Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fazil Mustafa: "Dağlı papirosu"

.Əsgəri öldürüb orqanlarını satdılar. Əsgəri güllələdilər. Əsgər öz yoldaşlarını güllələdi. Əsgər intihar etdi. Əsgəri zorladılar...

Hər səhər yuxudan qalxıb mediaya üz tutarkən bu xəbərləri acı bir həb kimi udmağa alışmışıq. Söhbət Azərbaycan əsgərindən gedir. Sənin oğlun, mənim qardaşım, onun qohumu, bunun dostu... Bu məlumatların adiləşməsi belə insanın təpəsindən tüstü çıxarır. Orduda ciddi problemlər var. Bunları, əlbəttə, bütün çılpaqlığı ilə virtual məkanda müzakirə etmək doğru olmaz, ancaq başqa bir məkan da yox. Avropada bu müzakirələr parlament müstəvisində aparılır. Orduya parlament nəzarəti var və büdcə vəsaitlərinin necə xərclənməsindən tutmuş, şəxsi heyətin yaşam və təlim şərtlərinə qədər ciddi nəzarət altındadır. Bizdə isə bu məsələnin üzərindən sükutla keçilir. Biz əslində müharibə aparan cəmiyyətə bənzəmirik, müharibənin apardığı, yıpratdığı cəmiyyətə bənzəyirik.
Hamıya bəlli ki, ordu lüks və istirahət məkanı deyil, silah və güllə olan yerdə hər zaman həyat riski və ya ən azından təhlükə var. Fiziki çətinliklər, əziyyətlər, tər tökmələr əlbəttə ki, olmalıdır. Azərbaycan insanının çoxluğunu rahatsız edən başqa bir durumdur. Ordu hüququn işləmədiyi yerə çevrilməkdədir. Cəzasızlığın baş alıb getdiyi yerə çevrilməkdədir. Əsgərin həyatı və şərəfi, zabitin karyerası hər zaman risk altındadır.

Yaşadığımız mülki həyat şərtləri də orduya həm fiziki, həm da əqli baxımdan tam sağlam əsgər göndərməyə əlverişli deyil. Təhsil sistemimizin bizə ərməğan etdiyi kütləvi savadsızlığa görə orduda manqa komandiri seçmək ən ağır işlərdən biridir. Xeyli sayda əsgər əlifba hərflərini, yazı yazmağı belə bilmir. Çox zaman daha ağıllının deyil, daha güclünün üzərində seçim edilir və bu da sonda yumruq tabeçiliyinin acı nəticələrini ortaya qoyur. Azərbaycan zabitinin təminatı yoxdur ki, xidməti başa vurduqdan sonra mənzillə təmin olunacaq və rahat ailə həyatı sürəcək. Ezamiyyət pulları çox aşağıdır və döyüş bölgəsində zabitlərin ailələri ciddi əziyyət çəkirlər. Zabit və gizir uşaqlarına hansısa imtiyazlar düşünülməlidir. Tanıdığım bir hərbçi ailəsinin övladı atasının xidmətinə görə 11 ili 8 məktəb dəyişərək bitirmişdi. Repetitor tutmağa atasının imkanı olmadığından, oxumağa həvəsi olsa da, ali məktəbə girə bilmədi. Başqa bir zabit döyüş bölgəsindən aralanaraq xroniki xəstə uşağını imtiyazlı müalicə müəssisəsinə qoya bilmir.

Döyüş bölgəsində ən uc nöqtədə taqım komandiri olmuş bir vətəndaş kimi deyirəm: Qarabağı yalnız peşəkar ordu vasitəsilə beynəlxalq şərtlər bizim üçün əlverişli olarsa, azad etmək mümkündür. Sadəcə, xəritəyə baxıb bir gerçəkliyi müşahidə etsəniz, kifayət edər - ermənilər əksər mövqelərdə bizə yuxarıdan aşağıya baxır, yəni hündürlükdə olan mövqelər onların əlindədir. Bizim əlimizdə isə Murov istisna olmaqla əsasən düzən relyefdir. Murovda da hündürlük məsələsində bizdən üstündürlər. Bir sözlə, dağlıq şəraitdə döyüşən peşəkar hərbçilərə və müasir texnikaya üstünlük verilməlidir. Kimdəsə düşüncə yarana bilər ki, peşəkar ordu daha çox vəsait tələb edir, bu bir qədər şişirdilmiş məsələdir. Korrupsiya yaradan amillərin qarşısı alınarsa, heç bir çətinlik meydana çıxmaz. Bir də xüsusi təlim keçmiş, yerli relyefi bilən mobil partizan qruplarının hazırlanmasına ehtiyac var.

Etiraf edək ki, biz xaraktercə savaşçı və inqilabçı xalq deyilik. Fərdi qəhrəmanlarımız hər dövrdə var. Ən sonuncu 20 Yanvar dastanı da əslində Koroğlu dastanı kimi bir qəhrəmanlıq dastanıdır. Xatırlayıram ki, hamımız tələbə idik və hər birimizin cibində 7-8 qumbara vardı, amma birimiz də rus tankının üstünə hücum edib partlatmadıq. Sovet ordusu Bakıda ciddi müqavimətlə qarşılaşmadı və komendant saatı zamanı da heç olmazsa Fələstində olduğu kimi, yabançıların başına daş da yağdırmadıq. 1988-ci ildə də “biz ölərik, meydanı tərk etmərik” desək də, kimsə ölmək istəmədi və meydanı da rahatlıqla tərk etdik. Ona görə də tarixi dəyərləri və xarakteri savaşa köklənməyən bir cəmiyyətin elliklə Qarabağ savaşı aparması çox da inandırıcı görünmür. Demək, Qarabağı xalq savaşı ilə deyil, peşəkar savaşa hazırlaşaraq çözməmiz daha ağlabatan görünür. Daha hansı işlər görülməlidir? Hər halda, bunu cəmiyyətlə məsləhətləşmələrdə daha doğru müəyyənləşdirmək olar. Sadəcə, cəmiyyəti savaşın içinə qatmasaq da, Qarabağ mövzusunun içinə qatmaq lazımdır.

Yekunda elliklə savaşın bir tarixi örnəyini deyim, bəlkə nə zamansa işimizə yarar. Aleksand Dümanın son dərəcə maraqlı olan “Qafqaz səfəri” əsərini oxumuş olanlar yəqin ki, bir epizodu xatırlamış olarlar. Şamil hakimiyyətə gəldiyində maraqlı sayıla biləcək bir addım atdı. O zaman dağlıların böyük əksəriyyəti papiros çəkirdi və əsas pul vəsaiti keyfiyyətli tütünə xərclənirdi. Şamil papiros çəkməyi qadağan etdi və tütünə verilən pullarla Rusiyaya qarşı savaşmaq üçün silah almağı əmr etdi. Hərçənd mən də papiros çəkən və araq içən azərbaycanlı görəndə xoş hisslər keçirməsəm də, bunu sadəcə misal olaraq xatırladıram. Yəni cəmiyyəti, xalqı səfərbər etmənin çeşidli yolları var. Sadəcə, ağıl işlətmək və səmimi niyyətə sahib olmaq yetərlidir...






13 Oktyabr, 2012  02:32 Baxılıb: 1092 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner