyim ki, Paris Konfransında da MSŞT-nin genişləndirilməsi məsələsi gündəmdə oldu. Yenə də müqavilələrin şəffaflığı, onların açıqlanması, eləcə də müqavilələrin qiymətləndirilməsində vətəndaş cəmiyyətinin iştirakı məsələsinə diqqəy yönəldildi. Bu istiqamətdə müzakirələr illərdi davam edir və bu, MSŞT-nin genişləndirilməsinin bir istiqaməti hesab olunur. Düzdür, bu məsələ Azərbaycan üçün o qədər də aktual deyil. Çünki Azərbaycanda neft-qaz yataqlarının istismarı ilə bağlı müqavilələr açıqdır, əl çatandır. Ancaq bir çox ölkələrdə, o cümlədən Qazaxısatnda bu müqavilələr hələ də qapalı saxlanılır. Ancaq bizim üçün daha vacib olan qiymətlə, satışla bağlı olan müqavilələrdir. Bu gün biz Azərbaycan neftinin hansı müqavilə əsasında, hansı qiymətə və necə satılması barədə məlumat almağa çətinlik çəkirik.
- Bu kimi məsələləri də çıxışlarınızda vurğuladınızmı?
- Bəli, qeyd etdik. Bizim hesablamalar göstərir ki, neftin dünya bazarındakı qiymətilə müqavilələrdəki qiymətlər arasında müəyyən fərqlər var və ona görə də satış müqavilələrinin şəffaflığı çox vacib məsələlərdən biridir.
Başqa bir diqqətçəkən yeni fəaliyyət sahəsi də mədən sənayesində şəffaflıq və tənzimləmə məsələlərini əhatə edən Ddot-Frank deyilən təşəbbüsüdür. Amerika Birləşmiş Ştatlarının bu təşəbbüsü, onun tətbiqi məsələləri ətrafında da müzakirələr apardıq. Regional kontekstə qeyd olundu ki, ortada belə bit təşəbbüs olsa da, onun həyata keçirilməsi hələ də müəyyən çətinliklər yaradır. Məsələn, Azərbaycanın timsalında deyə bilərəm ki, fərdi hesabatlara keçid məsələsində bizə böyük problemlər yaradan da elə Amerika Birləşmiş Ştatlarını təmsil edən şirkətlərdir. Ümid edirik ki, yaxın gələcəkdə bu problemlər də aradan qaldırılacaq. Hər halda, hesabat sisteminin təkmilləşdirilməsi, hesabatların genişləndirilməsi və fərdiləşdirilməsi MSŞT-nin tamhüquqlu üzvü olan ölkələr üçün növbəti dövrün ən aktual məsələləri olacaq. Hesab edirəm ki, qeyd etdiyim istiqamtlər Azərbaycan üçün də kifayət qədər aktualdır. Bundan başqa, Paris Konfransındakı müzakirələrdən o qənaətə də gəldik ki, hesabatların yalnız təkmilləşdirilməsi deyil, eyni zamanda ictimailəşdirilməsi də çox vacib məsələlərdən biridir. Neft Fondunun icraçı direktoru qeyd etdi ki, Azərbaycanda hesabatlar açıqdır və hər bir vətəndaş hesabatlar haqqında məlumat ala bilər. Amma biz bilirik ki, hələ də vətəndaşlarımızın çox hissəsi hesabatlarla yaxından tanış deyil. Ona görə də biz qərar gəldik ki, Azərbaycanda “Neft Gəlirləri Hamımızındır” adlı kampanoyaya başlayaq. Biz belə bir kampaniyanı 2006-cı ildə də aparmışıq və kifayət qədər də uğurlu nəticələr əldə olunub. Bizim oradakı müzakirələrimizdə həm də Neft Fondunun belə bir kampaniyaya təşkilati dəstək verməyə hazır olması açıqlandı. Əsas məqsəd odur ki, bu kampaniya vasitəsilə Azərbaycanda neft gəlirlərinin şəffaflığı ilə bağlı hesabatları ictimailəşdirək və neft gəlirlərinin idarə olunması kimi məsələlərə cəmiyyətin diqqətini artıraq.
- Keçirdiyiniz görüşlərdə region ölkələrində vətəndaş cəmiyyətini vəziyyətilə də maraqlandınızmı?
- MSŞT-nin tətbiq olunduğu ölkələrin coğrafiyası çox müxtəlifdir. Məsələn, Afrikanı, cənub şərqi Asiyanı təmsil edən ölkələrdə vətəndaş cəmiyyəti ağır vəziyyətdədir. Ancaq bir çox ölkələrdə, o cümlədən, məsələn, Qırğızıstandakı vəziyyət daha ürəkaçan görsənirdi. Bu ölkənin prezidenti də Konfransda iştirak edirdi. Onun çıxışlarından belə məlum oldu ki, Qırğızıstnda vətəndaş cəmiyyətilə əməkdaşlıq sahəsində daha yaxşı nailiyyətlər əldə olunub və hökuməti MSŞT sahısində vətəndaş cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır. Eləcə də, bizimlə müqayisədə Monqolustanda da vətəndaş cəmiyyətinin vəziyyəti daha yaxşı görsənir.
- MSŞT-nin ideya müəlliflərindən olan Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros da konfransda iştirak edirdimi?
- Bəli, Corc Soros Konfransda iştirak edirdi və onun geniş iclasda çıxışı da oldu. O, Şəffaflıq Təşəbbüsündə vətəndaş cəmiyyətinin rolundan danışdı və bunun artırılmasının vacibliyini önə çəkdi. Ümumiyyətlə, Sorosun çıxışında əsas xətt ondan ibarət oldu ki, bu təşəbbüsün mahiyyətində vətəndaş cəmiyyəti durur.
- Paris Konfransında MSŞT-yə yeni üzvlər də qəbul olundu. Hazırda bu təşəbbüs neçə ölkəni əhatə edir?
- Hazırda MSŞT-nin 24 namizəd ölkəsi, 11 tamhüquqlu üzvü var. Bundan başqa, 4 ölkə bu təşəbbüsə qoşulmağa çalışır.


Nicat Dağlar






10 Mart, 2011  19:39 Baxılıb: 1519 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner