Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“HEYDƏR ƏLİYEV ÖZÜNƏ BİR EV DƏ ALMAYIB”

Tağı Əhmədov: “Sovetlər hakimiyyəti dövründə nəinki, maddi cəhətdən, elə mənəvi cəhətdən də hər şeyimizi əlimizdən alırdılar”

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibə verib. Simsar.az həmin müsahibəni təqdim edir.

- Tağı müəllim, hər il 8 noyabr tarixi Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Rəhbərlik etdiyiniz kollektiv peşə bayramını hansı əhval-ruhiyyədə qarşılayır?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beş il öncə imzaladığı sərəncam əsasında 8 noyabr tarixi Bakı Metropoliteni işçilərinin peşə bayramı kimi təsdiq olunub. Bu sərəncam, həqiqətən də bizim üçün böyük hədiyyə oldu və hesab edirəm ki, uzun illər boyu qeyd ediləcək bir bayrama çevriləcək. Çünki nəsillər dəyişdikcə, zaman keçdikcə, Bakı Metropoliteni də inkişaf edəcək, gözəlləşəcək, fəaliyyət göstərəcək və xalqa xidmət edəcək. Metropolitendə demək olar ki, hər ay, hər rüb çox geniş yeniliklər həyata keçirilir. Eyni zamanda, beynəlxalq miqyasda da görülən işlər yüksək qiymətləndirilir. Məsələn, 3 il öncə Dünya Metropolitenlər Assosiasiyasının toplantısı Bakıda keçirildi. Bu Assosiasiya geniş tərkibə malikdir və xatırladım ki, həmin tədbirə MDB ölkələrindən əlavə 12 dövlətdən nümayəndələr qatılmışdı.

- Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının
20 ili ərzində Bakı Metropoliteninin inkişafında hansı uğurlar qazanılmışdır? Bu inkişaf prosesi hansı mərhələlərdən ibarətdir?

- Qeyd edim ki, biz vaxtilə daxili imkanlarımızdan tam istifadə edib öz potensialımızdan səmərəli şəkildə yararlana bilmirdik. Sovetlər hakimiyyəti dövründə nəinki, maddi cəhətdən, elə mənəvi cəhətdən də hər şeyimizi əlimizdən alırdılar. O zaman qazandığımız uğurlar isə SSRİ-nin uğuru kimi təqdim edilirdi. Müstəqilliyimizin isə ən əsas üstünlüklərindən biri ondadır ki, bizə bu gün verilən imkanların hamısından səmərəli şəkildə istifadə edirik. O cümlədən də, metropolitenin inkişafı baxımından zəruri adımlar atılır. Məlumat üçün bildirim ki, Bakı Metropoliteni əvvəllər SSRİ Dəmir yolları nazirliyinə tabe idi. Amma hazırda dövlətimiz bu sahəni ayrıca maliyyələşdirir. Odur ki, 2006-cı ildən indiyə qədər bu sahəyə qoyulan investisiyalar nəticəsində 2008-ci ildə metronun «Nəsimi», 2009-cu ildə «Azadlıq prospekti», 2011-ci ildə «Dərnəgül» stansiyaları tikilib istifadəyə verilib. Eyni zamanda, 2009-cu ilin dekabrın sonunda «28 may» stansiyasının ikinci çıxışı istifadəyə verilib və «İçərişəhər» stansiyası rekonstruksiya olunub. Hal-hazırda metronun «M.Əzizbəyov» stansiyası əsaslı şəkildə yenidən qurulur. Bunlar hamısı əlbəttə ki, Bakı Metropoliteninə dövlət tərəfindən göstərilən qayğının nümunəsidir.
Bütün bunlarla yanaşı, Bakı Metropolitenində yeniliklər davm etməkdədir. Tərəfimizdən köhnəlmiş vaqonlar 2003-cü ildən etibarən dəyişdirilir, artıq 166-a qədər yeni vaqon almışıq. Bütövlükdə, yeni vaqonlar metropolitenin vaqon parkının 75 faizini təşkil edir. Bu, kifayət qədər yaxşı göstəricidir və Azərbaycan xalqına yüksək xidmət deməkdir. Metropolitendən gün ərzində 600 minə yaxın sərnişin istifadə edirsə, metrosuz Bakının nəqliyyat sistemini təsəvvür etmək belə mümkün deyil. 600 min sərnişin Bakı əhalisinin təxminən 35-37 faizi deməkdir. Əgər metro olmasaydı, şəhərimizdə necə tıxaclar yaranar, nəqliyyat sistemi iflic olardı.

- Metropolitenin inkişafında müstəqillik dövrü mühüm bir mərhələ təşkil etmişdir. Təbii ki, bu prosesdə Ümummilli lider Heydər Əliyevin Bakı Metropoliteninin inkişafına xüsusi diqqət və qayğısı önəmli rol oynamışdır. İstərdik ki, Ulu öndərimizin bu sahənin inkişafı ilə bağlı həyata kecirdiyi tədbirlər haqqında fikirlərinizi bildirəsiniz...

- Bakı Metropoliteninin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Yeri gəlmişkən, mən bəzi məqamları yada salmaq istəyirəm. Metropolitenin hazırda fəaliyyət göstərən 23 stansiyasının 14-ü məhz Ulu öndərimizin rəhbərliyi altında istifadəyə verilib. Ulu öndən Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra, 1970-ci ildə «Ulduz» stansiyası açıldı. 1972-cü ildə isə metronun üç stansiyası – «Məşədi Əzizbəyov», «Qara Qarayev» və «Neftçilər» stansiyaları istifadəyə verilib. 1976-cı ilin əvvəlində isə «Nizami», 1986-cı ildə «Emlər Akadenmiyası», «İnşaatçılar», «20 Yanvar» və «Memar Əcəmi», 1989-cu ildə «Əhmədli», «Xalqlar dostluğu» stansiyaları istifadəyə verildi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışının ardından metronun «Cəfər Cabbarlı», 2002-ci ildə isə «Həzi Aslanov» stansiyası açıldı. Nəzərinizə çatdırım ki, «Həzi Aslanov» stansiyasının tikintisi hələ Ulu öndər tərəfindən sovet dövründə başlanılmışdı. Amma O, Moskvaya getdikdən sonra stansiyanın tikintisi yarımçıq qalmışdı. Bildiyiniz kimi, 1993-cü ilə qədər ölkəmizdə hərc-mərclik idi. İndiki müxalifətdə olanlar o zaman iqtidarda idi və Azərbaycanda xaos hökm sürürdü, dövlət idarə olunmurdu. Onların hakimiyyəti dövründə heç bir inkişaf, quruculuq işlərindən söhbət gedə bilməzdi. Lakin beynəlxalq maliyyə təşkilatları məhz Heydər Əliyev şəxsiyyətinə və Onun nüfuzuna görə «Həzi Aslanov» stansiyasının tikilməsi üçün 4 milyon avro ayırdı və təmənnasız 2002-ci ildə bu stansiya istifadəyə verildi.
Xatırladım ki, Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında Bakı Metropoliteninin 35 illiyi yüksək səviyyədə keçirildi. Ümummilli liderimiz həmin vaxt metropoliten işçsiləri ilə görüşdü, xaricdən gələn qonaqları qəbul etdi. Yubiley tədbirində də şəxsən iştirak etmişdi. Əlbəttə, bütün bunlar Bakı Metropoliteninə göstərilən diqqət və qayğının nümunəsi idi. 2002-ci ildə həmin yubiley tədbirində Ulu öndər proqram xarakterli nitq söylədi. O zaman Heydər Əliyev gələcəkdə də metronun inkişaf etməsinin zəruriliyini vurğulamışdı. Böyük öndərimiz həm sovetlər dövründə Azərbaycanın rəhbəri olduğu zaman, həm də Moskvada işlədiyi dövrdə Bakı Metropoliteninin inkişafına çox böyük dəstək verib. O bu barədə öz çıxışlarında da söyləyib. Ümummilli liderimiz metropolitenin Azərbaycan xalqının böyük sərvəti olduğunu vurğulayıb.
Mən 1998-ci ildə Ulu öndərin qəbulunda olanda O, Moskvada işlədiyi dövrdə Bakı Metropoliteninin inkişafı üçün gördüyü işlərdən danışdı. O zaman metropoliten rəhbərliyi tikinti materiallarının çatışmaması barədə Moskvaya şikayət edibmiş. Belə olan halda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev lazımi tikinti materiallarının Bakıya göndərilməsi ilə bağlı tapşırıqlar verib. Mənim yadımdadır ki, həmin dövrdə metro tikintisi üçün lazım olan tikinti materialları Azərbaycana göndərilmişdi və hətta axırda Bakıdan Moskvaya zəng edilərək xahiş olunmuşdu ki, tikinti materiallarını yığmağa yer olmadığı üçün daha göndərilməsin. Bəli, Ulu öndər Heydər Əliyevin o vaxt gördüyü işlərin nəticəsi idi ki, biz, «Memar Əcəmi» stansiyasının davamı olaraq «Nəsimi»ni, «Nəsimi»nin davamı olaraq «Azadlıq prospekti»ni, onun davamı kimi isə depoya qədər gedən yolu tikib başa çatdırmışıq.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Bakı Metropoliteninin inkişafı üçün gördüyü işlər danılmazdır. Bir faktı da xatırladım: 2002-ci ildə 75 vaqonun alınması üçün müqavilə bağlandı. Bu vaqonlar Bakı Metropoliteni üçün 325 min dollara verildi. Amma başqa MDB ölkələri üçün belə bir müqavilənin maliyyə tutumu 598 min dollar həcmində idi. Bakıya belə bir güzəştin edilməsi məhz Heydər Əliyev şəxsiyyətinin nüfuzu sayəsində baş verdi. Bu isə Heydər Əliyevin vaxtilə Moskvada işləyəndə həmin vaqon istehsal edən zavodun genişlənməsinə, istehsal gücünün artmasına göstərdiyi köməyin bəhrəsi idi. Yeri gəlmişkən, 2002-ci ildə yubiley tədbirində Mıtişi zavodunun prezidenti Soldatov Yuri Petroviç çıxışı zamanı bildirdi ki, Heydər Əliyev təkcə Bakı Metropoliteninin inkişafına yox, bütün keçmiş SSRİ respublikalarında metronun tikintisinə və inkişafına kömək edib.
Aydın məsələdir ki, zaman dəyişir, həyat öz işini görür. 2001-ci ilin yanvar ayında Rusiyanın dövlət başçısı Vladimir Putinin Bakıya səfəri zamanı nümayəndə heyətinin tərkibində Mıtişi metro zavodunun direktoru Yuri Aleksandroviç Qluko da var idi. Heydər Əliyevlə Yuri Aleksandroviç görüşəndə Ulu öndərimiz zavodun vəziyyəti barədə soruşdu. O isə belə cavab verdi: «Bəli, bu gün zavod işləyir və Sizin qurduğunuz sexlər ən yüksək məhsuldarlıqla işləyir. Bu gün zavodun gücünü o vaxt dediyiniz kimi 100 faiz artırmışıq. Bu Sizin bizə verdiyiniz tövhədir».

- Tağı müəllim, müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafı prosesində Ümumilli liderimiz Heydər Əliyevin xidmətləri haqqında nə deyə bilərsiniz?

- Mən bir məqamı da qeyd edim ki, Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə təkcə metropoliten yox, bütün sahələr inkişaf edib. Söz 20 illik müstəqillik tariximizdən düşübsə, bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, yaratdı. Qeyd edim ki, o vaxtlar Siyasi Bürodan uzaqlaşan adamlar ciddi təzyiqlər altında olurdular. Ancaq Heydər Əliyev heç nədən çəkinmədən öz sözünü deyirdi və 1990-cı il 20 yanvar hadisəsi haqqında verilən bəyanat buna sübutdur. Ulu öndər Heydər Əliyevin Moskvadan sağ-salamat Azərbaycana qayıdışı bizə Allahın verdiyi bir lütf idi. Amma bu şansdan necə istifadə olundu? O zaman iqtidarda olanlar Heydər Əliyevə təzyiqlər göstərirdi. Bu səbəbdən də O Naxçıvana getdi. Heydər Əliyev böyük vəzifələrdə işlədiyi dövrlərdə özünə bir ev də almamışdı, O Bakıda qardaşının evində qalırdı. Naxçıvana getdikdən sonra isə Ulu öndərimiz bacısının evində yaşadı. Əlbəttə ki, Naxçıvan əhalisi böyük məhəbbətlə Heydər Əliyevi qarşıladı və Onu dəstəklədi. Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyev Muxtar Respublika üçün misilsiz xidmətlər göstərdi. Xalqla Heydər Əliyevin birliyi Naxçıvanı bir çox problemlərdən xilas etdi.
Ulu öndər Heydər Əliyev 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisində ilk dəfə üçrəngli bayrağımızı ucaltdı, eləcə də, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əliyev Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Təsis konfransında 500 nəfər iştirak edirdi. Amma bu gün partiyanın sıralarında 560 minə yaxın insan birləşib. Sovetlər dövründə birpartiyalı sistem zamanı Azərbaycan Kommunist Partiyasının 370 min üzvü vardı, amma çoxpartiyalı bir sistemdə 18 il ərzində ölkəmizdə YAP-ın 560 minə yaxın üzvü var. Çünki bu partiya Ümummilli lider Heydər Əliyevin qurduğu partiyadır. Bu gün YAP-a rəqib ola biləcək hansısa partiya yoxdur.
Əgər Ulu öndərimiz ikinci dəfə hakimiyyətə qayıtmasaydı, indi müstəqil bir dövlətimiz yox idi. Uzun illər-demək olar ki, 1969-cu ildən bu yana Azərbaycan Heydər Əliyevin çiyinləri üzərində inkişaf etdi, respublikamızı ermənilərin, qeyri-millətlərin hücumundan qorudu. 1993-cü ildə Bakıya qayıdışından sonra Azərbaycanı məhv olmaqdan xilas etdi.
1993-cü ildə Ulu öndər Heydər Əliyev Bakıya gələndə vəziyyət çox acınacaqlı idi. İnsanlar evindən səhər çıxanda axşam salamat qayıtmalarını diləyirdilər. Belə bir vəziyyətdə o zamankı dövlət başçısının Bakıdan qaçması çox acınacaqlı idi. Bu faktlar bir daha təsdiqləyir ki, Heydər Əliyevdən başqa heç kim Azərbaycanı xilas edə bilməzdi. Məhz Ümummilli liderimizin qətiyyəti sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Ulu öndər Heydər Əliyev çox məntiqlə davrandı. İlk olaraq, 1994-cü ilin mayında atəşkəs imzalandı. Daha sonra ölkənin iqtisadiyyatını dirçəltmək istiqamətində işlər görüldü, «Əsrin müqaviləsi» imzalandı. 1994-cü ilin oktyabrında yeni bir çevriliş cəhdinə əl atıldı. Ulu öndər Heydər Əliyevin müraciəti əsasında yüzminlərlə insan Prezident Sarayının qarşısına toplaşdı. Həmin dövrdə metropoliten məhz səhərə qədər işləyib insanlara xidmət etdi. Xalq Heydər Əliyevin səsinə səs verdi və bu çevriliş cəhdinin qarşısı alındı. O hadisələr ərəfəsində isə, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Heydər Əliyev ABŞ-a gedəndə dövlət adamları Şəmsi Rəhimovu və Afiyəddin Cəlilovu öldürdülər. Bu, qara qüvvələrin Heydər Əliyevə mesajı idi. Amma Ulu öndərimizin məntiqi, cəsarəti bütün bunlara üstün gəldi. 1995-ci ildə ikinci dəfə çevrilişə əl atılsa da, yenə Xalq-Heydər Əliyev birliyi bu təhlükənin qarşısını aldı. Bütün bu hadisələr göstərir ki, Allahın Heydər Əliyevə verdiyi ömür Azərbaycanın nicatı idi. Ümummilli liderimizin ikinci dəfə hakimiyyətədə olduğu 10 il Azərbaycan dövlətinin inkişaf və tərəqqi dövrü kimi tarixə düşüb.

- Tağı müəllim, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son illər öz inkişafının yeni mərhələsini yaşayır. Bu inkişaf bütün sahələri əhatə etməkdədir. Şübhəsiz ki, yeni-yeni metro stansiyalarının istifadəyə verilməsi də qazanılan uğurların bariz nümunələridir. İstərdik ki, gələcək dövr üçün əsas hədəflər haqqında məlumat verəsiniz, Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi istiqamətində hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

- Ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 2-də xalqa etdiyi müraciəti hamımız yaxşı xatırlayırıq. Müraciətində Ümummilli liderimiz prezident seçkilərində xalqımızı cənab İlham Əliyevi dəstəkləməyə çağırdı. «Mən İlham Əliyevə özüm qədər inanıram»- deyən Ulu öndərimiz Azərbaycanın inkişafı naminə axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyev tərəfindən yerinə yetiriləcəyini bildirmişdi. Xalqımız seçkilərdə cənab İlham Əliyevə səs verməklə Azərbaycanda Heydər Əliyev siyasətinə sadiq olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Dövlət başçısının son 8 il ərzində gördüyü işləri saymaqla qurtarmaq olmaz. Həqiqətən də, 8 ildə görülən işlər böyükdür. Azərbaycanda Ulu öndərimizin müəllifi olduğu neft strategiyası bu gün uğurla həyata keçirilir. Bildiyiniz kimi 2006-cı ildə BTC neft kəməri istifadəyə verildi. Bu münasibətlə keçirilən mərasimdə Prezident İlham Əliyevin çıxışı hər bir vətəndaşı qürurlandırırdı. Bir sözlə, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan sürətlə inkişaf edir, Cənubi Qafqazın lider dövlətidir. Bu inkişaf bütün sahələri əhatə edir. Ölkəmizin hər bir guşəsində abadlıq və quruculuq işləri həyata keçirilir, insanların sosial rifahı yüksəlir. Eləcə də, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır. Əlbəttə ki, bütün bunlarla hər bir Azərbaycan vətəndaşı fəxr edir.
Təbii ki, Prezidentimiz Bakı Metropoliteninin inkişafına da xüsusi diqqət göstərir. Məhz dövlət başçısının iştirakı ilə bir neçə metro stansiyasının açılışı olub. Bu diqqətin nümunəsi olaraq gələcəkdə də bu sahədə lazımi addımlar atılacaq. 2013-cü ildə Bakı Metropoliteninin daha 2 stansiyası istifadəyə verilməsi nəzərdə tutulur. Bunlar «Memar Əcəmi-2» («Memar Əcəmi» stansiyasından keçid) və «Avtovağzal» stansiyalarıdır. Hazırda qeyd olunan istiqamətdə tikinti işləri davam etdirilir. Metronun «Memar Əcəmi» stansiyasından paytaxtın «Azadlıq» meydanına xəttin çəkilişi də planlaşdırılır.
Eyni zamanda, metroda sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Dünyanın aparıcı ölkələrinin metropolitenlərində quraşdırılmış sistemlərə uyğun, müasir texnologiyalar nəzərə alınmaqla Bakı Metropoliteninin stansiyalarında təhlükəsizlik və videomüşahidə şəbəkəsi yaradılıb, vaqonlarda kameralar quraşdırılıb. Ümumiyyətlə, biz bundan sonra da metropolitenin inkişafı naminə səylə çalışacağıq.






3 Noyabr, 2011  22:14 Baxılıb: 1357 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner