Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yerdə geomaqnit fırtınası gözlənilir

Günəşdəki alışmalar ciddi fəsadlar yarada bilər 

“Yanvarın 22-də Günəşdə baş verən alışmalar və onların təzahüründən sonra Yerin maqnit sahəsi həyəcanlanıb, hətta geomaqnit fırtınası da baş verib. Hazırda isə bu gün axşamtərəfi və sabah ərzində yenə də güclü geomaqnit fırtınası gözlənilir”. Bunu Simsar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. O qeyd edib ki, buna səbəb yanvarın 23-də, səhər saat 8.00 radələrində Günəşin səthindəki 1402 nömrəli Günəş ləkəsində M9 sinfinə mənsub Günəş alışmasının baş verməsi və bu alışmadan sonra tac plazma kütləsinin atılmasıdır: “Bu alışma o qədər güclü olub ki, hətta onu rentgen sinfinə mənsub, yəni X sinfinə mənsub alışmalara bərabər tuturlar. Budəfəki tac atılmasını fərqləndirən bir xüsusiyyət də atılmış plazma kütləsinin plazma buludu şəklində çox böyük sürətlə hərəkət etməsidir. Bu sürət saniyədə 2200 kilometrə çatır. Bu, həddən artıq böyük sürətdir. Bu sürət o deməkdir ki, həmin plazma buludu Yerlə Günəş arasındakı təqribən 150 milyon kilometr məsafəni tez bir zamanda qət edəcək, Yerətrafı fəzaya çataraq Yerin maqnit sahəsini həyəcanlandıracaq və son nəticədə geomaqnit fırtınası yaradacaq. Bu effektlərin yanvarın 24-də təqribən axşam saat 18.00 radələrində Yerə çatması gözlənilir. Amma proqnozlar göstərir ki, bu rəqəm 5-6 saat fərqli də ola bilər. Həmin effekt yanvarın 25-də də davam edəcək. Çox güclü geomaqnit fırtınalarının olma ehtimalı 10-25 faiz ehtimalla qiymətləndirilir. Bu, böyük rəqəmdir. Bu effekt yuxarı, yəni şimal en dairələrində yerləşən ölkələr üçün daha güclü olacaq. Azərbaycanın yerləşdiyi en dairələrində də bu effekt hiss olunacaq, amma şimal dairələrindəkindən zəif olacaq. Şimal en dairələrində yaşayan insanlar çox gözəl bir təbiət hadisəsi olan Avrora işıqlanmasını (qütb parıltısını) da görə biləcəklər”. 

E. Babayev qeyd edib ki, Günəşdə bu cür ekstremal vəziyyətin olması təbii sayılır. Çünki Günəş özünün növbəti 24-cü 11 illik fəallıq tsiklinin maksimumuna yaxınlaşmaqdadır. Bu illərdə adətən Günəşin səthində həm ləkələrin sayı, bu ləkələrin yaxınlığında baş verən alışmaların sayı və gücü (intensivliyi) artır. Bu alışmalardan sonra baş verən fəal hadisələrin intensivliyi də çoxalır: “Günəşin səthində yenə də çoxlu sayda ləkələr görünməkdədir. Həmin ləkələrin sırasında iki ləkəni qeyd etmək lazımdır. Bunlar 1402 və 1401 nömrəli ləkələrdir. Bu ləkələri hətta hava imkan verərsə, tutqun şüşə ilə müşahidə etmək olar. Hazırda Günəşin səthində 5 ləkə regionu müşahidə olunur. Ümumilikdə isə 110-a yaxın müxtəlif ölçülü ləkələr var. Onların sırasında 1402 nömrəli ləkə regionu ən böyüyüdür və fəalıdır. Həmçinin 1401 və 1408 nömrəli ləkə regionlarını da qeyd etmək lazımdır”.

E. Babayevin sözlərinə görə, bu həyəcanlanmaları həmişə Günəşdə baş verən alışmalarla bağlamaq düzgün deyil: “Günəşin səthində vaxtaşırı olaraq tac dəlikləri də meydana çıxır. Həmin tac dəlikləri rentgen təsvirlərində tünd rəngli sahələr kimi görünür. Bu sahələrdə Günəşin maqnit sahəsinin qüvvə xətləri təqribən perpendikulyar şəkildədir. Bu hissədə yüklü zərrəciklər daha asanlıqla Günəş tacını tərk edə bilir. Adətən Günəş tac dəliklərindən buxarlanan Günəş plazma küləyinin sürəti daha çox olur. Bu plazma küləyi yerətrafı fəzaya çatdıqda və Yerin maqnit sahəsi ilə təmasda olduqda da geomaqnit həyəcanlanmaları yarada bilər”.

