Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İRADƏ TUNCAY: “...YANIB KÜL OLACAĞIMI HİSS EDİRDİM”- FOTOSESSIYA

“Həmin gün bütün gecəni yatmadım”

İradə Tuncay görkəmli şair Məmməd Arazın ailəsində böyüyüb. Uşaqlıq vaxtlarından fərqli yazıları ilə yaşıdlarından seçilib. Jurnalist kimi işə başlasa da hazırda publisist kimi sevilir. “Ədalət” qəzetinin baş redaktorudur. Peşəsiylə bağlı çox çətinliklərlə üzləşib. Həyat təcrübəsinə əsaslanaraq deyir ki, Azərbaycan cəmiyyətində media nümayəndəsi olmaq çətindir...

“Danışmağa başlayanda ilk sözüm “Qaqarin” olub”

Şer yazıb çörəyini Sözdən çıxaran bir kişinin ailəsində doğuldum. Atam Məmməd İbrahim o vaxt 26 yaşında gənc oğlan idi, nə şöhrəti, nə pulu vardı. Mən doğulan ərəfədə Moskvada təhsil alırdı. Sonradan anama yazdığı məktublarını oxuyanda bildim ki, oğlu olacağını gözləyirmiş, hətta ad da fikirləşib. Oğlan doğulmadığım üçün uzun illər sanki xəcalət çəkirdim. Amma həyat elə gətirdi ki, onun üçün bütün oğullardan da yaxşı oğul oldum. Uşaqlıq şəkillərimə baxanda heyrətlənirəm. Fikirləşirəm ki, bu qədər ciddi uşaq olar? Məncə, bu, genetikdir, nəsilbənəsil gələn istiedad, ağırlıq, ağrı-acı zahirən özünü biruzə verir. Atam Moskvada oxuduğu illər iki yaşıma qədər biz də orada yaşadıq. Anam deyir ki, danışmağa başlayanda ilk sözüm “Qaqarin” olub. Çünki 1961-ci ildə Qaqarinin kosmosa uçuşu Sovet xalqı üçün önəmli hadisə idi, görünür ətrafımda hər kəs bu barədə danışırmış ki, mənim də ilk sözüm bəşəriyyətin ən önəmli şəxslərindən birinin adı olub.
Uşaq ikən Azad Qadın heykəlinin yanında atamın qonarar puluna aldığı yarımzirzəmi evdə yaşayırdıq. Yaxınlıqdakı Karamel fabrikinin yanından keçəndə həmişə vanil iyi gəlirdi. Vanil mənim uşaqlıqda sevdiyim qoxulardan biri idi. İndi də bu iy gələndə uşaqlığımı xatırlayıram. Təqribi yadımdadır, bir bağ vardı heykəlin yanında, arıq uşaq idim, pis yeyirdim anam məni o bağda yedirdərdi. Ordan köçdük. Uzun illər “Sevil” kinoteatrı tərəfdə hökumətin verdiyi iki otaqlı xruşovka evdə qaldıq. Məktəbə də orda getdim.

“Məktəbdə sevdiyim müəllim olmayıb”

İlk qələm təcrübələrim 3- 4-cü sinifdən başladı. Sərbəst mövzuda inşalar yazırdım. Hamı kimi düşünmürdüm və bilirdim ki, inşalarım fərqlidir. Məktəbi heç vaxt xoş sözlərlə xatırlaya bilmirəm. Çünki mənə həmişə elə gəlib ki, bizim məktəblər bataqlıqdır, müəllimlərimiz uşaqları düzgün yönəldə bilmir. Məktəbdə sevdiyim müəllimim olmayıb, amma xoşladığım fənnlər çox idi - kimya, fizika, çoğrafiya. Tarixi gözəl bilirdim və bu, işimdə hələ də köməyimə çatır. Fortopiano ixtisası üzrə musiqi təhsilim də var. Lakin saatlarla məşq etməyi sevməzdim. Ona görə musiqi məktəbindən çıxdım. Azərbaycan ailələrində belə bir stereotip var ki, qız uşaqları mütləq həkim olmalıdır. Məktəbi bitirəndə anam həkim olmağımı çox istəyirdi. Amma mənim istəyim başqa idi. Jurnalist olacağımı fikirləşirdim. Anamdan fərqli olaraq, atamın razılığı vardı. Məhz jurnalistikanı seçməyim təbii idi - gözümü açıb maraqlı insanların söhbətlərini dinləyirdim, kitab oxuyurdum. 1976-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundum. Tələbəlik ən sevdiyim xatirələrimdir. Həyatımda çox işıqlı bir hissə var ki, o da tələbəliyimlə bağlıdır. Mənə elə gəlir ki, həmin illərin hər saniyəsini xatırlayıram. 25 nəfərdən ibarət mehriban qrupumuz vardı. O uşaqların hamısı indi cəmiyyətdə önəmli yer tutur. İlk dəfə “müəllim” sözünün hansı çəkidə olduğunu da universitetdə gördüm. Maraqsız mühazirələrimiz də olardı, amma dərslərini həvəslə dinlədiyimi unutmuram. Çox işiqlı xatirələri qalıb ürəyimdə. Tofiq Rüstəmov, Şamil Qurbanov, Famil Mehdi - ruhları şad olsun. Atam ağırxasiyyətli idi, tərcümə qrupunda oxumağımı istəyirdi. Deyirdi, qız uşağı ora-bura getməz, mütləq oturaq iş olmalıdır. Mənsə belə işi sevmirdim. Oxuduğum müddətdə təcrübə qazanmaq üçün qəzetlərə, radioya, ordan da televiziyaya getdim. ...Və televiziyaçı olacağımı qərarlaşdırdım.

“O yazı üçün 15 manat almışdım”

İlk yazım 10-cu sinifdə oxuyanda “Elm və Həyat” jurnalında dərc olunub. “Nauka i Jizn” jurnalından balaca bir yazını tərcümə etmişdim. İlk dəfə imzamın mətbuatda görünməyinin fərəhini heç cür izah edə bilmirəm. O yazı üçün 15 manat almışdım. Həmin pulu evdə əlimdən aldılar (gülür). Sonradan tələbə vaxtı praktikada olanda kiçik həə yazılarım çıxırdı. Ümumiyyətlə, tələbə olanda da təqaüdümü anama verirdim. Mənə yalnız yolpulu çatırdı. Əməli-saleh uşaq idim, hamıya qulaq asırdım və bunun ağırlığını sonradan yaşadım. Ailəmdə də belə oldum, həmişə həyat yoldaşıma etibar edirdim. Amma bildim ki, bu, düzgün deyil, qadının maddi müstəqilliyi olmalıdır.
Həyat yoldaşım Aqil Abbasla tələbə olanda tanış olduq və 1981-ci ildə evləndik. O, məndən 6 yaş böyükdür, artıq universiteti bitirmişdi. Mənimlə oxuyan dostları vardı. Fakültəyə gəlib-gedirdi. Görünür, qızlara baxmağa gəlirmiş, oğlanlarda elə xasiyyətlər olur axı. Cavanlıqda adamın ağlı olmur, elə bilirdim... Nə isə... Hər dəfə dərsdən çıxanda görürdüm ki, universitetin qarşısında 6-7 saat məni gözləyir. Düşünürdüm, necə də səbirlidir, bu diqqətimi çəkirdi.


“Ömrümün 10 ilini məhv etdilər”

Universiteti bitirəndən sonra beş il Azərbaycan Dövlət Televiziyasında ştatdankənar müxbir işlədim. Beş ildə məni niyə ştata almadıqları indiyə qədər müəmmalıdır. Hər halda, fiziki parametrlərə, ağıl və qabiliyyətə görə uyğun idim. Beş ildən sonra ürəklərinə rəhm gəldi. Artıq bütün ölkədə yenidənqurma, aşkarlıq dövrü idi. “Dalğa” adında yeni proqram yayıma başladı. Televiziya publisistikasında fərqliliyimi gördülər. Ümumiyyətlə, televiziya işləmək üçün çox çətin yerdi. Hamı burda ərazi iddiasındadır. Həmişə yuxarıların basqısı cə aşağıların narazılığı ilə qarşılaşmalı olursan. O vaxtlar televiziyada tez-tez dəyişikliklər olurdu. Hər yeni sədr öz iddiası ilə gəlirdi və dözmək çətin idi. 1991-ci ildə sədr seçilən Məmməd Murad adımı işdən çıxarılanların divardan asılan siyahısına salmışdı. Bu, mənə çox pis təsir etmişdi. Axı, o, atamı, həyat yoldaşımı tanıyırdı. Mənlə işləmək istəmirdisə bunu özümə də deyə bilərdi. 1992-də bir neçə aylığa yenidən Elşad Quliyev AzTV-yə sədr təyin olundu. Mənə zəng etdi ki, işə qayıdım. O, televizya işini gözəl bilirdi və hər insanın potensialını anlayan biri idi. Mən işə qayıdandan bir ay sonra Məmməd İsmayıl, bir ildən sonrasa Babək Hüseynoğlu sədr oldu. Onunla “Gənclik” redaksiyasında işləmişdik. O da gələn kimi məni işdən çıxartdı. Mənə həmişə təəccüblü gəlib insanlar bir balaca kürsüdə özlərinə yer eləyən kimi niyə dəyişirlər… Ömrümün 10 ilini məhv etdilər. Depresiyaya düşdüm, stress keçirdim, özümə qapıldım, dəhşət kökəldim. O dövrü xatırlamaq istəmirəm, həmin illər həyatımın qara günləri idi. Düşünürdüm ki, mən yenidən insan ola bilərəmmi?


“Əvvəlki İradə artıq yoxdur...”

İçimdəki vulkanı buraxmasam, yanıb kül olacağımı hiss edirdim. Qayıtmalı, işimlə məşğul olmalıydım. Amma bu yaşdan sonra cavanların yanında işləmək kompleksi var idi. Həmin vaxt Etibar Babayev “Space” televiziyasına rəhbər gəldi. 2001-ci ildə yeni açılacaq “Səhər” proqamına kollektiv yığırdılar. Verilişin rəhbəri Nərgiz Cəlilova və baş redaktoru Suğra Rəhimovanı AzTv-də bir yerdə işlədiyim vaxtlardan tanıyırdım. Zəng elədilər ki, gəlim redaktor kimi çalışım. Həmin gün bütün gecəni yatmadım, gedim ya getməyim deyə düşünürdüm. Həyatımda bir dövrü bağlayıb yeni bir dövrə başlamaq çox çətin idi... Amma o vaxt işə qayıtmasaydım yəqin infarktdan ölərdim. Yenidən jurnalistikaya qayıdan İradə artıq işə İradə Tuncay kimi başladı. Əvvəlki İradə artıq yoxdur...
Efirdə yayımlanan ilk süjetlərimdən, hazırladığım ilk filmlərimdən hamının diqqətini çəkməyi bacardım. İşlədiyim beş ildə altı sənədli film çəkdim. Amma bir şeydən narazıyam, o filmləri özümçün yox, hamı üçün şirkətin pulu ilə hazırlamışdım. Bir jurnalist işdən çıxırsa onun üstündən xətt çəkmək doğru deyil. Filmlərin hamısını özümlə götürdüm, bilirdim pozacaqlar. Etibar Babayev gedəndən sonra Vaqif Mustafayev gəldi. Tanıyanlar bilir ki, onunla işləmək mümkün deyil. Artıq işdən çıxanların axını başlayanda mən də ordan ayrıldım…
O vaxt “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas idi. Belə qərara gəldim ki, redaksiyada çevriliş edib hakimiyyəti ələ almaq lazımdır. Gələndə hamıda narahatlıq duyurdum. Çünki kənardan hamıya özündənrazı, soyuq təsir bağışlayıram. Hamıya anlatdım ki, mən yalnız qəzetin yaxşı olması arzusundayam. “Ədalət” 1990-ci ildə çıxmağa başlayandan bütün çətinlikləri mən də çəkmişəm və haqqım var buna. Gəldiyim dövrdən qəzetin simasını dəyişdim. Azərbaycan mühitində nə etmək mümkündürsə onu etməyə cəhd edirəm. Maliyyə məsələlərini Aqil Abbas həll edir. Yaradıcılıq işləri isə mənim nəzarətimdədir.


“Qərəzssiz olmaq böyük məsuliyyətdir”

İşlədiyim dövrdə maraqlı həyatım olub, müxtəlif insanlarla görüşürdüm, reportajlar hazırlayırdım, müsahibələr alırdım. Lakin balaca uşağın inşalarından başlayan publisistika özləmi ilə yaşayırdım. 40 yaşıma qədər o təcrübəni toplayaraq gəldim və içimdəki potensial reallığa çevrildi. Jurnalistika ilə yazıçılıq bir-birinə bağlı sənətlərdir. Jurnalistika həyat təcrübəsidir. Burdan yazıçılığa gələn məşhurlar çoxdur.
Azərbaycan cəmiyyətində media mümayəndəsi olmaq çətindir. Hər şey göz önündədir. Qızıl ortanı tutmaq, qərəzsiz olmaq böyük məsuliyyətdir. Qadın olmaqsa xüsusilə çətindir. Əgər özünü həqiqətən təsdiq etməyə iddialısansa gərək kişilərdən artıq biləsən. Peşəkarlıq baxımından isə qadın-kişi ayrımı etmirəm. Peşəkarsansa işləyəcəksən. Bizdə əsasən televiziya jurnalistikasında savad dairəsi çox məhduddur. Güclü redaktorlar lazımdır. Televiziya vizual olduğundan ordakı səhvlər daha tez nəzərə çarpır, diqqətli olmaq lazımdır. Maraqlıdır, peşəkarlar ölüb gedəndən sonra bütün bunları kim yerbəyer edəcək.

Arifə Mikayılova – “Simsar” jurnalı

 






2 Noyabr, 2011  19:47 Baxılıb: 2563 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner