Almazbek Atambayev: “Mülki hava limanında hərbi aviasiya bazası Qırğızıstana lazım deyil, bu, çox təhlükəlidir"
“Qırğızıstanın “Manas” hava limanındakı ABŞ aviasiya bazası bağlanmalıdır”. Ölkənin yeni prezidenti Almazbek Atambayev dekabrın 29-da keçirdiyi mətbuat konfransında belə deyib.
Simsar.az saytı xəbər verir ki, Qırğızıstan prezidenti ABŞ aviabazasının ölkəyə təhlükə yaratdığını bildirib: “Mülki hava limanında hərbi aviasiya bazası Qırğızıstana lazım deyil, bu, çox təhlükəlidir. Biz istəyirik “Manas” yalnız mülki hava limanı olsun”.
Atambayev Qırğızıstan paytaxtı Bişkekin hava limanındakı Penraqon aviabazasının müqavilə müddəti başa çatan kimi - 2014-cü ildə bağlanacağını və ABŞ-ı bu haqda məlumatlandırdığını deyib: “Ya amerikanlar 2014-cü ildə “Manas”dan çıxsınlar, ya da Rusiya və ya digər ölkələrlə müştərək mülki daşıma mərkəzi yaratsınlar”.
Dövlət başçısı qərarın Rusiyanın təsiri altında qəbul olunması haqda bəyanatı təkzib edib.
ABŞ aviasiya bazası “Manas” beynəlxalq hava limanında 2001-ci ilin dekabrında yerləşdirilib.
Atambayev prezident postuna bu ilin oktyabrında seçilib.