Bu cür güclü geomaqnit fırtınaları ilk növbədə texnoloji sistemlərə təsir göstərəcək. Şimal en dairəsində yerləşən ölkələrin texnoloji sistemləri təsirə daha çox məruz qalacaq: “Təbii ki, Yerətrafı fəzada olan kosmik sistemlər, onların kommunikasiya və naviqasiya sistemlərinə də təsir olacaq. Böyük uzunluğa malik elektrik verilişi sistemləri də bu təsirə məruz qala bilər. Həmçinin magistral neft boru kəmərlərinə də müəyyən hallarda təsir edə bilər. Hazırda kosmosda xeyli sayda elmi cihazlar olan peyklər dolanmaqdadır. Bu peyklərin işlərinə olan təsir də artıq hiss olunmaqdadır”.

Alim qeyd edib ki, aparılan analizlər G2 və yaxud G3 səviyyəli geomaqnit fırtınasının ola biləcəyini göstərib: “Bu şkala geomaqnit fırtınasının gücünü göstərir və G1- G5 arasında dəyişir. Bizim en dairələrində G1 yaxud G2 səviyyəsində geomaqnit fırtınası gözlənilə bilər. Son iki gün ərzində həm Günəş radiasiya fırtınası qeydə alınıb, həm radio dalğalarda qısamüddətli sönmə (fading) müşahidə olunub. Yanvarın 23-də olan geomaqnit fırtınası zamanı planetar Kp indeksinin qiyməti 5-ə çatıb. Burada isə maksimal qiymət 9-a bərabərdir. Bu gün axşam və sabah gözlənilən geomaqnit fırtınası zamanı bu indeksin daha böyük qiymətlər alacağı gözlənilir. Bu cür təsirlər Yer üzərində olan bioloji sistemlərə də təsir göstərəcək. Onların sırasında insanlar, heyvanlar və bitki aləminə olan təsirləri qeyd etmək olar. İlk növbədə risk qrupuna daxil olan xroniki xəstə olan insanlar, yaşlı insanlar, azyaşlı körpələr üçün bu təsir hiss oluna bilər. Risk qrupuna daxil olan insanların içərisində isə daha çox ürək-damar və təzyiq xəstəliklərindən əziyyət çəkən insanlar artmış diskomforta məruz qala bilər. Risk qrupuna daxil olan insanlar həkim məsləhəti ilə qabaqlayıcı tədbirlər görə bilərlər. Emosional cəhətdən sakit olmaq, fəal istirahət etmək, fiziki yüklənmədən qaçmaq, yaxşı əhvalda olmaq lazımdır. Son günlər metroloji şərait də kəskin surətdə dəyişir. Atmosfer təzyiqinin və temperaturun kəskin dəyişməsi və kosmik hava birlikdə təsir göstərirsə, risk qrupuna daxil olan insanlarda bu rezonans mənfi effektlər yarada bilər. Amma tamamilə sağlam olan insanlar üçün təsirlər hiss olunmur, əksinə müəyyən elmi işlər göstərir ki, sağlam insanlarda geomaqnit fırtınaları gümrahlıq effekti yaradır”.

Hazırda Günəş səthində kifayət qədər böyük ölçüyə malik daha bir tac dəliyi də müşahidə olunur. Onun effekti yanvarın 28-dən başlayaraq hiss olunacaq: “Bu geomaqnit fırtınasına gətirib çıxarmaya da bilər. Amma, hər halda Günəş alışmasının baş verə biləcəyindən də çox şey asılıdır. Yəni bu effekt o biri effektlə üst-üstə düşərsə, mənfi effektlər daha da güclənə bilər. Hazırda ən güclü rentgen X sinfinə mənsub Günəş alışmalarının baş vermək ehtimalı bu gün üçün 10 faizə yaxındır. Bu, böyük rəqəmdir. Adətən bu rəqəm 1-2 faiz ətrafında olur. Növbəti güclü sayılan M sinfinə mənsub alışmanın baş vermə ehtimalı isə 60 faizə bərabərdir. Bu da böyük rəqəmdir. Bu o deməkdir ki, bu günlər ərzində Günəşdən yenə də sürpriz olan alışmalar gözləmək mümkündür”.






24 Yanvar, 2012  21:20 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner