Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HƏMİDƏ ÖMƏROVA: “BU MƏNƏM” DEDİYİM ROLUM YOXDU” - FOTOSESSİYA

.

Ad günü ərəfəsində görüşdük. Universitetdə rəhbəri olduğu kinoşünaslıq fakültəsində dərs keçirdi. Dinləyici olduq, mühazirədən sonra, növbə “Simsar”la həmsöhbət olmağa çatdı. Bu dəfə Həmidə Ömərova “Özü danışır”da.

Dosye:
Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm" (Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Vah!" (gəlin), "Babamızın babasının babası" (Zeynəb), "Qorxma, mən səninləyəm" (Telli), "Üzeyir ömrü" (Məleykə), "Nizami" (Afaq), "Musiqi müəllimi" (Şəfiqə), "Burulğan" (Tamara), "Şirbalanın məhəbbəti"( Nazlı), "Divlər zindanı" (Nuriyyə), "Əzablı yollar" (Nurzad), "Doğma sahillər" (Zivər), "Dədə Qorqud oğuznamələri" (xan qızı), "Dronqo" (Elmira) və başqa filimlərdə rol alıb. 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib. 1988-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarının müəllifidir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

“...Yuli Qusmandan narazıyam”

1975-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsinə qəbul olundum. İnstitutda oxuyanda müəllimlərimiz filmə çəkilməyimizə icazə vermirdilər. Amma mən 4-cü kursda qısametrajlı bir filmdə diş həkimi obrazına dəvət aldım. Oqtay Mirqasimov filmi bir müddət dayandırdı. Fürsətdən istifadə edib bir “Mozalan” çəkdi. Beləcə, mənim ilk dəfə çəkildiyim rol “Mozalan” Satirik Kinojurnalında oldu. Orda necə çəkilməyimi, nə hisslər keçirdiyimi indi xatırlaya bilmirəm. Uzun illər keçib. Amma ondan sonra da bütün rollarımı ifa edəndə qəribə həyəcan olub...
İnstitutu bitirəndən sonra Bakıya gəldim. Təyinatımı “Azərbaycanfilm” kinostudiyasına aldım. Orda bir müddət çalışandan sonra Oqtay Mirqasımov və Nəbi Xəzrinin ssenarisi əsasında çəkilən “Anlamaq istəyirəm” iki serialı bədii filmə dəvət aldım. Baş rola - Çinarə obrazına çəkildim. Eyni zamanda, Fikrət Əliyevin “Qızıl uçurum” filmində Şəfiqə obrazını oynadım. Bu filmlər uğurlu alındı. Bundan sonra bir sıra filmdə rol aldım: “Yol əhvalatı”, “Qorxma mən səninləyəm”, “Üzeyir ömrü”... Hər obrazımda məndən nəsə var. Amma “bu mənəm” dediyim bir rolum yoxdu. Əvvəllər ən çox xoşuma gələn obraz Çinarə idi. İndi Afaqı da çox sevirəm. Qəlbimə yaxın obrazdır. Afaqın ülvi, pak hisləri, həyata, Nizamiyə bağlılığı mənə çox doğmadır. O yeganə rol idi ki, çəkilişin bitməsindən altı ay keçəndən sonra da, mən qəlbən Üzeyir Hacıbəyovun “Sənsiz”ini zümzümə edirdim. İndiyə qədər narazı qaldığım yeganə obraz Yuli Qusmanın “Qorxma mən səninləyəm-2” filmindəki Tellidir. Orda birinci filmdəki Tellidən əsar-əlamət qalmayıb, epizodik bir obraz olub. Yəni filmdə bütövlük olsun deyə çəkildim. Ümumi rəy yaranmasın ki, Telli öldü, uşaqlar anasız qaldı. Burda təbii ki, roldan yox, rejissordan narazıyam.

“Guya utanıb başımı aşağı salanda...”

Gözəl insanlarla işləmişəm. Məmməd Məmmədov, Məmmədrza Şeyxzamanov, Əliabbas Qədirov, Hamlet Qurbanov, Həsən Məmmədov, Həsənağa Turabov, Müslüm Moqamayev, Polad Bülbüloğlu kimi tərəf müqabillərim olub. Bir gülməli tərəf-müqabilim heç yadımdan çıxmaz. “Yol əhvalatı” filmindəki gürcü Vaxtanq Pançulidze boyca məndən balaca idi. Bizim də bir məhəbbət səhnəmiz vardı. Oğlan qıza onu sevdiyini etiraf etməlidi. Orda deyir: “Zümrüd, nənəmi göndərəcəm sizə”. Mən də utanaraq başımı aşağı salıb, deyirəm ki, hə göndər də. Rejissor Teymur Bəkirzadə boyumuz uyğun gəlsin deyə oğlanın ayağının altına yekə bir daş qoymuşdu. Oğlan daşın üstünə çıxıb, mənə eşq elan edirdi. Hər dəfə guya utanıb başımı aşağı salanda gözüm o daşa ilişirdi. Gülməkdən uğunurdum. Ona görə həmin səhnəni çəkənə qədər çox çətinlik çəkdik. Film çəkilişlərində başqa gülməli əhvalatlar da çox olub. O zaman filmlər rus dilində çəkilirdi. Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” filmində istəmədiyim adam mənə elçi gəlir. Əhmədin – yəni, elçi gələn oğlanın atası rolunda Əşrəf Mamayev çəkilirdi. O rus dilində ləhcəylə danışırdı. Məşq zamanı məni gülmək tuturdu. Axırda Oqtay Mirqasımov əsəbləşdi ki, Həmidə sən arxası kameraya tərəf oturmusan, amma gülməkdən çiyinlərin titrəyir. Biz filmi çəkə bilmirik. Yeddi səkkiz dubl belə korlandı, axır özümü güclə saxladım. Kişi danışdıqca gülməkdən boğulurdum...
“Əzablı yollar” filmində isə təhlükəli bir hadisə ilə qarşılaşmışdım. Böyük şahzadəni oynayırdım. Orda bir səhnə var – şahzadələr at üstündə qardaşlarını xilas etməyə gedirlər. Qrup yoldaşlarım da bu filmdə çəkilirdi. Rejissor Tofiq İsmayılov onlardan soruşub ki, Həmidə at çapmağı yəqin bacarır, Moskvada oxuyub öyrənib. Uşaqlar da deyib ki, hə, əla at sürür. O da fikirləşib ki, bir ipə-sapa yatmayan at var, çəkilişdə mənə verər. Çəkiliş meydanına gəldim. At o qədər nəhəng idi ki, iki nəfər məni atın belinə qaldırdı. Ömrümdə bir dəfə də at sürməmişdim. Uşaqlar məni aldatdılar. Düşündüm ki, yəqin elə bu cür dayanacam, vəssalam. Atın üstündə başladım üzümü pudralamağa. Birdən at məni götürüb, baş alıb getdi. Bir də gördüm ki, ayaqlarım göyə qalxır, başım da aşağıda. Uşaqlar çox qorxdu, öz atlarını dalımca sürdülər. Qışqırdılar ki, üzəngini özünə tərəf dart. Bilmirəm, üzəngini hardan tapdım, at dayandı...

“Düşündüm ki, məni bəyənməzlər”

Bir dəfə də Naitq Rəsulzadənin “Bayramda yağış” hekayəsi əsasında filmə çəkilirdim. Çəkilişlər Dağüstü parkda aparılırdı. Martın əvvəlləri, şaxtalı hava idi. Bir nəfər mənə yaxınlaşdı ki, siz Azərbaycanca danışa bilirsiz? Azərbaycan dilini bildiyimi dedim. Dedi ki, “Yeni filmlər” adlı bir veriliş var, siz apara bilərsiz? Amma sınaqdan keçmək lazımdı. Əvvəlcə vaxtımın olmadığını, filimlərə çəkildiyimi söylədim. Proqramın rəhbəri xahiş etdi, verilişin aparıcısı kimi təsdiq olundum. Bir il “Yeni filmlər”i apardım. O zaman Ayaz Salayev Azərbaycan Televiziyasında “Retro” verilişini aparırdı. O, Moskvaya təhsilini davam etdirməyə gedəndə rəhbərlik həmin verilişi mənə tapşırdı. Düşündüm ki, bu verilişə Ayaz məşhurluq qazandırıb, məni heç bəyənməzlər. Dedilər, sınaqdan keçir. İlk veriliş martda oldu. Ondan sonra 22 il o verilişə aparıcılıq etdim. Bundan əlavə də televiziyada layihələrim olub. “Kinoştrix” verilişinin ssenari müəllifi olmuşam. Həmin verilişə görə Azərbaycan Filmləri Festivalında mükafata layiq görüldüm. İndi Mədəniyyət kanalında ayda iki dəfə dünya kino xadimlərindən bəhs edən “Kino ulduzları” adlı layihəm efirə gedir.

“Hər şeydən əlim soyudu”

Oğlum tələbədi, keçən il qəbul olunub. Kompüter mühəndisliyində oxuyur. Televiziya, kino, müəllimlik və yazılarım həyatımın ayrılmaz parçalarıdı. Yazılarım bir neçə mətbu orqanlarda və informasiya portallarında dərc olunub. Keçən il avqustun 5-də anamı itirdim. Ondan sonra hər şeydən əlim soyudu. Qadınlar üçün yazdığım ssenari yarımçıq qaldı. Universitetdə də dərs deyirəm. Tələblərimdən yaxşıları da var, marağı olmayanları da. Amma istedadlı gənclər çoxdu.
İndi seriallar dövrüdü. Onları qəbul edib-etməməyim başqa məsələdi. Amma serialların çəkilməsinin tərəfdarıyam. Özüm türk seriallarını maraqla izləyirəm. “Muhteşem Yüzyıl” və “Öylə bir keçər zaman ki” seriallarına həvəslə baxıram. Peşəkar çəkiliş diqqətimi çəkir. Ona görə həmin seriallara rəğbətim var. İstərdim bizim seriallar da yüksək səviyyədə çəkilsin. Yaxşı filimlərin çəkiləcəyi ümidi ilə yaşayıram.

Arifə Mikayılova

"SİMSAR" jurnalı 

 






28 Noyabr, 2012  14:13 Baxılıb: 2023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner