Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“REVMATİZM OYNAQLARI YALAYIR, ÜRƏYİ DİŞLƏYİR”

Azərbaycanda əhalinin əksəriyyəti revmatik xəstəliklərdən əziyyət çəkir. Çoxları bu xəstəlikləri digərləri ilə qarışdırırlar. Onlardan ən çox yayılanı xalq arasında “revmatizm” adı ilə tanınan revmatik qızdırmadır. Bu xəstəliyin yaranma səbəbi və müalicəsi barədə revmotoloq, tibb elmləri namizədi Bayram Piriyev danışdı. 

- Revmatizm nədir, nədən yaranır?
- Xalq arasında yayılan revmatizm sözü ilə, təbabətdəki revmatizm sözləri fərqli anlamlarda işlənir. Bəziləri revmatizmi oynaq, sümük, əzələ, damar xəstəlikləri ilə qarışıq salırlar. Məsələn, xəstənin dizləri ağrıyır və o, revmatizminin olduğunu düşünür. İndi 120-dən artıq xəstəlik aşkar olunub və hərəsinə müxtəlif ad verilib. Hamısı revmatik xəstəliklərdir, lakin hər birinin səbəbi, əlamətləri və müalicəsi başqadır. Revmatizmin digər adı revmatik qızdırma xəstəliyidir. Bu xəstəliyi A qrupuna aid B-hemolitik streptokokk bakteriyaları törədir. Revmatizm yoluxucu xəstəliklər sırasında deyil, amma ən çox uşaq kollekivlərində bu bakteriyaya yoluxmaq ehtimalı var. Məsələn, bakteriyaya yoluxmuş 100 uşağın dördündə və ya yeddisində revmatizm əmələ gələ bilər. Qalanlarında həmin bakteriya öz təsirini başqa şəkildə göstərir. Birində tonzillit, birində oynaqlarda ağrılar, digərində qızılyel xəstəliyinin əlamətləri olur. Revmatizmə irsi meylliyin olması da həlledici amillərdəndir. Bu xəstəliklərin vaxtında diaqnozunu qoyub, müalicə etmək terapevtlərin yox, mütəxəssislərin işidir. Ümumiyyətlə, müasir inkişaf səviyyəsi ilə müqayisədə Azərbaycanda revmotologiya geri qalıb. Bu sahəyə aid nə elmi tədqiqat mərkəzi, xüsusi institut, nə də ixtisaslaşmış klinika var.
- Revmatik xəstəliklərdən hansı daha geniş yayılıb?
- Revmatik xəstəliklər sırasında osteoartozdan sonra ən çox revmatizm və oynaqdankənar yumşaq toxuma xəstəlikləri ilə müraciət olunur. Osteoartoz 40 yaşdan sonra diz, bud-çanaq oynaqlarında, onurğada yaranır. Revmatizm, əsasən, ürəyin zədələnməsi ilə müşaiyət olunur. Çox vaxt ürəkdə qüsur əmələ gəlir. Revmatik qüsurun xarakterik əlamətləri var. Dərmanlar effekt vermədikdə kardiocərrahların müalicəsi lazım gəlir.
- Azərbaycanda revmatizm xəstələri çoxdur. Bu, bölgənin iqlim şəraitindən asılı ola bilərmi?
- Rütubətli hava revmatik xəstəliklərin əmələ gəlməsi üçün şərait yaradır. Əsasən, yataqxanalarda, kasıb, şəraitsiz yerlərdə olmaq bədəndə bakteriyanın inkişafına imkan verir. Belə xəstələr rütubətli yerdə qalmamalıdır. Evə günəş şüaları yaxşı düşməli, hava tez-tez dəyişdirilməlidir.
- Bu xəstəliklər hansı yaş qrupları üçün xarakterikdir?
- Revmatizmə 7-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Başqa yaşlarda da müşahidə olunur. 4-5 və ya 70 yaşlı adam da revmatiz xəstəsi ola bilər. Osteoartozdan isə əsasən, yaşlılar əziyyət çəkir.
- Bu xəstəliklər orqanizm üçün nə dərəcədə təhlükəlidir?
- Həkimlər arasında belə bir söz var: “Revmatizm oynaqları yalayır, ürəyi dişləyir”. Yəni, revmatik qızdırma hansı oynağı zəldələyirsə zədələsin, oynaqlar izsiz sağalır, lakin çox vaxt ürəkdə qüsur əmələ gətirir. Ondan sonra ürək “şikayətləri” inkişaf edir, xəstənin müalicəyə ehtiyacı olur. Adətən, revmatizmli xəstələr müalicəyə meylli olmurlar. Başqa xəstələrdən fərqli olaraq, həkim müayinəsinə, xəstəliyin müalicəsinə laqeyd yanaşırlar. Məsələn, angina və ya kəskin bakterial infeksiya keçirənlər, sağaldıqlarını düşünürlər. Lakin bir müddətdən (2-3 həftə və ya bir ay) sonra revmatizmin əlamətləri başlayır. Revmatizmin ürək, oynaq, sinir sistemi və digər orqanların zədələnməsi ilə keçən formaları var. Dəri zədələnməsinə aid revmatik həlqələr, düyünlər az rast gəlinir və qısa müddətdən sonra keçib gedir.
- Revmatik xəstəliklər necə müəyyən edilir?
- Angina keçirən xəstələr sağalandan 2-3 həftə sonra səbəbsiz olaraq yenidən hərarət, ürəkdöyünmə, zəiflik, halsızlıq, oynaqlarında ağrı, şişkinlik hiss etsələr, həkimə müraciət etməlidirlər. Çünki bu revmatizmin başlanğıc əlamətləridir. Revmatizm diaqnozunun qoyulması üçün müayinələr və əlavə analizlər də verilir. Digər iltihab xarakterli revmatik xəstəliklərin başlanması müxtəlif ola bilər. Səbəbsiz yüksək hərarət, ümumi qidalanma pozğunluğu əlamətləri (dəri quruluğu, baş tükünün tökülməsi, arıqlama, tez yorulma, halsızlıq), iltihabın laborator göstəricilərinin normadan yuxarı olması revmotoloqu hər kəsin yadına salmalıdır.

“Vəziyyətdən asılı olaraq ömür boyu terapiya aparıla bilər”

- Revmatik qızdırmanın müalicəsi necə aparılır?
- Streptokokka təsir edən bir çox antibiotiklər də var. Müalicə 3, 5 il, vəziyyətdən asılı olaraq 18-25 yaşlara qədər, hətta daha çox çəkə bilər. Ola bilər ki, ömür boyu terapiya aparılsın. İlk baxışda istər həkimlər, istərsə də xəstələr arasında “revmatizm” deyəndə qeyri-steroid antirevmatik preparatlar yada düşür və bunların qəbulu ilə müalicəyə çox yüngül baxırlar. Əslində, hər bir revmatik xəstəliyin formasına, gedişinə, aktivliyin dərəcəsinə uyğun dərmanları və konkret dərman dozalanması var. Revmatizmin profilaktikası birincili və ikincili olur. İkincili proflaktika ilboyu fasiləsiz 3 həftədə bir dəfə ekstinsillinlə aparılır, bəzən iki il ərzində yaz, payız aylarında qeyri-steroid antirevmatik preparatlar istifadə olunur.
- Bu xəstəlik bütün yaşlarda tam müalicə olunurmu?
- Müalicə bütün yaş qruplarında eyni metodla düzgün aparılarsa, müsbət nəticə almaq olar. Lakin uzunmüddətli müalicə və müşahidə tələb olunur. Bəzi hallarda ürək qüsuru formalaşa bilər. Belə bir fikir də var ki, düzgün müalicə aparılarsa, ürək qüsurunun yaranmasının və ya ağırlaşmasının qarşısını almaq mümkündür. Müalicəsi başa çatandan sonra da müşahidə aparılmalıdır. Məsələn, xəstə yenidən angina keçirirsə, revmatizmin yenidən yaranma qorxusu var.
- Revmatizm xəstəliyinə qarşı müalicənin başqa orqanlara mənfi təsiri varmı?
- Preparatların mənfi təsirini aradan götürən dərmanlar təyin olunur. Dərmanların nə vaxt, hansı yeməkdən sonra qəbul edilməsi barədə xəstəyə məsləhətlər verilir. Preparatların miqdarını təyin etdikdə xəstənin analizinə fikir verilir. Müalicə zamanı ən çox mədə-bağırsaq zədələnməsinə rast gəlinir. Revmatik dərmanların qəbulu zamanı gizli qanitirmələr və başqa fəsadlar da ola bilər. Müalicənin gedişi vaxtaşırı yoxlanılır, əgər problemlər varsa müdaxilə olunur, dərman dəyişdirilir.

“Elə bir orqan yoxdur ki, revmatik prosesin təsirindən zədələnməsin”

- Revmatik xəstəliklər müalicə olunmazsa hansı fəsadları ola bilər?
- Bədəndə elə bir orqan yoxdur ki, revmatik prosesin təsirindən zədələnməsin. Hərəsinin formasından asılı olan fəsadlar meydana gəlir. Məsələn, revmatik qızdırma xəstəliyində ən ağır fəsad ürək qüsurudur. Böyrək zədələnməsi varsa, böyrək çatışmazlığına gətirib çıxara bilər. Bundan əlavə, sinir sistemi zədələnməsi psixoloji dəyişiklik əmələ gətirir. Digər revmatik xəstəliklərin özlərinə xas ağırlaşmaları olur. Bunların qarşısı alınmazsa, ölümlə nəticələnə bilər.
- Revmatik xəstələr necə qidalanmalı, nələrə diqqət etməlidirlər?
- Xüsusi pəhriz yoxdur. Kəskin dövrdürsə iltihabi prosesə uyğun pəhrizlər saxlanıla bilər. Duzlu, ədviyyatlı, yağlı yeməklər qadağan olunur. Bir də dərmanlara uyğun pəhriz saxlanılır. Məsləhətdir ki, möhkəmləndirici, immuniteti artıran qidalardan, məsələn, ətli yeməklərdən, yumurtadan, meyvə-tərəvəzdən çox istifadə olunsun.
- Belə xəstələr müalicədən sonra idmanla məşğul ola bilərmi?
- Xüsusi müayinələrlə nəbzin miqdarına, arterial təzyiqin dəyişməsinə və sair sınaqlara görə ürəyin dözümlülük dərəcəsi təyin olunur. Ürək qüsuru olanlara idmanla məşğul olmaq məhdudlaşdırılır. Çünki qüsur varsa, ürək əzələsinə artıq yük vermək olmaz. Bu zaman ürək genişlənməsi artacaq. Osteoartroz, yumşaq toxuma revmatizmi olanlar isə sağalandan sonra idmanla məşğul ola bilərlər.

“SİMSAR” jurnalı
Arifə Mikayılova

 






23 Aprel, 2012  16:41 Baxılıb: 81821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner