Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

RAUF ARİFOĞLU MÜƏMMASI DƏRİNLƏŞİR

 «Gülər Əhmədova ilə başqanın kabinetində danışığımız olub»

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hədə-qorxu tətbiq olunmaqla rüşvət almada ittiham olunaraq oktyabrın 28-də həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının evində və iş yerində dünən yenidən axtarışlar aparılıb.

Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı jurnalistlərə açıqlamasında bildirib ki, onların evlərində qızıl-zinət əşyaları və silah axtarılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əsəkdaşları redaktorun mənzilindən ev tikintisi üçün lazım olan materiallar və onların qiymətlərinin əks olunduğu kitabçanı da maddi sübut kimi götürüblər.
M.Zeynallının sözlərinə görə, Əvəzi siyasi sifariş əsasında həbs ediblər.

Rəsmi məlumatlara görə, Ə.Zeynallını millət vəkili Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi üçün həbs ediblər. Onun barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib.

Amma jurnalistin G.Əhmədovaya nə ilə hədə-qorxu gəldiyi barədə heç bir məlumat verilmir. Ə.Zeynallı həbsindən bir neçə gün öncə «Azadlıq» qəzetinə verdiyi müsahibəsində bildirib ki, G.Əhmədova onunla telefonda danışmaq üçün bir neçə tanınmış şəxsə vasitəçilik etmələri üçün xahiş edib. Həmin şəxslərdən biri də «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu olub. Yalnız R.Arifoğlunun xahişindən sonra Ə.Zeynallı G.Əhmədovanın telefon zənginə cavab verib. Telefon danışıqlarının nəticəsi olaraq Ə.Zeynallı millət vəkili ilə görüşüb. Millət vəkili redaktorla arasındakı danışıqları gizlincə diktafona yazıb. Həmin diektafon yazısı da maddi sübut kimi Ə.Zeynallıya qarşı qaldırılan cinayət işinə əlavə olunub. Jurnalistin vəkili Elçin Sadıqov Redaktorlar Birliyinin dünən keçirilən toplantısında bildirib ki, səsyazma qeyri-qanuni yolla aparıldığından maddi sübut sayıla bilməz. Müasir texnalogiya səslərin dəyişdirilməsinə, təhrif olunmasına, montaj edilməsinə imkan verdiyindən məhkəmə səsyazılarını sübut olaraq qəbul etmir.

Burada diqqət çəkən bir məqam hörmətli R.Arifoğlunun YAP-çı deputat G.Əhmədova ilə Ə.Zeynallının arasında vasitəçilik etməsidir. Özü də vasitəçilik edilən işin arxasında şantaj, korrupsiya, hədə-qorxu gəlmə, sifariş, bir sözlə, qeyri-sağlam məsələlər durub.

R.Arifoğlu işinin yalnız «Gülər xanımın zənginə cavab ver xahişi»ndən ibarət olduğunu desə də, «Xural»ın əməkdaşları baş redaktorlar arasındakı telefon danışıqlarının sonradan - redaksiyanın əmlakları müsadirə ediləndən sonra - baş tutduğunu bildiriblər.

«Oktyabrın 19-da qəzetimizin əmlakı müsadirə olunduqdan bir neçə gün sonra Gülər Əhmədova yenidən Rauf Arifoğlu ilə əlaqə yaradıb. İclas zamanı Əvəz Zeynallı Rauf Arifoğlu ilə danışdı və sonda “Bizə lazım deyil” deyərək R.Arifoğlu ilə sağollaşdı. Daha sonra Əvəz Zeynallı bizə bildirdi ki, Gülər Əhmədova Rauf Arifoğluya zəng edib. Ona deyib ki, “Xural”ın kompüterlərini müsadirə ediblər. Mən istəyirəm ki, Əvəzə kompüter hədiyyə edim. Lakin qorxuram» deyə, «Xural»ın əməkdaşlarından biri qeyd edib.

R.Arifoğlu əməkdaşımızla söhbətində bildirdi ki, bu barədə yazılanlar həqiqət deyil: «Mən Əvəz Zeynallı ilə bu barədə söhbət etməmişəm».

«Əvəz Zeynallı da Gülər xanımla bağlı şantaj xarakterli məlumatlar olubmu, olubsa bu nədən ibarətdi» sualına cavab olaraq R.Arifoğlu qeyd etdi ki, Redaktorlar Birliyinin dünənki iclasında bu məsələyə toxunub: «Söhbətin hansı məlumatlardan getdiyi bilinmir. Bununla bağlı doğru-dürüst məlumat ala bilmədik».

Müsavatçı baş redaktorun YAP-çı deputatla bu qədər yaxın münasibətlərinin olmasına gəlincə R.Arifoğlu burada təəccüblə bir şeyin olmadığını dedi: «Müsavat Partiyasının sıravi üzvüyəm. Gülər Əhmədova qəzetmizə tez-tez açıqlamalar, müsahibələr verib. Sonuncu müsahibəsi «bəzi nazirlərin abır-həyası olsa, istefa verib gedərlər» başlığı ilə dərc edilib. Hətta Gülər Əhmədova ilə Müsavat Partiyası başqanının kabinetində İsa özünün iştirakı ilə də danışığımız olub. Mənim bir neçə YAP-çı deputatla salam-məleykimim var. Yəni bir xanımın xahişin başqasından etmək qəbahətdirmi».

Qeyd edək ki, Ə.Zeynallı həbs edilən gün G.Əhmədova xaricə səfər edib. O, oktyabrın 31-də «Facebook» səhifəsində yazıb ki, suallara bir qədər sonra ona yaxın olan «merkez.az» saytında cavab veriləcək.

RAMİL







1 Noyabr, 2011  16:28 Baxılıb: 1279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner