Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır

“Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Biz bu təhlükəsizliyi, ictimai asayişi, iqtisadi inkişafı təmin edirik. Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə, daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın ildən-ilə güclənməsi, qüdrətli və dünya birliyində öz yeri olan dövlətə çevrilməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan bir reallıqdır. Həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sosial-iqtisadi dirçəliş dövrü keçirən Azərbaycan həm də dünya iqtisadiyyatına uğurla inteqrasiya olunur. Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 2004-2008 və 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramları mühüm rol oynayıb. Məhz bu proqramlardan irəli gələrək, ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşüb. Sevindirici haldır ki, 2003-2013-cü illər ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. 2003-2013-cü illərdə muxtar respublikada ümumi daxili məhsulun həcmi 13,9 dəfə, adambaşına ümumi daxili məhsul 12 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə artıb. Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə hərtərəfli yenidənqurma işləri aparılıb.
Bu uğurları və nailiyyəti konkret olaraq doğulub boya-başa çatdığım Culfa rayonunun timsalında da aydın görmək olar. Dövlət proqramlarının icra edildiyi son illər ərzində rayonun siması tamamilə dəyişib. Culfa şəhərində və bölgənin kəndlərində istifadəyə verilən yeni tikililərin sayı xeyli artıb. Həmin obyektlərin hamısı müasir arxitektura üslubunda və gələcək perspektivlər nəzərə alınmaqla inşa olunub. Təkcə 2013-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 2012-ci illə müqayisədə 3,3 faiz çox olmaqla, 41 milyon 804 min manat investisiya yönəldilib. Bu dövrdə rayonda tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 39 milyon 140 min manat olub. Bəhs olunan dövrdə Teyvaz kəndində 110 şagird yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin, Kırna kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Əbrəqunus kəndində məscidin, Camaldın kəndində un dəyirmanının, Culfa şəhərində Azərbaycan Dövlət Bayrağı Meydanı Kompleksinin, Ərəfsə kəndində 306 şagird yerlik məktəb binasının tikintisi, yaxud yenidən qurulması başa çatdırılıb. Bir rayon mərkəzi və 24 kənddən ibarət olan Culfa rayonunun 18 kənd yaşayış məntəqəsində yeni sosial obyektlər inşa olunub.
Culfa şəhərində əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən içməli su və kanalizasiya xətlərinin yenidən qurulması, bu sahədə yeni infrastrukturun yaradılması məqsədilə su anbarlarının, sutəmizləyici və çirkab sutəmizləyici qurğuların, şəhərdaxili içməli su və kanalizasiya şəbəkəsinin tikintisi də davam etdirilib. Bu istiqamətdə görülən işlər nəticəsində ümumi uzunluğu 2400 metr olan yeni su kaptajının, eləcə də 30 baxış quyusunun tikintisi və 400 millimetrlik şüşəlifli borulardan istifadə edilməklə, 10 min 200 metr uzunluğunda içməli su xəttinin çəkilişi yekunlaşdırılmış, həmçinin 5 min kubmetr su tutumu olan sutoplayıcı və sutəmizləyici hovuzların tikintisi davam etdirilib. Rayonun kənd yaşayış məntəqələrində də içməli su xətlərinin istismar vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülüb. Ötən il Qazançı kəndində 350, Teyvaz kəndində 220 metr uzunluğunda yeni kaptaj vurulub, müxtəlif diametrli borulardan istifadə edilməklə Qazançı kəndində 1000 metr, Teyvaz kəndində 800 metr uzunluğunda yeni içməli su xətləri çəkilib. Culfa rayonunda yol tikintisi əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də diqqət mərkəzində saxlanılıb, yeni yolların çəkilişi və mövcud yolların təmiri məqsədilə ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilib.
Dağlıq və dağətəyi zonada yerləşən bu bölgədə müxtəlif sahələrin inkişafına hərtərəfli dövlət qayğısı culfalıların bir sıra uğurlara imza atmalarına şərait yaradıb. Bu cəhətdən iqtisadiyyatda öz aparıcı mövqeyini qoruyan kənd təsərrüfatı sektorunun inkişafı 2013-cü ildə də diqqət mərkəzində saxlanılıb, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. Belə ki, bəhs olunan dövrdə bölgənin kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli şərtlərlə 218 min 100 manat dəyərində 605,5 ton mineral gübrə satılıb, yanacaq və motor yağlarına görə 40 manat hesabı ilə 1002 istehsalçıya yardım edilib, həmçinin muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən 72 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 104 min manat kredit verilib. Bu dövrdə rayona 31 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı alınıb gətirilib.
Aqrar sektorda özəl bölmənin xüsusi çəkisini nəzərə alan muxtar respublika rəhbərliyi özəl bölməyə qayğını davam etdirib və sahibkarlar müxtəlif dövlət yardımlarından bəhrələniblər. Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Fondu tərəfindən rayonda kompot istehsalı üçün 10 min, quşçuluq təsərrüfatının yaradılması üçün 15 min, pendir istehsalı üçün 29 min, meyvə-tərəvəz qurudulması sahəsinin yaradılması üçün 34 min, heyvan yemi istehsalı üçün 12 min, istixana kompleksinin yaradılması üçün 15 min manat olmaqla, ümumilikdə, 8 layihə üzrə güzəştli şərtlərlə 167 min manat kredit verilib. Yeni istehsal sahələrinin yaradılması tələbat malları istehsalı ilə yanaşı, əhalinin məşğulluq probleminin həllinə də əhəmiyyətli təsir göstərib. Təkcə 2013-cü ildə Culfa rayonunda 116 yeni iş yeri açılıb ki, bunun da 96-sı özəl sektorun payına düşüb.
Əlverişli iqlim və torpaq şəraiti, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən davamlı dövlət qayğısı rayonda əkinçiliyin inkişafında başlıca stimul olub. Yola saldığımız ildə Culfadakı 8226 hektar sahədən məhsul tədarük edilib. Əkilmiş sahələrin 5083 hektarını taxıl əkini təşkil edib. Zəmilərdən 13207 ton taxıl tədarük olunub. Kartofçuluğun inkişafı da diqqət mərkəzində saxlanılaraq, 484 hektar sahədə kartof əkilib, 5198,1 ton kartof yığılıb. Rayonda meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün münbit şəraitin olmasını nəzərə alınaraq, 2012-ci ildə rayonun Yaycı kəndində 2 hektar, Gülüstan kəndində isə 0,2 hektar ərik, Şurud kəndində 1 hektar badam tinglərinin yetişdirilməsi üçün təsərrüfatlar yaradılıb. 2013-cü ildə Dizə kəndində 0,5 hektar sahədə müxtəlif növ meyvə tinglərinin yetişdirilməsi təşkil edilib. Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi və aidiyyəti qurumlar tərəfindən yerlərdə torpaq mülkiyyətçiləri ilə məsləhətləşmələr aparılaraq müvafiq tədbirlər görülüb. 2012-ci ildə rayon ərazisində 592 hektar tərəvəz (o cümlədən 51,2 hektar soğan), 2013-cü ildə isə 594 hektar sahədə tərəvəz (o cümlədən 74 hektar soğan) əkilib. 2012-ci ildə torpaq mülkiyyətçiləri tərəfindən rayonda meyvəçilik üçün nəzərdə tutulan 25,6 hektarın 19,1 hektarında meyvə bağları salınıb. Dizə kəndində 1 hektar ərik, badam, Yaycı kəndində 1,5 hektar ərik, Saltaq kəndində 2 hektar ərik, Xanəgah kəndində 4,9 hektar cəviz, Gülüstan kəndində 2,5 hektar ərik, Şurud kəndində 4 hektar badam, Ərəzin kəndində 1 hektar ərik və badam, Qazançı kəndində 0,7 hektar cəviz, fındıq, Milax kəndində 1,2 hektar alma bağları salınıb. Meyvəçiliklə məşğul olan 7 vətəndaşa, ümumilikdə, 142 min manat məbləğində kredit verilib.
2013-cü il rayon üçün meyvəçilik sahəsində daha düşərli il olub. Rayon ərazisində 9 hektar, o cümlədən Gülüstan kəndində 5 hektar, Culfa düzü sahəsində 4 hektar meyvə bağları salınıb. Meyvəçiliklə məşğul olan 2 vətəndaşa, ümumilikdə, 52 min manat kredit verilib. Ötən il rayonun Ərəzin kəndində istifadə olunmayan 1 hektar torpaq sahəsində kartof, 1 hektar torpaq sahəsində tərəvəz əkilib, həmin kənddə 2,5 hektar torpaq sahəsində ərik, Xanəgah kəndində istifadə olunmayan 1 hektar torpaq sahəsində cəviz-badam, Darıdağ ərazisində 3,2 hektar ərik bağları salınıb. Əbrəqunus kəndində meyvə-tərəvəzin qəbulu və qablaşdırılması istehsalının təşkili üçün 1 nəfər sahibkara 34 min manat kredit verilib, quru meyvə istehsalı üçün bina inşa edilib, burada lazımi avadanlıqlar quraşdırılaraq istehsala başlanılıb. Adıçəkilən kənddə kompot istehsalı üçün sahibkara 10 min manat məbləğində kredit verilib. 2013-cü ildə sahələrdən 9771,3 ton tərəvəz yığılıb, məhsuldarlıq 164,5 sentner olub. Meyvə bağlarından isə 3428 ton meyvə tədarük edilib.
Xatırladaq ki, 1984-cü ildə Azərbaycanda üzüm sahələri 20,3 dəfə, üzüm yığımı 6 dəfə artmaqla, məhsul istehsalı 2 milyon tona yüksəldilib, məhsuldarlıq isə 2 dəfədən çox artırılaraq ən yüksək həddə çatmaqla, 99,2 sentner-hektar təşkil edib. Bununla da, o dövrdə Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş ittifaqda birinci yerə çıxıb. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında da üzümçülük geniş inkişaf edib və gəlirli sahələrdən sayılıb. Bu gün muxtar respublikada üzümçülük bərpa olunan sahələr sırasındadır. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası Culfa rayonunda da öz bəhrələrini verməkdədir. Belə ki, rayonda yeni üzüm bağları salınır, süfrə və texniki üzüm sortlarının əkininə üstünlük verilir. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, məhsuldarlıq ildən-ilə artır. 2013-cü ildə rayonda 5594 ton üzüm yığılıb və bu göstərici 2012-ci ilin nəticələrini üstələyir.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro¬qramı” muxtar respublikada əhalinin meyvə və tərəvəzə, meyvə və tərəvəz emalı məhsullarına olan tələbatının ödənilməsini, meyvə və tərəvəz emalı sənayesinin xammala olan tələbatının daxili istehsal hesabına qarşılanmasının təmin edilməsini, soğan istehsalında məhsuldarlığın 130 sentner-hektara, sarımsaq istehsalında məhsuldarlığın 90 sentner-hektara, yerkökü istehsalında məhsuldarlığın 90 sen¬tner-hektara çatdırılmasını hədəfləyib. Bundan başqa, pro¬qramın uğurlu icrası nəticəsində pomidor istehsalında məhsuldarlıq 125 sentner-hektara, kartof istehsalının həcmi 45 min tona, meyvə istehsalının həcmi isə 50 min tona çatdırılacaq. Dövlət proqramı əhalinin məşğulluğuna da öz müsbət təsirini göstərir, yeni iş yerləri yaradılır, kənd əhalisinin sosial şəraiti daha da yaxşılaşdırılır və gəlirlərinin artımına nail olunur, meyvə və tərəvəzçiliklə bağlı digər sahələrin inkişafı təmin edilir, meyvə, tərəvəz və emal məhsullarının ixracına nail olunması kimi mühüm nəticələr əldə olunur.
Qeyd edək ki, heyvandarlıq da Culfa rayonunun iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə çevrilib. Bu sahədə də ötən ilin rəqəmləri uğurludur. Belə ki, bəhs olunan dövrdə rayonda 2885 ton ət, 9180 ton süd istehsalına nail olunub. Ümumilikdə isə 2013-cü ildə rayonda 45 milyon 908 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də ətraf mühitin mühafizəsi, yeni yaşıllıq sahələrinin salınması istiqamətində görülən işlər davam etdirilib, həmişəyaşıl ağacların yetişdirilməsi üçün Culfa şəhərində yaradılan istixananın fəaliyyəti genişləndirilib, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılmasına ciddi önəm verilib, 33 hektar sahədə yeni yaşıllıqlar salınıb, 12,6 hektar mövcud yaşıllıq sahəsində bərpa işləri aparılıb, 12900 ədəd meyvə ağacı, 6400 ədəd meşə ağacı, 1220 ədəd həmişəyaşıl ağac, 6530 ədəd müxtəlif növ çoxillik gül, 1000 ədəd bəzək kolları əkilib. Yeni salınan yaşıl¬lıqların suvarılması məqsədilə Culfa şəhərinin giriş hissəsindəki “Üçbucaq” adlanan ərazidən 400 metr uzunluğunda yeni suvarma kanalı, 1 ədəd nasos aqreqatı quraşdırılaraq 1620 metr uzunluğunda yeni su xətti çəkilib.
Son illərdə olduğu kimi, 2013-cü ildə də əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi üçün ardıcıl işlər aparılıb. Nəhəcir kəndində Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılıb, rayon ərazisində rəqəmsal televiziya yayımı təşkil olunub, 133 yeni telefon xətti çəkilib, Culfa şəhərində sürətli internetin təşkili üçün yeni avadanlıq, həmçinin Kırna, Əlincə, Xanəgah, Qazançı, Teyvaz kəndlərində genişzolaqlı internet avadanlığı quraşdırılıb. Rayon əhalisini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün isə Culfa şəhərində və Kırna kəndində yeni transformator yarımstansiyaları quraşdırılıb, Culfa şəhərində və kənd yaşayış məntəqələrində 52 ədəd müxtəlif güclü transformator yarımstansiyası təmir edilib, həmçinin 2435 metr uzunluğunda kabel xətti, 6700 metr uzunluğunda yuxarı və aşağıgərginlikli yeni elektrik xətti çəkilib, 64 min 100 metr uzunluğundakı elektrik verilişi xətlərində təmir və yeniləşdirmə işləri aparılıb.
Ümumiyyətlə, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramları Culfa rayonunda da sosial-iqtisadi sahədə bir sıra nailiyyətlərin əldə olunması ilə nəticələnib. Bu isə əhalinin rifah halının davamlı yüksəlişinə səbəb olub, 2013-cü ildə hər bir işçiyə hesablanan orta aylıq əməkhaqqının məbləği artaraq 334,3 manata çatıb. Bütün bunlar, o cümlədən ölkədə formalaşmış əlverişli iqtisadi mühit, həyata keçirilən iqtisadi siyasət bir həqiqəti tam əminliklə söyləməyə əsas verir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da uğurla icra ediləcək, bundan Azərbaycanın bütün regionları, o cümlədən muxtar respublikamız və doğma Culfa rayonum da bəhrələnəcəkdir.


Elmar HÜSEYNOV
“Simsar.az” Xəbər Agentliyinin redaktoru
Yazı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir






14 Aprel, 2014  08:17 Baxılıb: 2125 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner