Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Türkiyəni arxayın etdi

“Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar”

Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasının Protokolu”nu Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meteorologiya sahəsinə dair Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən Ankaradakı səfirimiz Faiq Bağırov, Türkiyə tərəfdən Meteorologiya Baş İdarəsi baş direktorunun müavini Əli Karataş, “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Türkiyənin Anadolu Agentliyi (AA) arasında Əməkdaşlıq Sazişi”ni Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk imzalayıblar. 

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meşə təsərrüfatı sahəsinə dair Anlaşma Memorandumu”a Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən meşəçilik idarəsinin baş direktoru Mustafa Kurtulmuşlu, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq Protokolu”a Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin baş direktoru Murat Karakaya, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında Protokol”a Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Polis Akademiyasının rəisi Zühtü Arslan imza atıblar. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol”u və “Azərbaycan Diplomatik Akademiyası və Türkiyə Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu”a Azərbaycan tərəfdən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfdən enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi”ə Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən “BOTAŞ” şirkətinin icraçı direktoru Fazıl Şenel imza atıblar. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi”ni Azərbaycan tərəfdən “bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən “BOTAŞ” şirkətinin icraçı direktoru Fazıl Şenel, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Çərçivə Anlaşması Sazişi”ni Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, “bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən “BOTAŞ” şirkətinin icraçı direktoru Fazıl Şenel imzalayıblar.

Nəhayət, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”ə Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyə tərəfdən iqtisadiyyat naziri Zəfər Çağlayan, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ailə və sosial siyasət sahəsində Əməkdaşlıq Protokolu”a Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Türkiyə tərəfdən ailə və sosial siyasət naziri Fatma Şahin imza atıblar.

Sənədlərin imzalanması mərasimi başa çatandan sonra Prezident İlham Əliyevin və baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub, tərəflər bəyanatla çıxış ediblər. Rəcəb Tayyib Ərdoğan çıxışının əvvəlində Azərbaycan dövlət başçısına Van vilayətində baş vermiş zəlzələ ilə bağlı 145 nəfərlik xilasetmə dəstəsinin göndərilməsi barədə göstəriş verdiyinə görə təşəkkür edib və belə bir həssas vaxtda Azərbaycanın uzatdığı dostluq əli, göstərilən qardaşlıq yardımının hər zaman minnətdarlıqla xatırlanacağını qeyd edib. O, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmasının dərin iftixar hissi doğurduğunu söyləyib: “Bu gün imzalanan müqavilələrin, sənədlərin hər iki ölkə üçün xeyirli olmasını xüsusilə arzu edirəm. Təbii ki, bunlardan başqa, Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan çox vacib bir bağlantı idi. Bunun ardınca “Şahdəniz” layihəsi çox vacib bir addımdır. Dəmir İpək Yolu adlandırdığımız tarixi ipək yolu ilə bağlı sərmayənin qoyulması və bütün bunlarla bərabər Naxçıvanla Qarsı, İğdırı birləşdirən avtomobil yolları aramızdakı könül bağlantılarından başqa, eyni zamanda, fiziki olaraq bu imkanları da yaradır. Bunlar izim üçün aramızdakı əlaqənin, qardaşlıq əlaqəsinin inkişafı baxımından çox vacibdir”.
Türkiyənin baş naziri müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycan xalqını bir daha təbrik edib. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısının Azərbaycanda keçiriləcəyini nəzərə çatdırıb: “Həsrətlə gözlədiyimiz məsələ Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. Bu münaqişənin həll olunması inanıram ki, bölgədə daha fərqli inkişafa imkan yaradacaq. Bu, sadəcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının ortaq sıxıntısı, ağrısıdır”.
İlk növbədə iki gün əvvəl Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqı adından bütün türk xalqına başsağlığı verən Prezident İlham Əliyev deyib ki, hər zaman olduğu kimi, bu ağır gündə də Azərbaycan Türkiyənin yanındadır. O, bu gün Türkiyə-Azərbaycan əlaqələrinin tarixində unudulmaz bir gün olduğunu vurğulayıb: “İlk növbədə ona görə ki, bu gün biz Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının birinci toplantısını Türkiyənin gözəl guşələrindən biri olan İzmir şəhərində keçirdik. Türkiyənin hər bir yerində özümü doğma vətənimdəki kimi hiss edirəm. Əminəm ki, türk qardaşlarımız da Azərbaycana səfər etdikdə də özlərini evdəki kimi hiss edirlər. Birgə yaşadığımız bu günlər Azərbaycan müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir. Bu 20 illik müstəqillik, eyni zamanda, 20 illik Türkiyə-Azərbaycan qardaşlığı illəri olub. Bizi ilk müstəqil dövlət kimi tanıyan Türkiyə olmuşdur. İlk dövrdə bizim ən ağır, ən çətin illərimizdə Türkiyə yanımızda olub, bu gün də bu, belədir. Bu dostluq, qardaşlıq bundan sonra da əbədi yaşayacaqdır. Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir. İyirmi il ərzində Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bu gün biz bu müttəfiqliyi artıq yeni formatda formalaşdırdıq. Strateji Əməkdaşlıq Şurasının iclası və iclasın nəticələri onu göstərir ki, bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar. Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və qardaşlıq mövqeyinə görə bir daha bütün türk xalqına başda əziz qardaşım baş nazir Tayyib Ərdoğan olmaqla minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqı bu qardaşlıq münasibətini yüksək qiymətləndirir və haqlı işimizdə Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Azərbaycan da bütün məsələlərdə daim Türkiyənin yanında olub. Xüsusilə Türkiyə üçün çox ağır olan terrorizm probleminin həllində də Azərbaycan daim Türkiyənin yanındadır. Terrora, terroristlərə qarşı haqlı mübarizədə Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyənin bütün hərəkətlərini dəstəkləyir və müdafiə edir”.
Pezident bu gün Azərbaycanın tarixində ən böyük sərmayə qoyuluşu layihəsinin “Petkim” layihəsi olduğunu xatırladıb. Onun sözlərinə görə, bu layihə Türkiyədə həyata keçirilir, çünki bu, bizim doğma vətənimizdir. Türkiyədə həyata keçirilən bu layihə Azərbaycanı, Türkiyəni gücləndirəcək, bölgədəki, dünyadakı mövqelərimizi gücləndirəcək: “Türkiyənin son illər ərzində əldə etdiyi uğurlar bizi çox sevindirir. Türkiyə bu gün dünya çapında güc mərkəzidir, güclü dövlətdir. Türkiyənin çox güclü iqtidarı var. Qardaşım Tayyib Ərdoğanın rəhbərliyi altında 10 il ərzində Türkiyə böyük, uğurlu bir yol keçmişdir. Bu gün dünyada yaşanan böhranlara baxmayaraq, Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Burada gördüklərim nailiyyətlər məni çox sevindirir”. Dövlət başçısı enerji və qaz sahəsində imzalanmış sənədlərin yeni imkanlar, yeni üfüqlər açdığını, uzunmüddətli uğurlu əməkdaşlıq üçün şərait yaratdığını vurğulayıb. Azərbaycanda Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına müstəsna əhəmiyyət veririk. Bu əlaqələr güclənir, güclənməlidir. Qarşımızda böyük yol vardır. Biz artıq 20 il ərzində əsl müttəfiqlər kimi işləmişik. Bundan sonra da onilliklər ərzində Türkiyə-Azərbaycan iki qardaş xalq, iki qardaş ölkə kimi ancaq və ancaq irəliyə gedəcək”.
Daha sonra tərəflər jurnalistlərin suallarını cavablandırıb. “Şahdəniz-2” sazişi çərçivəsində Türkiyənin alacağı və Avropaya nəql ediləcək qaz həcmi barədə sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Şahdəniz” sazişi ilə əlaqədar olaraq hər iki ölkənin enerji nazirləri müzakirələri davam etdirirlər: “Buradakı xəttin inşası ilə bağlı intensiv iş gedir. Xəttin inşası ilə bağlı layihə işlərini bir il müddətində başa çatdırmaq nəzərdə tutulur. Ondan sonra digər məsələlərlə bağlı addımlar atılacaq. Avropaya nə qədər qaz ixrac edilib edilməyəcəyi, tələb-təklif məsələləri Azərbaycan ilə keçiriləcək görüşlərdə müzakirə ediləcək və qərar veriləcək. Bu məsələlər bizim gündəliyimizdə yer almadı. Bu məsələlər enerji nazirlərimiz arasında, SOCAR ilə BOTAŞ arasında aparılacaq müzakirələrdən sonra bəlli olacaq”.






26 Oktyabr, 2011  13:47 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner