Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

70 İL BAYRAM ETDİYİMİZ İŞĞAL GÜNÜ – 28 APREL

Bu gün Azərbaycanın ruslar tərəfindən növbəti dəfə işğal olunmasının 92-ci il dönümüdür. 


1920-ci il aprelin 27-də son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verir. Aprelin 28-də Hərbi İnqilab Komitəsi rus bolşeviklərinin lideri Vladimir Leninə “Biz Bakı neftini ələ keçirdik” məzmunlu teleqram göndərir.

Sovet rejimi Azərbaycan Xalq Cümhuriyyətindən təhvil aldığı 114 min kvadratkilometrlik ölkənin böyük bir hissəsini Ermənistan başda olmaqla qonşu dövlətlər güzəştə gedir. 1920-ci ilin aprel ayının sonlarından 1941-ci ilin avqustuna qədər repressiyalarda 47 min adam qətlə yetirilir.

Dostu düşmən, düşməni dost kimi təqdim etmiş kommunist
rejimində işğalın səhəri günü, yəni 28 aprel, 70 il bayram kimi qeyd
olunub. Həmin hadisədən 92 il keçməsinə baxmayaraq, hələ də
tarixin həmin səhifəsini qara ləkələrdən tam təmizləmək mümkün
olmayıb. Sovet tarixşünasları iddia ediblər ki, 28 aprel zəhmətkeşlərin milli hökümətdən narazılığının inqilabla
nəticələndiyi gündür. XI ordunun işğalı sovet tarixşünaslığında belə şərh olunur: "1920 - ci ilin yazında Azərbaycanda inqilabi şəraitin yaranması fəhlə sinfinə yoxsul kəndlilərlə ittifaq bağlayıb, müsavat hökümətini yıxmaq və hakimiyyəti ələ almaq imkanı verirdi. Azərbaycan zəhmətkeşlərinin milli mənafeyinə xain çıxan müsavatçıların ifşa edilməsi nəticəsində burjuaziya və onun millətçi partiyası olan Müsavat təklənmiş oldu. Azərbaycan İnqilab Komitəsi RSFSR XKS sədri V.İ.Leninə teleqram göndərərək xarici və daxili əksinqilabın birləşmiş quldur dəstələrinin təzyiqinə öz qüvvəsi ilə müqavimət göstərməyə
imkanı olmadığına görə, Qızıl Ordu dəstələrinin Azərbaycana
göndərilməsini xahiş etdi. Bu xahişi nəzərə alaraq Qızıl Ordu
hissələri aprelin 27 - də Azərbaycan sərhəddini keçib, gecə yarısı
Bakıya yaxınlaşdı, aprelin 27- dən 28 - nə keçən gecə Bakıda heç bir
güllə atılmadan proletariatın dinc silahlı üsyanı qalib gəldi və Sovet
hakimiyyəti bərpa edildi. Bütün hakimiyyət Müvəqqəti Azərbaycan
İnqilab Komitəsinin əlinə keçdi və Azərbaycan müstəqil Sovet Sosialist
Respublikası elan edildi. Bakıda inqilabi çevriliş xəbərini aldıqda,
AK(b)P Gəncə Vilayət Komitəsi aprelin 29 - da Gəncə quberniyasında
hakimiyyəti ələ aldı”.

Müasir Azərbaycan tarixçiləri isə hesab edirlər ki, əsilində hadisə bu cür baş vermişdir. 1920-ci ildə Bakıda heç
bir inqilab olmamış, 40 minlik Azərbaycan milli ordusunun əksəriyyətinin Qarabağda erməni qiyamçıları ilə mübarizə apardığı bir zamanda, fürsətdən istifadə edən XI ordu sərhəddi keçərək işğalçı
yürüşə başlamışdır. Qüvvələrin qeyri - bərabərliyini nəzərə alan
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanması, yeni yaranan hökümətin müvəqqəti orqan olması, hökümət idarələrindəki köhnə qulluqçuların tutduqları
vəzifələrində qalması, hökumət və parlament üzvlərinin həyat və
mülkiyyət toxunulmazlığının təmin edilməsi və s. şərtlərlə
hakimiyyətin müsəlman bolşeviklərinə verilməsi haqqında qərar
çıxararaq Bakını döyüşsüz təslim edib. Hadisələrin bu cür
cərəyan etməsində isə Türkiyənin I Dünya müharibəsindən məğlub dövlət kimi çıxması, Antanta qoşunlarının Türkiyənin dövlət
müstəqilliyinə son qoymaq üçün onun ərazisini işğal etməsi,
işğalçılara qarşı milli -azadlıq hərəkatının güclənməsi və
Türkiyənin Antanta qoşunlarına qarşı mübarizədə sovet Rusiyası ilə
müttəfiqlik etməsi mühüm rol oynayıb. Çünki, işğalçı ordu Bakı
istiqamətində hücuma keçərkən əhali arasında belə bir fikir
yayılırdı ki, guya XI ordu Bakıya girməyəcək və Anadoluya Türk
qoşunlarına köməyə gedəcəkdir. Bu saxta fikrin yayılmasında XI ordunun tərkibində Bakıya gələn türk hərbi generalı Xəlil Paşanın müəyyən rolu olub. Xəlil Paşa Dərbənddən Bakıya qədər yol boyu bütün dayanacaqlarda çıxış edərək, əhalini Sovet hakimiyyətini müdafiə
etməyə çağırırdı. "Müstəqil Sovet Azərbaycanı" şüarı isə
işğalı pərdələmək üçün rus bolşeviklərinə müəyyən dövr üçün
lazım olan taktiki manevrdən başqa bir şey deyildi.
N.Nərimanov ömrünün sonuna yaxın "Müstəqil Sovet Azərbaycanı"
şüarının saxta olduğunu başa düşərək V.İ.Leninə məktubunda
yazırdı: "Məgər "Müstəqil Azərbaycan "sizin dilinizdən
çıxmamışdırmı?... İndi vəziyyət belə bir şəkil alır: həmişə
Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də
Azərbaycanın ərazilərini almışdır... Üç respublikadan birinci olaraq
Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm
də müstəqilliyini itirir".
Heç bir hüquqi əsas olmadan, Azərbaycan sərvətlərini ələ keçirmək məqsədilə 27 aprel 1920 - ci il tarixdə Azərbaycanın şimal sərhəddini keçib Bakıya yaxınlaşan XI ordunun məqsədinin işğalçılıq olduğunu digər müəlliflərin əsərləri ilə yanaşı hətta sovet tarixşünaslığındakı faktlar da sübut edir.

İşğalçı rejimin qurduğu Azərbaycan Sovet Sosialist Respublikası 1991-ci ilə qədər yaşayır. Bu müddətdə respublikaya bu şəxslər (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri) rəhbərlik edir: Qriqori Kaminski (1920-21), Sergey Kirov (1921-26), Levon Mirzoyan (1926-29), Nikolay Gikalo (1929-30), Vladimir Polonski (1930-33), Ruben Rubenov (1933), Mircəfər Bağırov (1933-53), Mirteymur Yaqubov (1953-54), İmam Mustafayev (1954-59), Vəli Axundov (1959-69), Heydər Əliyev (1969-82), Kamran Bağırov (1982-88), Əbdürrəhman Vəzirov (1988-90), Ayaz Mütəllibov (1990-91).






28 Aprel, 2012  14:38 Baxılıb: 10039 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner