Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ekspert: "Yerli telekanallara baxanların sayı kəskin azalıb"

“Bizim TV” Tamaşaçı Şurası telekanalların fəaliyyətilə bağlı araşdırmalara başladı

Jurnalistika müəllimi Zeynal Məmmədli Simsar.az saytına açıqlamasında yeni yaradılan “Bizim TV” Tamaşaçı Şurasından danışıb. Bugünlərdə yaradılmış “Bizim TV” Tamaşaçı Şurasında Zeynal Məmmədlidən başqa filosoflar Rəhman Bədələov, Əli Abbasov, telejurnalistlər Qulu Məhərrəmli, İlhamiyyə Rzayeva, rejissor Rövşən Almuradlı, kulturoloq Tamerlan Bədəlov və digər şəxslər də təmsil olunurlar.

Tamaşaçıları maarifləndirmək, ictimai monitorinq və sosioloji araşdırmalar aparmaq, tele-auditoriyanın istəklərini bildirmək, telefəaliyyəti çağdaş sosial və hüquq normalarına uyğunlaşdırmaq üçün “Bizim TV”nin açıq ictimai şura olması qərara alınıb.

“Media forum”a açıqlamasında Zeynal Məmmədli bildirib ki, Azərbaycan televiziyalarına baxanların sayı kəskin azalıb: “Televiziyaların bunu etiraf etməməsi artıq mümkün deyil. Azərbaycan tamaşaçısı əsasən başqa ölkələrin televiziyalarına baxır. Yerli kanallarımızın ən reytinqli verilişinin də topladığı tamaşaçının sayı çox azdır. Azərbaycan televiziyalarının maarifləndirmək, insanlara nəyisə anlatmaq, işdən sonra istirahət etmək istəyənləri əyləndirmək gücü belə yoxdur. Ümumiyyətlə bilmirsən bizim televiziyaların maliyyəmi, yaradıcı imkanımı çatmır ki, belə zəif verilişlər hazırlayırlar.

Xəbər verilişləri önəmli xəbərləri bizə çatdırmır. Vəziyyət çox aydındır. Televiziyalarımız maarifləndirmək, əyləndirmək və digər önəmli funksiyaları yerinə yetirə bilmir. Biz bu gün iyirmi birinci əsirdə yaşasaq da, televiziyalarımız elə bil təzə-təzə formalaşma dövründədir. Tamaşaçı Azərbaycan televiziyasından heç bir bilgi ala bilmir. Televiziya kitaba, mədəniyyətə maraq oyatmır. Adını da qoyurlar ki, insanlar bu formalı verilişlər əvəzinə evlilik verilişlərinə daha çox baxırlar. Halbuki maarifləndirici verilişləri elə hazırlamaq olar ki, həmin verilişlərə baxsınlar”.

Zeynal Məmmədlinin fikrincə, “Bizim TV” Tamaşaçı Şurası üç istiqamətdə yerli kanallarımıza diqqəti artıra bilər: “Birincisi sosioloji istiqamətdir. Sorğular keçirmək olar ki, sakinlər niyə yerli kanallarımıza baxmırlar, nəyə baxmaq istəyirlər, hazırda nəyə baxırlar? İkincisi, - əlbəttə, bu mənim fikrimdir, - televiziyalar haqqında ayrı-ayrı köşə yazıları hazırlamaq olar. Həmin köşələrdə hər peşənin peşəkarı öz sahəsinə uyğun məsləhətlər verə bilər.

Üçüncü istiqamət isə televiziyaların idarə qurumu ilə bağlı ola bilər: Milli Teleradio Şurası və İctimai Teleradio Yayımı Şurası öz səhvlərini nədə görür? Bizim televiziyalarda qanuna nə dərəcədə riayət olunur? “Praym-taym” vaxtı, yəni günün televiziyaya daha çox baxıldığı saatlarında, insanların ailəvi şəkildə televiziyaya tamaşa etdiyi zaman pornoqrafik görüntülər, açıq-aşkar siyasi məsrəflərə hədəflənmiş görüntülər efirə verilir. Buna kim icazə verir, nəyə görə onlar cəzalandırılmır? Bir də görürsən bizim televiziya reklamlarında körpə uşaqların hesabına mobil telefonlar reklam olunur. Axı bu, qanuna uyğun deyil. Bir sözlə, ictimai monitorinq və peşəkar sorğular aparmaqla, ayrı-ayrı verilişlər haqqında tövsiyələr hazırlamaqla, yaxşı şeylərə dəstək, pis şeylərə isə qarşı çıxmaqla ictimai basqı sayəsində dəyişikliyə nail olmaq olar”.

“Monitorinqləri kimlər və necə aparacaq” sualına Zeynal Məmmədli belə cavab verib: “Monitorinqlərə müxtəlif bölgələrdən olan ən müxtəlif tamaşaçıları cəlb etmək gərəkdir. Bu bizdə bir istəkdir. Bilmirəm bunu necə gerçəkləşdirəcəyik. Avropa Yayım Birliyi monitorinqlərin keçərli olması üçün ən azından 7000 nəfər arasında sorğu keçirir. Burada coğrafi amil, yaş, cins, din, dil kimi faktorlar nəzərə alınmalı, bütün təbəqələr əhatə olunmalıdır. Bizim də məqsədimiz bütün bu təbəqələrin televiziya ilə bağlı fikrini öyrənmək, Azərbaycan tamaşaçısının sosial portretini cızmaqdır. Həm də tamaşaçının özündə zəmanəyə uyğun bir zövq yaratmaq lazımdır. Yaxşı verilişə baxmayan insan yaxşının nə olduğunu heç vaxt bilməyəcək. Tamaşaçının xarici kanallarda nələrə baxdığını aydınlaşdırmaqla onun hansı verilişlərlə maraq göstərdiyini öyrənə bilərik.

Monitorinqlərin aparılması üçün dəqiq metodika, həmin metodikaya uyğun auditoriya seçiləcək. Əsasən sosioloji təcrübəsi olan insanları cəlb edəcəyik. Tamaşaçı şurasında sosioloqlar, professorlar var və onlar bu işlərə istiqamət göstərib rəhbərlik edə bilərlər. Eyni zamanda tələbə auditoriyası var. Söhbət jurnalistika fakültəsində təhsil alanlardan gedir. Azərbaycanda jurnalistika fakültələrində təhsil alan yüzlərlə tələbə var. Biz jurnalistikaya rejissorluq, kameramanlıq və kinoşünaslığa aid fakültələrdə təhsil alan tələbələri də daxil etsək, bu say xeyli artacaq.

Monitorinqlər fərdi aparıla da bilər. Yəni bir professorumuz və yaxud sənətşünasımız konkret bir verilişə baxıb fikrini söyləyə bilər. Yəqin ki, biz belə monitorinqlərə üstünlük verəcəyik. Son nəticədə biz yerli kanalların keyfiyyətini, əhalinin yerli kanallara marağını artırmağa çalışacağıq”.






13 Dekabr, 2011  21:27 Baxılıb: 1182 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner