Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Şərq musiqisinin əfsanəvi səsi” - Cabbar Qaryağdıoğlu

Bu gün  musiqi tariximizin qızıl dövrünü yazan xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür.    1861- ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olan  Cabbar Qaryağdıoğlunun atası Məşədi İsmayıl kişi boyaqçı idi. O öz sənətini oğlu Cabbara da öyrətmək istəsə də oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirir. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə “Qayabaşında”, “Qırxpilləkəndə”, “Ağzıyastı kahada” quzu otaran Cabbar saatlarla “Dəlikdaşı” üstündə oturaraq zümzümə edərdi.

On yaşında şəhərdəki musiqi məktəbinə daxil olan Cabbarın ilk müəllimi şuşalı şair Mirzəli Zeynalabdin oğlu olur. O, ədəbiyyatı, fars və türk dillərini mükəmməl bilməklə yanaşı, klassik Şərq muğamlarına da dərindən bələd idi. O, Cabbara musiqi elmini, fars dilini öyrədir, şeirə, sənətə həvəs yaradır. 13 yaşında oxumağa başlayan Cabbar Qaryağdıoğlu 16 yaşında ifa etdiyi “Şüştər”, “Kürd Şahnaz” muğamları ilə məşhurlaşır. Məşhur tarzən Sadıqcanın təklifi ilə Şuşada “Xandəmirovun teatr salonu”nda təşkil edilən xeyriyyə gecəsində çıxış edir. Onun bu məclisdə oxuduğu “Heyratı”nın səsi-sorağı tezliklə Gəncəyə, Şamaxıya, Bakıya yayılır.Onu yaxın-uzaq şəhərlərə, Orta Asiyaya, İrana dəvət edirlər. Dahi bəstəkar Fikrət Əmirov yazırdı ki: “Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idi”. Onun sözləri heç də şişirdilmiş tərif deyildi, əsl həqiqət idi. Azərbaycan milli musiqisinin böyük ustadı ömrünün 70 ilini sənətə həsr etdi.

Opera səhnəsinin ilk Məcnunu

Cabbar Qaryağdıoğlu təkcə xanəndə deyildi, o həm də Azərbaycan opera sənətinin ilk ifaçılarından biri idi. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan “Məcnun Leylinin qəbri üstündə”musiqili səhnəciyində Cabbar Qaryağdıoğlu yaratdığı Məcnun rolu ilə həm də operamızın ilk aktyoru oldu. Sonralar Üzeyir Hacıbəyli Şərqin ilk operası barədə yazırdı: “Leyli və Məcnun” operasının yazılışına mən 1907-ci ildə başlamağıma baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə, 13 yaşımda ikən Şuşa şəhərinin musiqi həvəskarları tərəfindən tamaşaya qoyulan “Məcnun Leylinin qəbri üstündə” musiqili faciəsini görərkən oyanyıb”.1911-ci ildə Cabbar Qaryağdıoğlu Bakıda “Nikitin qardaşlarının teatrı”nda “Fərhad və Şirin” operasının ilk tamaşasında Fərhad rolunu ifa edir. O dövrün qəzetləri bu barədə yazırdılar: “Qaryağdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu”.

Danışan tarix

XX əsrin əvvəlinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. MuğamlarınAzərbaycan dilində ifası bütün Güney Qafqazda ənənəyə çevrildi.

Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri kimi də Cabbar Qaryağdıoğlu uzun illər bu mədəniyyət ocağında klassik musiqidən dərs deyərək gələcək xanəndələrin yetişməsində fədakarlıq göstərdi. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, radioda solist kimi uzun illər çalışdı.

Cabbar Qaryağdıoğlu tarixə həm də səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə kimi düşüb. Belə ki, xanəndə 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşava şəhərlərinə dəvət alıb və orada səsiqrammofon valına yazılıb.

“İrəvanda xal qalmadı”

Cabbar Qaryağdıoğlu bir dəfə İrəvanda toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xalqalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır. Bu, bir faktdır ki, "İrəvanda xal qalmadı" (illər uzunu xalq mahnısı kimi təqdim edilsə də) mahnısının sözləri də, musiqisi də CabbarQaryağdıoğluna məxsusdur. Onun 30-dan çox mahnısı Üzeyir Hacıbəyli, Müslüm Maqomayev tərəfindən nota salınıb. Opera və operetta yazan bəstəkarlarımıza Cabbar Qaryağdıoğlu yaxından kömək göstərib. CabbarQaryağdıoğlu təkcə elə tarzən Qurban Pirimovun müşayiəti ilə 300-ə qədər mahnı və təsnif oxuyub. Yaxşı ki, unudulmaz Bülbülün və bəstəkar Səid Rüstəmovun xeyirxahlığı nəticəsində həmin mahnılar nota köçürülüb.

Səsin möcüzəsi

Cabbar əmi deyərdi ki, kim ki, oxuyanda qaval çalmadı ha, o oxuyan deyil. Onun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğlunaminnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları da Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.

Tədqiqatçılar yazırlar ki, Cabbar Qaryağdıoğlunun Azərbaycan xanəndələri arasında daha çox dəyərləndirdiyi, sevdiyi Seyid Şuşinski olub. Xatirələrin birində oxuyuruq ki, 1913-cü ildə Bakı milyonçusu ŞəmsiƏsədullayevin qızının toyunda Tiflisdən dəvət olunan 24 yaşlı Seyid Şuşinski necə oxuyubsa, Cabbar Qaryağdıoğlu öz qiymətli və məşhur qavalını ona bağışlayaraq ağlamışdı.

Bəstəkar Süleyman Ələsgərov yazırdı: “Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdı. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarındo kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzə idi”.

Cabbar Qaryağdıoğlu sənəti ilə hər kəsin gözü qarşında möcüzə yaradırdı. Bülbül öz müəlliminin səsini yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi “Heyratı”, “Mahur”, “Mənsuriyyə” ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir”.

Xanəndənin qızı Şəhla xanımın xatirələrindən: “Günlərin birində Üzeyir Hacıbəyli atamı çağırıb deyir ki, konservatoriyada nə qədər mahnılar oxumusan, nota köçürüblər, sənə pul düşür. Cabbar əmi nə desə yaxşıdır, deyib ki, mən bumahnıları nə özüm üçün, nə də pul üçün oxumamışam, bu mahnıları oxumuşam ki, xalqıma yadigar qalsın”.

Günel Musa

 

 

 







31 Mart, 2014  12:01 Baxılıb: 1490 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner