Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tək övladlar hərbi xidmətdən azad edilməlidirmi?

Bu təkliflər ölkədə birmənalı qarşılanmır

Bu yaxınlarda parlamentdə bəzi millət vəkilləri “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna dəyişiklik edilməsilə bağlı təkliflər irəli sürüb. Təkliflərə əsasən ailənin tək oğulları həqiqi hərbi xidmətə çağrılmamalıdır. 

Millət vəkili Fazil Mustafa ailənin tək övladı olan kişilərin hərbi xidmətə çağırılmamasını təklif edib: “Bu yaxınlarda general Lənkəran Əliyevin qardaşı oğlu şəhid oldu. Həmin uşaq nəslin davamçısı olacaq yeganə oğlan idi. Fikrimcə, bu, tək övladların hərbi xidmətə çağırılmaması üçün bir mesajdır”.

Deputat Elmira Axundova da Fazil Mustafanın təklifinə dəstək verərək, əlavə edib ki, tənha anaların övladlarının da orduya çağırılmamasına ehtiyac var.

Bəs Azərbaycan ictimaiyyəti nə düşünür?ANS PRESS olaraq mövzu ilə əlaqədar sorğu apardıq.

Milllət vəkillərinin çoxu bu təklifi qəbul etmir

Tək oğulun əsgər getməməsi məsələsi Parlamentdə müzakirəyə çıxarılarkən, bir çox millət vəkili bunun əleyhinə çıxıb. Bu barədə deputat Aydın Mirzəzadə ANS PRESS-ə açıqlamasında bildirib. Millət vəkilinin sözlərinə görə, müharibə şəraitində olan Azərbaycan üçün indi bu qərarın çıxarılması mümkünsüzdür:

“Bu bizə yaxşı heç nə verməyəcək. Müharibə bitdikdən, torpaqlar qaytarıldıqdan, Qarabağ münaqişəsi həll olunduqdan sonra orduya çağırılmada hansısa güzəştlər tətbiq edilə bilər. Yalnız ailənin tək övladı olarsa, bu zaman hansısa güzəştdən danışıla bilər. Yəni, əgər ailənin 1 qızı, 1 oğlu varsa, onda həmin şəxs əsgər getməlidir. Bu güzəşt də müharibə bitdikdən sonra edilə bilər. İndi münaqişə vəziyyətində olan ölkə üçün hərbi təlimlər mütləqdir. Bütün oğlanlar hərbi hazırlığa malik olmalıdırlar. Müharibə şəraitində olan ölkə istər-istəməz çox sayda əsgər saxlamalıdır”, - deyə Aydın Mirzəzadə vurğuladı.


Millət vəkili İqbal Ağazadə isə məsələyə fərqli yanaşdı: “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna ciddi dəyişikliklər etmək lazımdır. Tək oğulların əsgərliyə getməməsi, həm şəhid ailələrinin və övladlarının hərbi xidmətdən azad olunması, həm çağrış yaşının 22-27 yaş arası olması ciddi şəkildə müzakirə olunmalıdır. Yəni hərbiyə çağırılanların minimum 22, maksimum 27 yaşı olmalıdır. Hesab edirəm ki, hərbi çağırış Azərbaycan vətəndaşları üçün hansısa sahədə maneə olmamalıdır. Tək oğulların və şəhid aillərinin övladları hərbi xidmətə çağrılmamalıdır.

Valideynin bir övladı olur. Onu min əzabla böyüdür, onu hərbiyə yollayır. Hərbi xidmətdə hansısa qəzada həmin şəxs ya ölür, ya da əlil olur. Bununla da o hər şeydən məhrum olur".

Tək oğul valideynləri nə düşünür?

Bakı sakini olan 57 yaşlı Elşən Məmmədov nəslinin yeganə davamçısı olan Cəfəri əsgərliyə sevinə-sevinə yola saldığını deyir. O, oğlunu əsgər göndərərkən, onun ölümü barədə deyil, vətənə layiqli xidmət etməsi barədə düşünüb. “Bilmirəm ki, tək oğulun əsgər getməsində nə qəbahət var? Axı əsgər getmək ölmək deyil, vətənə xidmətdir. Bir də, ölüm insanı hər yerdə və hər yaşda yaxalaya bilər. Oğlumu evdə qorxaq olaraq saxlamaqdansa, əsgərliyə göndərib kişi kimi yetişdirərəm”.

Elə Cəfər Məmmədov da əsgərlikdə kişilik məktəbi keçdiyini və nəsil davamçılığı barədə deyil, vətənə xidmət barədə düşündüyünü deyir.

Hərbi xidməti yenicə başa vurmuş və ailədə tək övlad olan Bakı sakini 23 yaşlı Orxan Əliyev də hərbi xidmətin onun üçün kişilik məktəbi olduğunu düşünür. Baxmayaraq ki, evin tək oğludur, lakin əsgərlikdə heç də digər uşaqlardan geri qalmadığını bildirdi. “Məni ərköyün böyütmüşdülər. Nə istəyirdim, onu da edirdim. Əsgərlik vaxtımda, atam mənə dedi ki, “Orxan, istəyirsən, səni əsgərlikdən qurtarım?”. Dedim, “ata, mən həbsdə deyiləm ki, məni qurtarasan”. Atam sevindiyindən məni qucaqlayıb öpdü. Demə o məni sınayırmış. Bildirdi ki, əgər əsgərlikdən yayınmaq istəsəydim, məni övladlıqdan çıxaracaqdı”.

Hərbi ekspertlər nə düşünür?

“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə açıqlamasında bildirdi ki, Milli Orduda kifayət qədər insan resursu olduğuna görə, tək oğullar əsgərliyə çağırılmaya bilər. “Bəzən qanunlar elə şəkildə qəbul olunur ki, sona qədər əsaslandırılmır. Bəziləri buna qarşı çıxır. Amma həmin şəxslərin yeganə övladları olsa, görəsən onlar övladlarını əsgərliyə göndərərlər?”.

Üzeyir Cəfərovun fikrincə, tək oğulların əsgərliyə çağrılmaması ilə orduda problem yaranmaz. “Əvvəllər bizdə bu qanunu vardı, lakin 90-cı ilin əvvəlində problem yarandı. Ordudan yayınma halları yarandı. Ona görə də, bu qanun ləğv edildi. Amma indi hərbi sahəmiz çox inkişaf edib. Çağırışla bağlı da problemimiz yoxdur. Əsgər sayı da yetərincədir”.

Hərbi ekspert, psixoloq Azad İsazədə də demoqrafik cəhətdən bu qanunun qəbul olmasına imkan olduğunu deyir. Lakin ekspert burada müəyyən psixoloji problemlərin yaranacağından ehtiyat edir. “Sabah müharibə baş verərsə və həmin tək oğullara ehtiyac yaranarsa, o, hərbi hazırlığa istənilən səviyyədə olmayacaq. Ona görə də, bu baxımdan tək oğullar da əsgərlik hazırlığı keçsə yaxşı olar. Heç olmasa ön cəbhədə deyil, arxa cəbhədə hərbi təlimlərdə iştirak edə bilərlər. nativ hərbi kurslar təşkil oluna bilər”.

Ucar rayon hərbi komissarlığının əməkdaşı, hərbçi Natiq Məmmədov isə qanun hazırlanaraq qəbul olunarsa, bu zaman əsgərliyə gedənlərin sayında azalmaların olacağını deyir. “Düzdür, ilk illər bu, ordumuza o qədər də təsir etməyəcək. Çünki, hazırda ordumuzda vəziyyət çox yaxşıdır. Hər kəsdə ruh yüksəkliyi, hərbə həvəs var. Lakin tək oğullar əsgərlikdən azad olunsalar, bu digər vətəndaşlara mənfi təsir edə bilər. Onlar da, əsgərlikdən yayınmaq üçün hansısa səbəb axtarmağa başlayarlar. Bir də ki, kişinin ictimaiyyətdə öz yerini tapması üçün hərbi xidmətdə olması mütləqdir”.

Qeyd edək ki, qonşu ölkələrdə də belə bir qanun ümumiyyətlə yoxdur. Məsələn, bizə dini və milli cəhətdən daha yaxın olan Türkiyədə əsgərlikdə olmayan oğlana qız vermirlər. Lakin burada bir məqam var, Türkiyədə qəbul edilən ən son qanuna görə, hərbi xidmət çəkmək istməyən şəxs dövlətə külli miqdarda pul ödəməlidir. Bu məbləğ də, nə az, nə çox 10 min avro təşkil edir.

Qonşu Rusiya qanunvericiliyinə əsasən isə, yalnız aşağıdakı hallarda kişilərə hərbi xidmətdən möhlət verilir.

1. Əgər valideynləri və ailə üzvlərinin (bacısı, qardaşı, nənəsi, babası) sağlamlıq durumuna görə başqası tərəfindən daimi qayğıya möhtacdırsa
2. Əgər yaxın qohumları birinci və yaxud ikinci qrup əlildirsə
3. 55 yaşdan yuxarı yaşdadır və pensiya yaşına çatmayıbsa
4. Əgər yoldaşı 26 həftəlik hamilədirsə,
5. 3 yaşadək əlil övladı varsa
6. 2 və daha çox övladı varsa
7. Elmi dərəcəsi varsa
8. Daim ölkədən kənarda yaşayanlar (hərbi qeydiyyata götürülmür)

Qeyd edək ki, 27 yaşadək bu hallar artıq aradan qalxsa, həmin şəxs yenidən hərbi xidmətə çağırılır.

Çağırışçının atası və yaxud qardaşı həqiqi hərbi xidmət zamanı həlak olubsa, ya da onlar ordudan tərxis olunduqdan sonra hərbi xidmət zamanı aldığı yaradan həlak olursa, çağırışçı ümumiyyətlə həqiqi hərbi xidmətdən azad edilir. Lakin bu kateqoriyaya aid şəxslər rəsmi müraciət yazaraq könüllü sürətdə hərbi xidmətə yollana bilərlər.

İndi isə Azərbaycanın ərazilərinin 20 faizini işğal edən Ermənistanın qanunvericiliyinə nəzər salaq. Burada yalnız ata və yaxud qardaş hərbi xidmət zamanı həlak olubsa və çağırışçı həmin ailədə tək övladdırsa, onda çağırışçı həqiq hərbi xidmətdən tamamilə azad olunur. Əgər öhdəsində əmək qabiliyyəti olmayan ata və yaxud ana varsa, (pensiya yaşına çatmış şxəslər, I və II qrup əlillər, məhkəmənin qərarı ilə əmək qabiliyyətini itirdiyi təsdiq olunmuş), əgər 2 və daha çox uşağı varsa, əgər öhdəsində uşaq var, amma yoldaşı yoxdursa, əgər yoldaşı I və II qrup əlildirsə, öhdəsində 18 yaşındadək olan qardaş və bacısı var və onar əlilldirlərsə, və yaxud məhkəmə onların əmək qabiliyyətli olmamaları barədə qərar veribsə həmin şəxslərə həqiqi hərbi xidmətdən möhlət verilir.

Hərhalda, bu qanunların bir çoxu vaxtilə Azərbaycanda da olub. Amma indi onların çoxu dəyişdirilib. Hərhalda müəyyən şərtlər daxilində kimlərəsə həqiqi hərbi xidmətdən çöhlət verilməsi, müharibə şəraitində yaşayan Azərbaycan üçün ailənin tək oğullarının ümumiyyətlə hərbi xidmətdən azad edilməsindən daha məqsədəuyğundur. Ən azından torpaqlarımız qaytarılanadək.






24 Noyabr, 2011  01:32 Baxılıb: 2105 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner