Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

38 ölkədən 351 şirkətin qatıldığı sərgi sona çatdı

Aprelin 5-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və bütün Qafqaz regionunun turizm sənayesi üzrə ən böyük ixtisaslaşdırılmış tədbiri olan XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər (“AITF-2014”), 8-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (“Horex Caucasus-2014”) sərgiləri başa çatıb.

Aprelin 3-də açılışı keçirilən sərgilərin təşkilatçıları qismində isə ənənəvi olaraq “Iteca Caspian” MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti dünyanın aparıcı investisiya şirkətlərinin respublikamıza cəlb edilməsinə, sahibkarlığın, eləcə də turizmin inkişafına xidmət edən dövlət proqramlarının uğurla həyata keçirilməsinə şərait yaradıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət respublikamızda turizmin inkişafına öz töhfələrini verməkdədir. Ənənəvi olaraq keçirilən “AITF” sərgiləri də turizm sənayesinin inkişafına dəstək olmaqla bərabər, onun marşrutlarının tanıdılması baxımından da önəmlidir.

Aprelin 4-də Prezident İlham Əliyevin “AITF-2014” sərgisini ziyarət etməsi, nümayiş olunan ekspozisiyalarla tanışlığı da dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Əgər ötən il “AITF” sərgisində 35 ölkədən 251 şirkət iştirak edirdisə, builki tədbirə dünyanın 38 ölkəsindən 351 şirkət və təşkilatın qatılması beynəlxalq aləmdə bu sərgiyə artan marağın göstəricisidir.

İştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlərin təşkil etdiyi “AITF-2014” Azərbaycanda yaz sərgi mövsümünün parlaq başlanğıcına çevrilib. Burada səmərəli iş üçün yaxşı təchiz edilmiş stendlər ziyarətçilərin böyük marağına səbəb olub. Builki sərgi eksponatların tərkibinə görə rekord göstəriciləri ilə də fərqlənir. Ümumilikdə, “AITF-2014” sərgisində turoperatorlar və turizm agentlikləri lüks-turizm, otellər, macəralı və elit istirahət, işgüzar səfərlərin təşkili, habelə idman, ekoloji və maarifləndirici turizm və s. istiqamətləri nümayiş etdirmişlər. Hər bir ziyarətçi bu sərgidə işgüzar danışıqların aparılması, habelə turizm biznesi üzrə həmkarlarının yeniliklərini qiymətləndirmək üçün gözəl fürsət əldə edib.

“AITF” sərgisi iştirakçıların sayından əlavə, digər bir rekord göstərici ilə də tarixin yaddaşına düşüb. Builki sərgidə əvvəlki illərlə müqayisədə milli stendlər daha çox olub. Sərgidə Azərbaycandan əlavə, öz səfirliklərinin rəsmi ölkələrinin və milli turizm agentlikləri dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edib.

Bundan əlavə, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri də qatılıblar.

“Bütün dünya – Bir sərgi” şüarını tam doğruldan “AITF-2014”-də ziyarətçilər 80-dən çox turizm marşrutu ilə tanış olmaq imkanı qazanmışlar. Bunların sırasında Misir, Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi yer tutur. Eyni zamanda, bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə yadda qalıb. “AITF-2014”-də Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb edirdisə, birillik fasilədən sonra Hindistanın, Yunanıstanın və Malayziyanın milli stendlərinin yenidən sərgidə öz yerlərini tutmaları da sevindirici haldır. Sərginin debütantları arasında isə Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri yer alıb.

 

“AITF-2014” sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxil idi. Ziyarətçilər Azərbaycan sanatoriyalarının nümayiş etdirdikləri dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələri ilə yaxından maraqlanmışlar.

Xüsusi vurğulamaq lazımdır ki, sərgidə maraqlı turizm istiqamətlərinin elan edilməsi və bazar yeniliklərinin təqdimatı uğurla bir araya gətirilib. Milli qruplar, beynəlxalq nümayəndəliklər, quru, hava və dənizlə daşıma şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesinin nümayəndələri, turizm və ticarət assosiasiyaları turizm xidmətlərinin geniş çeşidini təqdim etmişlər. Ziyarətçilərin böyük maraq göstərdikləri yeni sahələr arasında “Xarici ölkələrdə daşınmaz əmlak” və “Tibbi turizm” sektorları xüsusilə seçilmişdir. Bu yeni istiqamətlər Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan və Kiprin özəl, dövlət klinikaları, habelə diaqnostik mərkəzləri tərəfindən təqdim edilib.

 

Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biri olub. Ölkə üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhəri bu amili əsas götürərək turizm fəaliyyətinin müxtəlif növlərini, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək və dəniz kurortları və s. üçün imkanlarını nümayiş etdirmişlər.

Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülən “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi, Dünya Turizm Təşkilatı, Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) himayədarlığı ilə baş tutub.

 

“AITF-2014” ilə eyni vaxtda keçirilən “Horex Caucasus- 2014” sərgisinin ekspozisiyası isə uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları özündə ehtiva edib. Buraya müasir otel mebeli, interyer və tekstil, mətbəx avadanlığı və qəhvə bişirmə maşınları, otellərin sağlamlıq və SPA salonları üçün kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlığı, qab-qacaq, otelin idarə edilməsi və təhlükəsizliyi üzrə informasiya texnologiyalarının həll variantları daxildir. Bu ilin yenilikləri arasında “lüks” kateqoriyalı supermarketlər üçün kompleks avadanlıq sərgi ziyarətçilərinin böyük marağına səbəb olub.

 

“Horex Caucasus-2014” sərgisində Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər təmsil olunmuşlar. Sərginin daimi iştirakçıları arasında “Art Nishan”, “Asena”, “Faber Chemical & Medicine”, “Horeca”, “HRS”, “Kymberly Clark Advent”, “Muehldorfer”, “REM Services Tanay” şirkətləri, eləcə də müasir avadanlıqların yerli istehsalçısı “Titan Group”, “Wanzi” və digərləri vardı. Builki sərginin debütantları olan “Azer Co (Milla)”, “Base7Booking”, “Ekipan”, “Fina”, “Swissam Hospitality Business School”, “Zivella” və s. şirkətlər diqqəti daha çox cəlb edib.

 

Vurğulamaq lazımdır ki, sərginin özünəməxsusluğu təkcə restoranlar və mehmanxanalar üçün yüksək keyfiyyətli avadanlığın nümayiş etdirilməsindən ibarət olmayıb. Sərgi çərçivəsində məhsul və xidmətlərin təqdimatları da keçirilib. Bu da ziyarətçilərin böyük marağına səbəb olub. Qida sənayesi üzrə xarici mütəxəssislərin gah zərif blüz musiqisinin, gah da oynaq Latın Amerikası melodiyalarının müşayiəti ilə keçirdikləri kulinariya üzrə ustad dərsləri və məsləhətləri ən tələbkar qurmanların və aşpazların ürəyincə olub.

Bir sözlə, “AITF-2014” və “Horex Caucasus-2014” sərgiləri Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə nümayiş etdirməklə yanaşı, ölkəmizin etibarlı turoperator kimi tanıdılmasına da xidmət edib.






5 Aprel, 2014  19:49 Baxılıb: 941 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner