Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"ANS olmasaydı daha nələr gətirərdilər başımıza"

Vahid Naxış: "Azərbaycan vətəndaşı kimi xoşbəxtəm"

Noyabr ayının 26-da keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS-in 20 yaşı tamam olur. Yubiley ərəfəsində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ANS PRESS-in suallarını cavablandırıb.

Simsar.az saytı həmin müsahibəni təqdim edir

-20 il bundan qabaq ilk dəfə ANS Televiziyasının necə yaranması və indi hansı mərhələyə gəlib çatmasını necə xatırlayırsınız?

-Mən o günləri çox aydın xatırlayıram, Ona görə ki, bu yalnız ANS-in yaranma tarixi yox, həm də Müstəqil Azərbaycanımızın yaranma tarixi idi. Olduqca maraqlı və şərəfli günlər idi. Çətin və eyni zamanda tarixi bir dövr idi və çox xoşbəxtəm ki, biz o zaman bu tarixi sistemli şəkildə yazan yeganə videokamera idik! Bir Azərbaycan vətəndaşı kimi xoşbəxtəm ki, o günlər ANS var idi və yalnız bu səbəbdən bu gün biz, azərbaycanlılar o dövrün hər anının video təsvirini görüb onu analiz, bəzi hallarda isə dərslik, sübut, yaddaş kimi istifadə edə bilirik. Bir anlıq təsəvvür edin ki, o zaman Seyfulla, Mirşahin və Vahid olmayardı – Şükürlər olsun Allaha ki, bizi belə təsadüfdən qorudu. Və bundan sonra da, dediyiniz bu 20 il ərzində bu adamlar ANS kimi bir qurum yaratdı və Azərbaycan xalqına Vətənimizin ən ağrılı məskənlərindən Dəqiq, Qərəzsiz və Vicdanlı xəbərlər gətirərək milləti diqqətli etdi. O zamanlar Azərbaycanın zəif və bir çox hallarda satqın və mən hətta deyərdim qorxaq establişmenti keçmiş SSRİ-də olduğu tək xalqdan bütün Səhv və Cinayətlərini gizlətmək istəyirdi, amma ANS bunu etməyə imkan vermədi. ANS xalqın əsl Qulu, Qulağı və görən Gözü idi. Müstəqil jurnalist olaraq 1988-ci ildən Ermənilərin Qarabağı de-yuri və de-fakto ələ almaq cəhdləri, Topxana, ilk münaqişələr, 1989-cu ildə azərbaycanlıların Ermənistandan vəhşicəsinə deportasiyası (qovulması), Baqanis Ayrım, Sumaqayıt hadisələri, 1990-cı ildə 20 yanvar Sovet ordusunun Azərbaycana hücumu və layıqli cavab almalarına baxmayaraq güc və silah çoxluğu nəticəsində nəzarəti ələ almaları, bizə Qurbanlar Xiyabanı hədiyyə edib, yüzlərlə mücahidlərimizin Nargin adası yaxınlığında dənizdə batırılması, Heydər Əliyev və ümumiyyətlə bütün Naxçıvanın blokadası, 1991-ci ildən artıq ANS olaraq Qarabağda kəndlərimizin biri-birinin dalınca erməni hərbiçiləri tərəfindən zəbt edilməsi, 20 noyabrda yenə Qarabağ səmasında Dövlət xadimlərimizə qarşı terror, 1992-ci ildə Xocalı, Şuşa, Laçın və digər rayonlarımızın işğalı, və yüzlərlə digər tale yüklü hadısələri mövcud Respublika rəhbərliyi tərəfindən yuxarıda göstərdiyim səbəblərdən gizlədilirdi – biz isə buna imkan vermədik! Biz bunların hamısını öz gözümüzlə gördük... və Azərbaycan Xalqına göstərdik. Xalq bunu görürdü və öz Tarixi Qərarlarını verirdi. Bu nöqteyi nəzərdən düşünürəm ki, yaxşı vaxtlar idi... Hərə öz işi ilə məşğul idi.
Bu gün mən təsəvvür belə edə bilmirəm ki, ANS olmasaydı daha nələr gətirərdilər bizim başımıza. Şükür Allaha!

- ANS-in verilişlərində artıq led ekranlar görürük. Bu, böyük yenilikdir. Növbəti belə texnoloji və yaxud yaradıcılıq baxımından yeniliklər gözlənilirmi?

- Bizim əziz tamaşaçılar gərək tam əmin olsun ki, tikinti sahəsindən fərqli olaraq texnoloji və TV industriya nöqteyi nəzərindən biz daim dünya innovasiyalarını izləyirik və hətta dünyaya bəzi ixtiralar və məhsullar hədiyyə edirik. Bu həmişə belə olub... 1990-cı ildən başlayaraq Azərbaycan-Qarabağ, Ermənistandan, Gürcüstan-Osetiya, Gürcüstan-Abxaziya, Çeçenistandan, Əfqanıstandan, Özbəkistan-Oş, Qırğızıstan-Fərqanə, Litva və Rusiyadan, Bosniya-Herseqovinadən, İraqdan, İrandan, İsraildən, Livandan, Misirdən, Liviyadan və s. qaynar nöqtələrdən dünya məlumatları həm də bizdən alıb. Gürcüstanın Rustavi-2, Əfqanıstanın Ayna-Tv, Rusiyanın RTR və NTV və s. telekanalların quruluşunda bizim zəhmətimiz də var.
Yenə maliyyə ucbatından biz bu gün yalnız Turksat peyki vasitəsi ilə türk dilli ölkələrə - Orta Asiya, Yaxın Şərq, Şərqi Avropa və Qafqaza yayımlanırıq. Gələn il inşallah imkanımız olsa Avropa ölkələri və hər iki Amerikaya Eutelsat vasitəsi ilə çıxsaydıq yaxşı olardı. Bunu bizdən Avropada yaşayan 100 minlərlə həmvətənlilərimiz tələb edir. Və biz bu tələbi yerinə yetirməyə borcluyuq!

- 20 illik yubileyi ilə bağlı ANS televiziyası üçün ən böyük hədiyyə nə ola bilər?

- Azərbaycanın və Azərbaycan Xalqının Sağlamlığı, Xoşbəxtliyi və Müstəqilliyi! Allah bizə bunları çox görməsin! Allah bizi qorusun necə ki, bu illər boyu qoruyur!

- Siz həmçinin bir ssenarist və rejissor kimi Xocalı soyqrımının 20-ci ildönümünə həsr olunmuş “Xoca” filminin çəkilişlərinə başlamısınız. Bu, kinofilm, yoxsa serial olacaq?

- Mən hər şeydən əvvəl bütün Xocalı və Azərbaycan xalqının bütün Şəhidləri və Qurbanlarından Üzr İstəyirəm ki, mən bu işə belə gec başladım...
Mən tam əminəm ki, müharibələr birinci güllə açılmaqdan qat-qat əvvəl başlayır və sonuncu güllə atılandan sonra heçdə qurtarmır. İlk güllə müharibəni udmaq üçün yox – müharibənin səbəbini yaddan çıxartmaq və hər bir döyüşənin, insanlıqdan uzaq olan qırğında, şəxsi səbəbin yaradılması üçündür. Sonuncu güllə isə heçdə qırğını dəyandırmaq üçün yox – onu rəqibin xeyrinə möhlət götürmək üçündür. Yalnız bir qüvvə var ki, müharibənin qarşısını ala bilsin – Məhəbbət! Bu Yaradıcı mövhum yalnız böyük insanlara xasdır. Cılız insanlar bu hissə malik olmadığından dağıdıcı qüvvəni təşkil edir və müharibələr salır. Məhəbbət güclüdür və ya Müharibə - mənim filmimin əsas leytmotivi budur. Allah və təbiət nəyi üstün tutur və İnsanlar nəyə qədər alçalır?. Yəqin ki, tamaşaçılarımız, hərəsi özünün mənəvi hürriyəti çərçivəsində bu suallara cavab tapacaq...
Bu tam metrajlı bədii film olacaqdı, amma Dövlət Başçısı İlham Əliyevin bizə dəstək olaraq əlavə maliyyə yardımı ayırması lap yerinə düşdü. Bunun nəticəsində bu tarixi sənəd, həm də taleyüklü mövzuda serial olacaq. Onuda qeyd edim ki, mənim bundan qabaq çəkdiyim bütün vətənpərvər filmlərin yaranmasında İlham müəllim yaxından iştirak edib, Allah onun ürəyincə versin!

- Demək olar ki, çəkdiyiniz filmlərinizin hamısı Qarabağ münaqişəsinə həsr olunub. Bu, Qarabağın qaytarılmasınadək davam edəcək, yoxsa necə?

- Mən belə deməzdim... Hər bir insanın bu həyatda missiyası var. Bu da mənim missiyamdır. Mən bilmirəm mənim ömrümə nə qədər qalıb və sadəcə çalışıram ki, yığılmış borclarımı qaytarım. Məsələn, Allah qoysa növbəti filmim 1990-cı ilin 20 yanvarı haqqında olacaq. Bunun üçündə gecikmişəm və buna görədə Üzr İstəyirəm bütün Şəhid və Qurbanlardan...

- ANS keçmiş SSRİ məkanında ilk müstəqil telekanaldır. Amma bu vaxtadək telekanalın öz binası yoxdur və televiziya bina icarəyə götürməklə fəaliyyət göstərir. ANS-in öz binasının tikilməsi və yaxud alınması planlaşdırılırmı?

-Bəli biz 1990-cı ilədək Poluxin küçəsində, mənim evimdə, 1992-ci ilədək tanınmış yazıçımız Sabir Rüstəmxanlının sayəsində "Azərbaycan" qazetində, 1994-cü ilədək digər yazıçımız Məmməd Muradın sayəsində AzTV-nin ərazisində yerləşmişik və 1994-cü ildən bugünədək rəhmətlik professorumuz Musa Musayevin sayəsində Zoologiya İnstitunun binasında yerləşirik. Çox çətindir... Bu bina “ruhən” (gülür-red.) bizə yaxın olsada, texniki nöqteyi nəzərdən Televiziya, Radio və Nəşriyyat üçün sözsüz ki, əlverişli deyil.
Özümüzün binasını tikmək bizim arzumuzdur. Amma buna bizim yaxın gələcəkdə azad maliyyə imkanlarımız gözlənilmir. Bu səbəbdən yeni, müasir TV texnologiyaları aşılamaq, azərbaycanlı olaraq dünya TV industriyasından geri qalmamaq bizə getdikcə çətin olur.
Və birdəki dediyiniz kimi, ANS nəinki Azərbaycanda hətta bütün regionda həmişə pioner olub, hər mənada – Birinci müstəqil TV, Birinci FM radio, Birinci Müstəqil yayım və s. Amma bu gün təəssüf hissi ilə qeyd etməliyəm ki, tikinti sahəsində biz Azərbaycanın fəxredici inkişafından, günü-gündən çiçəklənməsindən geridə qalırıq. Ümüdlüyük inşallah!






19 Noyabr, 2011  17:21 Baxılıb: 1090 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner