Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QƏDR GECƏSİNİN SİRRİ

Hacı Şahin: “...ibadət gərək düşüncə ilə olsun, insan gərək nə etmək istədiyini bilsin”

Ramazan ayında çoxlarını maraqlandıran suallar, bilmək istədikləri məqamlar var. Bunlardan biri də Əhya gecələri, Qədr gecəsi və onun dualarıdır. Simsar.az Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahindən bu barədə insanları düşündürən suallara cavab alıb.


- Hacı istərdik ki, Əhya gecələrinin Ramazan ayının digər günlərindən seçilməsi və əməlləri ilə bağlı danışasız.

- Ramazan ayının Qədr gecəsi haqqında “Qurani-Kərim”dəki “Qədr” surəsində danışılır. Surədə buyurulur ki, “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!” Arxasınca Allah peyğəmbərə buyurur ki, “Sən haradan biləsən ki, Qədr gecəsi nədir?”. Yəni bu gecə o qədər əzəmətli gecədir ki, Allah peyğəmbərə buyurur ki, sən də bilməzsən bu gecənin nə qədər fəzilətli olduğunu. Sonrakı ayədə buyurulur ki, “Qədr gecəsi min aydan xeyirlidir”. Deməli, bir gecə min aydan xeyirlidirsə, min ay da 80 ildən artıq edir. Burdan belə anlaşılır ki, bir gecənin – Qədr gecəsinin ibadəti 80 ilin ibadətindən daha üstündür.

- Bəs haqqında danışdığınız Qədr gecəsi Ramazan ayının hansı günüdür?

- Qədr gecəsi Ramazan ayının axırıncı 10 gününə təsadüf edir. Daha doğrusu, bir gecədir, ancaq hansı gecə olduğu dəqiq bildirilməyib. Hədislərdə Ramazan ayının 19, 21 və 23-cü gecələr daha çox qeyd olunub. Yəni 18-ci gün qurtarır, 19-cu gecə girir. Bizim təqvimlə avqust ayının 7-dən 8-ə keçən gecə birinci Qədr gecəsi, 9-dan 10-una ikinci Qədr gecəsi, 11-dən 12-ə üçüncü Qədr gecəsidir.

- Qədr gecələri səhv etmiriksə xüsusi dualar oxunur. Bəs bu dualar nə üçün oxunur?

- Bəli, bu gecələrdə xüsusi dualar var. Bu dualar “Quran”ı qarşılamaq üçündür. “Quran”ın başın üzərinə qoyulub müəyyən duaların edilməsi, xüsusi ibadətlər var. Bu duaları və ibadətlərin heç birini bilməyən insanlar isə sadəcə öz evində gecə oyaq qalıb, Allaha minacat və ibadət edə, bildiyi şəkildə dualar edə bilər. Vacib deyil ki, bu duaları biləsən. Amma daha yaxşı olar ki, gecənin xüsusi dualarını oxuyasan və ibadətini edəsən.

- Hacı, həmin gecə insanların oyaq qalmasının bir səbəbi var?

- İllərin ayları içində ərəbcə “Seyyidü-şühul” – yəni “Ayların Sultanı” Ramazan ayıdırsa, Ramazan ayının günləri və gecələri içərisində ən üstünü Qədr gecəsidir. Ramazan ayı digər aylardan Qədr gecəsinə görə seçilir. Qədr gecəsi ona görə fəzilətlidir ki, məhz “Quran” bu gecə nazil olub. Ona görə də bu gecə ibadət etmək və düşünmək üçün münasib fürsətdir. Təkcə ibadət yox, ibadət gərək düşüncə ilə olsun, insan nə etmək istədiyini gərək bilsin. Qədr gecəsində insan gərək “Quran” oxusun, yaradılışının fəlsəfəsi haqqında düşünsün ki, mən bu dünyada nəyə görə mövcudam. Nəyə görə yaradılmışam. Hansı məqəsədə çatmalıyam. Bu düşüncələrlə gecəni keçirmək və eyni zamanda dua və ibadət etmək tövsiyə olunur.
İnsan hər halda Allahla öz arasında körpü yaratmağa çalışmalıdır. Belə nəticəyə gəlmək olar ki, bu gecədə yatan insanların qəlbi ölüb. O qədər fəzilətlərlə dolu olan bir gecədə insan uzanıb yatırsa və bu məsələlərdən xəbərsizdirsə, bu bir növ Allah hüzurunda hörmətsizlik, ədəbsizlikdir. Ona görə də bu gecəni insanın gücü çatdıqca səhərə qədər yuxusuz qalıb ibadətdə keçirməsi və dualar etməsi daha yaxşıdır. Çünki gecələr dualar daha tez qəbul olunur.

- Bəzən insanlar deyirlər ki, bu gecədə mütləq müxtəlif formalardakı duaları - ərəbcə yazılan duaları oxumalısan. Sizcə insan öz bildiyi duaları özünün anladığıı tərzdə oxuya bilərmi?

- Təbii ki, oxuya bilər. Ümumiyyətlə, dua insanın ürəyinin sözüdür. Düzdür xüsusi dualar var. Onlardan oxuyub öyrənirik. Onları tərcümə edib və yaxud tərcümələrdən oxuyub öyrənmək olar. Oxumamaq da olar. Əslində dua insanın Allaha özü bildiyi, başa düşdüyü şəkildə deyəcəyi sözlərdir. Yəni bunun heç bir çərçivəsi yoxdur... Əksinə insanın öz dilində dua eləməsi daha yaxşıdır. İnsanın günün istənilən saatında Allaha əl açması və istəyini deməsi – bunun özü elə dua etməkdir. Burda heç bir çərçivə və məhdudiyyət yoxdur. Dua edərkən ədəb qaydalarına riayət etmək: diz üstə oturmaq, əlləri qabağa açmaq, Peyğəmbərə və Əhli-Beytə salam və salavat göndərmək və yaxud duadan öncə günahlardan peşman olduğunu bildirmək və tövbə etmək, üzü qibləyə oturmaq, sədəqə ayırmaq və s. Bunlar şərtdir, amma heç biri vacib şərt deyil. Duaların qəbulunu tezləşdirən şərtlərdir. Duaları dilə gətirmək daha yaxşıdır. Ürəkdən keçənləri dilə gətirməklə Allahla danışmaq yaxşıdır. Ancaq yaxşı olar ki, dilə gətirilən zaman yanında adam olmasın.

Simsar.az

 

 






7 Avqust, 2012  15:43 Baxılıb: 5695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner