Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həmkarları Elmarın 45 yaşını qeyd edib

Onun yoxluğu Azərbaycan cəmiyyətində hiss olunur"

yulun 17-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun yubileyi idi. Daha doğrusu, yaşasaydı, 45 yaşını qeyd edəcəkdi. Həmkarları son 7 ildə dəyişməyən bu ənənəni 17 iyulda da davam etdirdilər. Mərhum jurnalistin ad günü onun məzarı başında, dostlarının, həmkarlarının əhatəsində qeyd olundu.


Anım mərasimini giriş sözü ilə açan naşir Şahbaz Xuduoğlu dedi ki, E.Hüseynovun ad günü son 7 ildə onun iştirakı olmadan keçirilir. “Onun yoxluğu Azərbaycan cəmiyyətində hiss olunur” deyən naşirin sözlərinə görə, E.Hüseynov dəst-xəttinin olmaması da mətbuatda sözünü deyir: ”O, yaşasaydı, indi onun bir neçə Aslanı olardı. Həftə sonu ailəsiylə birgə istirahətə gedərdi. Bəlkə də xaricə köçərdi, amma sağ-salamat olduğunu bilərdik. Elmarın bu cür yoxluğu daha pisdir. Adam günah hissiylə yaşayır. Xüsusən Elmarın öz günlərində - doğum, ölüm günlərində bu günah daha çox özünü göstərir. Biz vətəndaş cəmiyyəti olaraq Elmar üçün minimum şeyləri edə bilmədik. Elmara burdan demək istəyirəm ki, biz cəmiyyət olaraq sənin yanında daha əyriyik”.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının azadlığa çıxmasına toxunan Ş.Xuduoğlu həbsdə qalan fəalları, habelə İranda məhbus həyatı yaşayan şairləri də yada saldı. Dedi ki, cəmiyyət ətalət çirkabındadır və heç bir reaksiya vermir, aktivlik sıfır dərəcəsindədir: ”Elmar bu cəmiyyətdən daha canlıdır. İllər keçdikcə onun canlılığı daha çox görünür”.

Müsavat başqanı İsa Qəmbər isə çıxışında dedi ki, Elmarın doğum günündə daha nikbin olmağa haqqımız olmalıdır. Başqan sosial şəbəkədə bu günlə bağlı adını çəkmədiyi bir nəfərin “bu gün Elmarın doğum günüdür. Siyasətçilər də ora gedib şəkil çəkdirəcəklər” tipli status yazdığını xatırlatdı. Bunu özünə aid etmədiyini deyən İsa bəy qətlindən sonra daim Elmarın yanında olmağa çalışdıqlarını xatırlatdı: ”Biz hər dəfə bura, onu yad etməyə gələcəyik. Ölüm günündə də, doğum günündə də. Gəlsək də, gəlməsək də, jurnalistlər bizi tənqid edəcəklər. Sağ olsunlar. Biz bunu deməliyik ki, Elmar intellektual jurnalist idi. Biz eşitməyənlərə eşitdirməliyik ki, Elmarın qatilləri qanun qarşısında cavabını alacaqlar. Elmar yaşasaydı, jurnalistikanın səviyyəsi daha yüksəkdə olardı”.
İ.Qəmbər dedi ki, Elmarın qatilləri tapılandan sonra da bu cür anım tədbirləri keçiriləcək, amma daha böyük miqyasda. Müsavat başqanının sözlərinə görə, Elmar təkcə Sabir Hüseynovun oğlu olmayıb: ”O, həm də bizim qardaşımızdır, biz qardaşımızı yad etməkdə davam edəcəyik”.
Hüquq müdafiəçisi Eynulla Fətullayev isə 10 il öncə, bu gün E.Hüseynovun 35 yaşını birgə keçirdiklərini yada saldı. Çıxışçı zaman və məkan fərqliliyi faktoruna diqqət çəkərək vurğuladı ki, əslində Elmarın qətli ritual qətl olub: ”Bu, təkcə Elmarın yox, demokratiyanın, vətəndaş cəmiyyətinin qətli idi. Bu anım tədbiri sanki bir forumdur. 8 milyonluq Azərbaycan xalqının kiçik bir hissəsi burdadır. Amma bu forum iştirakçılarının sayı get-gedə azalır”.
Arif Hacılı isə “Elmarın adı bizim üçün müqəddəsdir” dedi. Onun sözlərinə görə, mərhum baş redaktor azad söz uğrunda mübarizənin abidəsidir: ”Həbsdə olmadığım vaxt Elmarla bağlı bütün tədbirlərdə olmuşam. Azərbaycanda həllini gözləyən problemlər həddən artıq çoxdur. Amma mən bu məsələyə nikbin yanaşıram. Əminəm ki, Azərbaycanda dəyişikliklər olacaq. Bunlar isə hakimiyyət dəyişikliyindən sonra baş verəcək. Azərbaycan hakimiyyəti qətlə yetirməklə onun işini dayandıra bilmədi. Bu gün azad söz uğrunda mübarizə aparan insanlar bu işi davam etdirirlər”.
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova isə Elmarla onun ölümündən sonra dostlaşdığını dedi. “Ölən gün anlamışdım ki, onu tək buraxmasaydıq, öldürməzdilər” deyən X.İsmayılovaya görə, jurnalisti öldürənlər bu qətldən sonra ölkədə sükut düşəcəyini bilirdilər: ”Amma bu sükutu pozanları cəzalandırdılar. Mən də bu sükutu pozuram. Bilirəm ki, bunu tək mən etmirəm. Razı deyiləm ki, qətllə hər şeyə son qoyuldu. Hər dəfə yazı yazanda, araşdırmamı qələmə alanda düşünürəm ki, Elmarın gözəl təyin etmə qabiliyyəti vardı. O qabiliyyətlə Elmar bu yazını daha yaxşı yazardı. Elmar sözə şapalaq kimi təyinat verirdi. Bu, bir jurnalist üçün əvəzedilməz qabiliyyət idi”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev E.Hüseynovun sağlığında səsləndirdiyi proqnozların yavaş-yavaş özünü doğrultduğunu dedi. Onun sözlərinə görə, regionda ciddi proseslər gedir: ”Elmar konkret fiziki şəxslərlə mübarizə aparmırdı. Onun hədəfində siyasi sistem var idi. O sistem Elmarın ayaqları altına çökəcək. Onlar 7 il əvvəl Elmarı qətlə yetirəndə düşünürdülər ki, qələbə çaldılar. Amma bu, müvəqqəti qələbə idi. Amma sonuncu qələbəni Elmar çalacaq”.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun(RATİ) sədri Emin Hüseynov xatırlatdı ki, Elmarın ölümündən sonra jurnalistlərə qarşı basqılar daha da çoxaldı. Çıxışçının dediyinə görə, son olaraq “KİV haqqında” qanuna düzəlişlər edilərək, jurnalistlərin informasiya əldə etmək azadlığını məhdudlaşdırdılar: ”7 il əvvəl Elmarın qətli ilə pozulan atəşkəs hər il daha ağır itkilərlə davam edir”.
Ş.Xuduoğlu bəzi tədbir iştirakçılarından fərqli olaraq E.Hüseynovun qətlinin açılacağına inanmadığını dedi: ”Amma ildə ən azı iki dəfə - doğum və ölüm günündə onu yad edəcəyik. Kiçik torpaqlar böyük insanları daşıya bilmir. Elmar da kiçik torpağın böyük insanı idi”.






17 İyul, 2012  21:03 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner