Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENT OLMAQ İSTƏYƏNLƏR…

Onlar iki pis variantdan, ən pisini seçirlər 

Sözdə seçkiqabağı demokratik mühitin yaradılması uğrunda mübarizə apardıqlarını bəyan etsələr də, müxalifət düşərgəsinin əslində prezident seçkilərinə hazırlaşdığı açıq müşahidə olunur. Partiya sədrləri prezident olmaq istəklərini bu və ya digər formada ifadə ediblər.

Bu düşərgədə kimlərin prezident seçkidlərində namizəd kimi iştirak edəcəyi təxminən bəllidir. Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli bu seçkilərdə şanslarını sınamağa hazır olduğunu açıq bildirənlərdir. Açıq Cəmiyyət Partiyasının lider Rəsul Quliyev seçkilərdə iştirak edəcəyini deməklə yanaşı, əminliklə qalib gələcəyini söyləyir. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunu da bu sıraya əlavə etsək, seçkilərdə müxalifətin namizəd bolluğundan əziyyət çəkəcəyini düşünmək olar.

Sonuncunun iddiasını ortaya qoyması bir qədər gözlənilməz oldu. M.Mirəlioğlunun hazırda sıx əməkdaşlıq etdiyi partiyalar - Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Liberal Partiyası (ALP) rəhbərləri prezident seçkilərinə yönəlik mövqelərini açıq ortaya qoymasalar da, müşahidələr göstərir ki, bu iki partiya Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin namizədliyini dəstəkləməkdə maraqlıdır. Mətbuatda gedən məlumatlara görə, VİP və ALP rəhbərlərinin müxalifətin daha geniş birliyi uğurunda göstərdiyi səylər də məhz seçkilərə vahid komanda şəklində toplanmağa yönəlib. Bu səylər tam uğurla sonunclanmasa da, KXCP ilə dil tapıldığı müşahidə edilir. Amma M.Mirəlioğlunun birdən-birə prezidentliyə namizəd olmaq istəyini gizlətməməsi başqa mətləblərdən xəbər verir. Cənab Mirəlioğlunun bu istəyi partiya üzvlərinin tələbi, yoxsa üç partiya arasında müəyyən razılaşmanın əldə olunmaması nəticəsində irəli sürdüyünü söyləmək çətindir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Simsar.az-a açıqlamasında bildirib ki, indidən 2013-cü ildə keçiriləcək seçkilər barədə danışmaq tezdir: «2012-ci ildə ölkədə demokratik seçki mühitini yarada bilməsək, namizədlik barədə danışmağın heç bir əhəmiyyəti yoxdur. Təkbaşına seçkilərdə iştirak etmək də çətindir və nəticə uğursuz olacaq. Bu gün müxalifətin resursları o qədər güclü deyil ki, hakimiyyətlə rəqabət apara bilsin».

Ə.Əliyev qeyd edib ki, müxalifət daxilində inteqrasiyanı çətinləşdirən iki amil var: «Bunlardan biri partiyalar arasında zaman-zaman münasibətlərin pozulmasıdır. Digəri isə mənəm-mənəmlikdir. Nə qədər ağır olsa da, müxalifət birgə mübarizə aparmaq üçün iki pis variantdan nisbətən daha yaxşısını seçməlidir».

ALP sədri Əvəz Temirxan da hesab edir ki, müxalifət partiyalarının ayrı-ayrılıqda seçkilərə getməsi düşərgəyə fayda verməyəcək: «Ölkədə demokratik seçki mühitini yaratmadan, vətəndaşların seçkiyə olan inamını artırmadan, seçici fəallığına nail olmadan və hakimiyyətin seçki saxtakarlığı cəhdlərinin qarşısını ala bilmədən seçkilərdə iştirakın heç bir mənası yoxdur. Anti-demokratik seçki şəraitində hətta bütün müxalifət birləşib bir namizədlə çıxış etsə belə, hakimiyyətin saxtakarlığı qarşısında məğlub olacaq. Ona görə də, belə bir şəraitdə və iki il öncədən 2013-cü il prezident seçkiləri barədə danışmaq istəməzdim. Həmçinin iki il öncədən vahid namizəd məsələsinin ortaya atılıb müxalifət daxilində nifaq yaradılmasını da zərərli hesab edirəm».

Ümid Partiyasının sədri İqbal Ağazadə isə koalisiyon hökumət yaradılması təklifilə çıxış edib. Onun sözlərinə görə, müxalifətin bundan yaxşı variantı yoxdur: «İctimai Palata bizdən asılı olmayan bir işi görməyi təklif edir ki, növbədənkənar parlament seçkiləri keçirək. Axı, bu, bizdən asılı olmayan məsələdir. Axı, parlamentin hüquqi baxımdan buraxılması mexanizmi yoxdur, bunu prezident də edə bilməz, parlament özü də. 40 nəfərdən artıq deputatın istefası isə ağla batmayan məsələdir, heç bir deputat bunu etməz, çünki növbəti dəfə seçiləcəyinə əmin deyil. Demokratik seçki mühiti yaratmaq, Seçki Məcəlləsini dəyişmək də bizdən asılı deyil, amma dostlarımız deyir gəlin bunun uğrunda çalışaq. Bizdən asılı olan birləşmək, vahid komanda yaratmaqdır, keçid hökumətinin mexanizmini hazırlamaqdır. Amma deyirik buna əməl etmirik. Bu, doğru yanaşma deyil. Bir daha müxalifətə səslənirik ki, 2013-cü ildə Azərbaycanda dəyişiklik olmasını istəyirlərsə, hamı 2013-cü il prezident seçkiləri üçün birləşməlidir. Başqa birlik modelləri prezident seçkisi ərəfəsində dağılacaqsa, xalq xəyal qırıqlığına uğrayacaqsa, qazanan da hakimiyyət olacaqsa, bu, nəyimizə lazımdır?»

Müxalifət partiyalarının seçkilərə pərakəndə hazırlaşmaları onların təsadüflərə və ya xarici faktorlara arxalandıqlarını göstərir. Birləşmiş müxalifətin vahid namizədi ideyasının müxalif partiayalar tərəfindən qəbulunun ciddi problem olduğunu nəzərə alsaq, 2013-cü il prezident seçkilərinin hakimiyyət üçün rəvan keçəcəyini düşünmək olar.

Ruslan XƏLİL






27 Dekabr, 2011  16:14 Baxılıb: 1095 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner