Şəhərdə kommunikasiya xətləri yenilənəcək
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı Layihə-2” çərçivəsində Beyləqan şəhərində su qəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası üzrə keçirilən beynəlxalq tender başa çatıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Azərbaycan və Almaniya birgə müəssisəsi “ T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” qalib elan edilmiş və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.
Layihəyə əsasən, Beyləqan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 150 metr olan 5 ədəd subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Bununla yanaşı, layihə çərçivəsində 71 000 m uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi, 3400 abunəçinin su sayğacı ilə təmin edilməsi, tutumu 500 kubmetr olan 2 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Kanalizasiya şəbəkələrinin bərpası çərçivəsində 2750 ünvana xidmət edəcək 79 000 m uzunluğunda çirkab su şəbəkəsi çəkiləcək.