Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Naxçıvandakı yeniliklərlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib.

Simsar.az xəbər verir ki, Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyisosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla, həmçinin vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Bu məqsədlə ölkənin hər yerində əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılıb.

Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən sontələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də Kəngərli Rayon Mərkəzi Xəstəxanasıdır. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə daha çox kömək edəcək.

Dövlət başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılıb. Qıvraq qəsəbəsində uyğunlaşdırılan binada yerləşən xəstəxana üçün 2006-cı ildə yeni bina tikilərək istifadəyə verilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində yeni səhiyyə ocaqları tikilir, köhnələri əsaslı təmir olunur, yaxud yenidən qurulur və ən müasir tibbi avadanlıqla təchiz edilir. 2000-2005-ci illərdə muxtar respublikada Özəl Tibb Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, "İmplant-dent" Stomatoloji Dispanseri, Mərkəzi Uşaq Xəstəxanası, Darıdağ arsenli su müalicəxanası da daxil olmaqla ümumilikdə 48 səhiyyə obyekti tikilmiş, 35 tibb ocağında əsaslı təmir-bərpa işləri aparılmış və müasir tibbi avadanlıqla təmin edilərək istifadəyə verilmişdir. 2005-2010-cu illərdə isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Şərur rayonunda ən müasir avadanlıqla təchiz olunan xəstəxana şəhərciyi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri, Uşaq Bərpa Mərkəzi, Körpələr evi, Naxçıvan Şəhər Təcili Tibbi Yardım Mərkəzi, Doğum Mərkəzi, Onkoloji Mərkəz, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

Yeni bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, Kəngərli rayonunda 30 mindən çox əhaliyə xidmət edəcək xəstəxananın binasında ən müasir səviyyədə əsaslı yenidənqurma işləri aparılıb. Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə fərqlənir. Kompleksə stasionar və poliklinika şöbələri, üç bölmə daxildir. Burada müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq.

Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, doğuş bölməsi, laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Diqqətə çatdırılıb ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Xəstəxanada 95 nəfərdən ibarət tibb heyəti çalışacaq. Bu yeniliklər özlüyündə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərən amildir. Bütün bunlar sübut edir ki, son illərdə respublikamızın səhiyyə sahəsində yaşanan böyük inqilabi dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıq ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığı kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində də iştirak edib.

Prezident İlham Əliyev tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatın bütün sahələrinin inkişafına səbəb olmuşdur. Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə su və kanalizasiya sistemləri də yenidən qurulur. Bu işlər Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidi.

Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Son illər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasını buna misal göstərmək olar. Mövcud hidroresurslardan istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Naxçıvan şəhərində və rayon mərkəzlərində istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulur, bu sahədə müasir infrastruktur yaradılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi.

Bildirildi ki, Naxçıvan şəhərinin mövcud içməli su sistemi ötən əsrin 60-70-ci illərində qurulmuşdur. O dövrün tələblərinə uyğun qurulan və uzun müddət istismar edilən sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Yeni istifadəyə verilən müasir kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektini perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcəkdir. 2009-cu ildən etibarən muxtar respublikanın paytaxtı Naxçıvanda və rayon mərkəzlərində də içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. Artıq Naxçıvan şəhərində və rayon mərkəzlərində tikinti işlərinin əsas hissəsi başa çatdırılıb.

Diqqətə çatdırıldı ki, ümumiyyətlə, son illər muxtar respublika iqtisadiyyatının müasirləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər meliorasiya və su təsərrüfatı sistemini də əhatə etmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. Bu baxımdan muxtar respublikada son illər içməli su təminatının yaxşılaşdırılması məqsədilə görülən işlər mühüm əhəmiyyətə malikdir. İstifadəyə verilən kompleks də Naxçıvan şəhərinin içməli su sisteminin yenidən qurulması tədbirləri çərçivəsində inşa edilib.

Qeyd edildi ki, kompleksdə ən müasir avadanlıq quraşdırılmışdır. Təmizləmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması isə suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Sutəmizləyici qurğuda bütün iş prosesinin avtomatik olaraq tənzimlənməsi sistemin etibarlılığını və davamlılığını təmin edəcək.

Dövlətimizin başçısına məlumat verildi ki, tikintisinə 2012-ci ildə başlanan kompleksə sutəmizləyici qurğu, inzibati bina və su anbarları daxildir. İnzibati bina iş otaqları, idarəetmə mərkəzi, laboratoriya, iclas zalı və digər yardımçı otaqlardan ibarətdir. Laboratoriyada quraşdırılan müasir avadanlıq suyun tərkibinə gündəlik nəzarət etməyə imkan verəcək.

Sonra Prezident İlham Əliyev sutəmizləyici qurğunu işə saldı.

Azərbaycan Prezidentinə burada quraşdırılan nanosüzgəcli qurğu barədə məlumat verildi.

Qeyd edildi ki, iqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılan kompyuterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilmişdir. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verəcək.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində görülən işlərin gedişi ilə maraqlandı.

Məlumat verildi ki, Naxçıvan şəhərində bu günə qədər 218 kilometr içməli su və 200 kilometr kanalizasiya xətti çəkilmiş, 19 minə yaxın mənzilə su verilmişdir. Tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin 2014-cü ildə tam başa çatdırılması nəzərdə tutulub.






7 Aprel, 2014  18:40 Baxılıb: 1097 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner