Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“MANQURT”U HƏQİQƏT, “AĞ GƏMİ”Sİ XƏYAL OLAN – DAHİ

Məşhur yazıçının uşaqlığı çətinliklər içində keçib

Çingiz Aytmatov – “Gün var əsrə bərabər” əsərinin müəllifi, bütün dünyadakı insanların qəlbini fəth edən böyük yazıçı. Adı Çingiz xandan ilham alınaraq qoyulan yazıçıya Çingiz xanın mübarizə ruhu sirayət etmişdi. O, 1928-ci ilin dekabr ayında Qırğızıstanın Talas vilayətinin Şəkər kəndində dünyaya göz açanda, ölkəsində qarışıq siyasi sistem mövcud idi. Doğulduğu kəndin adı sizi yanıltmasın. Çünki Çingiz hələ gənc yaşlarından həyatın acı üzüylə qarşılaşmalı olmuşdu. II Dünya müharibəsinin SSRİ üzərindəki təsirləri gənclərə də təsir edirdi. Böyüklər müharibədə olduğu üçün gənclər işləmək məcburiyyətində qalırdılar. Və Çingiz də 14 yaşında işləməyə başladı. Gələcəyin məşhur yazıçısı kənd təsərrüfatı maşınlarının sayılması, vergi təhsildarlığı ilə məşğul olurdu.

Atası həbs olunan, daha sonra da güllələnən Çingiz bütün çətinliklərə baxmayaraq Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuya bilir. Elə yazmağa da həmin vaxtlardan başlayır. İlk yazıları “Pravda” qəzetində yayımlanır.

Dünyanın ən gözəl eşq hekayəsi

Luis Araqonun “dünyanın ən gözəl eşq hekayəsi” adlandırdığı “Cəmilə” yazıçıya şöhrət gətirən əsərlərindən biri olur. Çingiz Aytmatov müsahibələrindən birində “Cəmilə” povesti haqqında danışarkən qeyd edir ki, “Luis Araqon mənim bu əsərimi ilk dəfə fransız dilinə tərcümə edib və yaradıcılığımın dünyaya açılmasına səbəbkar olub”.
“Cəmilə”də yazıçı bir çox əsərində olduğu kimi müharibənin ön cəbhəsini deyil, arxa cəbhənin təsirlərini, daralan dünyaları, sıxışan insanları, insanlıqlarını qorumaq mübarizələrini, daxili çəkişmələri verir. Yazıçı müharibəni izah etməyin bir çox yolu olduğunu, ən məhsuldar, ən çox diqqəti cəlb edən yanaşmanın bu tərzdə olduğunu söyləyir. O, həmçinin qeyd edir ki, şüur altına yerləşən bir duyğu onu mövzunu bu şəkildə işləməyə sövq edir. O, deyir: “Mən qıran, yox edən bir ədəbiyyatın nümayəndəsi deyiləm”. Cəmilə və Danyarın hekayəsi Şimal-Qərbi Qırğızıstandakı Şəkər kəndindən dünyaya uzanan körpü olur.

“Yer üzündə yaşayan bütün insanlar haqqında ensiklopediya”

O, bir çox əsərini bir-birinə bağlaya bilir, öz gördüklərini, yaşadıqlarını ənənələrin süzgəcindən süzərək xalqıyla birlikdə yazırdı. 60 ildən çox yazıçılıqla məşğul olan Çingiz Aytmatov yazdığı hər dövrdə tabu sayılan mövzuları işləyib. Əsərlərini qırğız və rus dillərində qələmə alan Aytmatov qırğızların adət ənənələrini, müharibə illərində xalqın çəkdiyi çətinlikləri əks etdirib, eşq, dostluq kimi mövzulara toxunub. Romanları, hekayələri 150-dən çox dilə tərcümə edilən yazıçının əsərlərini “yer üzündə yaşayan bütün insanlar haqqında ensiklopediya” adlandırırlar. Əgər siz “Dağlar düşəndə”, “Darağacı - Dişi qurdun yuxuları”, “Fuji-Yama”, “Ağ gəmi”, “Əlvida, Gülsarı”, “Dağlar və Steplerden nağıllar”, “İlk müəllimim”, “Cəmilə”, “Üz-üzə”, “Çətinlikli keçid”, “Torpaq ana”, “Çingiz xana küsən bulud”, “Uşaqlığım”, “Qırmızı alma”, “Xirosimalar olmasın”, “İlk Durnalar”, “Gülsarı”, “Dəniz kənarııyla qaçan alabaş”, “Sultan Murat” əsərlərini oxusanız bu ifadənin nə qədər uğurlu olduğunu görə bilərsiz.

Bu qədər yaradıcı olmaq və “Məni həmişə dostlarımın düşüncələri kimi, oxucularımın düşüncəsi də maraqlandırıb. Onlardan daim soruşuram: “bu maraqlıdır, yoxsa yox”, - deyə bilmək, bax, onun böyüklüyü elə bunda idi.
Əsərlərində tez-tez mifologiyanı antik mənasından fərqli olaraq müasir zəmində sintez edərək yenidən yaradan Aytmatov, həm də miflərə, əfsanələrə və xalq hekayələrinə müraciət edirdi. Elə ona əbədi ölməzlik qazandıran “Gün var əsrə bərabər” romanında da bunu görmək olur. Əsərdəki ən təsirli hissələrdən “Manqurt əfsanəsində” türk, altay və qırğız əfsanələrində yer alan şüursuz kölədən bəhs edilir.
Kəskin sosial-fəlsəfı mövzuda yazılmış “Gün var əsrə bərabər”də yazıçının qəhrəmanları çətinliklərlə qarşılaşsalar da onlar hələ də yaxşılığa, insanlığa, saflığa, xeyirin şər üzərində qələbəsinə inanmağa davam edirlər. Bu xüsusiyyət son nəticədə özünü qəhrəmanların tale yollarında, qismətlərində də özünü göstərir.

“Yol yoldaşım”ız sevgidir

Aytmatovun ən maraqlı romanlarından biri də “Yol yoldaşım”dır. Əsərin Sovetlər dövründə filmi, balet və teatr versiyaları çıxsa da bəlkə də çoxları ondan xəbərsizdir. Əslində isə əsəri oxumayanlar belə, özlərinin xəbəri olmadan onun sujet xətti ilə tanış olublar. Çünki, əsər əsasında baş rollarında Kadir İnanır və Türkan Şorayın rol aldığı məşhur “Selvi boylum, al yazmalım” filmi çəkilib. Hamımızın sevərək izlədiyi bu film türk kinosunun dönüş nöqtəsi olaraq görülür. Atıf Yılmazın rejissorluğunu etdiyi filmdə eşqdən əvvəl sevgi, hörmət və güvənin gəldiyi vurğulanır. Filmin sonunda Aysel, İlyas ilə getsəydi, daha əvvəl çəkilmiş minlərlə filmdən biri olardı. Amma, Aysel eşqi yox, sevgini seçir. Yenə də əsərdə eşq kölgədə qalmayıb. Çünki eşq həmişə eşqdir. Və həmişə var olmağa davam edəcək.

İnsanları ağladan şablon filmlərdən fərqli olaraq “Selvi Boylum, Al Yazmalım” gözləri kor olan uşağa, xərçəng olmuş anaya deyil, boş yerə yanmış könüllərə ağladır bizi, eşqin məğlubiyyətinə, sevginin qazanmasına ağladır.

“Sevgi nə idi? Sevgi yaxşılıqdı, dostluqdu, sevgi əməkdi” deyir Türkan Şoray, sevginin eşq olmadığını göstərir bir daha. Ahmet Mekinə əsəbləşə bilmirik, filmin sonunda Aysel ilə uşağı aldı deyə, İlyasa da əsəbləşə bilmirik, yaxşı bəs kimə hirslənək? Həyata...

Bir qadın eşq, yoxsa sevgi istəyir? Bu həyatda sevilmək istəyirdik, yoxsa sevmək? Ən sonunda hansına razı olurduq? Sevilmək idi həqiqi ehtiyacımız yoxsa sevmək? Bir insanı bizi sevsin deyə sevirdik?- Aytmatovun “Yol yoldaşım” əsərində bu suallara cavab axtarılırdı.

“Nağıldan sonra Ağ gəmi”

“Bir əsərdə milli rəngləri əks etdirməyin ən yaxşı üsulu ümumi xüsusiyyətlərə sahib olan qəhrəman seçməkdir”, deyən yazıçı “Ağ Gəmi”də bizi bir uşağın dünyasına dəvət edir. O, adı belə olmayan bir uşaqdı. Qurduğu xəyal dünyasına heç kimi yaxınlaşdırmayan yalnız bir uşağın hekayəsidir, “Ağ gəmi”. Müəllif bu əsərində də yaşadığı dünyadan yola çıxıb. Yazıçı uşaqlığın və gəncliyin dünyanın gözəlliklərinin kəşf edildiyi bir qaynaq olduğunu söyləyir. Uşaqlıqda yaşananların təsirinin ömürboyu davam etdiyini qeyd edir. Əsərin tam adı “Nağıldan sonra Ağ Gəmi” dir. Bu ad nağıldan gerçəyə, həqiqətdən nağıla keçidi çox yaxşı açıqlayır. Həmçinin bu ad yazıçının əsərə gələcək tənqidlərə qarşı aldığı tədbirdir. Həqiqətən də yazıçı mərhəmətsiz tənqidlərə məruz qalır.
Uşağın çox güvəndiyi Mömin Dədənin də sonda şəxsən özünün danışdığı nağıla xəyanət edərək maralları öldürən Qırğızların vəziyyətinə düşməsi uşağa çox təsir edir. Nağıllarda ümumi alışılmış “xoşbəxt son” şablonuna uyğun gəlməyən bu son əslində əsərin nağıl olmadığını da göstərmiş olur.

Çingiz Aytmatov əsərlərinin səciyyəvi, özünə məxsus xüsusiyyətləri var. Məsələn, o demək olar ki, bütün əsərlərində sonu oxuyucudan gizləmir. Biz hər şeyi əvvəlcədən bilməyimizə baxmayaraq ümidlə gözləməyə davam edirik. Eynilə, Aytmatov “Gün var əsrə bərabər” romanının film çəkilişləri üçün getdiyi Kazanda xəstələnərkən və böyrək çatışmazlığı diaqnozuyla müalicə üçün Almaniyaya aparılarkən onun sağalacağını ümid etdiyimiz kimi...
Ancaq yazıçı Almaniyanın Nürnberg şəhərində Klinikum Nordda müalicə edildiyi vaxt komaya girir və 10 iyun 2008-ci il tarixində aramızdan ayrılır.

Onun əsərləri də belədi. Oxuyarkən özümüzü hekayənin içində hiss edirik. Amma yazıçı qəhrəmanlarla bütövləşməyimizi istəmir, buna icazə vermir. Bu səbəbdən də eyni əsəri ikinci dəfə oxuyarkən bu dəfə sonu fərqli olacaqmış kimi bir hiss oyanır içimizdə. Amma, hər şey yazıldığı kimi qalır, “Əsrə bərabər günlər” yaşanmağa davam edir.


İlknur Salamova






15 Aprel, 2013  15:11 Baxılıb: 3817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner