Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ət yeməkləri böyrəkdə daş yaradır

Böyrəyin zəifləməsi ürək, ağciyər, qaraciyər, hətta beyinə mənfi təsir göstərir. Azərbaycanda böyrək xəstəlikləri geniş yayılıb. Bunun səbələri və müalicəsi barədə “Simsar”a uroloq Asif Cahangirov danışdı.

- Böyrək daşları nədən yaranır? 
- Böyrək daşlarının əmələgəlmə səbəbi müxtəlifdir. Amma nəylə bağlı olması elmə dəqiq məlum deyil. Müxtəlif nəzəriyyələr var. Böyrəkdə kristallar çökür və bir-birinə yapışıb böyüyürlər, bu da daşın yaranmasına gətirib çıxarır. Maddələr mübadiləsinin pozulması, böyrəkdə funksiya pozğunluğu, xəstənin düzgün qidalanmaması daş xəstəliyinə səbəb olur. Burada irsi amil də rol oynayır.
- Böyrək iltihabı böyrək daşı nəticəsində əmələ gəlir?
- Çox vaxt daşlar böyrəkdə iltihab yaradır. Lakin bakteriyaların yaratdığı iltihab nəticəsində də daşlar əmələ gəlir.
- Böyrək daşı və böyrək iltihabının əlamətləri nəylə fərqlənir?
- Böyrək daşı ilk anlarda heç bir narahatlıq vermir. Böyüdükdə isə iltihablaşır və ağrılar baş verir. Bu böyrək çatışmazlığı ilə nəticələnə bilər. Böyrək daşı sidik axarına düşdükdə kəskin ağrı verir. Belə halda xəstənin böyrəyində genişlənmə müşahidə olunur. Bu zaman təcili müdaxilə lazımdır. Böyrəkdə iltihab başladıqda isə böyrək nahiyəsində ağrı, hərarət yüksəkliyi olur.
- Böyrək daşının müalicəsi necə aparılır?
- İndi müasir metodlardan istifadə olunur. Xəstəni bıçaq vurmadan əməliyyat edə bilirik. Böyrək daşının ölçüləri kiçikdirsə (2 sm-a qədər) bunu şok dalğalı litotripsiya vasitəsilə aradan qaldırmaq olar. Daha böyük daşları isə endoskopik üsulla, böyrək içərisində parçalayıb çıxarmaq mümkündür. Daş sidik axarına düşübsə, bu zaman da lazer vasitəsilə parçalanır.
- Təbii yolla müalicə mümkündür?
- Təbii yolla müalicə müasir tibdə qəbul olunmur, ona görə bunları tədbiq etmirik. Elmi cəhətdən təsdiqlənən metodlarla müalicə daha faydalıdır.
- Böyrək çatışmazlığı nədir?
- Bu, əsasən böyrəyin funksiyasını yerinə yetirməməsidir. Böyrək fəaliyyəti dayandıqda zərərli maddələr orqanizmdə qalır və zəhərlənmə baş verir. Bu xəstəlik iki cür olur: kəskin və xroniki. Xəstə kəskin böyrək çatışmazlığı ilə vaxtında müraciət edərsə, yüksək nəticə ilə müalicəsi mümkündür. Xroniki böyrək çatışmazlığı olan xəstələrsə hemodializə bağlanır və ya böyrək köçürmə əməliyyatı aparılır.
- Xroniki və kəskin böyrək çatışmazlığının əlamətləri eynidir?
- Əlamətlər fərqlidir. Kəskin böyrək çatışmazlığı zamanı şiddətli bulantı, qusma, böyrəkdə ağrılar baş verir, təzyiq, hərarət yüksəlir. Əsas əlamət isə xəstənin günlərlə sidiyə getməməsidir. Xroniki böyrək çatışmazlığı zamanı xəstə sidiyə gedir, amma bulantı, qusma, iştahsızlıq, bədəndə qaşınma, təzyiqin yüksəlməsi də müşahidə olunur.

Yaşlı adamlar çayı su ilə əvəzləməlidir

- Sidikdə zülalın çox olması nəylə əlaqəlidir, eyni zamanda təhlükəlidirmi?
- Böyrəkdə zülalları buraxmayan filtrasiya membranları, yəni dəliklər var. Əslində sidikdə normalda zülal izi olmalıdır. Şəkərli diabet və böyrək xəstəlikləri zamanı filtrasiya menbranları zədələnir. Dəliklər böyüyür və bədəndənki zülallar ifraz olunur. Bu təhlükəli haldır. Vaxtında aşkar edilib müalicə edilməzsə, gələcəkdə böyrək çatışmazlığı yarada bilər.
- Böyrək xəstələri necə pəhriz saxlamalıdır?
- Xəstəliyin səbəbini biləndən sonra ona uyğun pəhrizlər təyin edilir. Məsələn, xəstə böyrək daşından əməliyyat olunubsa daşın tərkibini bilmək üçün təhlil edilməlidir. Müxtəlif formada sidik və qan təhlilləri aparılmalıdır ki, səbəbi öyrənilsin. Ümumilikdə isə hər kəsə çoxlu su içmək məsləhət görülür. Bu tip xəstələrin çoxunda hipertoniya, yəni təzyiq xəstəliyi olduğundan duzu az və ya tamam duzsuz yeməklər qəbul etməlidirlər. Bununla yanaşı, ət yeməklərini azaltmaq lazımdır. Azərbaycanda böyrək daşını əmələ gətirən əsas səbəb ət yeməklərindən çox istifadə edilməsidir. Meyvə və tərəvəzlər, əsasən də portağal və narıngi yemək faydalıdır.
- Gün ərzində nə qədər maye qəbul olunmalıdır?
- Sağlam insan (əgər ürək çatışmazlığı və başqa problemlər yoxdursa) yay aylarında gündə minimum üç, qış aylarında iki litr su içməlidir. Bizdə yaşlılar çox çay içməyə meyillidir və buna görə də gecələri narahat olurlar. Çayı su ilə əvəzləmək lazımdır. Axşam saatlarında xüsusilə, yaşlı adamlara su içmək məsləhət görülmür.
- Başqa orqanların müalicəsi üçün istifadə olunan dərmanlar böyrəyə nə dərəcədə ziyanlıdır?
- Bəzi dərmanlar böyrəyə mənfi təsir göstərir. Məsələn, hər hansı sınığı bərpa etmək üçün xəstəyə kalsium preparatı verirlər. Çoxlu kalsium qəbulu böyrəkdə daşlar əmələ gətirir. Revmatizmaya qarşı istifadə olunan ağrikəsici və iltihab əleyhinə dərmanlar da böyrək çatışmazlığına gətirə bilər.
- Böyrək zəifliyi digər orqanlara nə dərəcədə təsir göstərir?
- Böyrək çatışmazlığı getdikcə bütün orqanlara təsir edir. Ürəkdən başlayaraq, ağciyər və qaraciyərdə fəsadlar yaradır. Orqan çatışmazlığının beyinə qədər təsiretmə gücü var.
- Sizcə, Azərbaycanda böyrək xəstəliklərindən əziyyət çəkənlər çoxdur?
- Azərbaycanda böyrək xəstəsi çoxdur. Hər yaşda müarciət edənlər var. Yaşı 50-dən yuxarı olanlarda böyrək xəstəliyinə daha çox rast gəlinir.
- Xəstəliklərdən necə qorunmaq olar?
- Doğru qidalanmaq, vaxtaşırı müayinədən keçmək vacibdir. Siqaret, alkoqol və digər zərərli maddələr böyrəyə olduqca mənfi təsir göstərir. Əsasən qadınlarda çox vaxt sidik yolları infeksiyası olur. Buna görə qadınlar təmizliyə diqqət etməli, soyuqdan qorunmalıdırlar. Xəstəlik aşkar edildiyi zaman, vaxtında və düzgün müalicə edilməlidir ki, xronikləşməsin. Xroniki xəstəliyi olanlarsa vaxtaşırı müayinədən keçməlidirlər.

Arifə Mikayılova (“Simsar” jurnalı)







29 Dekabr, 2011  19:02 Baxılıb: 6512 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner