Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanır

Bu məqsədlə Bakı ərazisində 600 nöqtədə mikrotremor ölçüləri aparılıb və təhlil edilib

Azərbaycanda ilk dəfə Bakı ərazisi üçün seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib. Onun sözlərinə görə, layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində və Geologiya İnstitutunun yaxından dəstəyi ilə həyata keçirilir : “Bakı şəhəri ərazisində mikroseysmik rayonlaşdırma real seysmik titrəyiş məlumatlarından istifadə edilərək aparılacaq. Tarixən bu ərazidə bir necə dəfə əhəmiyyətli seysmik təhlükələr olub. 1842-ci ilin Maştağa zəlzələsi (M=5, Bakıdan 25 km şimala), 1983-cü ildə Nardaran-Bilqəh zəlzələsi (M=5), 1986 və 1989-cu illərdə Xəzər zəlzələləri (M=6.0 və 6.5), Xəzərdə baş vermiş 2000-ci ilin güclü zəlzələsi (M=6.3) kimi seysmik hadisələr nəticəsində Bakı güclü titrəyişlərə məruz qalıb. Bakı şəhərinin intensiv genişlənməsi, şəhər daxilində nizamsız tikinti işləri, texnogen təsirlərin artması və qrunt şəraitinin dəyişməsi kimi faktlar da hiss olunan zəlzələ baş verərsə, şəhərə dəyəcək zərərin miqyasının və miqdarının çox böyük ola biləcəyi ehtimalını yaradır. Buna görə də seysmik mikrorayonlaşdırma problemi çox aktualdır. Artıq bu məqsədlə Bakı şəhəri ərazisində 600 nöqtədə mikrotremor ölçüləri aparılıb və təhlil edilib. Mikrotremor ölçüləri bu epoxa üçün mikroseysmlərin və qruntun fundamental tezliklərinin rəqəmsal məlumat bazasının yaradılmasına da imkan verəcək”.

Hazırda ölçmələrin davam etdiyini deyən F. Qədirov bildirib ki, görülən işlərin sonunda Bakı şəhəri ərazisində mikrotremor ölçmə materialları əsasında Noqoşi-Nakamura metodu üzrə Azərbaycanda ilk dəfə Bakı ərazisi üçün seysmik mikrorayonlaşdırma CİS xəritəsi, fundamental tezliklərin və qrunt hərəkətlərinin amplitudlarının paylanması xəritələri hazırlanacaq: “İndiyə kimi əldə edilmiş məlumatlar “Avropa” mehmanxanası və Respublika xəstəxanasının ətrafındakı ərazilərinin “sağlam” ərazi olduğunu göstərib. Bu işlərin 2012-ci ilin sonunda başa çatmağı planlaşdırılıb”.

Noqoşi-Nakamura metodu İtaliyada, Yunanıstanda (qədim Səlanik şəhərində), Tokio və Yokohamada (Yaponiya), İstanbulda (Türkiyə), Kalininqradda (Rusiya), San-Fransiskoda (Kaliforniya, ABŞ), Dehlidə (Hindistan) də başqa urbanlaşmış və seysmoaktiv şəhər ərazilərində də müvəffəqiyyətlə tətbiq olunub.

F. Qədirov bildirib ki, tədqiqatlar dörd mərhələdə - mikrotremor ölçmələrinin aparılması, alınan məlumatların emalı və interpretasiyası, yekun CİS xəritələrin qurulması, müvafiq dövlət strukturları üçün tövsiyələrin hazırlanması şəklində həyata keçirilir. Noqoşi-Nakamura metodunun Bakı şəhəri ərazisi üçün işlənmiş yeni modifikasiyası Azərbaycanın digər böyük şəhərlərinin (Naxçıvan, Sumgayıt, Gəncə və s.) seysmik təhlükələrinin öyrənilməsi üçün də tətbiq ediləcək: “Seysmik baxımdan gözlənilən zərərlərin qiymətləndirilməsi əvvəlcədən həyat şərtlərini bərpa etmək üçün lazım olan xərclərin effektiv planlaşdırılmasına, əhalinin məlumatlandırılmasını təkmilləşdirməyə, fəlakət və onun təsirlərinin azaldılması tədbirlərində istifadə ediləcək mənbələri qiymətləndirməyə imkan verəcək. Alınmış nəticələr şəhər bələdiyyəsi və icra strukturları, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) uyğun strukturları, tikinti və sığorta şirkətləri üçün xüsusilə maraqlı olacaq”.






24 Fevral, 2012  20:41 Baxılıb: 1143 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner