Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

UŞAQLARIMIZI NECƏ SAĞLAM BÖYÜDƏK?

Pediatr Bəyimxanım Rüstəmova anaları bilgiləndirir

Uşaqlar müxtəlif xəstəliklərə yoluxmağa daha çox meyillidirlər. Onları infeksiyalardan necə qorumalı, sağlam böyütmək üçün nə etməli? Bu dəfəki “Həkim məsləhəti”ndə sualları pediatr Bəyimxanım Rüstəmova cavabladı:

- Uşaqları infeksiyadan qorumağın başlıca yolu peyvəndlərin vaxtında vurulmasıdır. Körpə anadan olandan bir saat sonra ona sarılıq əleyhinə, bir-iki sutkadan sonra isə vərəm əleyhinə peyvənd vurulur. Göy öskürək, difteriya və başqa yoluxucu xəstəliklər əleyhinə peyvəndlər bir aylığından başlayır. Aralarında bir ay fasilə olmaq şərtilə üç dəfə, poliomelitə, yəni uşaq iflicinə qarşı peyvəndlərsə beş-altı dəfə aparılır. Qızılca, məxmərək və paratit (svinka) əleyhinə peyvənd bir yaşında vurulur, paratirə qarşı peyvənd altı yaşda təkrarlanır. Mantu reaksiyası bir yaşından başlayaraq məktəbi bitirənə qədər hər il aparılmalıdır. Bununla orqanizmdə vərəm çöplərinin həssalığının artıb-azalmasına nəzərət edilir. Başqa epidemiyalara, infeksiyalı xəstəliklərə qarşı da peyvəndlər var. Məsələn, qrip epidemiyasının yayıldığı dövrdə uşaqalara xüsusi peyvənd vurula bilər. Soyuq aylardan başlayaraq C vitamini vermək və burunlarına “Oksolin” mazı çəkmək məsləhətdir. Gigiyenik şərtlərə əməl edilməsi də vacibdir: uşaq otağı təmiz saxlanılmalı, havası tez-tez dəyişdirilməli, döşəmələri silinməlidir.
- Peyvəndlərin vaxtında aparılması nə dərəcədə vacibdir?
- Peyvəndlərin arasındakı vaxt intervalları gözlənilməlidir. Bir-iki peyvənddən sonra uşağı növbəti peyvəndə gecikdirsələr edilən peyvəndin effekti olmur. Bundan əlavə, hər uşağın fərdi xüsusiyyəti var. Kəllədaxili təzyiqlə, qan azlığı və ya sarılıqla doğulan uşaqlar peyvənd olunmamışdan əvvəl nevropotoloqun müayinəsindən keçməlidir. Müalicə aparıldıqdan sonra peyvəndlərə başlamaq olar.
- Peyvəndlər neçə yaşına qədər vurulmalıdır?
- 17-18 yaşına, yəni məktəbi bitirənə qədər davam edir. Məktəbi bitirəndən sonra vərəmin olub-olmadığını yoxlamaq üçün rengenoskopiya aparılır. Amma respublika miqyasında epidemiya varsa səhiyyə nazirliyinin göstəriş ilə 18 yaşından yuxarı adamlara da peyvənd vurula bilər.
- Qızılca kimi xəstəlikləri uşaqlar mütləq keçirməlidir?
- Xalq arasında deyirlər ki, insan ölənə qədər qızılca tutmursa qəbir evində tutur. Amma ola bilər ki, peyvənd almış uşaq qızılcayla təmasda olsa da xəstəlik keçirməsin. Bu immunitetdən, orqanizmin fərdi xüsusiyyətindən asılıdır. Hər uşağın qızılca tutması mütləq deyil və qızılca tutmayan uşaqda sonradan heç bir problem yaranmır. Qızlar üçün məxmərək, oğlanlar üçünsə paratit təhlükəli xəstəliklərdir. Uşaqlar bu xəstəliklərə tutularsa düzgün müalicə aparılmalıdır. Əgər ana hamiləlik dövründə məxmərk tutan biri ilə ünsiyyətdə olar və ya özü məxmərək keçirərsə ona uşaq dünyaya gətirməyə icazə verilmir. Çünki uşaq eybəcər ola bilər. Hamiləlik dövründə ana sarılıq keçirərsə uşağa da xroniki sarılığın keçməsi mümkündür. Oğlan uşaqları paratit keçirirsə bu cinsi orqanlara təsir edir. Bu da gələcəkdə sonsuzluq yaradır. Ona görə qızlara nisbətən paratitə yoluxan oğlan uşaqlarına daha çox diqqət yetirmək lazımdır.
- Qızdırması yüksək olan, sudurqa keçirən uşaqlara ilk tibbi yardım necə göstərilir?
- Qızdırma yüksəkdirsə birinci növbədə uşağın əynini yüngülləşdirmək, otaqda sərinlik yaratmaq, alnına sərin su ilə isladılmış dəsmal, qoltuqaltı venalara buz qoymaq lazımdır. Çox vaxt şamlara üstünlük verilir, çünki qızdırma vaxtı uşağa dərman vermək çətindir. Sudurqa keçirən zaman uşağı çevirib arxasına vurmaq, ayağından tutub aşağı silkələmək, təmiz havaya çıxarmaq önəmlidir. Çay qaşığı və ya nazik balaca taxta şpatellərlə dilin qatlanmasına mane olmaq, mütləq dilin kökünü qıcıqlandırmaq lazımdır. Bu zaman sudurqalı vəziyyət keçir. Sudurqaya qarşı xüsusi imalələr də var.


Körpə 40 günlüyü tamam olmadan həyətə çıxarılmalıdır

- Uşağın əmgəyi neçə yaşında bərkiməlidir?
- Əmgək bir yaşa qədər tamam bitişməlidir. Tez bitişməsi kəllədaxili təyziq, gec bitişməsi isə raxitliyin əlamətidir.
- Raxitlik nədir, nədən yaranır?
- Raxitlik orqanizmdə D vitamini çatışmazlığıdır. Hamilələrin düzgün qidalanmaması, doğulandan sonra uşağa düzgün qulluq edilməməsi raxitlik yaradır. Belə uşaqlar əsəbi olur. Başın ənsə hissəsinin tərləməsi, başını tez-tez sürtməsi, arxadan saçlarının tökülməsi raxitliyin birinci əlamətləridir. Xəstəliyin inkişafı dönəmində alın, döş qəfəsi irəli çıxır, qarın qurbağa qarnına bənzədilir. Belə uşaqlar tez-tez xəstələnir adi qripi belə ağır keçirirlər. Raxitliyin qarşısını almaq üçün yeni doğulan uşaqların günəş vannaları qəbul etməsi vacibdir. Körpələri həyətə çıxarmaq üçün 40 günlüyü gözləmək doğru deyil. Adətən qış aylarında doğulan uşaqlara 21 günlüyündən başlayaraq D vitamini təyin edilir. İsti aylarda dünyaya gələn körpələrsə 21 günlüyündən həyətə çıxarılmalıdır ki, ultrabənövşəyi şüalar dəri vasitəsilə bədənə D vitamini ötürsün. 10 günlüyündən su vannaları edilməli, tez-tez çimizdirilməlidir. Bunlar seanslarla aparılır. Məsələn, 3 dəqiqədən başalayır, növbəti günlərdə 5 dəqiqəyə qədər və daha çox artırmaq olar. Uşaq üçün normal temperatur 22 dərəcədir. Zamanla bu temperaturu 21, 20, 19, 18 dərəcəyə endirməklə onun soyuğa davamlılığı artır. Bu şərtlərə əməl olunarsa uşağın orqanizmi möhkəmlənər.
- Yeni doğulan körpələrdə kəllədaxili təzyiqin olması nə ilə əlaqəlidir?
- Ananaın hamiləlik dövründə keçirtdiyi xəstəliklər, ekoloji mühit, qidalanma, sosial şəraitin pis olması–bunların təsiri çoxdur. Xüsusən, isti havada hamilə qadınlarda qan azlığı olarsa uşaq da hipoksiya, yəni oksigen azlığı ilə doğulur. İrsi xəstəlik, doğuşun ağır keçməsi də kəllədaxili təzyiqə səbə olur. D vitamini əmgəyi tez bitişdirir. Kəllədaxili təzyiqi olan uşaqlarınsa əmgəyi anadangəlmə balaca olduğundan onlara D vitamini verilmir. Belə uşaqları əvvəlcə nevropotoloq müayinə edir. Üç yaşa qədər ildə iki dəfə davamlı müalicə aparılarsa xəstəlik heç bir iz qalmadan tamamilə keçir. Amma gecikdirilərsə uşaqda sudurqa, epilepsiya baş verir.


Uşaqların psixi inkişafında ana südü önəmlidir

- Ana südünün faydaları nələrdir?
- Ana südü ilə qidalanan uşaq digərlərindən fərqli olaraq bir yaşına qədər heç bir infeksiya tutmur. Çünki ana südündə həmin infeksiyalara qarşı immunitet yaradan maddələr var. Belə uşaqlar anayla daha çox emosional ünsiyyətdə olduqlarından gələcəkdə də anaya xüsusi nəvaziş bəsləyirlər, həm də sakit böyüyürlər. Ana da övladına məhəbbət duyur. Körpəlikdən uşaqları dayəyə əmanət etməksə onları eqoist və dalaşqan edir. Bu baxımdan uşaqların nəinki fiziki həm də psixi inkişafında ana südünün böyük əhəmiyyəti var.
- Ana südünün neçə yaşına qədər verilməsi məsləhətdir?
- Bir yaşa qədər. Bir yaşdan sonra ana südünün tərkibi əvvəlki kimi keyfiyyətli olmur. Körpələr üç saatdan bir qidalanmalıdır. Bununla rejimə uyğunlaşır və üç saatdan bir aclıq hiss edirlər. Uşaq ağlayan kimi ona süd vermək mədəsinə zərər edir. Uşaq gecə rahat yatmalı, mədəsi istirahət etməlidir.
- Neçə ayından başlayaraq hansı yeməklər verilməlidir?
- Ana südü ilə qidalanan uşağa bir ayından sonra meyvə şirələri verilməlidir. Bu beş damcıdan başlayır, gündə artırılaraq 30-50 qrama qədər gəlib çatır. Uşaq qidaları ilə bəslənən körpələrəsə meyvə şirələri 21 günlüyündən verilir. Dörd aylıqdan başlayaraq kartof, kələm, kök, çuğundur püreləri, altı aydan içərisində küftəciklər olan müxtəlif suplar yedizdirmək olar. Axşam və səhər südlü sıyıq və ya ana südünün verilməsi vacibdir. Çünki uşağın inkişafında ən xeyirli qida süddür.


Körpələri firma dərmanları ilə müalicə etmək düzgün deyil

- Analar çox vaxt uşaqlarının iştahasının olmadığından narahatdır. Uşaqları məcbur yedizdirmək nə dərəcədə doğrudur?
- Bu, uşaqların əsəbindən, ərköyünlüyündən asılıdır. Belə uşaqlara fərdi yanaşılmalıdır. Onları mütləq aldadıb, fikirlərini yayındırıb yedizdirmək lazım gəlir. Amma uşağın mədəsi hansısa qidanı götürmürsə, ögümə, qusma baş verirsə bu halda yeməyinin də əhəmiyyəti olmur.
- Uşaqlarda köp sancısını aradan qaldırmaq üçün nə etmək olar?
- Uşaqlarda mədə-bağırsaq sistemi dörd aya qədər inkişaf edir. Ona görə nə yeyərsə köp əmələ gəlməlidir. Şüyüd suyunu, nanə dəmləməsini ağzına damcılatmaqla köpü aradan qaldırmaq olar. Dörd aydan sonra mədə-bağırsaqda problemlər davam edərsə vaxtında müalicə aparılmalıdır. Uşaqların müalicəsində antibiotikin istifadəsi orqanizmdə fəsadlar yaradır. Antibiotik birinci növbədə mədə-bağırsaq sistemini pozur, immuniteti aşağı salır. Belə müalicə alan uşaqlar tez-tez xəstələnir. Ona görə uşağa müalicə təyin edəndə diqqətli olmaq lazımdır. Körpələri firma dərmanları ilə müalicə etmək düzgün deyil. Bitkilərlə müalicə daha zərərsizdir.

Arifə Mikayılova - “Simsar” jurnalı






31 Oktyabr, 2011  16:42 Baxılıb: 6055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner